Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qarşı gizli beynəlxalq təxribat qrupu iş başında

Rusiyaya qarşı gizli beynəlxalq təxribat qrupu iş başında - iki «TU-154»ün oxşar taleyi


Təxminən 1 əsrdi Rusiyaya qarşı savaş aparan təşkilatın tərkibində azərbaycanlılar da olub; Saakaşvili ilə Kaçinskinin Tiflisdə Promoteyin şərəfinə ucaltdıqları abidə az sonra onlara baha başa gəldi

Rusiyaya qarşı törədilən terror aktlarının sayı son zamanlar sürətlə artaraq sual doğurur hamıda. İnsan düşünür: əcəba, bu ölkə əleyhinə gizli bir təxribat mərkəzimi fəaliyyət göstərir dünyada?  Hadisələrin ardıcıllığı, rəngarəngliyi, vəhşiliyi, bəli, bizə belə düşünməyə hər cür əsas verir indi.  Soçidəki təyyarə qəzasından sonra oxşar ittihamlar artıq açıq şəkildə söylənilib, bütün dünyanı ikiəlli silkələyir. Vəziyyət kritikdi. Kimsə,  kimlərsə, şəxsən Vladimir Putinə, necə deyərlər, “qara əlcək” göndərib elə bil. 


Növbəti təxribatın Soçidə - Rusiyanın Olimpiya paytaxtında baş verməyi, məncə, təsadüf sayıla bilməz. Deyəsən, Olimp zirvələrində tanrıların davası artıq başlayıb. İdman oyunları qaldı bu mübarizənin dinc dövründə. Mübarizənin qanlı dövrü başlayır indi. Hədəf, əvvəlki kimi, Promotey alovu, yəni dünya neft-qaz boru kəmərlərinin gələcək marşrut xətləridir.

Əsas ipucu da elə həmin Promotey rəmzindədir. Rusiyaya qarşı 100 ilə yaxındı fəaliyyət göstərən vahid beynəlxalq təxribat mərkəzi də eyniadlıdır - “Promotey”.

***

2007-ci ildə, Gürcüstan prezidenti Mixail Saakaşvili öz polşalı həmkarı Lex Kaçinski ilə birgə Tiflisdə Promoteyə aid heykəlin açılış mərasimini keçirir. Sadəlövh tamaşaçılar sevinirlər buna. Peşəkar siyasətçilər isə hadisə yerindən hazırlanmış telereportajları izləyə-izləyə başlarını bir müddət sağa-sola bulayırlar. Hiss edirlər ki, bu rəmz Gürcüstana yenə də həmişəki kimi xəta-bəla gətirəcək. Nəinki mərasim vaxtı deyildiyi tək müstəqillik, xoşbəxt günlər.

Elə də olur. Promotey alovu, əvvəl Gürcüstanı oda yaxır, sonra Polşanı. Tezliklə Osetiya münaqişəsi ortaya girib Gürcüstanı öz xarabalıqlarında bir ovuc küllə tək-tənha buraxır. Ardınca, Lex Kaçinskinin təyyarəsi, yüzə yaxın sərnişiniylə birgə, Xatın səmasında qəzaya uğrayıb dönür yenə bir ovuc külə. Qısası, Promotey alovu öz pərəstişkarlarını - Saakaşvili ilə Kaçinskini külə döndərib ətrafdakıları bərk diksindirir.



Heykəlin sifarişçiləri, müəllifi - Belçikada yaşayan gürcü heykəltəraşı Devi Xmaladze, habelə digərləri dişlərini bir-birinə sıxıb məcbur qalırlar Promotey abidəsini Tiflisdən çıxarıb kurort şəhəri Borjomiyə aparsınlar.

Siyasi ekspertlər isə bu vaxt səslərini bir pillə aşağı salıb, bir-birinin qulağına qədim, antirus “Promotey” əməliyyatı barədə ağlasığmaz dəlil-sübutlar pıçıldamağa başlayırlar. Fəxrimiz, dövlətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin adı da hərdən bu pıçıltılarda eşidilir.      

***

Ötən əsrin 20-ci illərinin əvvəlində Türkiyədə mühacirət həyatı yaşayan M.Ə.Rəsulzadə Ankaranın Qırmızı Rusiya ilə əməkdaşlığını görüb, bərk kədərlənir. Amma pessimizmə qapılmır. Qərara gəlir, Atatürk Türkiyəsini Pilsudski Polşasına dəyişsin. 31 mart 1923-cü ildə Rəsulzadə köhnə dostu Pilsudskiyə məktub yazaraq ondan Türkiyədəki Azərbaycan zabitlərini, hərbi mütəxəssislərini Polşa ordusunda işə düzəltməyi xahiş edir. Mövzu ətrafında danışıqlara Polşa Xarici İşlər Nazirliyi əməkdaşları Tadeuş Qolubko, Edmund Xaraşkeviç, Tadeuş Şetsel də qoşulduqdan sonra, əvvəlcə Parisdə “Promotey” klubu açılır (1926-cı il), iki il sonra Varşavada. 



Klublar kommunistlərin əsas devizi sayılan “proletar beynəlmiləlçiliyi”nə qarşı düşünülmüş bir cavabdı. Moskvanın bu siyasi xəttinə qarşı Varşava, millətçilərin internasionalını, beynəlxalq klubunu hazırlayıb bununla Böyük Britaniya, Fransa kəşfiyyatlarının diqqətini, maliyyə imkanlarını özünə cəlb etmək istəyirdi. 1929-cu ildə Polşa kəşfiyyatı mövzunu öz qanadları altına alır. Moskvaya qarşı xüsusi 2-ci şöbəsini açaraq başlayır ora Qafqaz, o cümlədən Azərbaycan, habelə Ukrayna, Orta Asiya millətçilərini səfərbərliyə alıb öz casus şəbəkəsinə cəlb etməyə. 1931-ci ildə, Türkiyədə mühacir təşkilatları yasaq edildikdən sonra Rəsulzadə öz ömrünü Polşa ilə bağlamağa qərar verərək, köçür Varşavaya. Pilsudskinin yaxın qohumu ilə evlənmək, habelə digər şərtlər ona imkan verir ki, Varşava kübar həyatının düz mərkəzində gur fəaliyyətə başlasın.



***

“Promotey” təşkilatı barədə, gəlin, xam xəyallara qapılıb, özümüzü aldatmayaq. Təşkilat əslinə baxanda əsl beynəlmiləl casus şəbəkəsi olub Paris, Varşava, İstanbul, Tehran, Xarbin, Helsinkidəki regional mərkəzlərindən idarə edilirdi. Təşkilatçılığı, rəhbərliyi Polşa kəşfiyyatına tapşırılmış bu məxfi qurumun maliyyəsi Fransa, Böyük Britaniya dövlətləri tərəfindən tam təmin olunurdu.

Uşaq olmayın, Moskvanı cibinizə qoymayın. Əsas hədəfi SSRİ-ni parçalamaq, dağıtmaq, zəiflətmək olan bu təşkilat elə yarandığı gündən bəri sovetlərin tam nəzarəti altındaydı. İndi Moskvada çap edilmiş o sənədləri oxuyarkən görürsən ki, Məhəmməd Əmin bəy başda olmaqla, promoteyçilərin bütün təşəbbüsləri, əməlləri elə beşikdəcə NKVD tərəfindən nəzarətə götürülüb, sonra müxtəlif bəhanələrlə uğurla azdırılırdı. Əslində NKVD bu təşkilatı dağıtmaq, məhv etməkdən çox onu öz ovcunda, nəzarətində saxlamaq niyyətində idi. 

Ancaq taleyin həmişə öz tərs hökmü olur bu cür məxfi qurumlara, şəbəkələrə qarşı. Polşa əks-kəşfiyyatının, Baş Ordu Qərargahının bəslədiyi bu millətçi legionlar, Azərbaycan könüllüləri  üçün 1939-cu ildən tamam başqa həyat start götürür. “Promoteyçilər” tam tərkibdə almanların tərəfinə keçib, öz antisovet fəaliyyətlərini bu dəfə bir başqa cür davam etdirməyə müyəssər olurlar. Vermaxtın tərkibində vuruşa-vuruşa Maykopdan Xasavyurda qədər böyük ərazini sovetlərdən azad edib, Bakıya yaxınlaşırlar.

Cəbhədə qüvvələrin tarazlığı sovetlərə tərəf əyiləndə, sabiq promoteyçilər kütləvi şəkildə sovetlərin tərəfinə keçəndə Berlin qərara gəlir, legionerləri öz cəza dəstələri tərkibinə qatsın. 1944-cü il Varşava üsyanı zamanı promoteyçilərin son qalıqları Berlin tərəfindən üsyançılara qarşı cəza tədbirlərinə cəlb edilir. 

Hadisələr “nə tökərsən aşına, o da çıxar qaşığına” hikmətinə tam uyğun şəkildə cərəyan etməyə başlayır. Bu dəfə legionerlər öz köhnə sahiblərinə - Polşa millətçilərinə qarşı əməliyyatlarda ad qazanıb onların axırına çıxırlar.

“Promotey” kadrları, taktika və strategiyası sonrakı soyuq müharibə dövründə arxivlərə göndərilmir. SSRİ-yə qarşı başlanan hər yeni mübarizə mərhələsində Vaşinqton, London bu köhnə kadrlarını xatırlayıb onları öz məxfi təxribat planları, aksiyaları tərkibinə salmağı unutmur.

***

SSRİ-nin süqutundan sonra dirçələn Polşa öz köhnə “Promotey” əməliyyatını xatırlayıb yeni xəyallara qapılır. “Promotey” layihəsinə bu dəfə humanitar rəng verərək onu yenidən siyasi gündəmə qaytarır. 1920-30-cu illərdəki öz antisovet fəaliyyətini yada salıb, çeçen yaraqlılarından tutmuş Ukrayna millətçilərinədək çoxlarını öz yeni anti-Moskva planlarına cəlb etməyə başlayır. 



“Promotey” əməliyyatını, mirasını diriltməyi planlaşdıran Lex Kaçinski ilə Mixail Saakaşvili məhz o vaxt - 2007-ci ildə Belçikada yaşayan gürcüyə sifarişi tapşırırlar. Abidə hazırlanır. Üstü ağ mələfə ilə örtülür. Heykəlin açılışından düz bir il sonra Promotey alovu Cənubi Osetiyanı öz ağuşuna alır, iki il sonra Polşa prezidenti Lex Kaçinskinin “TU-154" təyyarəsini.

Eşitdiyimə görə, müasir “Promotey” əməliyyatı rəhbərliyi öz tam heyəti ilə bu təyyarəyə əyləşib, Xatın qurbanlarının məzarı üzərindəki anım mərasiminə tələsirmiş.
Qarşı tərəf bu dəfə mətləbi çox uzatmayıb. Düyməni basanda barmaqları titrəməyib. Təyyarə ilə birlikdə bütün müasir promoteyçiləri o dünyaya göndəriblər.

***

Qanlı aksiya, görünür, cavabsız qalmamalıymış. Eyni “TU-154" hava gəmisi, bu dəfə bir başqa cür, Promotey alovuna məruz qalıb Soçi sahillərində dənizə çırpılır.

Təyyarənin göyərtəsindəkilər Suriyaya tələsən humanitar desant üzvləri idi. Ancaq müasir siyasət, görünür, humanitar desantla hərbi desant arasında heç bir fərq görmək istəmir...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar