Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslar Azərbaycanca niyə öyrənir?


Şahnaz Kamal yazır


Kulis Sankt-Peterburqda yaşayan və Azərbaycan dilində kurs keçən yazar-araşdırmaçı Şahnaz Kamalın "Azərbaycanca öyrənən ruslar" yazısını təqdim edir. 
 
Yazı-pozu ilə məşğul olduğum üçün, bu tədris prosesi mənim üçün həm də münbit yaradıcılıq məkanıdır. İllərdən bəri müşahidə etdiyim bəzi məqamları sizinlə bölüşmək istəyirəm.
 
Öncə onu deyim, Peterburqda Türkiyə türkcəsinə olan tələbat Azərbaycan türkcəsinə olandan daha çoxdur. Əvvəllər bu məni çox narahat edirdi və səbəbini öyrənmək istəyirdim. Axı Peterburqda kifayət qədər azərbaycanlı yaşayır və işləyir, onların sayı türklərdən çoxdur. Bəs niyə ruslar daha çox Türkiyə türkcəsinə meyllidirlər?
 
Kimsə deyəcək, ruslar Türkiyəyə çox istirahətə gedir(di)lər, dil onlara bunun üçün lazımdır. (Onların Azərbaycanda istirahətə pulları yetməz ki!)
 
Belə deyil. Müşahidələrim sübut edib ki, turizmin bu sahədə rolu azdı.
 
Bəs nədir səbəb?
 
Türkcələri öyrənmək istəyənlərin tam əksəriyyətinin ya o dildə danışan sevgilisi, ya da atası var (anası olması faktı ilə hələlik qarşılaşmamışam). Çox az bir qismi dili sevgi və maraq üçün öyrənir.
 
Türkiyə türkcəsi öyrənənlərin tam əksəriyyətinin ya türk əri, ya sevgilisi var. Atası olması halı ilə heç rastlaşmadım. Azərbaycan dili öyrənənlərin yarısının azərbaycanlı atası, digər yarısının sevgilisi və ya əri var.
 
Maraqlı bir məqam da var. Türkiyə türkcəsi öyrənən rusların sevgililəri və ərləri onların bu istəklərini alqışlayır və yardım edirlər. Ancaq hələ elə bir azərbaycanlı kişiyə rast gəlməmişəm ki, xanımının və ya sevgilisinin bu dili öyrənməsinə xeyir-dua versin. Tam əksinə, dil öyrənməyə gələnlərin hamısı gizli gəlir.
 
Təqribən bir ay öncə bir bəy zəng etdi. Xanımına Azərbaycan dili öyrətməmi istədi. Çox, həm də çox təəccübləndim. İstəyinin səbəbini soruşdum. Dedi, mən azərbaycanlıyam, xanımım rus. İki uşağımız var. İstəyirəm onlar böyüyənə qədər xanımım dilimizi öyrənsin, uşaqlarımızla öz dilimizdə də danışa bilsin.
 
Sevincimi təsəvvür edirsinizmi? Ürəyim köksümə sığmırdı. Nəhayət! Nəhayət elə bir insana rast gəldim. Belə qərara gəldiyi üçün bəyə xeyli təşəkkür etdim.
 
Ancaq bəyin sonrakı cümlələri bu sevincimi bir az öləzitdi:
 
- Mənim anam rus, atam azərbaycanlıdır. Burada böyümüşəm, ancaq öz dilimizi də (Azərbaycan dilini nəzərdə tutur) yaxşı bilirəm.
 
Və mənə hər şey aydın oldu…
 
Üç il əvvəl on altı il azərbaycanlı bəylə evli olan, dörd uşaqlı ana mənə Azərbaycan dili öyrətməmi xahiş etdi və istəyinin səbəbini açıqladı:
 
- Qayınanam, baldızım bizimlə olur. Onlar bütün günü bir-biri, ərimlə danışırlar, mənsə gözümü döyə-döyə qalıram. Bir müddət öncə ərimə dili öyrənmək istədiyimi dedim, bərk əsəbləşdi ki, nəyinə lazımdır?! Sənə lazım olan şeyləri rusca deyirik də. İndi də gizlincə gəlmişəm.
O xanım iki ay sonra daha dərsə gəlmədi. Yəqin, əri bilmişdi…
 
Digər halda, on yeddi yaşlı qızı olan bir xanım müraciət elədi. Onlar da uzun müddətdir evlidirlər. Xanımın dil öyrənmək istəyi həmişə əri tərəfindən kəskin etirazla qarşılanıb. Üç aydan sonra bu xanım da dərsə gəlmədi…
 
Gördüklərimdən məndə belə təəssürat oyanıb ki, Peterburqdakı azərbaycanlı kişilər rusların dilimizi öyrənməsinə qarşı var gücləri ilə mübarizə aparırlar.
 
Yeri gəlmişkən, bir məqamı qeyd edim. Bizim Peterburqda yaşayan və təhsil alan balalarımızın çoxu ya dilimizi bilmir, ya da məişət səviyyəsində, dialektlə danışacaq səviyyədə bilirlər. Ədəbi dili qayda-qanunları ilə bilənlər çox azdı.
 
Keçən il bunu nəzərə alıb balacalar üçün kurs açdım. Məqsədim balalarımıza dilimizi lazımı səviyyədə öyrətməkdir. Ödəniş şəhərin mərkəzində kirayəyə götürdüyüm otağın haqqının yarısını verəcək qədər idi. Yarısını özüm verirdim. Gələn olmadı. Dedilər, bu dil nəyimizə lazım, ya da, lazım olan səviyyədə bilirik. Yaxud da digər bəhanələr və “səbəblər”.
 
Türkiyə türkcəsi öyrənmək istəyənlərlə işləmək çox çətin olmur. Ancaq digər qrupla işin özəllikləri var.
 
Hər iki qrupda ilk dərsi xalqın və öyrətdiyim dilin tarixinə həsr edirəm. Türkün kim olduğunu anladıram. 
 
Birinci qrupda hər şey sakit ötüşür. İkinci qrup yenə özünəməxsusdur…
 
Azərbaycan tarixini danışandan, təbii ki, 1813, 1828, 1920, 1990, 1992 (Xocalı faciəsi), Qarabağ savaşı haqqında ətraflı məlumat verirəm. Təbii ki, bu tarixlərdə Rusiyanın necə iştirakını da qeyd edirəm. Bu barədə sənədlər nişan verirəm.
 
Çox maraqlıdır ki, atası azərbaycanlı olan ruslar bunu sakit qarşılayır. Digər ruslar isə bu faktlara qarşı çox emosional çıxış edir. Hətta “Sumqayıt hadisələri olmasa Qarabağ müharibəsi də olmazdı” kimi gülünc “arqument”  gətirən də olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar