Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Şimali Koreya üçün “məxməri inqilab”ın qapısı açıldı? - Müsahibə


Politoloq: “ABŞ-la Şimali Koreya arasında müəyyən anlaşma olsa belə, sonradan Tramp admistrasiyasının üzərinə götürdüyü bu öhdəliyi nə qədər yerinə yetirib-yetirməyəcəyi məsələsi də hələlik sual olaraq qalır”


“Güvənilir bir ABŞ hakimiyyəti olmadığı üçün bundan sonra  bu yöndə konkret hansısa, proqnozlar vermək çox böyük çətinliklər yaradır”.

Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu gün Sinqapurda  ABŞ-la Şimali Koreya arasında əldə olunan anlaşma barədə PİA.AZ-a verdiyi müsahibəsində dilə gətirib.

Xəbər verdiyimiz kimi Sinqapurda Koreya Xalq Demokratik Respublikası və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib. Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb. Eyni zamanda Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.

Həmçinin Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə  razılığa gəliblər. Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.

Şimali Koreya liderini Ağ evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla isə bundan sonra da görüşlər keçirəcəyini bildirib. KXDR lideri isə dünyanın mühüm dəyişikliklərin şahidi olacağını deyib.



Natiq Miri: “Şimali Koreya məsələsində ortada konkret hər hansı anlaşmanın olduğunu iddia etmək mümkün deyil”.


Bu mövzu ilə bağlı PİA.AZ politoloq Natiq Miri ilə olan müsahibəni  təqdim edir:

- Natiq müəllim, bu gün Sinqapurda ABŞ-la Şimali Koreya arasında tarixi saziş imzalanıb. Saziş Şimali Koreyanın nüvəsizləşdirilməsini nəzərdə tutur. Sazişin tarixi əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz və demək olarmı ki, bu sazişlə ABŞ sosializmin əsas düşərgələrindən birini öz təsiri altına ala bildi?    

- Əvvəla hər hansı bir saziş imzalanmayıb. İmzalanan sənədin nədən ibarət olduğu da bəlli deyil. Düşünürəm ki, bu bir niyyət protokolu kimi ilk görüşün nəticəsi olaraq dəyərləndirilə bilər. Həmçinin bu görüşün konkret hansı nəticələr doğuracağı da indidən bəlli deyil. Çünki bildiyimiz kimi nüvə silahı araşdırılmalarının dayandırılması və Şimalı Koreyanın ABŞ-ı vura biləcək raket sistemlərinin ləğv olunması konkret qarşılıqlı tələblərlə mümkün ola bilər. 

Belə ki, Şimali Koreya rəhbərliyi ABŞ-dan bütün Şimali Koreyaya tətbiq olunan sanskiyaların ləğv olunması və Şimali Koreyada yeni iqtisadi sistemin bərqərar olması üçün çox ciddi maliyyə dəstəklərinin olunmasını tələb edir. Bu konteksdə ABŞ-ın bu məsələni nə qədər üzərinə götürə biləcəyi və buna əməl edə biləcəyi müəyyən suallar doğurur. 

Açığı güvənilir bir ABŞ hakimiyyəti olmadığı üçün bundan sonra bu yöndə konkret hansısa, proqnozlar vermək çox böyük çətinliklər yaradır. Buna görə də sosialist düşərgəsinin tamamilə ləğv olunma ehtimalı və bu yöndə fikirlər bir az irəliyə getmiş fikirlərdir. Yəni bu yöndə hələlik düşünməyə ehtiyac yoxdur. 

Natiq Miri: “Son zamanlar ABŞ-ın imza atdığı istənilən bir anlaşmanın sonradan həyata keçirilməsi məsələsində ciddi problemlər yaşanır”.


- Şimali Koreyanın nüvəsizləşdirilməsi sazişi İranla bağlanan nüvə sazişinin taleyini yaşaya bilərmi?

- Son zamanlar ABŞ-ın imza atdığı istənilən bir anlaşmanın sonradan həyata keçirilməsi məsələsində ciddi problemlər yaşayır. Biz bunu İranla bağlanan nüvə müqaviləsində də gördük. ABŞ İranla nüvə anlaşmasına imza atmasına baxmayaraq birtərəfli qaydada bu müqavilədən çıxdı. Hətta ABŞ NATO üzrə strateji müttəfiqi olan ölkələrlə ticarət anlaşmasında da çox ciddi problemlər yaşayır. Buna görə də düşünürəm ki, Şimali Koreya məsələsində də ortada konkret hər hansı anlaşmasının olduğunu iddia etmək mümkün deyil. 

Ayrıca bu bir-iki görüşlə həll olunacaq məsələ də deyil. Yenə təkrar edim ki, ABŞ-la Şimali Koreya arasında müəyyən anlaşma olsa belə, sonradan Tramp admistrasiyasının üzərinə götürdüyü bu öhdəliyi nə qədər yerinə yetirib-yetirməyəcəyi məsələsi də hələlik sual olaraq qalır.

Natiq Miri: “Şimali Koreya kimi qapalı bir cəmiyyətdə “məxməri inqilab”ların həyata keçirilməsi demək olar ki, mümkün deyil”.


- Ümumiyyətlə bu sazişdən sonra Şimali Koreyanın gələcəyini necə təsəvvür etmək olar? Şimali Koreyada “məxməri inqilab” gözlənilə bilərmi və Koreya yarımadasının birləşdirilməsi prossesi başlaya bilərmi?

- Nəzərə alın ki, Şimali Koreya qapalı bir sistemdir. Burada əhaliyə hər hansı bir demokratik hüquqlar tanınmır. Hər şey birbaşa yuxarıdan göstərişlə, yuxarının təşəbbüsü ilə həyata keçirilir və Şimalı Koreya üçün bütün xarici ölkələr demək olar ki, tamamilə qapalıdır. Belə bir qapalı sistemlərdə “məxməri inqilab”ın həyata keçirilməsi çox böyük problemdir. 

Əgər gələcəkdə ABŞ-la konkret anlaşma ortalıqda olmuş olsa, iqtisadi və maliyyə cəhətdən Şimali Koreyaya yardımlar olunsa və Şimali Koreya cəmiyyətinin açılmasına rəhbərlik icazə versə, yalnız bundan sonra hansısa, “məxməri inqilab”ların baş verməsindən danışmaq mümkündür. Yoxsa ki, Şimali Koreya kimi qapalı bir cəmiyyətdə “məxməri inqilab”ların həyata keçirilməsi demək olar ki, mümkün deyil. 

Natiq Miri: “Şimali Koreya ABŞ-la anlaşmaqla gələcəkdə dövləti inkişaf etdirmək, yeni iqtisadi sistem bərqərar etmək, iqtisadi və digər sosial böhranlardan çıxmaq istəyir”.


- Sizcə bütün dünyanı nüvə təhlükəsi altında saxlayan Şimali Koreya rejimi birdən-birə əsas düşməni olaraq gördüyü ABŞ-a qarşı bu addımları niyə atdı? Halbuki Şimali Koreya nüvə sınaqlarını donduraraq Rusiya və Çindən aldığı dəstəklə mövcudiyyətini davam etdirə bilərdi. Hesab etmək olarmı ki, Kim Çen In liberal dəyərlərdən çıxış edərək bu addımları atır?       

- Burada liberal dəyərlərdən söhbət qətiyyən getmir. Söhbət ondan gedir ki, ABŞ və onun regional və qlobal səviyyədə olan bütün müttəfiq ölkələr çapında Şimalı Koreyaya çox ciddi sanksiyalar tətbiq olunub. Demək olar ki, Şimali Koreyanın iqtisadiyyatı tamamilə iflic vəziyyətindədir. Həmçinin bir çox strateji məhsullar var ki, Şimali Koreyada istehsal olunmur. Həmin məhsullar yalnız xaricdən alınır ki, bu məhsulların Şimali Koreyaya satılmasına da sanksiyalar tətbiq olunub. Bu da qısa müddət ərində Şimali Koreyanın bir dövlət olaraq tamamilə çöküşünə gətirə bilər. Yəni bu təhlükə çox ciddi olduğu üçün Şimali Koreya əhalisinin gələcəkdə aclığı baş verə bilər ki, ac olan toplumlar da adətən hər hansı bir qapalı sistemə və yaxud hərbi sistemə baxmır və üsyana qalxırlar. Bu əndişə də Şimali Koreya rəhbərliyini çox ciddi şəkildə narahat edir. 

Ayrıca Rusiya tərəfindən Şimali Koreyaya maliyyə cəhətdən hər hansı dəstəyin olduğunu da iddia etmək mümkün deyil. Çünki bu gün Rusiya iqtisadiyyatının özü belə çox böyük çətinliklər yaşayır. Həm də Çinin müəyyən mənada Şimali Koreyaya verdiyi dəstəyi konteksində Çinin özünə də ABŞ səviyyəsində ciddi sanksiyalar tətbiq olunur. Bu yöndə Çin də çox ciddi hədələnir. Bütün bunlara görə də düşünürəm ki, Şimali Koreya üçün başqa yol qoyulmadı. Buna görə də Şimali Koreya ən azından ABŞ-la anlaşmaqla gələcəkdə dövləti inkişaf etdirmək, yeni iqtisadi sistem bərqərar etmək, iqtisadi və digər sosial böhranlardan çıxmaq istəyir. 

- Bu sazişdən sonra Sakit Okean hövzəsində hansı geopolitik dəyişikliklər gözlənilir?

- Gələcəkdə bu proses anlaşmaya yönəlik inkişaf edərsə, təbii ki, bu Sakit Okean hövzəsində olan təhlükənin aradan qalxmasını demək olar. Yəni artıq Sakit Okean hövzəsində müharibə təhlükəsinin tədricən sovuşa biləcəyindən danışmaq mümkün olacaq.

Nərminə UMUDLU
pia.az
 

Etiket:
loading...