Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Skype ilə elçilik erasıdır, nəzərə alın


Təxminən 1 aydır ki, qədirbilən, cəfakeş, eyni zamanda dözümlü xalqımız, türkün sözü, dış dünyayla ilətişim qurmaqda çətinlik çəkir


Skype, Viber, WhatsApp sözə baxmır, görüntülü danışıq alınmır, səs getmir, hənir gəlmir, camaatımız da, pəjmürdə qalıb. Bildiyiniz kimi, klaviatiraya barmaq döyəcləyib yazmağa ərinən xalqıq.

Əvvəllər bu işdə hamımız pərgar idik. Bəlkə də dünya üzrə telefonda ən sürətli və ən çox mesaj yazan millət biz idik. Amma sonradan səsli və görüntülü ünsiyyət imkanları meydana çıxdı, biz də elliklə bu işə könül verdik.

İş belədir ki, ölkədə xaricdə qohumu olmayan ailə yoxdur. “Xaric” deyərkən, bəziləri saya salmır, amma Rusiya da xaricdir və orda yaşayan milyonlarla həmvətənimizlə gündəlik ünsiyyət yaratmaq şərtdir. Hələ bunun rayonlararası danışıq xətləri də var. Hətta mən iki balkon qonşusunun bir-birilə Skype-da danışdığını görmüşəm və bu xüsusatı havanın küləkli olması ilə izah edərək təəccüblənməmişəm.

Uzun sözün kəsəsi, internet üzərindən görüntülü və səsli danışmaq müftə olduğundan camaatımızın 99 faizi hər gün bu imkandan gen-bol yararlanırdı.

Əslində, sırf “müftə” də sayılmaz, ona görə ki, bu adamlar nə qədər olmasa da internet provayderlərə trafik üçün pul ödəyirlər. O üzdən “müftə” deməyək, ucuz deyək. Biz xaricdəki, ölkədəki dostlarla, qohumlarla, tanışlarla, partnyorlarla arx suyundan da ucuz qiymətə danışırdıq.

Xüsusilə də qadınlar bu texnoloji imkanın bütün dadını çıxarırdılar. Mən deyim, 4 saat boyunca yerindən qalxmadan görüntülü danışanlar vardı, siz deyin, 5 saat. Əminəm ki, 6-7 saatlıq görüntülü danışıq apararaq rekord qıranlar da olub.
Qızına elçiliyə gələnlərə Skype ilə “xoş gəldin” edən, bir saat çəkən söhbətdən sonra qızının “həri”sini Skype-da verən ata görmüşəm, a kişi. Hətta toyda bütün qonaqları Skype-da bir-bir salamlayan, sonra gənclərə xeyir-dua verən adamlar da olub. Neyləsinlər, qürbətdədirlər, əlləri ölkəyə çatmır, hər saat gəlib-gedə bilmirlər, beləcə, texnolojinin son imkanlarından yararlanmalı olurlar.

Sizə deyim ki, bu Skype və onun kimi proqramlar qürbət deyilən kədərli şeyin anasını ağladıb. Təsəvvür edin ki, qardaşın biri Londonda yaşayır və onun ad günüdür, bu biri qardaş zəng edir, o oturur öz divanında kompüterin qabağında, bu da oturur öz kompüterinin qənşərində. Yeyib-içərək, ordan-burdan danışa-danışa, sağlıq deyə-deyə saatlarla danışırlar. İki gündən sonra bir də. Bir həftədən sonra yenə. Bezənəcən. Bu durumda “illərin həsrəti”, “uzun hicran”, “şirin vüsal” və sair bu kimi şair söhbətləri varıb gedir arxivə.

İndi biz qəfildən qayıtmışıq ötən əsrin ortalarına. O ki şəhərlərarası danışıq məntəqəsində saatlarla növbə gözləyirdik, sonra rayon mərkəzindəki qohumumuza zəng edə bilir, ondan da hansısa ismarışı kənddəki ailəmizə çatdırırdıq ha, bax, az qala elə bir vəziyyət yaranıb.

Niyə belə oldu, niyə 20 il geri getdik, bilən yoxdur.

Oxumuş adamlar deyir, pul məsələsidir. Guya ki, bu işdə milyardlarla pul var və pulsevər insanlar fikirləşir ki, milyardları havaya səpələməsinlər, xəkandazı götürüb yığsınlar. Elədirsə, deyim ki, biz Skype və onun kimilər pulsuz olduğu üçün saatlarla danışırdıq, pullu olandan sonra dəli-zadıq ki, gündə 100 manatlıq, həftədə 1000 manatlıq görüntülü danışıq aparaq? Bundansa təyyarəyə oturub Stokholma, Moskvaya, Londona getmək, qohum-əqrəba ilə canlı-canlı görüşmək daha sərfəli olmazmı?

Budur, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, bu məhdudiyyət IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq vacib imiş, həm də müvəqqəti xarakter daşıyıb. Arada şəbəkəni də sazlayıblar. Elə deyirlər.

Nazirliyin son sözü belədir: “Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər".

Elədirsə, deyəcək bir söz yoxdur. Təki belə şeylər müvəqqəti olsun. Sürəkli olsa, müasir gənclərin bir xeylisinin toyu ləngiyər. Hökumət elçiliklərin Skype ilə edilməsini mütləq nəzərə almalıdır.(musavatşcom)

 Samir SARI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar