Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söz fədaisi, mətbuat cəfakeşi


Xalqın milli oyanış hərəkatının ideya müəlliflərindən bir çoxunun silahı iti qələm, kəsərli söz, dərin fikir olub


Bu kəskin silah vaxtında onu “əlində tutanlara” öz məqsədlərinə çatmaqda birbaşa yardımçı olmuşdusa, bu gün bizə həmin dövrlərin salnaməsini yaratmaqda, tarixini çatdırmaqda və yazmaqda əvəzsiz rol oynayır. Bu sırada adı hər zaman xalqımız tərəfindən ehtiramla çəkilən  Ömər Faiq Nemanzadənin məqalələrinin, felyetonlarının, xatirələrinin misilsiz əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
 
Ö.F.Nemanzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük ziyalılarımızdan idi. O, Azərbaycanın tarixinə görkəmli publisist, istedadlı ədib, naşir, pedaqoq, ictimai-siyasi xadim kimi düşüb.
 
“Millət hürriyyətin və istiqlalın ləzzətini yalnız öz milli dilində anlaya bilər” deyən Ömər Faiq sanki bu sözləri fəaliyyət məramı kimi qəbul etmişdi. O, qələmə sarılaraq işlədiyi, müəlliflik etdiyi mətbuat orqanları vasitəsilə fikirlərini, ideyalarını xalqa öz doğma dilində çatdırmağa çalışırdı. Təsadüfi deyil ki, onun haqqında danışılanda mütləq mollanəsrəddinçi olduğu xüsusi vurğulanırdı. Ömər Faiq Nemanzadə 1906-cı ildən 1917-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının məsul katibi vəzifəsində çalışmışdı. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuədəki fəaliyyətini qiymətləndirərək yazırdı ki, gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün ədib bütün varlığını, bacarığını və qüvvəsini bu işə verirdi: “İstər “Qeyrət”in, istərsə də “Molla Nəsrəddin”in fəaliyyəti dövründə o, dostu Mirzə Cəlillə birlikdə irticanın hücumlarını dəf edib, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisələrə qoşulub, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparıb.
 
Ö.F.Nemanzadə 1872-ci ildə Tiflis quberniyasının tərkibindəki Ahıska (Axalsıx) qəzasının Azqur kəndində dünyaya gəlmişdi. İlk təhsilini kənd camesində almış və 10 yaşında ikən anasının təkidi ilə İstanbula getmiş və oradakı “Fateh” məktəbində təhsilini davam etdirmişdi. Anası onun İstanbuldan gələn əfəndilərə oxşamasını, orada molla olub kəndə qayıtmasını istəyirdi. Ananın fikrincə, bu, Ömərin “böyük adam” olması demək idi. Lakin İstanbuldakı mədrəsədə keçilən dərslər Azqurdakı mollaların öyrətdiyindən heç də fərqlənmirdi. Odur ki, Ömər Faiqi irəliyə başqa yollar səsləyirdi. Bir gün dayısı evdə olmayanda “Darüş-Şəfəq” məktəbinə gedir və bu məktəbdə 1883-cü ildən 1891-ci ilədək təhsil alır. Gələcək publisistin və ictimai xadimin dünyagörüşü də elə burada formalaşır. Həmin məktəbdə şəriət dərsləri ilə yanaşı, fizika, kimya, biologiya, astronomiya  kimi fənlər də tədris olunurdu. Şagirdlərə həftədə bir dəfə məktəbdən kənara çıxmağa icazə verirdilər və Ömər bu zaman əldə etdiyi qəzet və jurnalları, digər ədəbiyyatı oxuyub dünyagörüşünü zənginləşdirirdi. Avropadakı demokratik ruhlu türk mühacirlərinin düşüncələri, siyasi mövqeyi, qabaqcıl türk şairlərinin bədii yaradıcılığı ilə yaxından tanış olurdu. Tələbələr arasında belələri çox idi. Odur ki, “Darüş-Şəfəq” tədricən sultana qarşı üsyan ocağına çevrilirdi.
 
Tezliklə Ömər Faiq tutduğu yola görə ilk zərbələri alır. Tələbələrin qiyamı zamanı məktəb rəhbərliyi ilə qarşıdurmada bərk döyülür və bir aylığa həbs olunur. Həbsxana həyatı isə ona elə zərbə vurur ki, iki ay xəstəxanada yatır.
 
Məktəbi bitirəndən sonra gənc Ömər Faiq Qalatadakı poçt və teleqrafxanada işləyir. Xaricdə çıxan qəzetləri oxumaq qadağan olunsa da, onları gizlicə mütaliə edir, dostları ilə birlikdə toplantılar keçirir. Lakin bütün bunların təhlükəli olduğunu anlayanda gənclər tutduqları yoldan geri çəkilməyə məcbur olurlar. Limanda bir gəmiyə minib Batumda yoxlamadan keçərkən Ömərin üstündə heç bir sənədi olmur. Bir ay da burada həbsxanada yatdıqdan sonra doğma kəndinə qayıdır.
 
Ömər Faiq 1892-ci ildən etibarən taleyini bütünlüklə Azərbaycanla bağlayır, onun qabaqcıl ziyalı qüvvələrinə qoşulur, bilik və bacarığını xalqın xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edir. İlk gündən fəaliyyətini xalq maarifinin inkişafına yönəldir, 10 il fasiləsiz Tiflis, Şəki, Şamaxı, Gəncə kimi şəhərlərdə müəllimlik edir. Bu ona xalqla yaxından əlaqə saxlamağa, uşaqları yeni ruhda tərbiyə etməyə, insanlar arasında ideya-siyasi təbliğat işi aparmağa, mədəni tədbirlər keçirməyə imkan verir.
 
Yaşadığı dövrün qarışıqlığı və ümumiyyətlə, həyatın keşməkeşləri gənc Nemanzadəni müxtəlif şəhərlərə gətirir, bir sahədən digərinə atır. Azqurdda  “Gavur Ömər” adı ilə çağırılan Nemanzadə 1894-cü ildə Şəkiyə gəlir. Həmin zaman ŞəkiQafqazın ilk üsuli-cədid məktəbi fəaliyyət göstərirdi. Gənc müəllim burada türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verməyə başlayır. Şəkidə Ömər Faiq müəllimliklə kifayətlənməyib Mirzə Fətəli Axundzadənin “Məstəli şah” pyesini tamaşaya qoyaraq Misyö Jordan rolunu özü ifa edir.
 
1896-cı ildə Nemanzadənin xəstələnməsi və Gəncəyə gəlməsi bəlkə bir alın yazısı, bəlkə də təsadüfdən doğan bir zərurət idi. Həmin dövrün Gəncəsi barədə o, belə yazırdı: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir... Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı burada yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”
 
Ömər Faiq bu dövrdə də bir yerdə qərar tuta bilmir. Çünki heç yanda arzuları, ümidləri doğrulmurdu. Belə ki, o, Gəncədən Tiflisə gəlir, yenə də özünə dəstək tapa bilmir. Sonra bu barədə yazırdı: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda - Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq idilər...”
 
1898-ci ildə Ömər Faiq yenidən Şəkiyə, iki il sonra isə Bakıya gəlir. Bakını ilk dəfə görən Ömərə “ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməninin yaşadığı” bu şəhər də xoş gəlmir. Onun fikrincə, Qızlar məktəbi Bakının yeganə uğuru idi.
 
Əslində, XX əsrin əvvəllərində Ömər Faiq səmərəli fəaliyyətinin daha məhsuldar dövrünə qədəm qoyur. İlk yazılarını Krımda çap olunan “Tərcüman”da dərc etməyə başlayır. 1903-cü ildə Tiflisə gəlir. Çoxdan həsrətini çəkdiyi milli mətbuatın yaranması onu çox sevindirir, əyalətlərdə gördüyü rəzalətləri, cahilliyi qələmə almaq, “ürəyini boşaltmaq” üçün imkan tapdığından məmnun qalır. Ümumiyyətlə, Ömər Faiq XIX əsrin sonu - XX əsrin əvvəllərində milli mətbuat, xalq maarifi  və ictimai-siyasi sahələrdə çalışan bir çox ziyalılarla çiyin-çiyinə fəaliyyət göstərdiyindən sonralar onun xatirələrində C.Məmmədquluzadə, M.Şahtaxtlı, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları haqqında çox əhəmiyyətli faktlara rast gəlmək mümkündür. Xüsusilə “Şərqi-rus”, “Qeyrət”,  “Molla Nəsrəddin” barədə bir sıra dəqiq məlumatları bu gün də məhz Nemanzadə qələminin məhsullarına istinadən əldə edirik.
 
XX yüzilliyin əvvəllərində tale yolları Ömər Faiqi arzuladığı qəzet dünyasına, publisistika aləminə qovuşdurur.  O, Tiflisdə Məhəmməd ağa Şahtaxtlının sahibi və redaktoru olduğu türk dilində dərc edilən “Şərqi-rus” qəzetində işləməyə - məqalələr yazmağa başlayır. Lakin redaksiyadakı işi heç də rəvan getmir. Tezliklə redaktorla onun arasında mübahisələr baş verir. Bu, onların ictimai fikirlərinin bir-biri ilə üst-üstə düşməməsi səbəbindən irəli gəlirdi. Ömər Faiq qəzetdə daha çox yenilikçi fikirlərlə, ruhaniliyin əleyhinə yazılarla çıxış etməyi üstün tuturdu. Şahtaxtlı isə daha çox mollaların yazılarını dərc edirdi. Bununla belə, onlar bir-birini yola verməyə məcbur idilər. Çünki Ömər Faiq üçün yazmaq, özünü aşkarlamaq lazım idi. Redaktor üçün isə Ömər kimi təmənnasız yazacaq ikinci birisi yox idi...
 
Ö.F.Nemanzadə 1903-cü il mart ayının 30-da nəşrə başlamış “Şərqi-rus”da  Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir bəy Hacıbəyli, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə birgə çalışmışdı. Dövrünün bu mütərəqqi fikirli ziyalılarının Qafqazda ilk dəfə nəşr edilən həmin ictimai və siyasi gündəlik türk qəzetində birgə işləməsi təsadüfi deyildi. Sonrakı uğurlu işlərin təməli də məhz bu əməkdaşlıqdan və dostluqdan başlanır. Cəlil Məmmədquluzadə yazırdı  ki, Nemanzadə ilə ilk dəfə “Şərqi-rus” qəzeti redaksiyasında görüşüb və ünsiyyət qurub: “Bu qəzetin idarəsində mən də elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik”.
 
“Şərqi-rus” bağlandıqdan sonra M.Şahtaxtlı redaksiyanın mətbəəsini satmaq məcburiyyətində qalır. Nemanzadə isə mətbəəni almaq qərarına gəlir və bununla bağlı Cəlil Məmmədquluzadə ilə məsləhətləşir. Lakin o zaman nə Mirzə Cəlildə, nə də Ömər Faiqdə pul var idi. Odur ki, mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxan dostlar, nəhayət, onlara pul verəcək  xeyirxah insanı tapırlar.  Bu, əslən naxçıvanlı olan tacir Məşədi Ələsgər idi.
 
Məşədi Ələsgər mətbəəni almaq üçün ona ilkin olaraq 7 min manat pul verir. Yazılanlara görə, o, sonralar “Molla Nəsrəddin” jurnalının çapına da vəsait xərcləyir.  Yeni mətbəəyə  “Qeyrət” adı verilir və onu 1905-ci ilin mart ayından başlayaraq 1907-ci ilə qədər yaşadan üç şəxsiyyətdən biri məhz Nemanzadə olur. “Qeyrət”in gəlirlə işlədiyini görən dostlar bu dövrdə onu daha da genişləndirir, istehsal gücünü artırırlar. Nemanzadənin xatirələrindən məlum olur ki, 1907-ci ildə onlar mətbəəni böyütmək məqsədilə “Qeyrət kampaniyası” adı altında bir şirkət yaradırlar. Mətbəənin ilk elanında deyilirdi: “Tiflisdə “Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”.
 
Ömər Faiqin  xatirələrindən bəlli olur ki, mətbəədə bir çap, bir “Amerikanka” maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları olub. Maşınlar Moskvadakı “Modern” alman firmasından alınıb, mətbəənin texniki baxımdan heç nəyə ehtiyacı olmayıb.
 
“Qeyrət”də çap olunan ilk kitab Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) kitabı idi. Bu əsər “Qeyrət”in ilk nəşri olmaqla yanaşı, həm də Azərbaycanda mətbəə və mətbuat tarixi haqqında ilk toplu idi. Ömər Faiq yazırdı ki, “bizim üçün istifadə və tərəqqi qapısı şimdilik top, tüfəng və dinamit vasitəsilə açılmaz. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir - mətbuatdır”.
 
“Qeyrət”çilər təkcə “Molla Nəsrəddin”i çap etməklə kifayətlənməyib, bir çox  kitabçalar, siyasi mahiyyətli intibahnamələr, müraciətlər də buraxmışdı. Məsələn, mətbəənin çap etdiyi ilk kitablardan biri Firdovsinin “Şahnamə”sindən bir hissə, Rəşid bəy Əfəndiyevin tərcümə etdiyi “Rüstəm və Söhrab” idi.
 
Nemanzadənin adı ilə bağlı olan bir xeyirxah əməl də “Qeyrət”də çap olunan kitabların bəzilərinin pulsuz paylanması, ucuz qiymətə satılması, bir çox hallarda isə “Molla Nəsrəddin” jurnalının oxucularına hədiyyə olaraq göndərilməsi idi. Burada elə kitablar nəşr olunmuşdu ki, onlar həqiqətən Azərbaycanda maarifçilik hərəkatına böyük təkan vermiş, kitab mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamışlar. Onlardan C.Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” əsərlərini, Əhməd bəy Cavanşirin, M.S.Ordubadinin, Namiq Kamalın, Ə.Haqverdiyevin, Əlimirzə Nərimanovun, Harun Sultanovun kitablarını göstərmək olar.
 
Nemanzadənin gördüyü işlərin əhəmiyyətini zərrə qədər də azaltmayaraq qeyd edək ki, onun “Molla Nəsrəddin”in fəaliyyətində misilsiz zəhməti olmuşdur. Cəlil Məmmədquluzadə etiraf edirdi ki, “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil: “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən onların ancaq ağsaqqal yoldaşıyam”. Haqqında dediyi bu “əziz yoldaşlar”ının arasında onun çağırışına ilk dəfə səs verən, fikrinə şərik çıxan, gələcəkdə jurnalın mənəvi və maddi ağırlığını çiyinlərində daşıyan  Ömər Faiq Nemanzadə olmuşdu. Cəlil Məmmədquluzadə böyük ədalətlə dəfələrlə onu da qeyd etmişdi ki, Faiq əfəndi olmasaydı, o, jurnalı çıxara bilməzdi. Məhz Nemanzadənin böyük dəstəyi ilə “Molla Nəsrəddin” işıq üzü görə bilmişdir. Jurnalın digər əməkdaşları və müəllifləri bu iki nəfərə sonradan qoşulmuş və mollanəsrəddinçilər adı ilə məşhur olan böyük ictimai-siyasi fikir cərəyanı yarada bilmişlər.
 
Cəlil Məmmədquluzadə deyirdi ki, “Molla Nəsrəddin”i  dövr, zəmanə özü yaratdı.  Ömər Faiq isə onun fikirlərini davam etdirərək jurnalın yaranma səbəblərini göstərmişdi. 1905-ci il inqilabından sonra “bir tərəfdən çarizmin sərsəmləşib özünü itirməsi, iqtisadi böhranın, aclıq və səfalətin artması, digər tərəfdən inqilabın altdan-altdan şişib böyüməsi hər kəsdə bir həyəcan, bir qayğı oyandırdı. Geniş kütləni inqilaba hazırlamaq üçün yeni vasitələrə müraciət ehtiyacı göründü”.
 
Bir çox maddi çətinliklər yaşansa da, “Molla Nəsrəddin” ilk dəfə 1906-cı ildə nəşrə başladı. Bu jurnalda dərc olunan çox sanballı, dəyərli yazılar məhz Ömər Faiqin qələminin məhsulu idi. Onun publisistik əsərlərinin fikir dairəsi, məna və mündəricəsi çox geniş idi. Ədib maarif və mədəniyyət məsələlərindən, Şərq xalqlarının müstəmləkəçilik əleyhinə mübarizəsindən yazır, köhnə, çürük adət və təsəvvürləri tənqidə tuturdu. Bir sözlə, o, azadlıq, xalqın səadəti və tərəqqisi uğrunda mübarizə aparırdı. Azadlığın, tərəqqinin qarşısını kəsən hər hərəkətə nifrət bəsləyirdi və bu nifrəti publisist yazılarında ifadə edirdi. Birinci növbədə hədəfi mürtəce təbəqələr idi. Çarizmin, imperialist dövlətlərin, İran və Türkiyə istibdadının əleyhinə məqalələrlə çıxış edir, yalançı hürriyyətpərəstlərə qarşı kəskin mövqeyini bildirirdi.
 
O, 1906-cı ildə yazdığı “Millətpərəstlik zamanıdır” məqaləsində göstərirdi ki, türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları “tək vücud, tək rəy, tək cəhət - yol altında birləşməli, yəni türklüyünü dərindən dərk edib millətə təmənnasız yardım etməli, onu irəli aparmalıdırlar”. Bu baxımdan Qafqaz müsəlmanlarının etnik kimliyinin və milli dilinin türk olduğunu bəyan edən Nemanzadə yazırdı ki, min illərdən bəri təqlid etdiyimiz ərəb və fars imlasından da imtina edib türk sözlərimizin və türk adlarımızın bərpasına çalışmalıyıq. O, zəmanəsinin bütün insanlarını - şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları “geri qalan camaatın dərdinə qalmağa”, onların istiqlalı uğrunda mübarizəyə çağırırdı: “...Zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir. İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dışarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik”.
 
Zəngin publisistik təcrübəyə malik Ömər Faiqin qələmi bu illərdə daha da kəskinləşir. “Hələ arzularımın mində birini yazmamışdım” deyən ədib yorulmadan “Molla Nəsrəddin”in zülmət səltənətinə qarşı çevrilmiş mübarizəsini davam etdirirdi. Jurnal 1907-ci ildə müvəqqəti bağlanarkən Ömər Faiq qəzəblə yazırdı: “Bu az maarifimizlə də olsa, içimizdə bir çox mollanəsrəddinçilər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar... “Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanmayacaq”.
 
Yeri gəlmişkən qeyd edək ki, Ömər Faiq təkcə “Molla Nəsrəddin”də deyil, eyni zamanda o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq” və s.) çıxış edib. Yazıları Ömər Faiq Nemanzadə, “Ümidvar”, “Ümid”, Faiq Nemanzadə, “Lağlağı”, “Mozalan”, “Məşrutəçi”, “Heyrani” və s. ad və təxəllüslərlə çıxıb. Dövrün bir sıra mühüm ictimai-siyasi məsələlərini dərindən bilməsi sayəsində Ömər Faiq müasirləri tərəfindən yetkin qələm sahibi kimi tanınıb və sevilib.
 
Mirzə Cəlil onun hərtərəfli bilik və istedadını, səriştəsini həmişə yüksək dəyərləndirmişdi. 1911-ci ildə C.Məmmədquluzadə Tiflisdə, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdı: “Əzizim Məmmədəli!.. Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli”.
 
Ömər Faiq  dövrünün  bir çox  siyasi hadisələrini, o cümlədən qanlı olaylarını gözləri ilə görmüşdü. Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətinin şahidi olmuşdu. Bu onun məqalə və felyetonlarının adından da aydın görünür. “Tiflisdə 1905-ci il oktyabr nümayişi”, “Çarizmin növbəti fitnəsi”, “Günah kimdə?”, “Sülh məclisi” və digər məqalələrini misal göstərmək olar. Bu yazılarda mətbuatla bağlı problemlərə də toxunulur. Məsələn, Ömər Faiq vaxtilə “Tərcüman” mətbəəsinin və eyniadlı qəzetin uğurlarını göstərərək haqlı olaraq qeyd etmişdi  ki, “bir  “Tərcüman”la 30 milyon xalqın ehtiyacı görülə bilməz. Rusiyada ruslardan sonra çoxluğumuza görə bizə 5-10 deyil, 100 mətbəə, 1-2 deyil, 15-20 qəzet və jurnal lazımdır”.
 
Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələr xüsusi yer tutur. Ömər Faiqin “Dil yoxdur, millət yoxdur”, “Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin”, “Məhəbbətimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq” və s. fikirləri onun ana dilinə olan sevgisinin ifadəsi idi. O, “Yazımız, dilimiz”, “İkinci ilimiz”, “Dərdimiz və dərmanımız”, “Dilimiz-imlamız”, “Dil məsələsi”, “Eşq və məhəbbət”   məqalələrində doğma dilimizi ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə etirazını bildirirdi.
 
Ömər Faiq Nemanzadənin 1917-ci ildə “Qardaş köməyi” məcmuəsində qələmə aldığı ən dəyərli yazılardan biri də “Mən kiməm?!” məqaləsi idi. O, burada dövrün aktual və maraqlı məsələlərinə toxunaraq yazırdı ki, “ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb sakitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmişlərindən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsl vücudunu tanı, qədrini anla”.
 
1919-cu ildə “Azərbaycan” qəzetində çıxan “Milliləşmək” məqaləsində isə ədib yenə də azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək dəyər verirdi: “...Bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün məhrum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxınlaşmış deməkdir... Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.
 
1917-1920-ci illərdə Ömər Faiq Ahıska bölgəsində geniş fəaliyyət göstərmişdi. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilmişdi. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv edilmişdi. Sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başlamışdı. Təbii ki, onun bu arzusu yerinə yetirilməmişdi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunaraq Metex qalasına salınmışdı. Hər dəfə də xalqın tələbi ilə yenidən azadlığa buraxılmışdı. Bütün bunlar isə Ömər Faiqin şəxsiyyəti, ona bəslənən məhəbbət və ehtiram barədə şərhə ehtiyacı olmayan faktlardır.
 
Keçən əsrin 20-ci illərində Ömər Faiq yenə də bir məkanda qərar tutmamış, Gəncədən Gürcüstana, oradan isə Bakıya qayıtmışdır. 1920-ci ildə Gəncə Zəraət (Kənd Təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. 1920-1921-ci illərdə “Zəhmətkeşlərin  gözü” jurnalının redaktoru, az sonra “Yeni fikir” redaksiya heyətinin üzvü seçilmişdir. Bir müddət Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri vəzifəsində çalışmışdır.
 
1923-cü ildə Azərbaycana gələn Nemanzadə Maarif Komissarlığında işə düzəlmişdir. Bu dövrdə dərsliklərin hazırlanmasına və onların nəşrinə kömək göstərmişdir.
 
Ömər Faiq ömrünün müxtəlif dövrlərində dəfələrlə həbs edilmişdi. Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə həmişə təqib olunmuşdu. Dəfələrlə onun evində axtarışlar aparılmış, yazıları müsadirə olunmuş, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılmışdı. Onun son həbsi isə “Stalin repressiyaları” adı ilə tarixə düşmüş ədalətsiz və amansız həbslərdən biri olmuşdu. 65 illik ömründə öz xalqına heç vaxt xəyanət etməmiş, işlədiyi coğrafi ərazidən, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq həmişə ona sədaqətlə xidmət etmiş bu insanın da həyatına 1937-ci ildə son qoyulmuşdu.
 
80 il bundan əvvəl Nemanzadə yazırdı: “Demək olar ki, “Molla Nəsrəddin” böyük zəhmət, uzun tədqiqat və məlumat ilə meydana gəlmiş əsri və inqilabi bir əsərdir. Bu,  “Həyat”, “Tazə həyat”, “İrşad”, “İqbal”, “Füyuzat”, “Bəhlul” kimi dövlətlilərin ianələri ilə çıxan, inqilabdan, həqiqəti göstərməkdən qorxan, gödək ömürlü bir jurnal deyildi. ...Yarım əsrlik bir zamanın zəngin tarixidir. ...İnqilab və maarifimiz namına onun ciddi tədqiqi mütləq lazımdır”.
 
Mətbuat həqiqətən tarixdir və bu tarixi araşdırarkən adına rast gəldiyimiz və heç zaman unutmayacağımız simalardan biri də məhz Nemanzadədir. (Azərbaycan qəzeti)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar