Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşanənin ətəyinin ümidinə qalanlar


Azərbaycan mətbuatı və televiziyası özünün ən iyrənc, ən murdar, ən bayağı, ən görməmiş dövrünü yaşayır


Zövq, əxlaq, mədəniyyət, etika kimi dəyərlər çox, çox uzaq keçmişdə qalıb. Bu gün xırda istisnalar eləmək şərti ilə, Azərbaycan mətbuatını, televiziyasını ancaq və ancaq bir şey düşündürür: oxunmaq və  baxılmaq. Bunun üçün demək olar ki, bütün jurnalistlər, aparıcılar hər şeyə hazırdılar. Efirdə qalmaqal yaratmaq, oxucuya «gəl-gəl» deyən başlıq qoymaq kimi fəndlər artıq geridə qalıb. Oxucunun, tamaşaçının gözləri belə  şeylərə alışdıqca daha yeni, daha sərt, daha inanılmaz addımlara əl atmaq vacib olur.

Biri studiyaya adam çağırıb, zırıl-zırıl ağladır, biri qonaqlarını saçyolduya, əlbəyaxaya çıxardır, biri dilini ən stajlı bazar alverçisindən daha sərt ifadələrlə zənginləşdirir, biri şpaqat açır, biri gizlənpaç oynayır və s….  

 Amma axırıncı yol hələ bu da deyil. Axırıncı yol, xəbərçilik, jurnalistika adına ən yaramaz, ən biyabırçı hərəkət, efirdə, sosial şəbəkələrdə baş verən istənilən bayağılığı, açıqlığı xəbər etməkdir. Son zamanlar saytlar belə xəbərlər hazırlayırlar: «Filankəs efirə mini ətəkdə çıxdı», «Filan aparıcı şortik geyindi», «Filan müğənnidən erotik pozlar» daha nə bilim, nə. Azdan-çoxdan auditoriyası, tamaşaçısı olan istənilən müğənni, aparıcı peşmandı dekolteli bir şəklini paylaşmağa. Saytlar xəbər verir. Aparıcı illərdir geyindiyi mini yubkanı efirə geyinir. Saytlar xəbər verir. Aktrisa nişanlısı ilə şəkil paylaşır, saytlar xəbər verir. Şoumen dişinin ağrıdığını yazır, saytlar xəbər verir.

Baxırsan ki, baş redaktoru ciddi adamdı, yekə kişidi, toyda-yasda söz deyən, kostyumlu-qalstuklu ağsaqqaldı, amma saytı yazır ki, «Rövşanə efirə mini yubkada gəldi». Saytını oxutmaq üçün Rövşanənin ətəyinin ümidinə qalan adama necə ciddi yanaşırlar, necə hörmət edirlər - başa düşmək olmur. Başqa vaxt əxlaqdan, ağırlıqdan, kişilikdən, ağır oturub, batman gəlməkdən, dəyərlərdən danışırlar, amma rəhbərlik elədikləri mətbu orqanlar bütün günü Aygünün dalını güdür ki, xəbər eləsin.

Hələ bu başqa məsələ ki, Aygünün dalı, döşü barədə xəbər yazıb, bu xəbərə görə qonorar alıb, onu necə ciddi-ciddi xərcləmək, bu pulla necə ciddi işlər görmək olar? Təsəvvür edin ki, bir ailə özünə ev tikir. Torpaq sahəsi alınmalı, daş, qum, sement gətizdirilməli, taxta-şalban sifariş edilməlidir. Ailənin başçısı isə bütün bunların pulunu Rövşanənin ətəyindən yazmaqla qazanır. Vallah, Pazolini qələt edir.

Bir tərəfdən də qınamaq olmur. Neyləsinlər? Siyasətdən yazma, nazirdən yazma, nazir oğlundan yazma, nazir nəvəsindən yazma, müxalifət liderindən yazma, Anardan yazma, JEK müdirindən yazma. Sayta da nəsə qoyulmalıdır axı. Əlac da qalır ancaq kiminsə dalına, kiminsə tumanına, kiminsə lifçiyinə, kiminsə itinə, kiminsə pişiyinə…

Azərbaycan mətbuatı sürətlə tuman mətbuatına çevrilir…

Günel MÖVLUD


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar