Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonuncu zəng


Bu günlərdə 24 ilə yaxındır yaşadığım, bir neçə rayondan olan məcburi köçkünlərin məskunlaşdığı Pirşağıdakı "Məşəl” düşərgəsinə işıq kəsənlər gəlmişdi.


Söhbət məcburi köçkünlər üçün nəzərdə tutulan güzəştlərin vahid müavinətlə əvəz olunması nəticəsində məcburi köçkünlərin yaşadıqları ərazilərə işıq, qaz və digər sayğacların quraşdırılmasından gedirdi.  Camaatın buna etirazına mən də çıxdım və orda nələr baş verdiyinin dərinliyinə varmadan, istər-istəməz ağlımdan belə bir fikir keçdi. Çox gecikmisiz, bu insanların işığı 24-25 il əvvəl kəsilib.

Bu illər ərzində yüz minlərlə  insanın necə yaşadığından, harda yaşadığından xəbərsiz olanlar indi elə danışırdılar ki, guya hər gün bu insanların yanında olublar. Əslində biz onların yadına  bilirsiz  nə zaman düşmüşük, sözün əsl mənasında düşərgədə yaşayan və kişi cinsinə aid olanların orduya çağrılmaq zamanında. Bunun da üstündən keçmək olar. Amma illərlə ən ağır şərtlər altında yaşayan insanların üzərinə bu qədər gedilməsi, nə ilə bağlıdır və bu  kimə sərf edir? Bu insanlar  daha hansı çətin günləri yaşamalıdırlar, daha hansı iztirablara dözməlidirlər?

Bir günün içərisində hər şeyini itirirsən.  Ev-eşiyini, qonşularını, müəllimlərini,  dostlarını, hər gün havasını udduğun torpağı, sevdiklərini, bir ömür xoşbəxt olacağın, xəyalı ilə yaşadığın, heç zaman unuda bilməyəcəyin qızı,  hətta insanlıq sevgisini və sevgini itirirsən,  sonsuza qədər bu cür yaşamağa məhkum olursan.
Bu mənim şəxsi həyatımdan daha çox misallar gətirdiyim minlərlə insanın yaşam tərzinin ifadəsidir.

Yeri gəldi-gəlmədi bizi qınayanlar, həm də bilməlidirlər ki, nə lazımsa onu eləmişik. 15 yaşımdan silaha sarılmışam, ən  çətin vaxtlarda əlimdən nə gəlibsə onu eləmişəm. O zamanlar Zəngilanın hərbi komissarı Cümşüd Əbilov hirslənib məni otağından qovdu ki, hələ gənclərimiz ölməyib, sonra gələrsiz. Bu hadisə 1992-ci ilin dekabrın 11-də baş verib. O zaman ermənilər bir neçə kəndimizi işğal eləmişdilər, Adil Rüstəmov və digər onlarla qəhrəman qardaşlarımız şəhid olmuşdu.

Doğrudu sonralar Şabanovun rəhbərliyi altında bu işğalın əvəzi Zəngilan istiqamətində çıxıldı. Amma bugünkü nəticə başqadı.  Bir insanın yaşaması üçün lazım olan ən vacib  şərtlərdən istəmədən məhrum olan insanlar haqda hansısa addım atmazdan əvvəl, ən azından bu barədə düşünmək lazımdı.

İllər sonra Bakının Sabunçu rayon Hərbi Komissarlığında məskunlaşan Zəngilan  hərbi komissarlığındaydım və komissar yenə Cümşüd Əbilov idi.  Onun dediyi ilk sözü bu oldu: "Hə, indi vaxtında gəlmisən”.

Ordan sonrası yenə cəbhəydi və bir onu bilirəm ki, mən orduya gedəndə tək-tük adamda mobil telefon, xarici maşın var idi. Bir neçə il sonra isə hər şey dəyişmişdi.

Harın balalarının həyatı başqa, bizimki isə başqa cür.

Mən 11-ci sinifi   5-6  məktəbdə oxumuşam. Bir dəfə "Gənclik” metrosunda bir sinif yoldaşımla rastlaşdım, beş dəqiqədən sonra başqa bir sinif yoldaşım yaxınlaşdı. Amma onlar bir-birini tanımırdı, hər ikisi sinif yoldaşlarım idi.  Hərəsi ilə bir məktəbdə  oxumuşdum.

Bu mənim istəyimdən hansısa məktəbi dəyişməyimin nəticəsi yox, bir insan faciəsinin hələ də çoxlarının anlaya bilmədiyi, onların həyat tərzinə heç bir aidiyyəti olmayan bir mənzərəsi idi.

Söz məktəbdən düşmüşkən, 1993-cü ildə kəndimizin məktəbinin 11-ciləri bizlər, yəni mənim oxuduğum sinif olmalıydı. Məktəbdə hərbi qərargah yerləşirdi və son anadək mən orda oldum. Erməni tankları  həmin əraziyə girməyə az qalmış çıxdıq və mən ikinci mərtəbəyə qalxıb, pilləkənin sol tərəfindəki, çoxdandı çalınmayan zəngi basıb, elə də qoyaraq binadan çıxdım. Hələ o zaman dünyanı o qədər də dərk eləmədiyim zamanda,  bilirdim ki, bu mənimçün son zəngdi. Amma o zaman, hələ bu əcəl zəngi deyilmiş…

Zabil MÜQABİLOĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar