Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızın olsa, ikiniz də doğum evində qalacaqsız


Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir:


 
Havaların sərinləməsiylə hamiləliyi nisbətən rahat keçirməyə başlamışdım. İlk bir ayı dayanmadan qusdum, sonrakı ay qotur tutmuş kimi qaşındım – yadıma düşəndə indi də tüklərim ürpəşir – ən çox da göbəkdən aşağım qaşınırdı. İki ay da Emindən iyrəndiyimə görə qusdum. İndi elə bil azacıq babatlaşmışdım. İçimdə iki ürək döyünürdü. Ağ ciyərlərim, qara ciyərim elə bilirdim kürəyimə doğru çəkilib, bu körpə məxluqa qarnımda rahat bir yuva düzəldib. Döşlərim dolub dikəlmişdi, saçlarım uzanmışdı. Təpədən dırnağa dəyişilmişdim, hətta deyəsən qəşəngləşmişdim. Eminin qısqanclığı, anlamazlığı olmasaydı, deyərdim ki, bu evə də isinişmişdim. Ötən aylar ərzində bu evin adamlarına bələd olmuşdum.
 
Hamiləliyimin beşinci ayında canıma çox güclü bir cinsi istək doldu. Gəlin olduğum gündən bəri heç belə şey arzulamamışdım. Əksinə, bezirdim, ağrıyırdım deyə bacardıqca yataqdan gen durmağa çalışırdım. Bəzən Eminin əlindən qaçıb qaynatamın otağında gizlənirdim, qapının yanındakı köhnə divanda meymun kimi büzüşüb yatırdım. İndisə özümü tanıya bilmirdim. Bəlkə bu da hamiləliyin gətirdiyi bir gözəllik idi, bilmirəm. Tərs kimi həkim qaynanam Eminə bərk-bərk tapşırmışdı ki, bu aylarda mənə yaxın durmasın. Çox vaxt bizi ayrı-ayrı otaqlarda yatızdırırdı. İndi bilmirdim ürəyimdən keçəni Eminə necə anladım. Mən ona yaxınlaşdıqca o məndən qaçırdı. 
 
Bir gecə gedib Eminin yatağına girdim. Qollarını aralayıb özümü onun sinəsinə pərçimlədim. O təəccüblə üzümə baxıb soruşdu:
 
- Sənə nə olub?
 
- Heç nə, pis yuxu görmüşəm, qorxuram, - dedim.
 
Əlbəttə, yalan deyirdim. Mən var gücümlə həmişə qaçdığım bu adamın köksünə qısıldım. Bir balaca həssas olsaydı, bədənimin ehtirasdan yandığını duyardı, nə istədiyimi dərhal anlardı. O anda məni başa düşsəydi, vallah, bir könüldən min könülə aşiq olardım ona. Di gəl, mən buna sığındıqca bu məndən bir az da uzağa çəkilirdi. Handan-hana bir az da həyəcanla dilləndi:
 
- Axı nolub sənə, nə istəyirsən?
 
- Səni istəyirəm, ay adam, səni.
 
- Niyə? Anam deyir olmaz axı.
 
- Mən istəyirəm, olacaq, - deyib özümü ona bir az da möhkəm sıxdım.
 
Emin saçlarımdan ehmalca yapışıb, pörtmüş üzümə diqqətlə baxandan sonra məni özündən azca araladı. Mən onun müqavimətinə məhəl qoymadan bütün ağırlığımla özümü bu yabanı adamın üstünə atdım. Mənim istəyim ona da sirayət elədi, şəhvətini boğa bilmədi. Deyəsən bir az da maraq yaranmışdı onda ki, görsün mən nə istəyirəm.
 
Ehtiras köhlənlərinin cilovunu buraxdıq. Yetişmiş çibana vurulan neştərdən sonra ağrısı azalan yara kimi oldum bir anlıq. Gözlərimin önündə bəzəkli bir pərdə açıldı. Hissim, həyəcanım su səpilmiş, alovu avazımış ocağa döndü.
 
Üz-gözümə çökmüş xəfif təbəssümü də götürüb sakitcə çəkilib getmək istəyirdim. Birdən mənə elə gəldi tavan uçub başıma düşdü. Bir anlıq nə baş verdiyini kəsdirə bilmədim. Bir onu bildim ki, başım nəsə bərk bir yerə dəydi, burnumdan fışqıran qan yatağımı islatdı...
 
Huşum özümə qayıdanda yan-yörəmdə qara-qara atlı qarışqaların qaynaşdığını gördüm. Gözlərimi bir az da gen açanda qaraltıların qarışqa yox, qaynanam, eltim, baldızım olduğunu kəsdirdim. Yenə elə bildim məni qara basır. Axı bir xeyli əvvəl mən başqa bir dünyanı dolanıb gəlmişdim, həyat bir özgə ləzzət daddırmışdı mənə. Bəs bu arada nə baş verdi ki, yenə ağzımda qan dadı, burnumda qan qoxusu, başımın üstü dolu adam? Heç nə xatırlaya bilmirdim.
 
Dostum, desəm inanarsanmı? Adam ərindən kamını almış, orqazma yetişmiş halalca arvadının başını çarpayının tininə vurub ağız-burnunun qanını bir-birinə qatmışdı ki, sən bunu hardan bilirsən. Nə vaxtdan bəri unutduğum valideynlərimə yenə qarğışlar, nifrinlər yağdırmağa başladım – “mahalın ən gözəl oğlanı” adıyla məni bir sfinksə ərə vermişdilər. Bir ömür bununla necə yaşayacaqdım mən?
 
Başımda dözülməz ağrı, qəlbimdə çalxantılar, bətnimdə gün-gündən yerini bərkidən körpə, ağzımda iyrənc qan dadı, üstəgəl 23 yaşlı qadının təhqir olunmuş, başına çırpılmış ehtirası...
 
O gündən sonra bir yerdə nə qədər yaşadıqsa mənim dişi marağım oyanmadı Allahın bu bər-bəzəkli məxluquna. Onun qulluğunda bir kölə kimi, kəniz kimi dayandım. Vəssalam.
 
***
 
O hadisə məni Emindən biryolluq soyutdu. Sonralar o mənə nə qədər can atırdısa mən ondan bir o qədər uzaqlaşırdım. Otağımıza bitişik yarıqaranlıq bir otaq vardı, mən həmin otaqdakı köhnə divanın üstündə yatırdım. Yerimi dəyişməyim qaynanamın lap ürəyindən olmuşdu. Bu qadın məni öz oğluna günü kimi qısqanırdı. Onun davranışlarını gördükcə nənəmin çəkdiyi bir məsəl yadıma düşürdü: “Oğlan uşağı doğulanda onun kişiliyi ilk dəfə öz anasının qasığına dəyir. Bu səbəbdən də qaynana gəlinə günübacı kimi baxır”. Biz azacıq mehriban dolananda qaynanamın məni görməyə gözü olmazdı, mən ərimdən ayrı otaqda yatanda onun çiçəyi çırtlayırdı. Gecələr bizim otağın qapısını qəfildən açıb baxırdı, yorğan Eminin üstündən sürüşübsə, ayaqlarını yerə çırpa-çırpa gəlib onun kürəyini örtüb gedirdi. Bu da məni yaman utandırırdı, o səbəbdən çox vaxt paltarlı yatırdım.
 
Sentyabr bitmək üzrəydi. Həyətimizdəki qoz-fındıq ağacları həmin il çox yaxşı bar gətirmişdi. Qarnım böyüdükcə iştaham da artırdı. Havaların soyuması canımı dincəltmişdi, yenidən gümrahlaşmışdım. Bətnimdəki körpə hər an mənə özündən xəbər verirdi, içimdəki o qaynar soba soyumaq bilmirdi.
 
Evin yır-yığışını, biş-düşünü bitirəndən sonra düşürdüm bağa. Ağacların dibi motal-motal qozlarla doluydu. Hər qozdan ötrü əyilib-qalxırdım, bu da məni çox yorurdu, ancaq yerdə qoymağa da hayıfım gəlirdi. Qaynatam qoca kişiydi, qoz-fındıq ağaclarının barını yığıb çatdıra bilmirdi. O biri yandan mənim də halımı anlayırdı, ona görə də məndən ötrü balaca bir kətil düzəltmişdi, elə oturduğum yerdəcə ağacdan tökülən qozu dənləyirdim. Ömrümdə bu qədər qoz görməmişdim, onları topladıqca əsəblərim sakitləşirdi.
 
Bir neçə gün bu minvalla davam eləyəndən sonra yığdığım qozu sərib qurudub kisələrə doldurdum. Bir səhər qaynanam yanında bir pırpızbaş arvad gətirdi, topladığım qozun hamısını ona satdı. Bu da məni çox pərişan elədi, elə bildim bütün əməyim zay oldu.
 
Sonra ağacın başında qalan qozu çırpıb yığdım. Qız vaxtı geydiyim paltarları Emin burda geyinməyə qoymurdu, ona görə də o paltarları kəsib-doğrayıb bəzəkli torbalar tikmişdim. Qaynatamın təklifiylə o torbaları qozla doldurub, hərəsinin üstünə şəhərdə yaşayan qardaşlarımdan birinin adının baş hərfini sapla toxumuşdum. Nə vaxt yanıma gəlsəydilər bu dolu torbaları onlara pay verəcəkdim. Gündə neçə yol həvəslə o torbalara baxır, həsrətlə qardaşlarımın yolunu gözləyirdim.
 
Bir dəfə qaynatam iki günlüyə harasa getdi. Bu fürsəti əldən verməyən qaynanam torbaların ağzını bir-bir açıb hamısını iri bir kisəyə boşaltdı:
 
- Bu qədər qozu pay vermək olmaz.
 
Mən oğurluq üstə yaxalanmış kimi boynumu bükdüm:
 
- Mahmud əmi (qaynatamın adıydı) dedi, mən də yığdım.
 
- Mən də boşaltdım bura! Sən də Mahmud əminə heç nə deməzsən. Evin ağbirçəyi mənəm, kimə nə pay lazımdı, özüm qoyacam.
 
Elə pərt olmuşdum ki, bıçaq vursaydılar qanım çıxmazdı. Bir tona yaxın qoz yığmışdım, ondan hər qardaşıma 4-5 kilo bacı payı versəydim, bu ev, bu külfət çökəcəkdimi?..
 
Sonra da qaynanam sevə-sevə tikdiyim bəzəkli torbaların içinə əlinə gələni yığıb baldızımın evinə apardı.
 
Bütün günü qapı-bacada suçlu-suçlu dolandım. Ər evindən oğurlayıb atası evinə daşıyan əliəyri arvad kimi hiss eləyirdim özümü. Uşaqlıqdan beynimə yeritmişdilər ki, qadının-qızın oğurluqdan böyük qəbahəti yoxdu. Nənəm həmişə deyərdi: “Arvada qəhbəlik gəlib, oğurluq gəlməyib”.
 
Axşam pərtliyimin səbəbini Eminə açıb dedim. O heç tövrünü pozmadı:
 
- Qoy bu sənə dərs olsun, bir də anamdan icazəsiz belə işlər tutmayasan...
 
***
 
Aylar gəlib keçsə də, canımdakı körpəyə mehr salammırdım, bətnimlə heç cür bağlantı qurammırdım. Di gəl, ondan qurtulmağın yolunu-yolağasını da bilmirdim. Doğrusu, heç istəmirdim övladımın atası Emin olsun, özümü, bəxtimi, taleyimi bu qana, bu kötüyə calamaq istəmirdim. Bütün gün bu barədə düşünürdüm, düşündükcə qol-qanadım sınıb yanıma düşürdü – başqa yolum, ayrı çarəm qalmamışdı. Gedəcək, sığınacaq bir yerim də yoxuydu. Necə deyərlər, ələyim ələnmişdi, xəlbirim də göydə fırlanırdı.
Sentyabrın axırlarına doğru elə kökəlmişdim ki, görənlər məni tanımırdılar. Qıvrım cod saçlarım ipək kimi yumşalmışdı, axıb üz-gözümə, kürəklərimə tökülürdü. Əvvəlki illərdə iki dəfə ülgüclə qırxılsa da, tellərim yenə buruq-buruq bitirdi. Qaynanam saçımı kəsdirməyə qoymurdu:
 
- Hamilə qadın saç kəsdirməz, - deyirdi, - düşər-düşməzi olar.
 
Buna görə doqquz ay saçlarıma qayçı dəymədi. Nə gizlədim, heç özümün də həvəsim yoxuydu saç kəsdirməyə, o gözəlliyə qıymağa əlim gəlmirdi.
 
Bətnimdəki körpə yavaş-yavaş adam olurdu, əl-qolunu, ayaqlarını hiss eləyirdim artıq. Hələ də məni həkimə göstərən olmamışdı, heç yerdə qeydiyyata alınmamışdım. Ancaq bu məni qəti narahat eləmirdi. Qaynanam bütün günü baldızımla oynayırdı, elə üzüməcə deyirdi ki, sənin də anan zəhmət çəksin, gəlib sənin nazınla oynasın. Axşam-səhər kirimirdi:
 
- Uşağa kolyaskanı, yorğan-döşəyi anangil almalıdılar. İndidən xəbər elə, sonra gec olar.
 
Əlimdə olsaydı mən bu uşağı heç doğmazdım, elə qarnımdaca saxlayardım – axı o, içəridən mənim ətimi yeyib qanımı içdikcə mən çöldən daha da gözəlləşirdim...
 
Bir gün səhər yeməyi vaxtı Emin qəfildən qayıtdı:
 
- Həə, nə fikirləşirsən, qızın olsa, ikiniz də doğum evində qalacaqsız.
 
Düzü, ondan belə qurşaqdan aşağı zərbə gözləmirdim.
 
- Niyə, - dedim, - bəyəm uşağı ora mən qoymuşam, ya dədəm evindən gətirmişəm?
 
- Söz güləşdirmə. Dedim qız olmayacaq, vəssalam.
 
- Neynək, bu evdə yaşamaqdansa doğum evində qalmaq yaxşıdı.
 
Yenə dincliyim pozuldu. O günə qədər bətnimdəkinin qız, ya oğlan olduğu barədə düşünməmişdim, çünki belə atadan onların heç birini arzulamırdım. Eminin bu bəyanatından sonra elə bil yuxudan ayıldım. 
 
Günü necə batırdım, bilmirəm. Damarlarımda qanım elə qızmışdı ki, sentyabrın sərin mehi canımı soyutmurdu. Axşam hamı yatağına çəkiləndən sonra elə paltarlı-palazlıca özümü həyətdən keçən arxa atdım. Qurşağıma çıxan su, gecənin ayazı, payızın soyuğu da içimdəki yanğını söndürmədi. İri mis dolçayla soyuq suyu başımdan aşağı axıtdıqca axıtdım, yenə faydası olmadı. Şırıltıyla axan suya qarışmış həyəcanlı pıçıltılar, gecənin vahiməli titrəyişləri qəlbimi üşəndirməsəydi, bəlkə də səhəri suda açardım... 
 
ardı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar