Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətiyyətli qanun


Parlamentə aparatdan təzə qanun göndərilib, bu qanuna əsasən deputata 3 dəfə töhmət verib işdən qovmaq sərbəstləşdirilir


Doğrusu, mən bunun önəmini anlamadım, onsuz siyahı ilə təyin edilən adamlardır, istənilən vaxt da bir-birinə döydürüb mandatı almaq olurdu. Təzə qanuna nə ehtiyac vardı ki? Bəlkə “iş görürük” demək istəyirlər? O zaman da sual yaranır: kimə demək istəyirlər? Belə tələbat sıfırın altındadır, heç kimin vecinə deyil onu deputatxanada təmsil edən varmı. Hər seçki dairəsinin ərazisində sadəcə dörd-beş diribaş adam olur, onlar deputat qoyulan şəxsi bezdirib, yolda-rizdə qabağını kəsib hərdən beş-on manatını yolurlar. Vəssalam. Bizim qanun yaradıcılığımız, parlamentarizm mədəniyyətimiz-filan elə bundan ibarətdir.

Sözgəlişi, bu münasibət bizdə keçən ilki referendumda vitse-prezident institutunun yaradılmasında da özünü göstərdi. Əvvəl deyirdilər ən azı 3 vitse-prezident olacaq, indi isə deyirlər biri olmalıdır, o birilər olmaya da bilər. Ümumiyyətlə, camaatın yadından çıxıb ki, biz o referendumu niyə keçirtdik. Bu minvalla apreldə də birini keçirmək olar – kimsə xəbər tutmaz.

Deputatlara 3 dəfə töhmət verib işdən qovmaq qanunu səsə qoyulanda deputatlar bunu dəstəkləyibdir. İndi bəziləri təəccüblənir ki, adam da özünün əleyhinə olan qanuna səs verərmi? Əlbəttə, verər! Bu, robotlar haqda məşhur qanunda da öz əksini tapıbdır. Həmin qanunları fantast yazıçı Ayzek Azimov özünün “Yallı” hekayəsində 1942-ci ildə yazıbdır. Gəlin oxuyaq, görək robot texnikası üçün həmin 3 qanun necədir:

Robot insana zərər yetirə bilməz, həmçinin, öz fəaliyyətsizliyi ilə insanın zərər görməsinə səbəb olmamalıdır.
Robot insanın bütün əmrlərini yerinə yetirməyə borcludur – əgər əmrlər Birinci Qanunu pozmursa.
Robot özünü Birinci və İkinci Qanunları pozmadan qorumaq haqqına malikdir.

Gördüyümüz kimi, indiki halda deputatlar rəhbərliyin istəyinə qarşı çıxa bilməzlər. Bu istəyin mənası isə müzakirə edilmir. Dinlər belə hallarda yaxşı metod bilirlər, götürüb istifadə eləmək sərbəstdir: “Bizim bildiyimizi siz bilmirsiniz”. Vəssalam, söhbəti bağlayırsan gedir.

Din demişkən, başqa bir qanun projesinə görə xaricdə dini məktəb oxuyanlara moizə eləməyə icazə veriləcəkdir. Bunu təzə qadağan eləmişdilər. Misal üçün, indi ərəbin dinini Ərəbistanda oxuyub gələnin məsciddə camaatla danışmağa ixtiyarı yoxdur – tutub zindana salırlar. Absurd bir qanundur. Ancaq deyəsən bunun absurdluğunu özləri də anladılar, indi qanunu geri oxumaq istəyirlər. Olsun. Öyrəncəliyik. “Bir növ adətkərdə olmuşuq” – lətifədə deyilən kimi.

Son illər eksperiment kimi çıxarılan, sonra ləğv edilən o qədər qanun-qərar görmüşük ki, hətta indi bir ildən çox yaşayan qanuna və qərara camaat pis gözlə baxır, deyirlər qanuna bax, qoca kaftardır. Yaddaşımın operativ hissəsindən bir-iki örnək yazım, özünüz də yada salın. Misal üçün, arağı ancaq kartla satmaq qərarı var idi. Sonra qazın limiti az oldu, artırdılar. (Düzdür, indi ümumiyyətlə qazı kəsib xaricə satırlar, ancaq nə dəxli? Əsas odur qaz haqda qanunumuz var, üstündə çay qaynadırıq. Qanunun bacasını təmiz tutun, neçə adam qanunun qazından ölübdür).

Yaxud, valyuta dəyişmə məntəqələri ləğv olundu, minlərlə adam işsiz qaldı, qara bazar açıldı, neçə adamı bu mənasız “cinayətə” görə tutdular. Çox gülməli qərar idi, axı bir insan könüllü olaraq öz pulunu başqa insandakı pulla dəyişirsə, bundan dövlətə nə? Burda kriminal nə var? Dövlət uzağı burda kiminsə aldadılmasına mane ola bilər, o da şikayət əsasında. Uzun sözün qısası, indi təzə qanun qayırırlar, “eksçeynclər” açılacaq. Niyə bağlamışdılarsa, elə məntiqlə də açılmasını izah edəcəklər. Yuxarıda yazdığım kimi, əslində onlardan bu izahı istəyən yoxdur.

Dövlətçiliyimizin bu siyasətinə “tərəddüd siyasəti” adı vermək istədim, ancaq özüm də tərəddüd elədim. Bəlkə qətiyyətin təntənəsi adlandıraq? Bu daha yaxşı səslənir.

Zamin HACI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar