Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymət müharibəsi başlandı


Neft hasilatı azalır, bu da neft satışından birbaşa asılı olan büdcə gəlirlərini azaldır.

Gələn ilin büdcəsində bu illə müqayisədə büdcə gəlirləri 4 faiz azalacaq. Hökumət neft itkilərini qeyri-neft sektorunu canlandırmaq və çox şaxəli iqtisadiyyat qurmaq hesabına kompensasiya etmək əvəzinə çox primitiv bir yola əl atıb. Yəni təbii inhisarların tariflərini artırmaq hesabına büdcə itkilərini ört-basdır etmək istəyir. Ancaq bu, çox ziyanlı yoldur, sonda bu tip qərarlar əhalidən çox hökumətin özünə problemlər yaradacaq. 

Adətən belə qərarlar cəmiyyətdə təbəqələşmə prosesini sürətləndirir. Sonda əhalinin alıcılıq qabiliyyəti o qədər azalır ki, biznesin inkişafı imkanları azalır, qeyri-neft sektorunun vergi ödəmələri azalır. Qiymətləri artırmaq əvəzinə hökumət vəziyyətdən çıxmaq barədə daha strateji düşünsə yaxşıdır. Ancaq təəssüf ki, hökumətdə strateji düşüncənin simptomları belə yoxdur. Bu tip qərarlar isə başqa sektorlarda da qiymət artımına rəvac verəcək. 

Malın (xidmətin) maya dəyərinin əsas komponentlərindən biri nəqliyyat məsrəfləridir. Bu məsrəflər artdıqca maya dəyəri və qiymət artır. Yanacağın qiyməti artandan sonra buna ilk reaksiyanı nəqliyyat sektoru verəcək. Çünki yük və sərnişin daşınmasının maya dəyərinin əsasını yanacaq xərcləri təşkil edir. Yanacaq xərcləri 30-33 faiz bahalaşıbsa, daşınma tariflərinin artacağı artıq aksiomadır. Bunun ardınca isə ticarət və xidmət sektorunda qiymətlər artacaq. Əslində məsələnin ən neqativ tərəfi yanacağın bahalaşmasının digər sektorlara yayılmasıdır. Bu, ölkədə inflyasiya risklərini artıracaq. Düzdür, Nəqliyyat Nazirliyi ciddi-cəhdlə bunu təkzib edir. Ancaq hökumət strukturlarının təkzibinə artıq heç həs inanmır. Tarif Şurası da, başqa dövlət qurumları da benzinin bahalaşacağını son ana qədər təkzib etdirdi. İddia edirdilər ki, belə bir müraciət daxil olmayıb. Ancaq qiymətlər bahalaşdı və bəlli oldu ki, müraciətlər var imiş. Ona görə də Nəqliyyat Nazirliyinin təkzibini ciddi qəbul etmirəm.

Özü də hələ aprel ayından Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqının artırılmasını təkid edirdi. O vaxt Tarif Şurası bu təklifi rədd etdi. O vaxt təklifi qəbul etməmək üçün ciddi əsaslar var idi. Çünki sərnişin daşınma xidmətinin maya dəyərində dəyişiklik yox idi. İndi artıq situasiya kəskin dəyişib və maya dəyər xeyli artıb. Yəni nazirliyin təklifinin reallaşması üçün münbit şərait yaranıb.

Kommunal sektorda da xidmətlərin tariflərinin artması tam real görünür. 2014-cü il dövlət büdcəsi layihəsində büdcə təşkilatları üçün kommunal ödənişlərin 346,8 milyon manat artırılması (2013-cü illə müqayisədə 85 faiz çox) və büdcəni tərtib edən maliyyə nazirinin açıqlaması qiymətlərin artacağından xəbər verir. Maliyyə naziri qiymət artımını real hesab etdiyini bildirdi. Büdcə təşkilatlarının kommunal ödənişlərinin artırılması 2 amillə bağlı ola bilər. Ya büdcə təşkilatlarının istehlak etdiyi enerji resurslarının həcmi bu illə müqayisədə 85 faiz artmalıdır, ya da qiymətlər. Üçüncü variant yoxdur. Həcmin artırılması real görünmür. Nə baş verib ki, büdcə təşkilatlarının istehlak etdiyi enerji resurslarının həcmi kəskin şəkildə - 85 faiz artsın? Deməli, qiymət artımı yeganə əsaslı versiyadır. 

Beləliklə, hökumət sanki qiymət müharibəsi elan edib. Toplum varlı hökumətdən Qarabağda müharibəyə başlayacağını umurdu. Hökumət isə qiymət müharibəsinə start verib. Elə bil insanlar üzərində eksperiment aparırlar.

Hökumət hələlik cəmiyyətin rəyi ilə hesablaşmağa ehtiyac duymur. Yəqin hesab edir ki, cəmiyyət ölüb və istədiyi qərarı həzm eləməyə məcburdur. Bəlkə də indiki situasiyada bu, həqiqətən də belədir. Həmkarlar ittifaqları yoxdur, siyasi partiyalar sosial narazılıqları siyasiləşdirməyə risk etmir, ancaq bu, sonsuzluğa qədər davam edə bilməz. Cəmiyyət hansısa mərhələdə toparlanıb müqavimətini təşkil edəcək. Özü də bu, çox yaxın gələcəkdə baş verəcək. Artıq neft gəlirlərinin azalması baş verir və yaxın vaxtlarda bu proses daha da sürətlənəcək. Bunun fonunda hökumət qeyri-neft sektorunu dirçəltmək, liberal iqtisadi azadlıqların sərhədini genişləndirmək əvəzinə, xırda nəfəscikləri belə qapayır. Təbii ki, toplum nə vaxtsa nəfəs almaq üçün ayağa duracaq.

Qadir İBRAHİMLİ


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar