Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırmızı mantiya geyinənlər


Yadigar Sadıqovdan yazmağa başlarkən ona 6 il hökm oxuyan hakim Elçin Kazımovu və Kamyunun “Taun” əsərindəki məşhur Taru obrazını xatırladım


Bu iki şəxsin həyatı ilə bağlı bəzi məqamlar hardasa kəsişir. Çünki onları birləşdirən çox şey var. Məsələn: TAUN.

Bəli, bəli taun... O taun ki, bu gün hamımızın ona yoluxmaq, onun dəhşətli əzablarından ölmək ehtimalımız var. 

Amma nədənsə Taru bütün cılpaqlığı, səmimiyyəti, etirafları və yaşadığı ağrılarla adama daha çox doğma görünür. Bəlkə, elə ondandır ki, “Taun”u Tarusuz, Tarunu isə taunsuz təsəvvür etmək mümkün deyil. O, taunun canlı görüntüsüdür və hər Taru ilə bir damın altında bir taun yaşayır.  

Əslində bu problem Turgenevin "Atalar və oğullar" əsərində daha kəskin qoyulub. Ona görə də Taru bir az da Bazarovu xatırladır: Oğullar-atalar qarşıdurması... 

Taru məhkəmədə hakimdən - qırmızı mantiyalılardan bir çoxlarının ölmünə oğlunun gözü qarşısında “başı kəsilsin” hökmünü tələb edən və dövlətin ədalətsizliklərinə ortaq olan bir məhkəmə vəkilinin oğlu idi. Ən dəhşətlisi isə bu idi ki, atası öz əməlləri ilə sənətini oğluna sevdirmək istəyirdi, amma anlamırdı ki, bununla özü də, sənəti də Tarunun gözündən düşür... Və Taru hətta "müqəssir"ə belə atasından çox rəğbət bəsləyirdi.

“Ən böyük taunlular qırmızı mantiya geyinənlərdir”. Bunu da Kamyunun “Taun”undakı Taru deyirdi. Taru taun hələ şəhəri caynağına almamış onun dəhşətlərini, bu epidemiyanın acılarını yaşayan və qurtuluşa can atan biri idi. Ona bu acını isə məhz “qırımızı mantiya geyinənlər” yaşatmışdı. Ona görə də şəhəri bürüyən taun Taruya o qədər də faciəli görünmürdü.  

Yadigar Sadıqova hökm oxuyan hakim daha çox Tarunun atasını xatırladırdı. Bəlkə, onun da evində atasının əməllərinə etiraz edəcək, bunu ən böyük “taun” adlandıracaq və  sonda bu taunun qurbanına çevriləcək bir Taru var...

Yadigar Sadıqova hökm oxuyan hakim isə şair Məmməd Kazımın oğlu idi. Şairlər incə, kövrək ruhlu olur. Həmişə humanizmi təbliğ etdiklərindən, adətən, az da olsa, onların ruhu övladlarına da keçir. Amma mən Elçin Kazımovda (Zatən, bu ölkənin, gəncliyin şair, yazıçı övladlarından çəkdiyi az olmayıb) bu ruhu görə bilmədim. 

Məhkəmədən öncə Xalid Bağırova “bəlkə, çıxışında Məmmədkazmın şeirlərindən bir-iki sitat gətirəsən” deyə təklif etdim. Qoy humanizmdən danışan atasının şeirləri müqabilində tarixi bir cinayətə imza atsın. Amma nə yazıq ki, heç əməlli bir şeirini də tapa bilmədik. Yəni bu təklif alınmadı. Hətta hakimin sifətində insanlıq hissindən heç bir əsər-əlamət olmadığını görəndə bu fikrimə görə peşman oldum. Yadigar bəyin fransızların məşhur “Oyuncaq” filmindən gətirdiyi sitatdan ("Siz necə, cavab verə bilərsinizmi, kim daha dəhşətlidir – sizə günahsız insanı həbs etməyi əmr edənlər, ya da bu əmri dinməz-söyləməz yerinə yetirən sizlər? Bəlkə, siz bu qədər əmrə müntəzir, bu qədər buyruq qulu olmasaydınız, onlar da bu qədər zalım olmazdılar") sonra isə əmin oldum ki, hakim hələ məhkəmə başlamamış hökmü oxuyub. 

Hakim 6 il hökm oxuyub “kim məni söyəcəksə, özünə çatsın” deyə tələsik zalı tərk edəndə isə bir şeyə tam əmin oldum; əgər bu ölkədə ölüm hökmü ləğv olunmasaydı, o, – qırmızı mantiya geyinənlər  tərəddüd etmədən Yadigar Sadıqova, onun kimi yüzlərlə günahsız məhbusa, İlqar Məmmədova, Tofiq Yaqubluya bu hökmü çıxaracaq, bundan sonra kabinetinə çəkilib bir az fkirləşər, daha sonra isə “mənim günahım yoxdur, tapşırdılar yerinə yetirdim” deyə özünə təsəlli verər, daha sonra bu hökmə görə aldığı ənamı alıb evinə gələr, oğlunu – Tarusunu oxşayıb cibinə xərclik basar, hamama girib ilıq bir duş qəbul edər, üstünə gələn qara fikirləri özündən uzaqlaşdırmağa çalışar, əgər evdə müqəddəs kitab varsa, əlinə alıb öpər, “Tanrım, sən şahidsən ki, mənlik bir iş yoxdur. Neyləyim, balama çörək qazanıram” deyərək özünə haqq qazandırmağa çalışar. Onun Tarususa fərqinə varmaz ki, atasının cibinə basdığı xərclik hansı hökmə görə verilən ənamdır. Çünki o, baş verənlərdən, atasının əməllərindən, balaca Məhəmmədin, Ayselin, Nərgizin çəkdiyi əzablardan xəbərsizdir... Bəlkə də, xəbəri olsa...

“Qırmızı mantiya geyinənlər...”. Onlar nə körpələrin, nə də qadınların göz yaşına baxmaz. Onların etiraz etmək hissi, düşünmək azadlığı öz əllərində deyil. Onların “azadlığı” insanlığa yox, sadəcə Tarulara komfort həyat bəxş etməyə, sifariş yerinə yetirməyə, xalqın cibinə girməyə, ölkəni talan eləməyə, günahsız insanları həbsxanalara atmağa köklənib. Var-dövlət, səltənət ehtirası önların qəblərini elə möhürləyib ki, doğrudan da, anlamırlar tarix daha amansızdır və heç kəsdən üz gizlətmədən hökm verir. Düşünmürlər ki, bir vaxt gələcək tarixin hökümdən bir həqiqət doğacaq: öz övladları - Tarular onlara nifrət edəcək.

Sonda bir şeyi də qeyd edim: Mən budəfəki yazımı müəllimim, dostum, Müsavat başqanının müşaviri Yadigar Sadıqova deyil, günahsız yerə həbs olunmuş jurnalist həmkarım Yadigar Sadıqova həsr etdim. 

İnanıram ki, Azadlıq Günəşi doğacaq!


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar