Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus kəşfiyyatının “Brexit” referendumuna da müdaxiləsi üzə çıxır

Britaniya hökumətini susmağa nələr vadar edir?


Son iki həftə ərzində Böyük Britaniyanın ən qaranlıq sirri, nəhayət ki, icrimaiyyətin malı oldu: Rusiya Birləşmiş Krallığın Avropa Birliyindən çıxması haqqında keçirdiyi referenduma müdaxilə edib.

Hazırda Rusiyanın belə bir əməliyyat keçirməsi faktı heç kimi təəccübləndirmir və heç kimdə də hər hansı ciddi şübhə yaratmır: əgər ABŞ, AFR, Fransa və digər qərb demokratiyaları Rusiya müdaxiləsinin qurbanı olublarsa, Böyük Britaniyanın olmaması qəribə gələrdi.

Hər şeydən daha çox təəccüblüsü odur ki, bu məlumatların ictimai müzakirəsinin başlaması 15 aydan çox zaman keçdikdən sonra baş verir. Bu müddətdə kiçik bir jurnalist qrupu həmin informasiyanı ictimaiyyətə çatdırmaq üçün bütün gücü ilə məxfiliyi və böhtan haqqındakı repressiv Britaniya qanunlarını dəf etməyə çalışıblar. Parlamentin bir neçə üzvü, o cümlədən Leyboristlər Partiyasından olan Ben Bredşou ümumi susqunluğu pozmağa cəhd ediblər, indi isə bu məsələ ilə, guya, hökumətin Seçki Komissiyası məşğul olur.

Lakin hökumət hətta bu gün də susmağa davam edir: nazirlər şərh verməkdən imtina edir, kəşfiyyat xidmətləri kənarda qalmağa çalışır, polis isə heç nə etmir. Rusiyanın ABŞ və Böyük Britaniyada bir-birilə sıx əlaqəli olan təxribat əməliyyatları aparması haqqında çoxsaylı tutarlı dəlillərin olmasına baxmayaraq, hökumət xüsusi prokuror təyin etmədi və rəsmi təhqiqatın başlaması üçün sərəncam vemədi.

Böyük Britaniya hökumətinin özünü belə aparmasının bir neçə səbəbi vardır. Lakin bu səbəblərin izahına keçməzdən öncə, son bir neçə həftədə məhz hansı xəbər və ifşa olunmaların cəmiyyətin diqqətini özünə cəlb etdiyini xatırlamaq lazımdır.

Əvvəlcə, “Open democracy” saytında nəşr olunan, virtual koalisiya hökumətində mühafizəkarları müdafiə edən Şimali İrlandiya Demokratik Yunionist Partiyasının siyasi fəaliyyətinin maliyyələşdirilməsilə bağlı kifayət qədər qəribə olan durumdan bəhs edən məqalələr seriyası ortaya çıxdı. Bu məqalələrdə söhbət Demokratik Yunionist Partiyasının heç kimə məlum olmayan “Konstitusiya tədqiqat şurası”ndan aldığı 435 min funt sterlinq ianədən gedirdi. Məlum olmayan hansısa səbəblər üzündən, bu məbləğin böyük hissəsi Londonda "Brexit"in reklamına xərclənib.

Sonra, “Open democracy” saytında "Brexit" lehinə kampaniyanın başlıca sponsorlarından biri olan Arron Benksin fəaliyyətini yoxlamağa cəhd edən Alister Sloun və Ayan Kempbellin çox yaxşı bir tədqiqatının nəticələri nəşr edildi. Onlar öz məqalələrində Benksin sövdələşmələrindən geniş bəhs ediblər və belə nəticə çıxarıblar ki, Birləşmiş Krallığın Müstəqillik Partiyasına və "Leave.EU" qrupuna 7 milyon funt sterlinq ianə verməsi üçün onun, sadəcə olaraq, vəsaiti yetməzdı. Bundan bir neçə gün sonra Seçki Komissiyası bəyan etdi ki, Benksin sponsorluq fəaliyyətinin birbaşa tədqiqatına başlayır. Onun bu tədqiqat çərçivəsində, qarşısına qoyduğu suallardan biri o idi ki, “Cənab Benks həqiqətənmi onun adından edilən yardımların gerçək mənbəyidir”.

Bu arada London şəhər universitetinin ekspertləri aşkar etdilər ki, “Twitter”də 13.5 minə yaxın bot "Brexit" ideyalarını təbliğ edib. Bu xəbərlərə cavab olaraq, mədəniyyət, KİV və idman üzrə komitənin sədri Damian Kollinz öz xüsusi tədqiqatına başladı. O, həmçinin “Twitter” rəhbərliyinə müraciət edərək, xahiş etdi ki, bu botlar şəbəkəsi haqqında ona məlumat verilsin.

Rusiyanın Britaniya demokratiyasına müdaxiləsi haqqında aktiv olaraq məsələ qaldıran azsaylı parlament üzvlərindən biri leyborist Ben Bredşou oldu. 23 oktyabrda o, Tereza Meyə sual verdi: “Birləşmiş Krallıq hökuməti və ya digər agentliklər Amerika Konqresinin komandasından və ya Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin təhqiqatı ilə məşğul olan xüsusi prokuror Robert Müllerdən yardım etmək və ya informasiya vermək haqqında xahiş alıbmı?”.

Baş nazir özünü eşitməməzliyə vuraraq, bu suala cavab vermədi. Lakin üç gün sonra Bredşou sualı bu dəfə İctimai palatanın lideri Andrea Ledsoma müraciətlə təkrarladı. O cavab verdi: “Əgər şərəfli cənab bu barədə mənə yazarsa, mən baxaram, ona cavab verə bilərəmmi?”.

Sonra Xarici işlər naziri Boris Conson parlament üzvü Kris Brayanta dedi ki, Müllerdən hər hansı bir xahiş gəlməyib və ona Rusiyanın "Brexit" üzrə referenduma mümkün müdaxiləsi haqqında heç nə məlum deyil. Trampın Corc Papadopulos və Culian Assanc kimi silahdaşlarının Birləşmiş Krallıqdakı fəaliyyəti haqqında kütləvi informasiyaların olmasına baxmayaraq, Müllerin Vaşinqtonun kəşfiyyat sahəsində ən yaxın tərəfdaşlarından biri ilə əlaqə saxlamağa ehtiyac duymaması haqqında bəyanat eşitmək çox qəribədir.

Bu məsələlərin, o cümlədən Xarici işlər nazirinin qəribə bəyanatının öyrənilməsi üçün ən uyğun orqan parlamentin Kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə komitəsi ola bilərdi. Ancaq bu komitə son seçkilərdən sonra, izah edildiyinə görə, onun tərkibilə əlaqədar olan fikir ayrılıqları üzündən, toplanmayıb, buna görə də hazırda o, sadəcə olaraq bu işlə məşğul ola bilməz. Hökumətin Britaniya sistemində hakimiyyətin mərkəzləşməsini, həmçinin yüksək vəzifəli məmurların ölkə maraqları naminə istefa verməyə azalan hazırlığını nəzərə alaraq, dövlət qurumlarına öz öhdəliklərini yerinə yetirməyə mane olması üçün kütləvi sayda imkanları vardır.

Hələlik hökumət susqunluğunu qorumağa, KİV-də nəşr olunan yeni informasiyalarsa Rusiyanın təsirinin miqyasını göstərməyə davam edir. 4 noyabrda “Mail on Sunday” nəşri Sankt-Peterburqda “trollar fabriki”ndə işləyən bir adamla müsahibə dərc edib. Rusiya “trollar fabriki”nin gündə 24 saat çalışan keçmiş işçisi aşağıdakıları deyib: ""Brexit" üzrə referendum dövründə ismarıcların mahiyyəti Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasını dəstəkləmək idi”.

“Bizim əməkdaşlara hansı xətti tutmalarının lazım olduğunu deyirdilər və rəhbərlik də bizim nə yazdığımıza nəzarət edirdi”.

Seçkilər zamanı sosial şəbəkələrdə və siyasi forumlarda “Leyborist partiyasının, Korbinin arqumentlərinin dəstəklənməsi lehinə, Meyinsə əleyhinə” məlumatlar dərc edilirdi.

“Hədəflər nə idi?” sualına, keçmiş troll cavab verib: “Siz bu barədə yuxarıda duran rəhbərlikdən soruşmalısınız, ancaq mənə elə gəlir ki, məqsəd Londonda və Birləşmiş Krallıqda fikir ayrılığını yaymaq idi”.

Britaniya mətbuatı bu məlumatları dərc edərkən, Robert Müller öz təhqiqatı çərçivəsində ilk ittihamları irəli sürdü. Gözlənilməz şeylərdən biri Corc Papadopulos və onun sirli tanışı, kifayət qədər tez aydınlaşdığına görə, Maltadan olan diplomatiya professoru Cozef Mifsud oldu. Onların hər ikisi Londonda yaşayıblar.

O da qeyd edilməlidi ki, Trampın komandası və Birləşmiş Krallığın Müstəqilliyi Partiyası öz əməkdaşlıqlarını və münasibətlərinin gücləndirilməsini bütün imkanlarıyla nümayiş etdirməyə çalışırdılar. Partiyanın keçmiş lideri Naycel Farac prezident seçkilərindən sonra Trampla ilk görüşən xarici siyasətçilərdən biri oldu, məhz bu görüşdə qızıl qapıların fonunda, Tramp və Faracın Arron Benks, Endi Uiqmor, Cerri Qanster və Rəhim Kassamla bigə əks olunduğu şəkil çəkildi.

Onu da xatırlatmağa dəyər ki, iyun ayında “Guardian” nəşrinin verdiyi məlumata görə, Naycel Farac Müllerin öz təhqiqatı çərçivəsində kiçik Ekvador səfirliyində olan“WikiLeaks”in qurucusu Culian Assancla görüşü ilə bağlı maraqlandığı adamlardan biri oldu. Assancla bağlı başlıca sual odur ki, Demokrat Partiyasının milli komitəsinin üzvlərinin hakerlər tərəfindən oğurlanan, sonradan onun internetdə yadığı elektron məktubları ona kim verib.

Faracın dostu Rocer Stoun etiraf edir ki, onun oğurlanmış materialların bir hissəsini nəşr edən “Guccifer 2.0” ilə “kontaktı”olubdur. Faracı 2017-ci ilin mart ayında Ekvador səfirliyinə girərkən görsələr də, onun daha erkən olan ziyarətləri və onların nəticələrilə bağlı məsələ amerikalı müstəntiqlər üçün böyük maraq kəsb edir.

Ən çaşdırıcı olan şey odur ki, Tereza Mey və onun nazirləri Müllerin təhqiqatındakı Britaniya elementləri, ondan da mühüm olanı, Britaniya demokratiyasına hücum haqqında heç bir söz demirlər. Bununla belə, bu, görünməmiş bir hadisə deyil. Mənim təhlükəsizlik sahəsində olan mənbələrimin sözlərinə görə, nazirlər kabineti 2010-cu ildən 2015-ci ilədək, Baş nazir postunu Devid Kameron tutarkən, təhlükəsizlik xidmətlərinin Rusiyanın (Böyük Britaniyada- tərc.) siyasi fəaliyyətə müdaxiləsi və onu maliyyələşdirməsi haqqında olan, ən azı, iki məlumatını gözardı edib.

“Buzzfeed” nəşrindən olan Heydi Bleyk iyunda Britaniya ərazisində törədilən, Britaniya polisinin və təhlükəsizlik xidmətlərinin ya diqqət etmədiyi, ya da hansısa başqa səbəblərlə izah etdiyi 14 qətlin tədqiqatının nəticələrini dərc etdi. Bleyk Amerika təhlükəsizlik xidmətləri və kəşfiyyatının nümayəndələrindən çoxsaylı məlumatlar almışdı, onlar britaniyalı həmkarlarının Rusiyanın onların öz ərazisndə törətdiyi qətllərlə artıq mübarizə aparmaq istəməməsindən şikayətlənirdilər.

Kameron hökumətinin könülsüzlüyü bir neçə faktor ilə izah edilə bilər. Onların arasında hökumətdəki yüksək vəzifəli fiqurların strateji sadəlövhlüyünü və yüksək səviyyəli nazirlərin, xüsusən maliyyə naziri Corc Osbornun, Böyük Britaniyanın dayanıqlı çiçəklənməsinin dəstəklənməsinin ancaq əhəmiyyətli kapital axınının yardımı ilə, bu kapitalın nə dərəcədə təmiz olmasından asılı olmayaraq, mümkünlüyünə olan qəti inamını qeyd etmək olar. Əgər Kremlin sifarişiylə törədilən qətllər lazım olan qaydada istintaq edilsəydi, bu, Rusiyanı çəkindirə bilərdi və kapital axını azalardı. Heç bir şübhə yoxdur ki, hökumətin bir neçə üzvü hələ də bu nöqteyi-nəzərdən çıxış edirlər.

Bleykin araşdırmasında təsvir edilən qətllər nə qədər şokyaradıcı olsalar da, "Brexit" üzrə səsvermə ilə bağlı, mümkündür ki, o, Birləşmiş Krallığın taleyini həmişəlik dəyişdi, stavkalar kəskin artdı. "Brexit"in müsbət və ya mənfi hadisə olması, eləcə də “xarici qüvvələrin dəstəyi "Brexit" tərəfdarlarına 50%-lik həddi aşmağa yardım edə bilərdimi” sualı, mahiyyətcə elə də mühüm deyildir. Daha mühüm olanı odur ki, Qərb alyansını parçalamağa və onun üzvlərini zəiflətməyə cəhd edən düşmən dövlətə, bütün görünüşə görə, cəzasız hərəkət etməyə imkan veriblər. Kimliyindən asılı olmayaraq bütün Britaniya xalqı – həm Böyük Britaniyanın birlikdən çıxmasına tərəfdar olanlar, həm də AB-nin birliyinin tərəfdarı olanlar, leyboristlər və torilər, şotlandiyalılar, irlandlar, valliyalılar və ingilislər məhz nə baş verdiyini aydınlaşdırmaq, günahkarları cəzalandırmaq və bənzər təsir əməliyyatlarına son qoymaq üçün öz səylərində birləşməlidirlər.

Nə üçün seçilmiş hökumət, – hansının ki, başlıca vəzifəsi milli təhlükəsizliyin təmin edilməsidir, – bu informasiyanı xalqa çatdırmaq yerinə, onun gizlədilməsi üçün bu qədər səy göstərir?

Bu, dörd səbəblə izah edilir:

1. "Brexit" məsələsi ilə əlaqədar Mühafizəkarlar Partiyasının, ilk növbədə, kabinet daxilində dərin fikir ayrılıqları mövcuddur. Tereza Mey bu siyasətin rasionallığına şübhə ilə yanaşsa da, hər halda özünü AB-dən çıxma planlarının reallaşdırılmasına həsr edib. Əgər referendumun legitimliyinə şübhə kölgəsi salan informasiya ortaya çıxarsa, onun vəzifəsi daha mürəkkəb olacaq və hökuməti, hətta mümkündür ki, iflas təhdid edəcək. Ola bilər ki, məhz buna görə o, Rusiya müdaxiləsi haqqındakı informasiyanı gözardı etməyə üstünlük verir.

2. Mey ona vurğu etmək istədi ki, o, Trampla digər liderlərdən qabaq görüşüb və onlar ümumi dil tapıblar: hətta iki lider əl-ələ tutdu, baxmayaraq ki, sonradan bunun Trampın pilləkəndən qorxması səbəbindən baş verdiyi məlum oldu. Əgər həqiqətən hər hansı bir “Brexit strategiyası” varsa, onda onun mərkəzi elementi ABŞ-la əhatəli ticarət anlaşmasının imzalanması olmalıdı. Mey sadəcə olaraq, Trampın Ağ evi ilə münasibətlərdə kəsintiyə yol verə bilməz. Ona görə, mümkündür ki, o, Amerika prezident seçkilərinə qarşı yönəlmiş Rusiya kampaniyası ilə özünün "Brexit" əleyhinə apardığı kampaniya arasındakı əlaqənin təhqiqatını aparmaq istəmir.

Bundan əlavə, Trampın komandasının üzvlərilə Rusiya arasındakı şübhəli təmaslar haqqındakı ən birinci məlumatları Amerika kəşfiyyat camiyəsinə Britaniya kəşfiyyatı verib. Onu fərz etmək ədalətli olacaq ki, əgər Britaniya kəşfiyyat agentlikləri bu məsələ ilə bağlı Amerikalı həmkarlarına informasiya verməyə davam etsəydi, bu, Ağ evin heç xoşuna gəlməzdi və Böyük Britaniya üçün faydalı ticarət müqaviləsinin maneəsiz imzalanması ehtimalı əhəmiyyətli dərəcədə azalardı.

3. Kameronun 2010-cu ildə seçilməsindən onun istefaya getməsinədək, Tereza Mey Daxili işlər naziri və təhlükəsizliyə görə cavabdeh olub. Rusiya öz təsir əməliyyatlarını məhz bu zaman ərzində aparıb. Müəyyən mənada o, özündən başqa, heç kimi günahlandıra bilməz.

4. Mühafizəkarlar partiyası da Rusiya mənbələrindən maliyyə yardımı qəbul edib, buna görə də o, özünü nüfuzdan salmağa risk edir. Müəyyən mənada bu ianələr, əsasən, əhəmiyyətsiz olublar və buna görə də hər hansı bir ciddi şübhə doğurmamalıdırlar. Misal üçün, 2014-cü ildə Rusiyanın keçmiş maliyyə nazirinin həyat yoldaşı Lyubov Çernuxinaya Kameron və Boris Consonla tennis oynamaq imkanına görə 160 min funt sterlinq təklif edib. Bundan başqa, Rusiya ilə sıx əlaqəli olan kompaniyalardan da bağışlamalar var idi. Ancaq indi söhbət gəzir ki, Kameron dövründə Mühafizəkarlar Partiyasının ən səxavətli sponsorları mənbəyinin müəyyən edilməsi çox çətin olan “qaranlıq pullar” bağışlayıblar.

Bütün bu hekayə üzücü bir fakta gətirib çıxarır: Britaniya hökuməti öz xüsusi siyasi maraqlarını ölkənin maraqlarından və onun milli təhlükəsizliyindən üstün tutmağa qərar verib. O, həmçinin Amerika prezidenti ilə münasibətləri hərbi və kəşfiyyat sferalarında ingilis-amerika tərəfdaşlığından üstün tutmağa da qərar verib.

Mey hökumətinin qətiyyətlə hərəkət etmə ehtimalı kiçikdir. Mümkündür ki, kəşfiyyat xidmətlərinə Rusiyanın təsirləri haqqında artıq çox şey məlumdur, lakin hökumətin onların işlərinin nəticələrini dəfn etməyə cəhd etməsi onu göstərir ki, bu xidmətlər susmalı olacaqlar. Hökumət hələ ki, hərtərəfli və şəffaf təhqiqatın başlanması haqqında siqnal vermə hazırlığının hər hansı bir əlamətini nümayiş etdirməyib.

Bu arada, hökumət və Mühafizəkarlar Partiyası hazırda Britaniya siyasi səhnəsini səciyyələndirən seks biabırçılıqları, kiçik rəqabətlər və "Brexit" ətrafındakı mübahisələr dalğasının öhdəsindən gəlmək üçün çarəsizcə səylər göstərir. Ancaq onlar Britaniya xalqı qarşısındakı öz öhdəlikləri haqqında düşünməli və qədim dövlətə xəyanət anlayışını – “kralın düşmənlərinə yardım və dəstək vermə”yi xatırlamalıdırlar.

Rusiya müdaxiləsi qarşısında öz öhdəliklərini yerinə yetirməkdən həyasızcasına və qorxaqcasına imtina etmək, son nəticədə yekun eyni olsa da, (öz öhdəliklərini) pozma deyil, daha çox səhvdir. Ədliyyə Nazirliyinin terminologiyasından istifadə etsək, Birləşmiş Krallığın liderləri “dolayı şəriklər” olublarmı? Hüquq nöqteyi-nəzərindən, xeyr, ancaq əxlaqi baxımdan düşünsək, cavab tamamilə təsdiqedici ola bilər.

Nil Barnett

"The American İnterest", ABŞ

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar