Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murad Qarayılan Azərbaycanda olub?


Azərbaycanlı məmurun Türkiyədə həbsinin şok sirri


Sədərək Gömrüyünün rəisi haqda yeni məlumatlar

Bütün oxlar Vasif Talıbova tuşlanır; Mirməhəmməd Seyidovun tutulmasında PKK rəhbəri Murad Qarayılanın ölkəmizə gəlişinin rolu...; gömrük rəisindən “arzuolunmayan” ifadələr, sirlər alınır?; ortaya sensasion faktlar çıxa bilər...

Naxçıvanın Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun həbsindən 1 aydan artıq vaxt ötür. Bu günə qədər  M. Seyidovun həbsi ilə bağlı 2 rəsmi məlumat yayılıb - Dövlət Gömrük Komitəsi (DGK) məsələni araşdırdığını, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi isə M.Seyidovun məzuniyyətdə olduğu müddətdə həbs edildiyini açıqlayıb. 



Sanki Türkiyənin Qars vilayətində tutulan Azərbaycanın rəsmi dövlət qurumunun deyil,  hansısa bir özəl şirkətin rəhbəridir. 

Hər iki rəsmi məlumat M.Seyidovun ötən ilin dekabrın 17-də İstanbul-Qars təyyarə reysilə ailəsi ilə birlikdə Azərbaycana gələrkən (Qarsdan Naxçıvana maşınla getməklə) Qars hava limanında polis tərəfindən saxlanılandan 1 gün sonra yayılmışdı. Bundan sonra isə Azərbaycanının Dövlət Gömrük Komitəsi başda olmaqla, müvafiq dövlət qurumları - Azərbaycan Baş Prokurorluğu, Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti susqunluq nümayiş etdirirlər. Bu susqunluq bu gün də davam etməkdədir. Lakin mövzuya dair məlumat təzələnməsi və yorumlar bir neçə dəfə davam edib. Azərbaycan tərəfinin də əl altından öz məmurunu həbsdən çıxartmaq təşəbbüsləri göstərməsi məlumdur. Lakin görünən budur ki, buna nail olmaq imkanlar xaricindədir. 

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu Mirməhəmməd Seyidovun həbsi ilə bağlı bir neçə dəfə özəl məlumatlarla çıxış edib. Məsələnin maraqlı tərəfi də budur ki, onun öz adından açıq mənbə kimi yaydığı məlumatlar dərc olunsa da, dövlət instansiyaları tərəfindən indiyə qədər də təkzib edilməyib. 



Ə.Oruclu “Yeni Müsavat”a bu dəfə də  -  20 yanvar tarixində maraqlı açıqlama verib: “Sədərək Gömrük Keçid Məntəqəsi Azərbaycanla Türkiyə arasında yeganə birbaşa kommunikasiya yoludur. Bizdə olan məlumata görə Türkiyə istintaqı bu gün həmin məntəqədən keçən qaçaqmalçılıq məsələlərini araşdırır. Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Bakıya gələndə Azərbaycanda PKK-ya yaxın iqtisadi strukturlar, şirkətlər vasitəsilə terror təşkilatına yardımlar edilməsi məsələsini də qaldırmışdı. Bundan başqa bir neçə ay əvvəl Türkiyə hakimiyyətinə yaxın mətbuatda Naxçıvan və İran üzərindən PKK-ya müxtəlif dinləyici qurğular keçirilməsi haqda yazı dərc olunmuşdu. Həmin qurğular vasitəsilə PKK Türkiyə hərbi qüvvələrinin hərəkətini izləyib və 16-17 nəfər türk hərbçisini pusquya salıb qətlə yetirib.

Bizdə olan məlumata görə, hazırda bu məlumatların dəqiqləşdirilməsi, araşdırılması gedir. Bu işlərə Azərbaycanda kimlərin bağlılığının olması, kimlərin tapşırığı ilə həyata keçirilməsi aydınlaşdırılır". 

Ə.Oruclu dedi ki, hazırkı PKK rəhbərliyinin Azərbaycana qanunsuz gəlib-getməsi də araşdırma epizodlarından biridir: “PKK rəhbəri Murad Qarayılanın Azərbaycana məxfi, başqa ad və kimliklə gediş-gəlişi olub. Bu haqda dəqiq məlumatlar var. Murad Qarayılanın Azərbaycana kimlərin dəvəti, kimlərin himayəsi ilə sərbəst gəliş-gedişi araşdırlır. Ehtimal olunur ki, Murad Qarayılan Azərbaycana Sədərək Gömrük-Keçid Məntəqəsindən keçməklə gəlib. Mirməhəmməd Seyidovun Türkiyədə həbsi təsadüfi deyil. Baxmayaraq ki, Azərbaycanın gömrük orqanları ondan məsafə saxlamağa cəhd edirlər və onun həbs edilərkən məzuniyyətdə olmasını fikrini irəli sürürlər. Amma bu uğursuz cəhddi və absurddur. Azərbaycanın böyük bir gömrük idarəsinin rəisi həbs edilib və ona qarşı çox ağır ittihamlar irəli sürülüb. Amma Azərbaycanın dövlət orqanları özlərini elə aparır ki, sanki Mirməhəmməd Seyidov fərdi fəaliyyətlə məşğul olub və həbs edilib. Əgər bu adam Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi olmasaydı, bu gün ittiham edildiyi cinayətlərdə heç bir halda iştirak edə bilməzdi. Bu adam həmin cinayətlərdə ona görə iştirak edə bilib ki, elə bir yüksək vəzifəni tutub. Bu məsələdə məsuliyyət təkcə Mirməhəmməd Seyidovun üzərində deyil, Azərbaycanın dövlət və hakimiyyət orqanlarının üzərinə düşür! Niyə bu fəaliyyət zamanında yoxlanılmayıb? Mirməhəmməd Seyidovun fəaliyyətinə kim göz yumub? Ona kim himayədarlıq edib?”

Ə.Oruclu M. Seyidovun azad edilə biləcəyi haqda dolaşan məlumatlara da münasibət bildirdi: “Tamamilə mümkündür ki, Mirməhəməd Seyidov müəyyən şərtlər çərçivəsində azad edilə bilər. Əgər şəxs istintaqla əməkdaşlığa gedirsə, onu azad edə bilərlər”.
Ə.Oruclu hesab edir ki, M.Seyidovun tapşırıqla azad edilməsi də mümkün deyil: “Elə olsaydı, Türkiyə baş nazirinin tapşırığı ilə məlum antikorrupsiya və rüşvət əməliyyatı zamanı tutulanların hamısını azad edərdilər”. 

Mərkəz rəhbəri əmindir ki, M.Seyidov ittiham olunduğu cinayətlərin tərkibini yaradan əməlləri özbaşına törətməyib: “Mirməhəmməd Seyidovun rəhbərlik etdiyi idarə dövlət qurumudur. Orada çalışanlar da dövlət qurumunu təmsil edirlər. Orada gömrükçülərdən savayı  sərhədçilər, polislər, təhlükəsizlik orqanı əməkdaşları da var. Yəni Mirməhəmməd Seyidov istəsəydi belə orada istədiyini təkbaşına edə bilməzdi. Bu mümkün olan məsələ deyil. Sədərək Gömrük Keçid Məntəqəsindən ittihamda yer alan külli-miqdarda pul, narkotik, terror təşkilatı nümayəndələrinin sərbəst hərəkəti məsələsi varsa, deməli oradakı bütün dövlət və hakimiyyət orqanlarının bundan xəbəri olub və buna göz yumulub.  Başqa cür mümkün deyil. Yəni bu bir adamın işi deyil. Yəni Sədərək Gömrük Keçid Məntəqəsində fəaliyyətdə olan Dövlət Sərhəd Xidmətinin, hüquq-mühafizə orqanları əməkdaşları Mirməhəməd Seyidova tabe deyillər. Onlar həmin cinayətlərin baş verməsini görməyə, duymaya bilməzdilər”. 

Ə.Orucov deyir ki, M.Seyidov Türkiyədə həbsə alınmasaydı, onun istintaqa cəlb edilməsi mümkün olmayacaqdı: “Deməli, o ifadəsində adını çəkdiyi şəxsləri də həbs etmək mümkün olmayacaq. Yəni Sədərək Gömrük Keçid Məntəqəsində fəaliyyətdə olan digər dövlət qurumlarının rəhbərləri, işçiləri istintaqdan kənarda qalacaqlar. Hər halda hazırda durum belədir. Azərbaycan hakimiyyəti də bunda maraqlı deyil.  Azərbaycanın hüquq-mühafizə orqanlarının susması bunu deməyə əsas verir. Halbuki Azərbaycanın vəzifəcə böyük bir məmuru həbs edilib və nümayiş etdirilən mövqe normal deyil”. 

Ə.Oruclu Azərbaycan hüquq-mühafizə orqanlarının susqunluğuna “hamı hər şeyi bilir və susurlar” şəklində şərh verib: “PKK-ya dəstəkdən tutmuş narkotiklərin qaçaqmalçılığına qədər, hər cinayətə batmış neçə-neçə Azərbaycan rəsmisinin gecələrdir ki, gözünə yuxu getmir”.



Lakin “Yeni Müsavat”a o da məlumdur ki, Naxçıvan ərazisində yerləşən bütün dövlət strukturlarına nəzarət həmin strukturların Bakıdakı mərkəzlərində yox, Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovdadır. Bu səbəbdən də Bakıdakı müvafiq qurumların rəhbərləri ilə davamlı və gizli konflikt halında olan Vasif Talıbov mümkündür ki, gömrük rəisinin ittiham olunduğu əməllərin əsas simasıdır.  

Xatırladaq ki, Türkiyə hüquq-mühafizə orqanlarının ötən ilin dekabrın ortalarında başladığı antikorrupsiya və rüşvət əməliyyatları zamanı 90 nəfər həbs olunub, 200 nəfərdən artıq şəxs istintaqa cəlb edilib. Üç istiqamətdə aparılan istintaq əməliyyat tədbirlərinin bir qolu Azərbaycanla əlaqəli cinayətlərdən dolayıdır. Həbs edilənlər sırasında Türkiyənin  maliyyə, daxili, ekologiya nazirlərinin övladları da olmaqla, bir çox hakimiyyət nümayəndələri və yaxınları var.
M.Seyidov da daxil olmaqla həbs edilənlər barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.  Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar