Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkər tozu


İlqar Rəsul yazır


(və ya "bizim evin uşaqları") 
 
Bizim evin anasının xatirəsinə...
 
Avtobioqrafik hekayə (ixtisarla)
 
Bizim evin yemək otağındakı masanın süfrəsinin altında, bir küncdə həmişə pul olardı. Biz uşaqlar o puldan yalnız evə çörək və ya süd almaq üçün götürərdik. Anamız bizə yalnız bütün məktəblərin iştirak etdiyi kütləvi bayram tədbirləri zamanı xərcləməyə pul verərdi. Başqa vaxtlar uşaqların sevdiyi şirniyyat - filan üçün pula ehtiyacımız olmazdı. Evdə qonaq və yemək otaqlarındakı masaların üzərində - büllur qablarda şirniyyat həmişə olardı...  
 
Bizim evin uşaqlarının ən sevimli günü bazar ertəsi idi. Həmin gün kitabxanada iş olmurdu deyə anamız evdə qalır, günorta məktəbdən qayıdanda bizi özü qarşılayırdı. Dadlı yeməklər, blinçiklər, üzərinə şəkər tozu səpilmiş şirin kökələr, çörək də bişirib hamısını isti-isti süfrəyə düzürdü. Bizə yalnız əllərimizi yuyub həvəslə süfrə arxasına keçmək qalırdı...
 
Həmin gün də bazar ertəsi idi...
 
Uşaq idim. Təxminən on bir - on iki yaşlı arıq, çəlimsiz, eynəkli bir uşaq. Nahardan sonra anam iki manat verdi ki, evə şəkər tozu alım. Evimizə ən yaxın dükana getdim. Şəkər tozu olmadı. Sonra o biri dükana. Sonra o birinə. Dükanlar ya bağlı oldu, ya da şəkər tozu olmadı. Bu minvalla evdən xeyli uzağa - bazara qədər gedib çıxdım. Nəhayət bazarın yaxınlığındakı dükanların birindən şəkər tozu alıb həmin uzun yolu piyada geri - evə qayıtdım. Anam əvvəl gec qayıtmağıma irad tutdu, sonra torbanı alıb əlində bir qədər saxladı, - "axı burada iki manatlıq şəkər tozu yoxdur" - deyib sual dolu nəzərlərlə mənə baxdı. "Necə yəni yoxdur? Nə tapşırmışdın, onu da almışam" - dedim. Anam tərəddüdlə mətbəxdəki siyirtmədən əl tərəzisini götürüb geri qayıtdı, hamının yanında şəkər tozunu çəkdi, az gəldi. Üzümə baxdı. Vəziyyət ciddiləşirdi. Evə gözləniləndən xeyli gec qayıt, üstəlik də aldığın deyiləndən az olsun, pulun qalığını da qaytarıb gətirmə. Özüm də təəccüb qalmışdım bu işə. Hadisə çay süfrəsi ərəfəsində baş verirdi. Masa arxasındakıların hamısı - bacım və iki qardaşım yerlərində donub qalaraq (kiminin ağzındakı şirniyyatdan ordu dombalmış, kiminin şirniyyat tutan əli havadan asılıb qalmış halda) maraqla mənə baxıb nə cavab verəcəyimi gözləyirdilər.
 
- Mən pulu satıcıya verib iki manatlıq şəkər tozu istədim. O da çəkib verdi. Yəqin nəsə yanlışlıq olub.    
 
Bunu deyib susdum. Hiss edirdim ki, hamı çaşıb qalıb. Amma niyə mənə belə təlaşla baxırdılar ki, onu anlamırdım. Axı, mən olanı deyirdim. Axı, bizim evin bütün uşaqları kimi mən də çörək və süd almaqdan savayı heç bir məqsədlə süfrənin altındakı pula toxunmurdum. Axı, mən niyə şəkər tozu üçün verilən pulla nəsə edəydim ki? - düşünürdüm.
 
Sükutu anam pozdu:
 
- Gedək.
 
- Hara? - soruşdum.
 
- "Dükana" - dedi - "düş ayaqqabılarını geyin, gəlirəm"...
 
Aşağı mərtəbəyə enib, kiçik eyvanda bir az əvvəl tozunu silib səliqə ilə ayaqqabı dolabına qoyduğum səndəllərimi geyindim, - amma elə yorulmuşdum ki, - həyətə düşüb anamı gözlədim.
 
Anam rayonumuzun mərkəzi kitabxanasının direktoru idi (Azərbaycan Dövlət Universitetini bitirmişdi. Elə təxminən o vaxtdan da bu vəzifədə çalışırdı. Rayonda hamı ona hörmətlə yanaşırdı. Onu küçədə görəndə toyda içib sərxoş olaraq dalaşanlar belə sakitləşib kənara çəkilir, keçib getməsini gözləyirdilər). Bütün günü işdə çalışır, bəzən hətta axşamlar evdə də yazı - pozu ilə məşğul olurdu. Mən onun tək qaldığı ilk illərdə bizim heç nədən korluq çəkməməyimiz naminə institut tələbələri üçün gecələr lampa işığında "kurs işi" yazdığını da xatırlayıram. Ona görə, ağlımız kəsəndən həmişə çalışırdıq ki, mümkün qədər anamıza yardımçı olaq. Əsasən də istirahət günləri təmizlik işlərində ona kömək edirdik. Ən çox da mən. Amma indi mənim bu gözlənilməz hərəkətim qalan bütün işləri unutdurmuşdu anama. Çox həyəcanlı idim. Dəqiq yadımda deyil, amma deyəsən həm də bərk qorxurdum. Çox keçmədi ki, pilləkənlərin başında ciddi geyimli, uca boylu, həmişə saçları arxadan yığılmış olan, heç vaxt kosmetikadan istifadə etməyən, ağ bənizli qəşəng bir qadın göründü. Bu mənim anam idi, Şərqiyyə. Və mən onu hirsləndirmişdim. Qanı qara idi. Qaşları çatılmışdı. Üzümə baxmırdı. Aşağı dikmişdi gözlərini. Pillələri enib darvazaya yönəldi, mən də onun ardınca. Getdik həmin dükana. Özü də o boyda yolu piyada. Elə yorulmuşdum ki...
 
Anamın ata evi bazara yaxın küçələrdən birində idi. Ona görə o ətrafa yaxşı bələd idi. Uzaqdan nişan verdiyim dükana çatıb satıcı ilə görüşdü. Satıcı təxminən anam yaşda, amma  xeyli kök, qarayanız bir qadın idi. Anamı görən kimi tanıyıb hal - əhval tutdu. Anam razılıq edib öz növbəsində satıcının əhvalını soruşandan sonra içində şəkər tozu olan torbanı ona göstərib əhvalatı danışdı. Qadın and-aman eləyib dedi ki, uşaq mənə bir manat verib, şəkər tozu istəyib. Mən də çəkib vermişəm. Hələ üstəlik piştaxtanın üzərindəki karton ayaqqabı qutusundan qatlanmış bir manatlıq kağız əsginas götürüb anama göstərərək, - "bax, özü də bu pul idi mənə verdiyi, alıb bura atdım" - dedi - "yəqin yolda pulu xərcləyib, ona görə elə deyib sənə"...
 
Yol boyu məndə belə bir əminlik var idi ki, satıcı sadəcə səhv edib. Anamı dinləyəndən sonra səhvini anlayıb üzrxahlıq edəcək, iki manatlıq şəkər tozu çəkib bizə verəcək. Beləcə hər şey yoluna düşəcək. Anam da, bacı-qardaşım da, məndən bədgüman olduqları üçün peşmançılıq keçirəcəklər. Hətta onlara təsəlli vermək üçün sözlər də düşünmüşdüm ürəyimdə: "üzülməyin, mən də sizin yerinizdə olsaydım elə düşünərdim - filan..."  Elə satıcı and-aman edib -" uşaq bir manatlıq şəkər tozu istədi, mən də çəkib verdim" - deyəndə də yanıldığını düşünürdüm. Amma qutudan pulu götürüb anama göstərəndə anladım ki, qadın yalan danışır. Çünki mən ona üst-üstə qoyulmuş iki manat vermişdim. Və bu yanlış eşidilən söz yox, aydın görünən manatlıqlar idi. 
 
 O vaxta qədər mən elə bilirdim ki, bütün böyüklər anam kimi dürüst olurlar, yalan danışmırlar, pis iş görmürlər. "Əks halda uşaqlarına necə dürüst olmağı, yalan danışmamağı öyrədərdilər?" - düşünürdüm. Ona görə də satıcının hərəkətindən çaşıb qalmışdım. Nə baş verdiyini anlamırdım. Bir az aralıda dayanıb - "axı, mən bu qadını əvvəllər heç görməmişəm, ona heç bir pislik eləməmişəm. O, niyə belə edir ki? Axı, yaşlı bir qadın balaca bir uşağa niyə belə pislik eləsin?" - və sair suallarla özümü yorurdum ki, anam satıcı ilə vidalaşıb dükandan ayrıldı. Üzümə baxmadan - "gedək!" - dedi. Dinib - danışmadan geri qayıdırdıq. Bilirdim ki, qadın yalan danışdı. Amma mənim bilməyim az idi. Əsas anam bunu bilməli idi. Onunsa rəngi qapqara olmuşdu. Bizim tərəflərdə - "bıçaq vursan qan çıxmaz" - deyirlər belə hala düşən adamlara. Anamın yanına düşüb dinməzcə gedirdim. O boyda yolu piyada qayıdırdıq. Bir gündə ikinci dəfə gedib - qayıdırdım bu yolu. Elə yorulmuşdum ki. Amma ağlımda yalnız evdə bizi gözləyən bacım və qardaşlarım idi. Elçin, Yeganə, İlham... 
 
Doğrudan da o uşaqlar mənim evin pulunu icazəsiz xərclədiyimi, anamı aldatdığımı, hələ üstəlik satıcıya da böhtan atdığımı heç cür anlaya bilməzdilər. Onların yerində mən də olsaydım anlamazdım. Bu, o uşaqlar idi ki, nəinki evin puluna, heç bir - birinin şirniyyatına da əl uzatmazdılar, anamızın verdiyindən artıq heç nə istəməzdilər.
 
İndi anam məni yanına salıb əlində bir torba şəkər tozu, sifətinin rəngi qaralmış halda dükandan evə qayıdırdı. Evdə, süfrənin ətrafında bayaqdan dürüstlüklərindən danışdığım üç uşaq bizim qayıtmağımızı, anamın nə deyəcəyini gözləyirdi. Məhəlləmizə dönəndə anamı saxlayıb dedim ki, evdə uşaqlara bayaq yalan danışdığımı, pulu yolda xərclədiyimi söyləyəcəyəm. Anam elə bunu gözləyirmiş kimi lap acıqlandı:

- Elə bircə bu qalmışdı! Sənin belə iş tutduğunu bilsələr onlar necə olarlar?! Evimizin düzənini pozmaq istəyirsən? Onsuz da pozdun artıq! Onlara heç nə deməyəcəksən. Nə lazımdı özüm deyəcəm! Səninlə də sonra danışacam, onlar evdə olmayanda!
 
Daha heç nə danışmadıq anamla. Evə çatan kimi mən uşaqların gözünə görünmədən yataq otağına keçib uzandım. Çay süfrəsinə otura bilməzdim o halda. Düzü, heç çağıran da olmadı. Çox pis olmuşdum. Həm də elə yorulmuşdum ki. O gün şam yeməyinə də qatılmadım. Gecə qardaşım yatmağa gələndə (balaca qardaşımla ikimiz bir otaqda yatırdıq) danışığından belə anladım ki, anam onlara satıcının səhv etdiyini deyib. Mənim də gözə görünməməyimi inciklik kimi izah edib. Guya məndən şübhələndikləri üçün onlardan incimişəm. Amma məncə uşaqlar dükanda baş verənləri anlamışdılar. Axı biz evə yenə də bir manatlıq şəkər tozu ilə qayıtmışdıq. Və bu bizim evin uşaqlarının gözündən yayına bilməzdi. Onlar yalnız tərbiyəli yox, həm də yaşlarından xeyli ağılı və çevik düşünən idilər. Hər halda yolu geri qayıdanda mənim şəkər tozunun çəkisi barədə düşünməyə ağlım çatmışdısa, demək ki, onlar hələ anamla mən evdən çıxanda bu məqamı göz önünə almışdılar. Axı, onlar bütün dərsləri məndən yaxşı oxuyurdular. İllah da kimya və riyaziyyatı (mən kimya ilə riyaziyyatı heç oxuya bilmirdim. Məktəbdə bu fənlərdən yaxşı qiymətlərin hamısını qınanmaq qorxusundan alırdım. Dərsləri əzbərləyirdim yəni).
 
Ola bilsin anam şəkər tozunu səhər tezdən bizə kakao bişirmək üçün alırmış. Bəlkə heç dükançının verdiyindən artığa o qədər də ehtiyac yox imiş, nə bilim, bilmirdim. Amma çox pis olmuşdum. Hətta fikirləşmişdim ki, bir də səhərlər kakao içməyəcəm...  
 
O satıcı qadını görənədək mən elə bilirdim böyüklər belə şey etməzlər. Pis iş tutmazlar yəni. Axı onlar da evlərində uşaq böyüdürlər. Həmin gün anladım ki, əslində böyüklər uşaqlardan daha pis işlər görürlər. Uşaqların lap elə mənim kimi ömrü boyu unuda bilməyəcəkləri pis işlər də. Bir manatdan ötrü bir ailənin şam yeməyini zəhərə döndərəcək, bir uşağın gecəni ac yatmasına səbəb olacaq qədər pis işlər də. O gündən sonra küçədə, məktəbdə, bir sözlə, harada dələduz, oğru uşaq görürdümsə, elə bilirdim o satıcı qadının uşağıdır...
 
 Böyüyəndən sonra da hər dəfə anama şəkər tozu alıb aparanda o hadisəni xatırlayırdım. Hər dəfə də düşünürdüm ki, axı niyə o vaxt anam mənə yox, o satıcı qadına inandı? Bu barədə anamdan soruşurdum da. Ancaq anam o  hadisəni heç xatırlamırdı. Gülümsünüb - "yadıma gəlmir", - deyirdi:
 
 - Niyə şəkər tozunun pulunu xərcləyəydin ki? Axı bizim evdə süfrənin altında həmişə pul olurdu və mən o pulu heç vaxt saymırdım. Elə naqis uşaq olsaydın, rahatca oradan götürüb xərcləyərdin, heç kim də bilməzdi.
 
Anamdan onu da soruşurdum ki, niyə adətən bizim evin uşaqlarından ən çox danlananı, irad tutulanı mən olurdum? Anam da adəti üzrə gülümsünüb deyirdi ki, sən çox üzüyola və fədakar uşaq idin. Çox vaxt hər yerə səni göndərirdim, sənsə hamısını yarıda bilməzdin, ona görə də danlanırdın hərdən.
 
Bəlkə də bütün bu uşaq fədakarlıqlarım ona görə idi ki, mən anamı itirməkdən çox qorxurdum. Amma bəlkə də məhz bu aşırı yaxınlığımız sonradan məndə həmin qorxunu yaratmışdı, bilmirəm. Bilirəm ki, sona qədər mən anamı itirməkdən qorxdum və sonda da təsəllim o oldu ki, sağlığında hamıdan çox kömək etmişəm ona. Çörək, süd almağa da çox vaxt mən gedirdim. Pulu da yemək otağındakı masanın süfrəsinin altından götürürdüm.  
 
Axı, bizim evin yemək otağındakı masanın süfrəsinin altında, bir küncdə həmişə pul olardı. Və bizim evin uşaqları o puldan yalnız evə çörək və ya süd almaq üçün götürərdilər. Anam da heç vaxt o pulu saymazdı. Lap elə o satıcı qadın anamı aldadandan sonra da...
 
O vaxtdan illər keçib. Artıq iyirmi ildən çoxdur ki, biz Bakıda yaşayırıq ( 1993-cü ilin yayından sonra bizim ev, daha bizim olmadı. Rayonumuz işğal olundu, biz əksər qohumlarımızın yaşadığı şəhərə - Bakıya köçməli olduq). Bacım, balaca qardaşım və mən xeyli vaxtdır evliyik. Anam və böyük qardaşım dünyalarını dəyişiblər. İkisinin də məzarı Bakının Biləcəri qəbiristanlığındadır (əslində onlar da atamız və nənəmiz kimi Ağdamın Qarağacı qəbiristanlığında dəfn olunmalı idilər, amma olmadı, həyatdır, olsun, biz kimik ki). Bizim evin uşaqlarının ən istedadlısı, savadlısı və ailənin bir vaxtlar ən sevimlisi, fəxri olmuş böyük qardaşım - Elçin şəxsi həyatındakı uğursuzluqlarının, işsizliyinin təsəllisini içkidə tapdı. Elə içki də onun sonunu gətirdi (Elçin öləndə atamızdan səkkiz yaş böyük idi, indi məndən üç yaş balacadır).
Bizim evin uşaqlarının qibləsi sayılan anamsa təxminən son vaxtlarınadək kitabxana direktoru olaraq qaldı (İşğaldan sonra Ağdamın Mərkəzi Kitabxanası Bakı Dövlət Universitetinin yataqxanalarından birinin baxımsız, rütubətli zirzəmisində fəaliyyət göstərirdi). Son bir ili xəstə oldu deyə işə gedə bilmədi anam. Lap çox qocalmasa da xeyli yorulmuşdu artıq. Axır nəfəsinədək başının üstündə olduq anamın. Mən, bacım və qardaşım. Gecə səksəkəli yatırdıq ki, birdən nəsə istəyər, vaxtında xəbər tutmarıq. İşdən çıxan kimi meyvə şirəsi, şirniyyat alıb yanına qaçırdım anamın. Saçlarını sığallayırdım, ehmallıca boynunu qucaqlayıb üzündən öpürdüm. Bir sözlə, ailəmizi-uşağımızı unudub anamla məşğul olurduq üçümüz də. Çarpayısının qarşısında boynumuzu büküb ayaq üstə sıra ilə dayandığımız da olurdu, yanında oturub, zarafat edib, könlünü aldığımız da. Bacımdan və qardaşımdan fərqli olaraq mən yenə də şitlik eləməkdən heç çəkinmirdim. Tez-tez zarafata salıb ayaqlarından öpürdüm anamın (bilirdim az qalıb, sonraya təsəlli quraşdırırdım özümçün sanki). Bir dəfə elə uzandığı yerdən bizə baxıb gülümsünərək, - "ölümdən qorxmuram, amma sizinlə bir az da qalmaq istəyirəm!" - dedi. Bunu eşitmək əslində ağır olmalı idi bizim evin uşaqları üçün. Amma mən içimdə həm də sevinmışdim. "Demək, biz sonadək yaxşı uşaqlar olaraq qala bildik!" - düşünmüşdüm. Bir axşam elə bu qarşılıqlı sevgi ilə də anam Şərqiyyə bizim artıq çoxdan olmayan evimizin uşaqlarından ayrılıb, dərdindən yatağa düşdüyü ən sevimli balasının, ilk övladı Elçinin və indi nəinki özündən, hətta ən kiçik övladından da xeyli cavan olan əri Ramizin ardınca getdi. Və biz buna artıq hazır idik...
 
Bacım və qardaşım ali təhsillərinə və istedadlarına baxmayaraq həyatda özlərini layiq olduqları qədər təsdiqləyə bilmədilər. Bacım tarix müəllimi olsa da evdar qadınlıqdan o yana gedə bilmədi. Qardaşımsa hüquqşünas olmasına rəğmən heç vaxt öz ixtisasına uyğun iş tapa bilmədi. Məişət qayğıları yedi bizim evin uşaqlarını. Mənim bizim evin uşaqlarının qisasını bu dünyadan almağımsa, onun qlobusu ilə futbol oynamaqdan o yana keçə bilmədi.
 
Amma buna baxmayaraq, bizim evin uşaqlarından həyatda özünü müəyyən qədər təsdiqləyən də elə mən oldum. Bilmirəm, özümü aldadıram ya nədir. Hər halda düşünürəm ki, bu mənim həm də bizim evin anasına bir təsəllim idi...
 
Atam kimi mən də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim. İxtisasım üzrə sevdiyim işdə çalışdım həmişə. Dünyanın maraqlı yerlərindən bəzilərini gəzib gördüm. Yaradıcılığımla çox vaxt diqqət mərkəzində oldum. Çoxlarının arzuladığı qızların-qadınların sevgisindən, diqqətindən kənarda qalmadım heç zaman. Bir sözlə, çoxlarının arzuladığı, bəlkə də həsəd apardığı, sirli, sehrli, nağıla yaxın  bir həyat yaşadım. Uğurlarım da az olmadı istər şəxsi həyatımda, istərsə də işlərimdə...
 
  Bütün bunları yazarkən mənim artıq 49 yaşım var. Və bu yaşımda gəldiyim qənaət odur ki, həyatda qazandığım bütün uğurlarım, gəzib-gördüyüm yerlər, zövq aldığım gizli-aşkar hər şey bizim evin uşaqları ilə birlikdə yaşayıb, bizim evin anasının balası olmaqla, ona ev işlərində kömək etməklə müqayisədə bir heçdir.
 
İndi özüm valideynəm. Hazırda öz işinin mütəxəssisi, jurnalistika üzrə "fəlsəfə doktoru" olan tələbə yoldaşımla ailə qurmuşam. Çox tərbiyəli, ağıllı, istedadlı bir oğlum var (bir oğlan, bir qız övladım da dünyaya doğulmaq ərəfəsində tələf olub və mən onları dəfn etmişəm). Amma mən çox istəyirdim ki, ən azı bir qızım və daha iki oğlum da olsun. Və mən onları bizim evin uşaqları kimi böyüdüm. Hərəsinin öz yemək dəsti, hərəsinin öz yataq otağı, hərəsinin öz sevimli məşğuliyyəti olsun. Onların hamısı bizim evin uşaqları kimi çoxlu kitab oxuya, yaxşı rəsm çəkə, pianoda çala və bütün ev işlərində analarına kömək edə bilsinlər... 
 
Bunlar arzulardı əlbəttə. Gerçəkliksə ondan ibarətdir ki, bu yaşımda da mən hərdən evimə şəkər tozu alanda illər öncə baş vermiş həmin hadisəni xatırlayıram. Xatırlayıram və içimdən xəfif bir qorxu keçir. Qorxuram ki, birdən həmin o yalançı qadının qızı haradasa ərzaq dükanında satıcı işləyər. Və bir gün eynəkli, çəlimsiz bir oğlan uşağını anası şəkər tozu almağa göndərər. O uşaq da evlərinin yanında şəkər tozu tapmayıb axtara-axtara həmin dükana gedib çıxar... 
 
Bakı-24 noyabr 2015 (lent.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar