Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sovet vaxtı kosmosa uçmayıblarmış


Azad Qaradərəlinin “Uçuş” hekayəsini təqdim edirik


İyirmi il üzünü görmədiyim tanışımla gənc bir yazıçının  kitabının təqdimatında  qəfil rastlaşdıq və yaxın dostlar kimi görüşdük. Ayrı-ayrı şəhərlərdə yaşasaq da, telefonla  hərdən danışırdıq. Budur, neçə illərdən sonra Bakıda üz-üzə gəldik. Əslində biz  elə sən deyən yaxın olmamışıq, sadəcə  mən rayon qəzetində  çalışanda digər ziyalılar kimi o da hərdən redaksiyaya gələr, işlədiyi məktəbdə  keçirdikləri tədbirləri qəzetdə işıqlandırmağımı istəyirdi. Mən də gücüm çatan köməyi  əsirgəməzdim... Bir də rayon miqyaslı tədbirlərdə görüşər, salamlaşardıq.
       
Onun təkidilə  kafelərin birində əyləşib çörək yedik, adama yüz əlli araq da vurduq... Sonra söz sözü çəkdi. Mən üzünün ifadəsini heç cür oxuya bilmədiyim (belə şeydən bir az başım çıxır: adamların üzündən nə düşündüklərini oxuya bilirəm bəzən) bu hündürboylu  köntöy  adamdan qəfil soruşdum:
     
- Sən heç uçmusan?
    
- Yo-ox... Qanadsız necə uçmaq olar?
    
- Olar... Mən uçmuşam...
    
- O Dedal, İkar əfsanəsini-filanı mən də oxumuşam  e... Sonra uçan xalçalar-zad... Bunlar yalan-palan, yəni uydurmadı, əfsanədi...
    
- Hə də! Əfsanə! Mif!.. Məgər bunlara yalan demək olar? Axı bunların hansı qatındasa  həqiqət var... Olmaz  e, qəti olmaz ki, təyyarə, vertalyot birdən-birə yaransın?.. Əvvəl...
     
- Lap sovet filosofları kimi danışırsan ... Təkamül nəzəriyyəsi, sosializmin bir ölkə daxilində qalib gələ bilməsi...
    
- İndi sovet filosofları  niprav çıxdılar? Nə təhər olur, sən  sovet fəlsəfə kitabını oxuyub adam olursan...
     
- Dayan bir... Mən o dövrün fəlsəfi sisteminin olduğunu  danmıram ki, onun fəlsəfi düşüncəsinin yanlış olduğunu  deyirəm... Bir bax: Azərbaycanda Heydər Hüseynov intihar edəndən sonra universitetin fəlsəfə fakültəsini qapayıblar... Sonra da deyirsən ki, sovet fəlsəfəsi... Əgər laboratoriya bağlanıbsa, elmi təcrübə harada keçirilməlidir?! Bax, mən bu yalanın, bu sintetik fəlsəfi düşüncənin əleyhinəyəm...
    
- Amma uçmağın da əleyhinəsən...
    
- Heç gör dəxli var!? Mən niyə uçmağın əleyhinə olum ki?! Mən uçmağın yox, yalançı uçmaq fəlsəfəsinin əleyhinəyəm! Sən Pelevinin “Omon-Ra” romanını oxumusan?
    
- Əlbəttə, oxumuşam... Özü də rus dilində...
    
- Mən azərbaycanca oxumuşam... Fərqi yoxdur... Amma söhbət ondadır ki, bu romanda müəllif  Sovet kosmonavtlarının  kosmosa uçuşunu yalan və illüziya adlandırır... Heç bir kosmosa uçuş-zad olmayıb. Hər şey yerdə qurulan kosmik mühitdə baş verib...
    
- Romanda hər şey olar... Bəs həyatda? Sən bu nihilizminlə, doğrudan da, uça bilməzsən...
    
- Yaxşı da... Mən susdum. İndi söz sənindir. Buyur, dinləyirəm. İnanıram ki, Karlson kimi belinə ventilyator  taxmamışdın...
    
- Yox, təbii ki, Karlsonun bura dəxli yoxdur... Mən özümdən, öz uçmağımdan bəhs edəcəkdim...
     
- Buyur...
     
- Fikrimi dağıtdın... Qoy özümə gəlim... Bunu sənə ona görə danışıram ki... Əslində, birbaşa sənə dəxli var... Nəysə...
        
(Adamın sifətinə baxıram. Asfalt kimi şumaldır, cansızdır, bərkdir. Hələ desən, saxtadır üzü. Saxtalığını ondan bilirəm ki, yüz əlli vurub, qəti rəngi dəyişməyib. Mən bədbaxta güzgüdə baxsan, yəqin ki, xoruz kimi qızarmışam. İndi oxu bunu, görüm necə oxuyursan...)
        
- Mən onda on üç yaşındaydım... İlaxır çərşənbəni axşam qeyd eləyəcəkdik... Ona görə də dərsdən çıxan kimi  hamımız evə qaçırdıq ki, axşamki çərşənbəyə hazırlaşaq. Axı bizdə Novruz bayramından qabaq ilaxır çərşənbə qeyd olunur və özü də bu, Novruzdan geri qalmayan bir bayramdır. Yolaşan deyilən yerdən təzəcə keçmişdik ki, arxadan kimsə qışqırdı: “Ədə, Əfsər, Əfsər!” Mən öz adımı eşidib geri döndüm və yaxasında saplı iynə olan Nüyvər kirvəmizi gördüm. (Məni bu arvadın  ərinin  qucağına qoymuşdular sünnət olunanda. Sonra kişi ölüb, ögey qardaşlarımı da  oğlunun qucağına qoyublar. Nənəm deyərdi ki, atamgilin dədə-baba kirvələriymişlər.) Hər dəfə bu yaraşıqlı qadını görəndə içimdə nəsə anlamadığım şeylər olurdu. İndi də  dili tutulmuş kimi ona tərəf yüyürdüm. O mənə qıyqacı bir nəzər salıb, “ay maşallah, əməllicə yekəlmisən ki” dedi və  qabağına qatıb evlərinə apardı. Qabaqca qarşıma bir qab südlü aş qoyub “dərsdən gəlmisən, bunu  ye, sonra danışarıq” dedi. Utana-utana  üstünə şəkər tozu səpilən südlüaşı qaşıqladım. Qurtaran kimi bu yaraşıqlı qadın məni güzgünün qabağına gətirdi. “Yaraşıqlı” sözünü elə-belə demirəm ha! And olsun allaha ki, bu 50-55 yaşlarında qadının yerişi, duruşu, geyim-keçimi və baxışı bir əfsanəydi. Gen alnı, iri ala gözləri, moruğu dodaqları, illah da onnan yayılan  gül qoxusu  huşumu başımdan çıxardırdı. Həm də o bizim kənddə bəlkə də yeganə qadındı ki, qaşlarını alırdı, üzünə ənlik-kirşan çəkirdi. Bunları nənəmlə qonşu qadının danışığından eşitmişdim. “Lotu Nüyvəri görürsənmi, aaz? Özünə baxır deyən, get-gedə cavannaşır. Biz də  kəndin zillətinnən itib-batmışıq. Onnan ənlik-kirşan qoxusu gəlir, bizdən də mal poxu, pəyə iyi...” 
       
Ağappaq əndamı, gümşü biləkləri vardı. Bir az kök idi, amma nə olsun? Mən elə sonralar da qadının  kökünü  istəmişəm. Qabırğası qabırğasına dəyənnən zəhləm gedir... Həəə... Dediyim kimi, atamgilin kirvəsi meşəbəyi Səfəralının anası olan bu qadın, bir ayrı gözəlliyə sahib idi. (O, bizim kəndə bayramdan-bayrama, toydan-toya  gələrdi. Kiçik oğluyla qəsəbədə yaşayardı. Nənəm deyirdi ki, əri Mahmudu  qatar vurub öldürəndən  sonra dəmiryolçular qəsəbəsində  onlara  ikimərtəbəli paraxda – taxtadan tikilmiş yaşayış binasında ev vermişdilər) Qadın var ki, yaşlaşdıqca gözəlliyini itirir, Nüyvər arvad yaşlaşdıqca gözəlləşirdi.
       
O, hələ tamam tikilib qurtarmamış, iynə ilə ora-burası basdırılmış par-par parıldayan bir paltarlığı əynimə taxdı. Belə parçanı mən hələ heç kimdə görməmişdim! Fikir edin ki, gün suya düşür və sudakı qırçın ləpələr işıl-işıl yanır! Bax bu tam tikilməyən paltar doğrudan da alışıb yanırdı... Hə, Nüyvər arvad elə əynimdəcə pencəyin ora-burasını iynəylə basdırdı. Sonra  hazır tikilib qırağa qoyulmuş qollarını da qoluma keçirib iynəylə ordan-burdan  şöttələdi. Daha sonra əynimdəki köhnə finkamı (biz yaşda oğlanlara  anaları – mənə isə nənəm -  maşında, yaxud əldə tikdikləri beli rezinli  gen şalvarlar geyindirərdilər ki, buna finka deyərdik) çıxartdırdı. Mən bir az etiraz etdim, çünki altda o vaxt işdan dediyimiz tursikim yox idi. Amma arvad, “kirvə qurban, nədən utanırsan, çıxart” deyib, finkamın ayaqlarından tutub əynimdən çıxartdı və bu vaxt hər şeyim qaldı düzdə. Arvad yançağıma bir yüngül şapalaq vurdu, sonra əlini uzadıb şeyimi tumarlaya-tumarlaya “kirvə qurban, burda nə var ki” dedi. Sonra üzümə baxıb  o namnazik qaşlarını dartdı, upuzun kipriklərini oynatdı  (and olsun allaha oxudum üzündəkiləri: “Boyyyy, ə sənin əməlli-başlı  həcəmətin-zadın varmış ki, ay iyid ölmüyəsən!”) və təzə şalvarı əlindəki təbaşirlə üstümdə “yazdı”, iynəylə ora-burasını basdıra-basdıra, arada  bir şeyimə də bilərəkdənmi, bilməyərəkdənmi toxundu... Hətta hərdən əlini  oramın  üstündə lap çox saxladı... Və bir də gördüm ki, mənim biyabırolmuşum özündən çıxıb, əməlli-başlı yerindən tərpənib... Hə, Nüyvər arvadın da, deyəsən,  bunun belə olmasından daha çox xoşu gəldi və mənim cəmi iki qıçası olan bu par-par parıldayan  təzə şalvarımın  üstündə o ki var işlədi. Arada əlini uzadıb mənim yuxa yerimin üstündə saxlayır, əli ilə məni əməlli-başlı əlləyirdi. (Ya bəlkə mənə belə gəlirdi, nə bilim?! Allah mənim xasiyyətimi kəssin...) Əlbəttə, mən onun bunu bilə-bilə etdiyini qəti fikirləşmirdim. Sadəcə, bu mənim çox xoşuma gedirdi. Amma etiraf edim ki, par-par parıldayan  paltar olmaq üzrə olan bu parça ( üstümdə  iynə ilə ora-burasını basdırdığına görə artıq  paltara oxşayırdı) daha çox xoşuma gəlirdi. Yəni, iki xoşbəxtliyin içinə birdən düşmüşdüm deyin, özümü göyün yeddi qatında sanırdım. Onunçün də,  ayaqlarım hərdən yerdən üzülürdü. Və bəlkə də Nüyvər arvad mənim o arsız qulpumdan hərdən ona görə tuturdu ki, uçub harasa getməyim... Hər nəydisə, arvad heç məni buraxmaq istəmirdi... Çöldə at kişnərtisi eşidiləndə, o, tələsik özünü yığışdırdı, sonra məni güzgünün qabağında o tərəf-bu tərəfə döndərib baxdı və gülə-gülə dedi:
        
- Novruz bayramına bir gün qala dədəngilə bayramlığa gələciyik... Nənənə deyərsən ki, Nüyvər kirvəm bu kastumu əynimə biçib-tikdi... Analığına  deyəcəyəm, göndərsin evinizə...
        
Alışıb-yanan kostyumu əynimdən çıxarda-çıxarda elə kostyum kimi yanan sifətimdən iki dəfə çox bərk öpdü və məni qapıdan ötürdü. (Bərk öpdü ona görə deyirəm ki, yeri göynədi.) Atın odun yükünü boşaldan Səfəralı kirvəyə salam verib çantamı kürəyimə aşıra-aşıra qaçdım evimizə. Elə qapıdan çantamı içəri atıb çölə yüyürürdüm ki, nənəm  biləyimdən tutub “hara” deyə çığırdı. Dalıncan da “Bəs axı çörək yeməmisən?!” dedi.
        
-  Nüyvər kirvəgildə süddaş yemişəm... O mən çağırıb apardı evlərinə... Əynimə kastyum biçdi, iyniynən tikdi də... Amma vermədi, dedi Novruzda dədəngilə bayramlığa gələndə gətirəcəm...
        
Nənəmin gözləri doldu:
        
- Nə irəng idi? Qəşəy idi?
        
- Həəə! Yanırdı eeeee! Heş kimdə heyləsi yoxdu... Rəngi.. Zaddı... Gömgöyüydü!
                                             
***
 
Bayram çıxdı. Amma mənim kostyumumdan xəbər çıxmadı.
 
(Sənə deyim ki, mən o kostyumu daha heç görmədim. Amma əynimdən də çıxartmadım ki! Bütün bayramlarda, toylarda o  parıldayan  rəngli paltar əynimdə olardı. Andersenin “Kral lütdür” nağılı yadındadır? Heylə bir işə mən də düşmüşdüm. O sürüşkən, o parıltılı paltarın təsiriylə mən sonsuza qədər göylərdə uçdum. Uçub-uçub gedib Nüyvər kirvəgilin evinin üstündə dayanar, bir deşik tapar, oradan bu gözəl xanıma baxar, baxardım... Səni öz canın, mənə gülmə. Arvad heç  o evdə yaşamayıb sonralar. Bayramdan sonra  gedib qəsəbədəki oğlunun yanında qalıb...  Amma mən adətkərdə olmuşdum. Gedib oturardım o evin yuxarısındakı  daşın üstündə, saatlarla o qapının açılmasını gözləyərdim. Axırda uşaqlar məni lağa qoymuşdular.
                  
Kastyumu göydü Əfsər,           
Ayrısı geydi, Əfsər.
Gözü yollarda qalıb,
Avamdı, keydi  Əfsər...
 
Ağzımdan qaçırmışdım ki, Nüyvər kirvəm mənə bir kostyum tikib, bir kostyum tikib, alışıb yanır! Onlar da bunu bilib məni dolamışdılar...  Amma özüm ölüm, mən o evin üstündəki daşda təkcə kostyuma görə oturmurdum saatlarla...)
        
Və bir gün nənəm məni də götürüb qəsəbəyə apardı. Bazarda gilasımızı, lobyamızı satdıq. Arada  gördüm ki, nənəm hərəsindən bir az xaşanın dibində saxlayıb. Niyə saxladığını soruşdum, cavab vermədi. Qəsəbənin  kənarındakı  parax dedikləri ikimərtəbəli binanın  yanında dayanıb, eşşəyi  kölgədə bağladıq. Nənəm  birinci mərtəbədəki qapını döydü. Nüyvər arvad, dalınca da iki balaca qız çölə çıxdı. Nənəmi qucaqlayıb öpdü. Nənəm də könlüsüz-könülsüz onu öpdü. Arvad məni özünə tərəf çəkib hər iki yanağımdan marçıldatdı. Və mən də gözucu baxdım ki, arvad elə bil  bir azcana sınıxıb. Amma gözəlliyi üstündəydi.
        
İçəri keçdik və nənəm xaşaları çevirdi, gilasla lobya döşəməyə töküldü. Nüyvər arvadın elə bil çiçəyi çırtladı. Döşəmədəkiləri gətirdiyi süzgəcə yığa-yığa “payın çox olsun, əlinizi yuyun, yeməyim hazırdı” dedi. Nənəm hardasa gedib əlini yudu, amma mən getmədim. Az sonra arvad süfrə saldı, çay-çörək gətirdi. Çox dadlı bişirdiyi şorbanı  yeyirdik ki, nənəm dedi:
        
- A Nüyvər, mənim gədəmi niyə umsux elədin? İndi adam dədəsiz olanda beləmi eliyəllər?
        
(Hə, atam anamla mən balaca olanda ayrılıblar. Atam ayrı arvad alıb, bir sürü uşağı var. Anam da hardasa uzaq bir rayonda ərdədir, 3-4 ildən bir azıb-təzib gəlir nənəmgilə. Mənə də paltar-filan gətirir. Babamla nənəmin canı sağ olsun! Heç onun paltarına-zadına qalmamışam! Amma anadı, nə gizlədim... İstəyirdim tez-tez gəlsin.)
        
Nüyvər arvad içini çəkdi:
        
- Uyyyyy! Ay Zəriş, nə danışdığındı?! Səfəralının, Nuralının canı haqqı,  kirvənin o biri uşaqlarının bayram paylarıyla birlikdə əlimnən gətirib vermişdim Səmərqəndə!.. O nə sözdü?! Vermiyiplərmi? Dedim e, qoyun uşağı çağırım, geyindirim əllərimlə, Səmərqənd qayıtdı  ki, axşama çağırıb Zərişə verəciyik... Bıy-bıy, az, bı nə işdi az?! Deyirəm axı, kirvənin arvadı maa göz-qaş eliyirdi... Annamamışam... Qaynanası Səmərqəndi göstərib, göz-qaş eliyirdi... Uyyyy... Belə işmi olar?
        
Nənəm özü demişkən, oxun atmışdı, daha yayını gizləmədi:
        
- Örgənmişəm, Səmərqənd oğlunun Malbinəsindəki kirvəsi Qulunun gədəsinə  aparıb o kastumu... Neynək, allah onnara bildiyincən versin... Mənim uşağımın paltarının nəyidi?! İntihası, adamı mars eləməzdər... Bir görəydin uşax sizdən nə kökdə gəlmişdi?! Uçmağa qanadı yoxuydu...
        
- Allah, allah!.. Bı nə işdi ay Zəriş, sən bilirsən ki, heş kim mənim yayımı əlliyə bilməz! Amma o Səmərqənd məni pərt  elədi bı cocuğun yanında... Səni qardaşıın goru, səni Mahmud yatan torpaq, iki dəyqa məni gözdə, gəlirəm!...
        
Arvad yan otağa keçib bir az orada eşələnəndən sonra əlində bir  qolsuz köynək qayıtdı və dedi:
        
- Zəriş, o olsun Səmərqənd, mən olum  Nüyvər... Neynək... Səni o kəsdiyin çörək, bax bı teniskanı nəvaa pay qoyuram... Neynəy, qoy belə olsun...
        
Nüyvər arvad  əynimdəki üstündə çilləri olan qollu köynəyi bir göz qırpımında çəkib çıxartdı, o  qısaqol köynəyi geydirdi mənə və güzgünün yanına aparıb saçımı əlləriynən geri daradı. Çəkib sinəsinə sıxdı, o üzümdən, bu üzümdən bir də öpdü və dedi:
        
- Sağlığına qismət?
        
Nənəm də nəsə dedi. Guya etiraz edirdi-filan...
        
Mən isə köynəkdən çox bu xanım-xatın arvada baxır və onun üzümdən aldığı öpüş yerlərinin od tutub yandığının hayındaydım...
        
Mən bax ikinci dəfə onda uçmuşam... Özü də məndən azı qırx yaş  böyük olan bu gözəl qadına – mənim ilk məhəbbətimə əməlli-başlı vurulmuşdum. Gecələr yata bilmirdim. Elə hey o yaşlı qadın məni soyundurur, geyindirirdi...
        
Mən susdum. Dostum isə qarnını tutaraq qəhqəhə çəkib gülürdü. Gözləri yaşarıncan güldü və birdən təəccüblə mənə baxdı:
        
- Dayan! Dayan! Belə çıxır ki, o kostyumu mənə gətirmişdilər?
        
Mən çiyinlərimi çəkdim:
        
- Atamın sizin kənddə sizdən başqa kirvəsimi vardı? Və mənim yaşıdım oğlan da səndin? Bəlkə boynundan atasan?
        
O acı-acı güldü:
        
- O kostyum yadımdadır... Lastik parçadandı, həqiqətən o zamançün bahalı materialdı, amma məni heç  uçurtmadı ki...
        
Mən gülümsündüm:
        
- Amma üstündən 45 ildən çox vaxt keçib, Nüyvər arvadın sümükləri də çürüyüb,  mən hələ də uçuram... Və bir də söz deyim sənə: bu uzun illərdə bir şeyi də anladım: uçmaqçün təkcə qanad kifayət etmirmiş... (kulis)       

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar