Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Gəncə olayları ilə bağlı niyə susur?


Dini radikalizmi hər zaman pisləyənlər bu dəfə reaksiya bildirməyə tələsmir; deputat: “Bu məsələdə də ikili yanaşma göz qabağındadır”


İyulun 10-da Gəncə şəhərində bir qrup radikal dini  yönümlü şəxslər iğtişaş törətməyə çalışdılar. Xəncər və digər bu kimi kəsici alətlərlə silahlanmış  bir qrup insanlar xidməti vəzifəsini yerinə yetirən Azərbaycan polisinin üzərinə hücum çəkib, iki yüksək rütbəli polis zabitini qətlə yetirdilər.

Olay günlərdir ki, Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı ölkə mətbuatında, televiziyalarda müzakirələr təşkil edilib, iğtişaşçı dini radikal qruplaşmanın hansısa xarici güclər tərəfindən idarə olunduğu söylənilir.

Lakin maraqlıdır ki, dini radikal qruplaşmalara qarşı hər zaman kəskin mübarizəsi ilə tanınan Qərb dairələri, beynəlxalq güclər bu məsələdə susub, heç bir mövqe ortaya qoymurlar. Bu günlər ərzində hansısa Qərb təşkilatı məsələyə reaksiya verməyib.

“Yeni Müsavat”a danışan deputat Elman Nəsirov bildirib ki, doğrudan da yaranan mənzərə olduqca təəssüf doğurur: “Burada söhbət özünü dindar kimi təqdim edən radikal qüvvələrdən gedir. Əslində onlar islamafob qüvvələrin sifarişini yerinə yetirən ünsürlərdir. O ünsürlərdir ki, onlar beynəlxalq ictimai fikirdə müsəlmanların mənfi imicinin yaradılması üçün dəridən-qabıqdan çıxırlar. Onlar öz sifarişçilərinin tapşırığını yerinə yetirib, ”İslam bərabərdir terrorizm" düsturunun formalaşmasına xidmət göstərirlər. Bu baxımdan 150-200 nəfər özünü müsəlman kimi təqdim edən radikal dini qruplaşmanın üzvləri, əslində terror aktının, iğtişaşların icraçılarıdır, onların arxasında isə təşkilatçılar dayanıblar. Bu qüvvələr Azərbaycan dövlət başçısının həyata keçirdiyi multikulturalizm siyasətini ilə barışmaq istəmirlər. Onlar birmənalı şəkildə Azərbaycanda sabitliyi pozmağa, idarəedilən xaos yaratmağa çalışırlar. Bütün bunların fonunda isə beynəlxalq aləm susub. Bu, təəccüb və təəssüf doğuran haldır. Məsələ ondadır ki, dəfələrlə Qərbin müxtəlif siyasi dairələrinin davranışlarında şahidi olmuşuq ki, onlar dini radikalizmə qarşı mübarizə aparırlar. Onlar “Əl-Qaidə”, İŞİD-lə beynəlxalq mübarizə apardıqları görüntüsünü yaradırlar. Azərbaycandakı qrup da öz məramı, davranışı, fəaliyyəti ilə heç də sadaladığım terror təşkilatlarından fərqlənmir. Ancaq “Azərbaycan xalqının, dövlətinin  bu məsələlərdə yanındayıq və ona dəstəyik” mesajı verilmir. Bu isə təbii olaraq ölkə ictimaiyyətində narazılıq doğurur. Dini radikalizm, separatizm və terrorizm bir-birini tamamlayan həlqələrdir. Terrorizmə gedən yol dini radikalizmdən başlayır. Belə olan vəziyyətdə beynəlxalq aləmdə terrorizmə qarşı koalisiya yaradan nəhəng dövlətlər gözləmə mövqeyi seçməli deyil. Onlar məgər bilmirlər ki, terrorizm bu gün çox böyük immunitetə malikdir?"

Deputat bildirib ki, dini terrorizmə qarşı hər yerdə və hər zaman prinsipi ilə mübarizə aparılmalıdır: “Bir yerdə dini radikal və terrorçu yaxşıdır, başqa yerdə pisdir yanaşması qəbul edilməzdir. Nə qədər ki, bu məsələdə ikili standartlar var, o halda dini radikal cərəyanın təmsilçiləri və bütövlükdə terrorçular rahat fəaliyyət göstərəcəklər. Hesab edirlər ki, çox münbit şərait yaranıb ki, bir halda onlara göz yumulur, başqa halda mübarizə aparılır. Bu, beynəlxalq terrorizmə və dini radikalizmə qarşı koordinasiya olunmayan mübarizədir. Məsələyə belə yanaşma da təbii ki, dini radikalçıların, terrorçuların mənafeyinə uyğundur. Haqlı olaraq Azərbaycan ziyalıları, ictimaiyyət nümayəndələri məsələdən narazıdır və mövqe bildirirlər. Bu mövqe ondan ibarətdir ki, bir ölkədə dini radikal cərəyanlar terror əməli törədirlərsə, digər ölkələr bu halda düşünməməlidirlər ki, onların qapıları ”döyülməyəcək".  Düşünməsinlər ki, onlar bu cür dini radikal cərəyanların hədəfində olmayacaqlar. Kimin ağlına gələrdi ki, şimalında Kanada, cənubunda Meksika, sağında-solunda Atlantik və Sakit okean olan ABŞ terrorizmin hədəfində olar. Ancaq bu, baş verdi. Deməli heç bir dövlət terrorçuların, dini radikal cərəyanın təmsilçilərinin hədəfindən kənarda qala bilməz. Yalnız bir halda sığortalanmaq olar ki, koordinasiya olunmuş, əlaqələndirilmiş mübarizə olsun. Hərə öz yerində oturub “Bu təhlükə məndən sovuşdu” düşüncəsi ilə yanaşsa, o zaman 21-ci əsrin vəbası sayılan dini radikalçıların, terrorçuların hücumundan sığortalanmaq olmaz. İndiki halda bütün sivil dövlətlər dini radikal cərəyanın terrorçu üzvlərinə qarşı birlikdə öz haqq səslərini ucaltmalı, təhlükə ilə üzləşən xalqlara dəstək verməlidirlər".

Politoloq Elçin Mirzəbəyli isə  açıqlamasında fərqli fikir söylədi. Politoloq hesab edir ki, Qərb dövlətləri və dairələri hazırda istintaqın gedişini gözləyirlər: “Ola bilsin ki, onlar məsələ ilə bağlı istintaqın gedişini və məlumatların səhihliyini gözləyirlər. Yəni ilk növbədə Azərbaycan bu məsələyə yekun qiymət verməlidir, daha sonra hansısa ölkələr və dövlətlər birbaşa olmasa da müəyyən dəstəklərini ifadə etsinlər. Təəssüf ki, bu məsələlərlə bağlı Qərbdə ikili standartlar hökm sürür. Bildiyiniz kimi, Azərbaycanda  hətta konkret terror faktında ittiham olunan və günahı sübuta yetirilmiş insanların da hüquqlarının müdafiəsi ilə bağlı bəzən Qərbin ayrı-ayrı institutları tərəfindən bəyanatlar səsləndirilir. Onların adları müxtəlif siyahılara salınır. Bu, Qərbin Azərbaycana, bütövlükdə isə terrorizmə yanaşmasında özünü hər zaman büruzə verən bir faktordur. Təəssüf ki, reallıq bundan ibarətdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar