Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili “kölgədəki lider” İvanişviliyə qarşı

Gürcüstanda Qərb-Moskva duelinin payız raunduna hazırlıqlar


Bu il Gürcüstanda keçiriləcək parlament seçkilərinin tarixinin 8 oktyabra təyin olunması qonşu ölkədə seçkilərlə bağlı müzakirələri daha da körükləyib. Artıq iyul ayında seçki marafonu rəsmən start götürəcək və təşviqat-təbliğat kampaniyası başlayacaq.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər 4 ildən bir keçirilir və 150 deputat seçilir. Sonuncu seçkilər 2012-ci il 01 oktyabr tarixində baş tutub.

Hazırda parlamentdə hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının başçılıq etdiyi koalisiya 85, müxalif Vahid Milli Hərəkat Partiyası isə 65 deputatla təmsil olunur.

2012-ci il seçkilərində milyarder Bidzina İvanişvilinin liderliyi ilə formalaşan "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının başçılıq etdiyi koalisiya Saakaşvilinin 9 illik hakimiyyətinə son qoyaraq iqtidarın dəyişməsinə nail oldu. Bidzina İvanişvili Gürcüstanın baş naziri seçildi. Bir  il bu vəzifəni tutduqdan sonra 20 noyabr 2013-cü ildə istefa verdi. Gürcüstan müxalifəti onu, Baş nazir postundan istefa verməsinə baxmayaraq, faktiki olaraq, ölkəni qeyri-rəsmi idarə etməkdə suçlayır.

Bu payızda Gürcüstanda siyasi hərarətin çox yüksək olacağını indidən əminliklə proqnozlaşdırmaq olar. Bütün dünya yenidən, faktiki olaraq, vətənindən qovulmuş eks-prezident Mixail Saakaşvili və milyarder Bidzina İvanişvilinin – Qərb-Moskva duelinin şahidi olacaq. Saakaşvili hazırda Ukraynada, Odessa vilayətində qubernator vəzifəsini tutur və böyük ehtimalla, seçki kampaniyasında iştirak edə bilməyəcək. Amma Saakaşvili hələ də Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının qeyri-rəsmi lideri və simvolu kimi qəbul edilir. 

 
Gürcüstan arzusu puçamı çıxdı?


"Gürcü arzusu – demokratik Gürcüstan" partiyası hələ də inamlı təsir bağışlayır – baxmayaraq ki, 2012-ci ildən bəri partiyaya etimad azalıb. 2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “partiya qalib gəlsə də, bu, iki il əvvəlki qədər asan olmadı. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər göstərdi ki, Saakaşvilinin üzərindən birdəfəlik xətt çəkmək hələ çox tezdir və onun tərəfdarları Gürcüstanda əhəmiyyətli qüvvə olaraq qalırlar.

"Azadlıq Radiosu"na müsahibəsində Bidzina İvanişvili "Mənim gücüm ondadır ki, insanlar mənə inanır, sözümə dəyər verirlər"  söyləsə də, Gürcüstanda onun əsas seçki vədlərinin heç birinə əməl etmədiyinə diqqət çəkirlər. Məsələn, milyarder öz vəsaitləri də daxil olmaqla Gürcüstanın inkişafı üçün böyük investisiya fondu yaradacığını vəd etmişdi. Eyni zamanda, İvanişvili öz vəsaitlərindən ölkənin inkişafı üçün istifadə edəcəyini də dönə-dönə vurğulamışdı. Amma cəmi 1 il Baş nazir postunu tutan İvanişvili kənara çəkilməyi və "kölgədəki güc" olmağı – qeyr-rəsmi idarəetməni üstün saydı. Odur ki, müxaliflər onu məsuliyyətdən boyun qaçırmaqda ittiham edirlər.

Digər tərəfdən, İvanişvilinin iqtisadi islahatlar aparılması və ölkəyə böyük investisiyaların cəlb edilməsi, biznes üçün daha yaxşı şərtlər yaradılması ilə bağlı vəd etdikləri də özünü doğrultmayıb. Əksinə xarici investisiyalar azalır, iqtisadi böyümə isə qənaətbəxş səviyyədə deyil. Bu ilin birinci rübündə xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 7%, ixrac isə 11.9% azalıb. Əhalinin gəlirləri sürətlə aşağı düşür. Bu il ABŞ Milli Demokratiya İnstitunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 66%-i ölkədəki iqtisadi vəziyyətin pis olduğunu bildirib. Fevral ayında səhiyyə, təhsil, rabitə xidmətləri, alkaqollu içkilər və tütün məmulatlarının qiyməti də artıb.

ABŞ Milli Demokratiya İnstitunun sorğusuna əsasən, gürcü ailəsinin orta gəliri 175.5 dollar təşkil edib. Beynəlxalq Valyuta Fondu Gürcüstan üzrə iqtisadi inkişaf proqnozunu 2016-cı il üçün 3%-dən 2.5%-ə salıb. Fondun proqnozuna görə, illik infilyasiya 4.3% olacaq. Ölkədə gücülü miqrasiya və demoqrafik azalma müşahidə edilir – son 13 ildə Gürcüstan əhalisi 13% azalıb. Ölkədə işləyən vətəndaşların orta gündəlik xərci 8 dollar təşkil edir ki, bu da çox aşağı göstərici sayılır.

İvanişvilinin Rusiya ilə iqtisadi münasibətləri inkişaf etdirəcəyi ilə bağlı  gözləntiləri də doğrulmadı. Rusiya ilə münasibətlər 4 il əvvəlkindən daha mülayim olsa da, iqtisadi əlaqələr yenə çox aşağı səviyyədədir.

Digər tərəfdən, ölkədə korrupsiya halları, bürokratiya getdikcə artır və Saakaşvilinin bir çox islahatlarının üzərindən xətt çəkilib.

“Gürcü arzusu”nun komandası da monolit deyil və İvanişvilinin açıqlamalarından bəlli olur ki, builki seçkilərdə bir çox yeni sima irəli veriləcək. İvanişviliyə 2012-ci ildə qələbə çalmağa kömək edən İrakli Alasaniyanın ondan ayrılması da, şübhəsiz, öz sözünü deyəcək. Xatırladaq ki, Alasaniya ilə müttəfiqlik İvanişviliyə Qərbdən dəstək almaqda xeyli kömək edirdi və onun sırf ruspərəst imicinin yaranmasından qoruyurdu…

Bütün bunlar “Gürcü arzusu” üçün böyük problemlər yaradır və İvanişvili seçicilərin etimadını qazanmaq üçün 4 il əvvəlkindən daha güclü arqumentlər tapmalı və işləməli olacaq.

 
“Boz kardinal”ın əsas rəqibləri


Qeyd etdiyimiz kimi, İvanişvili bu dəfə yenə də əsasən Vahid Milli Hərəkat Partiyası ilə mübarizə aparmalı olacaq. ABŞ Milli Demokratiya İnstitunun ötən il mart ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, “Gürcü arzusu”na etimad 48%-dən 24%-ə düşüb. Saakaşvili tərəfdarlarına dəstək isə 12%-dən 14%-ə yüksəlib. Bu sorğu keçirilən zaman repondentlərin 61%-i kimə səs verəcəklərini müəyyənləşdirmədiklərini açıqlamışdılar.

bakradze--devid-1

Sorğunun nəticələri üzə çıxarmışdı ki, respondentlərin 44%-nin rəğbətini qazanan Vahid Milli Hərəkat Partiyasının deputatı David Bakradze populyarlığına görə ölkə siyasətçiləri arasında 3-cü yeri tutur.

Təhlilçilər qeyd edirlər ki, ölkədə müşahidə olunan çətinliklər və İvanişvili komandasının öz vədlərinə əməl etməməsi Vahid Milli Hərəkat Partiyasının şanslarını artırıb. Bununla belə, hələ də 12 il əvvəlki populyarlıqdan söhbət gedə bilməz. Vahid Milli Hərəkat Partiyasının qələbə çalmasında xarici dəstəyin, xüsusilə ABŞ-ın yardımı böyük rol oynaya bilər.

alasaniya-1

Keçmiş müdafiə naziri, 2012-ci il seçkilərində İvanişvilinin müttəfiqi olmuş İrakli Alasaniya (Azad Demokratlar Partiyası) tərəfdarlarının da parlamentə düşmək şansları var. ABŞ Milli Demokratiya İnstitunun sorğusunda o, respondentlərin 51%-nin rəğbətini qazanaraq, 3-cü ən populyar siyasətçi elan edilmişdi. Ekspertlər İrakli Alasaniyanı da ABŞ və Qərb ölkələrinin rəğbət bəslədiyi əsas fiqur hesab edirlər.

Bundan başqa, 2014-cü ildə yerli özünüidarəetmə orqanlarına seçkilərdə 9% çox səs toplamış keçmiş parlament sədri Nino Burcanedzenin Birləşmiş Demokratik Hərəkat Partiyasının 5%-lik baryeri aşaraq mandat əldə etmək imkanları yüksək qiymətləndirilir.

 
Revanş, yaxud nokaut?


2016-cı il parlament seçkiləri Gürcüstan üçün doğurdan da tarixi əhəmiyyət kəsb edir.  Saakaşvili tərəfdarlarının revanş götürməsi İvanişvilinin ölkə tarixində bir epizod olduğunu göstərəcək. Yox, əgər İvanişvili bu dəfə də inamlı qələbə qazanacaqsa, onda Saakaşvili doğurdan da Gürcüstanda nokauta düşəcək.

Şübhəsiz ki, Gürcüstan seçkilərini Vaşinqton, Brüssel və Moskvada daha çox diqqət və həssalıqla izləyəcəklər. Çünki bu seçkilər Gürcüstanın gesosiyasi addımlarına əhəmiyyətli təsir göstərəcək.

Ekspertlər qeyd edirlər ki, İvanişvili komandası bu zamana qədər strateji qərarlar səviyyəsində Qərb kursundan imtina etməyib. Bununla belə, bu komanda Rusiya ilə də qarşıdurmaya getmək istəmir və Tbilisinin bu seçim qarşısında qoyulmasına qarşı çıxır. 2016-cı ildə daha bir qələbə isə Qərb kursuna ciddi korrektələrə gətirib çıxara bilər.

Bununla bağlı Vaşinqton və Brüsseldə narahatçılığı gizlətmirlər. Təsadüfi deyil ki, ATƏT-in seçkilərlə bağlı aralıq hesabatında seçkilərin ciddi siyasi qarşıdurma şəraitində keçəcəyinin gözlənildiyi vurğulanır. Avropa Şurasının prezidenti Donald Tusk Gürcüstan prezidenti ilə görüşdən sonra bildirib ki, 2016-cı seçkiləri ölkə demokratiyası üçün tarixi sınaq olacaq.

Gürcüstanın NATO üzvlüyünə yolunun hələ açılmaması, Avropa İttifaqı ölkələri ilə vizasız rejimə keçidin ləngiməsi də Qərb tərəfdarlarının mövqelərini zəiflədir.

Ekspertlər hesab edirlər ki, seçkilər ərəfəsində Qərbdə Gürcüstana dəstək mesajları səslənəcək və seçkilərin müşahidəsi üçün çox böyük vəsait ayrılacaq. Eyni zamanda, Qərbyönümlü QHT-lər də böyük dəstək alacaqlar. Qərbdə müxalifəti birbaşa, açıq dəstəkləməkdən çəkinirlər. Lakin dolayısıyla dəstək veriləcəyi şübhəsizdir. Hər nə qədər açıq deyilməsə də, Gürcüstanda Qərb yenidən Moskva ilə yarışmalı olacaq.

Qısa desək, Gürcüstan yenə tarixi yol ayırıcında dayanıb…

Gürcüstan seçkilərinin Azərbaycan, eyni zamanda Cənub Qafqaz regionu üçün əhəmiyyəti və mümkün gözləntilər barədə növbəti təhlilimizdə söz açacağıq.(Strateq.az)


Zaur İBRAHİMLİ

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Saakaşvili “kölgədəki lider” İvanişviliyə qarşı

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar