Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ-ni Qorbaçov, yoxsa xalq cəbhələri dağıdıb?


Nəzakət Məmmədova: “SSRİ-nin parçalanmasını Qərb və onlarla gizli sövdələşməyə gedən Qorbaçov razılaşdırmışdı”


SSRİ-nin süquta uğramasından bu günə qədər keçən 27 il ərzində hər zaman bu imperiyanın necə dağıldığı barədə müzakirələr gedir.

Bəziləri hesab edir ki, Sovetlər Birliyi Amerika tərəfindən dağıdılıb. Soyuq müharibənin sonluğunun SSRİ-nin də sonunu gətirdiyi deyilir. Bunun əksini düşünüb, postsovet məkanı ölkələrinin Azərbaycan da daxil, bəzilərində xalq cəbhələrinin yaradılması və onların ölkələrini müstəqil etmək üçün başlatdıqları milli azadlıq hərəkatının SSRİ-nin süqutunda başlıca rol oynadığını düşünənlər də var. Bu imperiyanın dağılmasının səbəbi SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla bağlıdır. 80-cı illərin sonlarında Amerika başda olmaqla, Qərb ölkələri tərəfindən hakimiyyətə gətirildiyi iddia edilən Qorbaçovun məhz xüsusi tapşırıq əsasında SSRİ-ni buraxdığı deyilir.

Politoloq Nəzakət Məmmədova SSRİ-nin dağılması prosesini hər hansı bir hadisə ilə bağlamağı doğru saymır: “Putinin ”20-ci əsrin ən böyük geosiyasi fəlakəti" adlandırdığı nəhəng bir fövqəldövlətin dünya xəritəsindən silinməsi bir sıra daxili və xarici amillərlə bağlı olub və xalq cəbhələri, müttəfiq respublikada baş verən mitinqlər bu amillərin yalnız bir həlqəsidir. SSRİ-nin süqutunun geosiyasi, siyasi, iqtisadi və s. amilləri olmuşdur. Onu qeyd edim ki, SSRİ yarandığı ilk illərdən etibarən kommunist ideologiyalı bir dövlətin meydana çıxması Qərbi narahat etmiş, bu dövlət uzun illər dünya birliyinin çox az üzvləri tərəfindən tanınmış, onunla diplomatik münasibətlər quran dövlətlərin sayı çox az olub. İkinci Dünya müharibəsi və faşizm təhlükəsi Qərb və SSRİ arasında olan gərgin münasibətləri arxa plana atsa da, İkinci Dünya müharibəsindən dərhal sonra soyuq müharibə başlamışdı. ABŞSSRİ arasında dünyanın bütün bölgələrində qızğın rəqabət baş vermiş, siyasi-diplomatik, kəşfiyyat müharibələri özünün ən yüksək nöqtəsinə çatmışdı. ABŞ və digər Qərb ölkələri SSRİ-ni parçalamaq üçün uzun illər mübarizə aparıblar.

Ölkə qızğın silahlanma yarışına cəlb olunmuş, bütün vəsait kosmosun fəthinə, hərbi texnologiyaların inkişafına sərf olunmuşdu. Bundan başqa, Varşava Müqaviləsi Təşkilatına və Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan və faktiki SSRİ-nin Mərkəzi və Şərqi Avropadakı nüfuz dairəsinə daxil olan sosialist düşərgəsi ölkələrinin saxlanılması da ölkənin iqtisadiyyatına ağır yük olaraq onun tənəzzülünə səbəb olub. SSRİ-nin özünün bəzi geosiyasi səhvləri də bu prosesi tezləşdirmişdi. Məsələn, isti dənizlərə çıxmaq üçün Əfqanıstana sovet qoşunlarının yeridilməsi geosiyasi səhv idi. ABŞ özünün yaşadığı Vyetnam sindromu məğlubiyyətini SSRİ-yə də yaşatmaqı istəyirdi və bu, baş verdi. Qızğın silahlanma yarışında iştirak, dünyanın bütün bölgələrində çoxşaxəli agentura şəbəkəsinin saxlanılması və kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi, kommunizm ideologiyasının dünyaya yayılması üçün dövlət çevrilişlərinin təşkili ölkənin büdcəsini əhəmiyyətli dərəcədə kasadlaşdırdı".

N.Məmmədova Qorbaçov amilindən də söz açdı: “80-ci illərin ortalarında Qərbin təsir agenti olan Qorbaçovun hakimiyyətə gətirilməsi SSRİ-nin süqutunu sürətləndirən başlıca amil oldu. Ona qədər SSRİ-yə rəhbərlik edən şəxslər bir qayda olaraq müharibəni görmüş, iliyinə qədər kommunist ideologiyası ilə yoğrulmuş, böyük həyat təcrübəsi olan insanlar idilər. Onları ələ almaq, xəyanətə sövq etmək mümkün deyildi. Qorbaçov isə bütün bu stereotiplərdən uzaq, kənd təsərrüfatı sahəsindən və komsomoldan gəlmiş adam idi. Belə bir adamı təsir altına salmaq, ələ almaq Qərb xüsusi xidmət orqanları üçün çətin olmadı. Onun İngiltərə kəşfiyyatı tərəfindən ələ alındığına dair çoxsaylı şübhələr var. Qorbaçovun ABŞ-la danışıqlarda birtərəfli güzəştə getməsi, Almaniyadan sovet qoşunlarının çıxarılması və Şərqi Avropada baş verən ”məxməri inqilablara" göz yumması SSRİ-nin təslimçi mövqeyə keçməsi öz fövqəldövlət statusundan imtina etməsi demək idi. Halbuki Macarıstan, Çexoslovakiya hadisələrinə və Polşadakı Solidarnost hərəkatına qarşı SSRİ-nin münasibəti əvvəllər çox kəskin olmuş, qoşun yeridilmişdi.

Qorbaçovun Yenidənqurma adı altında SSRİ-də islahatlar həyata keçirməsi, konvergensiyanin uğursuzluğu nəticəsində SSRİ-nin çöküşü sürətləndi. Konvergensiya prinsipinə əsaslanan bu islahatlar SSRİ və Qərbin tədricən islahatlar vasitəsilə yaxınlaşmasını, bir-birinə məxsus müsbət xüsusiyyətləri mənimsəyərək ortaq bir dəyərlər sisteminə əsaslanan formasiyanın qurulmasını nəzərdə tuturdu. Məsələn, Qərb SSRİ-dən planlı iqtisadiyyatı, SSRİ isə siyasi demokratiyanı cəmiyyətə nüfuz etdirməli idilər. Bunun ideoloqu isə Saxarov idi. Lakin SSRİ birtərəfli qaydada bu güzəştlərə getsə də, Qərb buna getmədi. Eyni zamanda sovet dövlətinin təməl prinsiplərinə zidd olan prinsiplərin cəmiyyətə yeridilməsi çox mənfi nəticələrə gətirib çıxardı. Nəticədə totalitarizm prinsipinə əsaslanan bir dövlətin süqutu artıq qaçılmaz oldu. Artıq SSRİ-də hərc-mərclik başlamışdı. Sosial narazılıqlar artmışdı. Belə bir şəraitdə millətlərarası münaqişə də alovlanmağa başladı. Ermənilər artıq Qarabağda Miatsum tələbi irəli sürməyə başlayanda, bildiyimiz kimi, Qorbaçovun ətrafında, müşavirləri sırasında ermənilər var idi. Heydər Əliyevin siyasi büro üzvlüyündən uzaqlaşdırılması Kremldə güc nisbətini ermənilərin xeyrinə dəyişdirmişdi.

Eyni zamanda xarici səfərləri zamanı erməni diasporu ilə yaxın təmasları zamanı onlar Qorbaçova bu məsələnin ermənilərin xeyrinə həll olunması vacibliyini təlqin etmişdilər. Təbii ki, milyonlarla dollar vəsaitin və qiymətli hədiyyələr verməklə onun və ailəsinin üzvlərinin ələ alınması da istisna edilmir. Belə bir şəraitdə bəzi müttəfiq respublikalarda xalq cəbhələri yaradıldı və milyonlarla insan meydanlara çıxdılar. Bu proseslər SSRİ-nin süqutunu sürətləndirdi, lakin tək bu səbəbdən onun süquta uğramasını demək doğru olmazdı. Müstəqillik təkcə meydanlarda xalq cəbhələrinin mitinqləri hesabına başa gəlmişdisə, bəs necə oldu ki, meydan hərəkatları olmayan sovet respublikaları da müstəqillik qazandılar?! SSRİ-nin parçalanmasını Qərb və onlarla gizli sövdələşməyə gedən Qorbaçov razılaşdırmışdılar və bu prosesə artıq çoxdan start verilmişdi. Hətta Qorbaçov və Qərb arasında gizli sövdələşmə olmasa belə, hər bir halda uğursuz islahatlar apararaq fövqəldövlətin çöküşünün məsuliyyəti onun üzərində qalır. Lakin tarixdə qalan əsas məqam odur ki, Azərbaycan xalqı Qorbaçova, SSRİ rəhbərliyinə, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan xalqlar arasında yer tutmağa layiq olduğunu sübut edib".(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar