Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya arxivlərinin təsdiqləmədiyi erməni “soyqırımı”


Əsasən XIX əsrin ikinci yarısından Türkiyədə fəallaşan ermənilər burada Qərb dövlətlərinin dəstəyi ilə ciddi şəkildə təşkilatlanmağa, Osmanlı dövlətinə qarşı çıxmağa başladılar


Əvvəlcədən Osmanlı Türkiyəsinin dövlət strukturlarında möhkəmlənən və bəzi  mühüm dövlət vəzifələrini ələ keçirən ermənilər sonradan bu mövqelərindən sui-istifadə etməyə başladılar. 

Onlar bu fəaliyyətlərinin sonunda Osmanlı ərazisində müstəqil Ermənistan dövləti qurmaq ideyalarını reallaşdırmaq istəyirdilər.

Əslində ermənilərin XIX əsrin ikinci yarısında qurduqları müxtəlif cəmiyyətlər, təşkilatlar və siyasi partiyalar Qərb missionerləri üçün də faydalı olmuşdu. Ermənilər bu qurumları öz milli maraqlarına istiqamətləndirmək istəsələr də, Qərb dövlətlərinin maraqları ilə daha çox hesablaşıblar. “Hncak” və “Daşnaksütyün” partiyalarının fəaliyyətlərini tədqiqi bu fikrin doğruluğunu göstərir.

Rusiyanın ermənilərlə bağlı siyasətində əsas dövrlərdən biri 1905-ci ildir. Həmin ilin fevralında Qraf İllarion İvanoviç Vorontsov-Daşkov Qafqaza canişin təyin edilir. Bu təyinatdan sonra ermənilərin fəallığı daha da artır. Bu, onunla bağlı idi ki, Vorontsov-Daşkov açıq şəkildə ermənilərin mövqeyini müdafiə edirdi. O, Rusiya çarına yazdığı bir raportda ermənilərin Rusiyadan ayrılmaq istəmədiyini, əksinə, Osmanlı ərazisində yaşayan ermənilərin Rusiyaya bağlı olduğunu bildirirdi.

Bu mövqe Rusiya üçün gərəkli idi. Belə ki, Moskvanın əsas hədəflərindən biri Türkiyənin şərq vilayətlərini ələ keçirmək idi. Lakin bunun hələlik mümkün olmadığını başa düşən Rusiya ilkin olaraq, ona xüsusi simpatiyası olan erməniləri dəstəkləməyi düşünürdü. Arxiv sənədlərində hələ XIX əsrdən başlayaraq Rusiyanın erməniləri dəstəklədiyi görünməkdədir. O zaman Rusiyanın Türkiyədəki səfirləri müxtəlif dövrlərdə ermənilərlə görüşlər keçirmiş, onların müqavimətlərinə və silahlı üsyanlarına dəstək vermişdilər.

Eyni zamanda Rusiyada fəaliyyət göstərən erməni cəmiyyətləri təmsilçiləri də İstanbulda olmuş, burada görüşlər keçirmiş, ermənilərin Rusiyaya xüsusi maraqları olduğunu bildirmişdilər.

Rusiyanın bu fəallığı xüsusən 1913-cü ildən başlayaraq daha çox hiss olunurdu. Bu təzyiqlər isə ən çox ermənilərlə əlaqəli islahatların aparılması ilə bağlı idi. İlkin olaraq 1914-cü il yanvarın 26-da (fevralın 8-i) Türkiyənin altı vilayətində ermənilərlə bağlı islahatın aparılması vacib sayılırdı.

Göründüyü kimi, ermənilər müxtəlif vasitələrlə türklərə təzyiqləri artırmaqda idilər. Ermənilər 1915-ci il “soyqırımı”nda bir milyondan çox erməninin qətl edildiyini uydururlar. Lakin tarixi faktlar bunu tamamilə təkzib edir. Diqqət edək: 1914- cü ildə Osmanlı dövlətinin ərazisində 18.520.016 sayda insan yaşayırdı. Bu rəqəmin 15.044.846-sı müsəlmanlar, qalanları isə rumlar və ermənilər olmaqla, xristianlardan və musəvilərdən ibarət idi. Bu dövrdə Qriqoryan ermənilərinin sayı 1.161.169, katolik ermənilərinin sayı 67.838 nəfər olmaqla, ermənilərin ümumi sayı 1.229.007 nəfər idi. Əgər protestantların da sayının 65.844 nəfər olduğunu (baxmayaraq ki, ermənilərdən kənarda başqa millətlərdən də protestantlar var idi) nəzərə alsaq və bu rəqəmi də ermənilərin ümumi sayına əlavə etsək, o zaman Osmanlı dövlətində sayın 1.294.851 nəfər olduğunu görürük. Bu da Osmanlı ərazisində yaşayan ermənilərin əhalinin ümumi sayının 6,9%-ni təşkil etdiyini göstərir.

1914-cü ildə başlanan Birinci Dünya müharibəsində erməni silahlı dəstələri Türkiyə ərazisində, eləcə də Zaqafqaziyada qanlı cinayətlər törədirdilər. Rusiya arxivlərindəki sənədlərin üstünlüyü ondadır ki, bu materialların bəziləri rus zabitlərinə, bəziləri isə ermənilərin özlərinə aiddir. Yəni ermənilərin türklərə qarşı döyüşdüklərini həm ruslar, həm də ermənilər özləri təsdiq edirlər. Digər tərəfdən, bu arxiv materialları arasında ermənilərin yaratdıqları könüllü hərbi birləşmələrinin fəaliyyətlərinə aid də sanballı məlumatlar var.
Bu, artıq təsdiqlənmiş faktdır ki, erməniləri çar Rusiyası himayə edirdi. Onların hərbi dəstələrinin bütün təchizatı rus ordusu tərəfindən təmin olunurdu. Sənədlər sübut edir ki, erməni hərbi könüllü dəstələri Türkiyə ərazisində ruslar tərəfindən döyüşürdülər. Yəni döyüş zamanı öldürülən bir erməni artıq soyqırıma məruz qalan şəxs deyildi. Lakin ermənilər bu faktı unudaraq həmin insanları dünya ictimaiyyətinə başqa bir adda təqdim edirlər.
Rusiya arxivlərindəki sənədlərin digər üstünlüyü ondadır ki, bu materiallar “məxfi” xarakterdə olub, xüsusi şifrəli və möhürlüdür. Yəni bu sənədlər inandırıcıdır və təkzibedilməzdir. Rusiyanın arxivlərində erməni hərbi birləşmələrinin Türkiyə ərazisində yerli əhaliyə qarşı törətdikləri qətliamları, zorakılıqları sübut edən yetərincə faktlar mövcuddur. Bəzən belə sənədlərə rast gəlirik ki, rus zabitləri öz raportlarında (məlumatlarında) ermənilərin  yerli əhaliyə qarşı verdikləri işgəncələrin və pis münasibətlərin dayandırılması vacibliyini bildirirlər.

Arxiv sənədlərində hətta erməni hərbi könüllü dəstə üzvlərinin bəzən rusların özünə qarşı olması faktları yer alıb.

Rusiyanın arxivlərində ermənilərlə bağlı çox ciddi sənədlər mövcuddur. Lakin bu sənədləri öyrənmək, tədqiq etmək üçün də zamana ehtiyac var. Həmin sənədlərdə isə erməni yalanlarını sübut edən çoxsaylı faktları tapmaq mümkündür.

Hər ilin aprel ayında ermənilər özlərinin qondarma “soyqırım”larını qeyd edir, dünya ictimaiyyətindən isə müsəlman və türklərə qarşı etdikləri soyqırımları gizlətməyə çalışırlar. Lakin onların törətdiyi cinayətləri açıqlayan müsəlman və türklər yox, məhz bir zaman ermənilərə himayədarlıq etmiş olan Rusiya və bu ölkənin arxivləridir.
Həmin sənədlərin bəzilərinin mətnini olduğu kimi oxuculara təqdim edirəm.(musavat.com)

Nəsiman YAQUBLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Rusiya arxivlərinin təsdiqləmədiyi erməni “soyqırımı”

Ən çox oxunanalar