Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanı Avropa İttifaqına doğru itələyir


Başlanan danışıqlar və gözlənilən sazişin mümkün təsirləri


Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş hazırlanması üzrə danışıqların növbəti mərhələsinin yaxınlarda baş tutacağı gözlənilir. 

Ekspertlər hesab edir ki, son zamanlar Rusiyadan Azərbaycana yönəlik bir sıra addımlar, əsasən də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri daha da ciddiləşə bilər. Yaranmış durum Azərbaycan-Avropa İttifaqı danışıqlarını sürətləndirəcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ Xarici Əməliyyatlar Xidmətinin əməkdaşı Lyuk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır. Tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq: “Bizim məqsədimiz birlikdə intensiv şəkildə işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək ”Şərq tərəfdaşlığı" sammiti öncəsi biz böyük səylə çalışacağıq".

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Azərbaycanla daha yaxın əlaqələr barədə yeni “hərtərəfli saziş” hazırlanmasına qərar veriblər. Keçən il noyabrın 14-də Brüsseldə keçirilən toplantıda məsələ ilə bağlı danışıqlar aparmaq üçün Avropa Komissiyası və birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqereniyə mandat verilib. Hazırlanacaq sazişin ticarət-iqtisadi məsələlərdən başlamış insan hüquqları və demokratik prinsiplərə əməl olunması məsələlərini əhatə edəcəyi ehtimal edilir. Hazırda Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər 20 il öncə imzalanmış və 17 il öncə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş çərçivəsində tənzimlənir. Yeni saziş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək.

Danışıqların başlanmasını siyasi ekspertlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi şərh edirlər. Ekspertlərin fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin son dövrlərdəki xarici siyasətində Avropa İttifaqı ilə Azərbaycan arasında inteqrasiyanın daha da sürətlənməsi əsas prioritetlərdən biridir. Bu yaxınlarda prezidentin Brüsselə səfəri də bunun təsdiqidir. Azərbaycan Gürcüstandan fərqli olaraq Avropa ilə assosiativ saziş imzalamasa da, strateji tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri və bu səfərdə keçirdiyi görüşlər onun Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasında və bu prosesin sürətlənməsi niyyətində olduğunu sübut etdi.

Ancaq bu sazişin imzalanması ilə bağlı tərəflər arasında müəyyən şərtlər var və o, şərtlər tərəflər arasında razılaşdırılmalıdır. Bir neçə aydır başlanan danışıqlar da bunun üçündür.

Şərtlərə gəlincə, qeyd olunur ki, bu şərtlər əsasən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsidir. Bu şərtlər arasında təbii ki, adı mübahisəli siyasi məhbus siyahısında olan məhkumların da azad olunması var.

Azərbaycan Avropa İttifaqı ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.

Yeni AXCP-nin sədri Razi Nurullayev hesab edir ki, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş hazırlanması üzrə danışıqlar və sonda sazişin imzalanması Azərbaycanda demokratiya və insan haqları məsələsinə də müsbət təsirini göstərəcək.

Avropa İttifaqının Azərbaycanla daha yaxın əlaqələr qurması barədə qərarı və 1996-cı ildə qəbul edilmiş əməkdaşlıq barədə sazişin əvəzlənməsi çox mütərəqqi və demokratiyaya da müsbət təsir göstərəcək addımdır: “İki ilə yaxın idi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi məsləhətləşmələr aparılmırdı və bu illər ərzində vəziyyət heç də yaxşılığa doğru getməyib. Avropa İttifaqı ilə məsləhətləşmələr aparılmadığı müddətdə ölkədə demokratiya sahəsində vəziyyət mənfiyə doğru inkişaf etdi. Danışıqların sürətlənməsinin və sonda saziş bağlanmasının demokratiyaya da müsbət təsir göstərəcəyini söyləmək olar. İndi deyərdim ki, hər iki tərəf daha sağlam və iddiasız düşünməyə başlayıb. Avropa İttifaqı Azərbaycan iqtidarının iradəsini sındırıb özü istədiyi formatda əməkdaşlıq qəbul etdirə bilmədi. Azərbaycan da bu birliklə münasibətləri korlamaqla özünü vacib sərmayə və iqtisadi imkanlardan məhrum etdi. Avropa İttifaqı ilə danışıqlar demokratik inkişaf üçün də müəyyən stimullar yaradacaq. Azərbaycan Avropa İttifaqı ilə danışıqlarda sonda müəyyən güzəştlər etməli olacaq. Çünki, hazırkı ağır sosial durumda Azərbaycanın Avropa İttifaqı ölkələrinin sərmayəsinə, köməyinə və banklarının dəstəyinə ehtiyacı var. Avropa İttifaqı ilə danışıqlara həm demokratik, həm siyasi, həm də iqtisadi baxımdan imkan kimi baxmaq lazımdır. İmzalanması gözlənilən saziş isə konkret olaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri tənzimləyəcək”.


ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, Avropa İttifaqı ilə danışıqların sonunda ikitərəfli saziş imzalansa belə, bunun Azərbaycanda demokratiya və insan haqlarının durumuna ciddi müsbət təsir edəcəyini gözləmir: “Ortada Avropa Şurası təcrübəsi var. Azərbaycan Avropa Şurası ilə nəinki hansısa saziş imzalamaqdan da daha irəli gedərək 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Azərbaycanda demokratiya, insan haqları sahəsində geriləmələr məhz ölkə Avropa Şurasının üzvü olduqdan sonra vüsət aldı. 2001-ci ildən əvvəli və sonrakı indiyə qədər olan dövrü müqayisə etdikdə nə qədər geriləmənin baş verdiyini görürük. Ona görə də ortada heç də müsbət qiymətləndirilməsi mümkün olmayan Avropa Şurası təcrübəsi olduğu üçün Avropa İttifaqı ilə hansısa ikitərəfli sazişin imzalanmasının da Azərbaycanda demokratiyanın dirçəlməsinə gətirib çıxaracağına ümid yoxdur. Sazişin imzalanmasının iqtisadi sahədə müəyyən müsbət təsirləri ola bilər. Amma hər bir halda biz hesab edirik ki, Azərbaycan üzünü Qərbə doğru çevirməli, Avropaya inteqrasiya yolunu tutmalıdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar