Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siraqəddin Cabbarov şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi


PİA.AZ xəbər verir ki, Saatlı rayonunun Mollavəzli kənd sakini Amaliya Əliyeva virtualaz.org saytının redaksiyasına müraciət edərək özü və həyat yoldaşı Vahid Əliyevin Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Siraqəddin Cabbarov tərəfindən təzyiqlərə mənəvi və fiziki məruz qalmasından və döyülməsindən şikayətlənib


A.Əliyevanın sözlərinə görə, icra başçısının qəzəbinə tuş gəlmələrinə səbəb onların prezidentə ünvanladıqları teleqram olub: 

“Qonşumla çəpər üstündə mübahisəmiz düşmüşdü. Qonşum şikayət elədi, icra hakimiyyətindən nümayəndələr gəlib çəpəri sökdülər, bir az aralı çəkdilər. Onlar getməmiş çəpər uçub yerə töküldü. Kəndin heyvanları həyətimizə doluşdu, 400-500 ədəd ot bağlamamızı heyvanlar dağıtdı, bizə nə qədər ziyan dəydi. Həyat yoldaşım rayon icra hakimiyyətinə neçə dəfə qəbula getdi, amma bizi qəbul eləmədilər. İcra başçısının müavininə zəng vurub dedik ki, gəlin bunu necə uçurmusunuzsa, eləcə də düzəldin. O da sahə müvəkkilini göndərəcəyinə söz verdi.

Beş gündən sonra sahə müvəkkili və özünü icra məmuru kimi təqdim edən Qorxmaz adlı şəxs gəldilər. Dedilər ki, çəpəri özünüz çəkməlisiniz, sizə çəpər çəkən deyilik, gedin hara istəyirsiniz şikayət edin, onsuz da heç kim işinizə baxmayacaq.

Sentyabrın 13-də Prezident Administrasiyasına teleqram vurdum. Teleqramda göstərdim ki, beş nəfər ailə üzvümüzlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edirik. Buna səbəb icra hakimiyyətinə dəfələrlə etdiyimiz şikayətlərə baxılmamasıdır. Yarım saat yox idi teleqram vurub evə gəlmişdim ki, kənd sovetindən və icra hakimiyyətindən bizə adamlar gəldilər. Teleqram vurduğumu haradan xəbər tutublar, ya nədir - bilmirəm. Qorxmaz dedi ki, bəs, siz teleqram vurmusunuz, gedin onu geri götürün, nə desəniz onu da edəcəyik. Biz də gedib götürdük. Lakin onlar dedikləri sözə əməl etmədilər”.



A.Əliyeva deyir ki, ona görə də məcbur qalaraq bu dəfə qonşu Sabirabad rayonuna gedib, Bakıya oradan teleqram vurub: “Beş gündən sonra aləm dəydi bir-birinə. İcra hakimiyyətindən, polisdən töküldülər bizə. Əsl həngamə bundan sonra başladı. Sentyabrın 17-də sahə müvəkkili ilə birlikdə Aydın adlı polis əməkdaşı da gəldi. Bizə dedilər ki, icra başçısı sizi çağırır. Məni və həyat yoldaşım Vahidi öz maşınlarına minməyə dəvət etdilər. Razılaşmayıb öz maşınımızla getdik. Kənd sovetinin nümayəndəsi Əhməd Dədəkişiyev də yolda bunları gözləyirdi. O da öz maşını ilə bizi müşayiət etdi, bizimlə birgə icra hakimiyyətinə getdi”.

Amaliya Əliyevanın sözlərinə görə, kabinetinə girən kimi icra başçısı S.Cabbarov onları nalayiq söyüşlərlə söyməyə başlayıb: “Otaqda 10 nəfərdən yuxarı adam var idi. Saatlı Rayon Polis Şöbəsinin rəis müavini Hacı Əhmədov da orada idi. Elə bil qabaqcadan danışılmışdı. Dörd nəfər içəridə, 5-6 nəfər isə kabinetin qarşısında dayanmışdı.

Biz içəri girdik. İcra başçısı ağzımızı açmağa qoymadı. Əsəbi halda dedi ki, məndən əvvəlki icra başçısından 6 ildə gedən şikayət məndən bir ildə gedib. Ona şikayətimizə baxmadığına görə şikayət etdiyimizi dedim. İcra başçısı cavabında bizi nalayiq sözlərlə təhqir elədi, ağzına gələni dedi. Otaqda olan polis rəisinin müavini və digərləri üstümə qışqırdılar ki, sən danışma. Yerbəyerdən təzyiqlər edir, bizi danışmağa qoymurdular. Bunu görən yoldaşım dedi ki, dur çıxaq gedək.

Biz qapıdan çıxmaq istədikdə icra başçısı arxadan “onu saxlayın, polislər də buradadır, aktlaşdırın, basın içəri” deyə qışqırdı. Polislər tökülüşüb yoldaşımı tutdular. Mən çıxmaq istəyəndə icra başçısı arxadan gəlib başıma qapaz vurdu. Hərə bir söz deyirdi. İcra hakimiyyətinin işçilərindən biri - Vasif adlı şəxs dedi ki, gərək bunu 12 min manat cərimə edəydik, evini satlığa qoyaydı, ağlı başına gələydi, yuxarı şikayət etməyəydi.

İcra başçısı məni rəisə göstərib dedi ki, bunu da basın maşına aparın. Rəis isə mənə “gedək, sənin başını qırxdıracam” dedi.

Həyat yoldaşım icra başçısının kabinetində qaldı, məni isə çölə çıxardılar. Sonra yoldaşımla məni ayrı-ayrı maşınlarda polis şöbəsinə apardılar. Şöbədə də bizi ayrı-ayrı otağa salmışdılar. Məni 6-7 saat orada saxladılar. Polislərə dedim ki, evdə xəstə uşağım, yaşlı qayınanam var, məni niyə burda saxlayırsınız, oğru deyiləm, quldur deyiləm. Qapıçı rəisin yanına gedib dediklərimi ona çatdırıb. Rəis də deyib ki, buraxın getsin”.

Rəisin icazəsi ilə evə buraxılan qadın həyat yoldaşını nə zaman buraxacaqları ilə maraqlanır. Ona Vahid Əliyevin bu gecə polis şöbəsində qalacağını bildiriblər: “Qapıçıya dedim heç olmasa icazə verin, iki-üç dəqiqəliyə yoldaşımı görüm. O da qapını aralayıb ərimi mənə göstərdi. Vahidi o vəziyyətdə görəndə qorxdum. Yıxılıb yerdə qalmışdı. Gözü göyərmiş, üzü partlamışdı. “Başımı divara o qədər çırpıblar ki, ağrıdan dayana bilmirəm. Kürəyimə, qarnıma təpiklə vurublar, ayağa qalxmağa taqətim yoxdur” - dedi.



Vahid ekspertiza tələb etsə də, həkim çağırsa da onun dediklərinə məhəl qoymur, “başçı icazə vermir” deyirdilər. Vahiddən onu kimin bu hala saldığını soruşduqda “gözümün altını icra başçısı özü bu günə qoyub” dedi. Yoldaşımı icra başçısı döyüb, zərbənin təsirindən gözü tutulub, görmür, yanına həkim buraxmırlar.

Yoldaşım adam öldürməyib, qatil deyil. Srağagün (sentyabrın 18-də-red.) Vahidə 15 sutka həbs veriblər. Guya ictimai yerdə icra başçısını təhqir eləyib. İnanın ki, yoldaşım orada ağzını açıb danışmadı, mən danışdım. O boyda adamın içində icra başçısına nəsə deməkmi olardı?”



Şikayətçi deyir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə üç dəfə zəng vuraraq xəbər verib: “Demişəm ki, həyat yoldaşımı nahaqdan həbs ediblər, polisdə saxlayırlar. Şikayətimə məhəl qoyan yoxdur. İmkansızam, yiyəsizəm, ona görə belə eləyirlər. Demək belə çıxır ki, icra başçısı poçta, polisə, prokurorluğa da başçılıq edir?! Kimə nə deyirsənsə, deyirlər get başçı ilə danış. Dedim məni həbsxanaya da salsanız, şikayət edəcəyəm”.

Şikayətçi A.Əliyevanın sözlərinə görə, bu, rayonda ilk belə hadisə deyil. Rayon icra hakimiyyəti şikayət edən şəxsləri özünəməxsus şəkildə bu cür cəzalandırır: “Artıq intihar etmək məcburiyyətindəyəm. Ölkə başçısına müraciət etdim, özümü döyüb, ərimi ölümcül hala saldılar, sonra da həbs etdilər”.

Qeyd edək ki, A.Əliyeva sentyabrın 18-də baş prokuror Zakir Qaralova və ölkə başçısına müraciət edib.

Səslənən bu ittihamlarla bağlı Saatlı Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq.

Saatlı RİH-dən virtualaz.org saytına bildirdilər ki, belə bir hadisə həqiqətən də baş verib, amma şikayətçinin dediyi kimi, icra başçısının kabinetində deyil, RİH-in qəbul otağında:




“Bu ailə rayon icra hakimiyyətinə, polisə dəfələrlə şikayət edib. Həmin gün də Vahid Əliyev orada polis əməkdaşı və icra nümayəndəsi ilə mübahisə edib. Vahid Əliyevin və yaxud həyat yoldaşının orada döyüldüyünü görməmişik. Onlara heç kim təzyiq göstərməyib, belə bir şey olmayıb. İcra başçısı adam döyəndirmi? Sadəcə olaraq Vahid Əliyev qəbulda olanda əl-qol atmağa başladı. Polis də onu sakitləşdirib zərərsizləşdirdi. Əslində bu ailəyə icra hakimiyyəti tərəfindən dəfələrlə yardım göstərilib. Amma qədirbilən deyilər. Sadəcə şikayətə vərdiş ediblər. Onların dedikləri şər-böhtandır. Bu ailə öz yaxın qohumları ilə torpaq üstə dava edib. Nəticəni özünüz çıxarın, görün bunlar kimdir, necə ailədir”.

RİH-dən V.Əliyevin hazırda Saatlı Rayon Polis Şöbəsində saxlandığını təsdiq edib əlavə məlumatı polis şöbəsindən almağı tövsiyə etdilər.

Saatlı RPŞ-nin rəis müavini Hacı Əhmədov isə bu barədə açıqlama vermək istəmədi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar