Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın xilaskarı


(əski filmin remeyki)


Gördüm saytda başlıq gedib ki, Surət Hüseynov sensasion müsahibə verdi, nə bilim nə dedi. Açıb oxuyuram, görürəm köhnə, it ilindən qalma mənasız söhbətlərdir. Surətin “Qarabağı alırdım, cəbhəçilər imkan vermədi” cəfəngiyatını başlığa çıxartmaq da mövzunu xilas eləmir, çünki bu adam bunu hələ 1993-cü ildə çərənləyirdi.

Heç yadımdan çıxmır, müəyyən qüvvələrin toruna ilişib, “bir qısmat çörəyini yemək” əvəzinə, böyük iddialara düşən bu cinayətkar 4 iyundan az sonra bir qrup qaçqınla görüşürdü, orda ağbirçək qadınlara fors eləyirdi: “Xanım, Qarabağın xilaskarı sizin qarşınızdadır”. Az keçmədi xilaskar adının başqa iddiaçısı bu “xilaskarı” Rusiyadan sürüyüb gətirdi. Bir müddət də şikayətlənirdi ki, türmədə kamerasının işığını söndürmürlər, guya qapısının ağzına it leşi atırlar və sairə. Hərçənd, mən heç vaxt inanmamışam yapistlər öz maşalarına bu dərəcədə qəddar münasibət bəsləyiblər.

Bütün hallarda Surət Hüseynov Azərbaycanın müstəqillik dövrü tarixində qara ləkə kimi düşmüş bir adamdır, onun indi özünə bəraət qazandırmaq, başqalarını şərləmək cəhdləri ürəkbulandırıcıdır. Kim danışsa da, barı sən sus. Ya da xidmətində durduğu rusların misalını yazaq ki, anlasın: “Kimin inəyi movuldasa da, sən sussan yaxşıdır”. Dövlətə tabe olmayan hərbi hissə yaratmaq, ordunu Qarabağdan çəkib Bakıya hücum eləmək, silahsız Milli Qvardiya əsgərlərini öldürmək - bunlar onun əli bulaşan qanlı hadisələrin cüzi hissəsidir. İndi elə danışır sanki biz Marsdan gəlmişik.

Əlbəttə, Azərbaycan tarixini hazırda elə hətərən-pətərən yazırlar, elə cəfəngiyatla doldururlar ki, istənilən “surətlər” burada özünə uydurma qəhrəmanlıq salnamələri qayırmaq həvəsinə düşərlər. 1993-cü il bir yana qalsın, indi cəmiyyətimizə 2003-cü il, hətta 2013-cü il haqda əfsanələr yedizdirirlər. Hitlerin sevimli təbliğat naziri Göbbels müəllimin “Yalanı çoxlu təkrar et, axırda hamı inanacaq” şüarının necə praktik vəsait olduğunu aydın görürük. Bu bir növ hipnoz praktikasıdır. Xalqı uyudub başına istənilən oyunu açmaq üsuludur.

Əgər telekanalizasiyalara diqqət eləsəniz orda yeknəsəq, ştamp, sanki bir ağızdan çıxmış ifadələr dayanmadan təkrarlanır. Hətta hazırlıqlı, həqiqətləri bilən adam belə bunlara bir müddət baxsa tora düşüb axına qoşular, bizim doğrudan xoşbəxt olmağımıza inanar. Üstəlik, alternativ informasiya imkanlarını boğanda, müstəqil jurnalistika susdurulanda bu yalançı xoşbəxtlik duyğusu daha möhkəmlənir. Sovet adamları həm də buna görə özlərini problemsiz, başqa dünya ölkələrinə nisbətən fəlakətlərdən uzaq sayırdılar. Çünki qonşu şəhərdə atom stansiyası partlayırdı, ancaq sənə xəbər verilmirdi. Bir ev o tərəfə təyyarə düşürdü, xəbərin olmurdu. Aşqabad batırdı, Bakıda bayram eləyirdilər. Repressiya, terror, müharibədə ölənlər, təbii və qeyri-təbii fəlakətlər - hamısı qalın senzura qadağası, sirr pərdəsi altında ört-basdır edilirdi. Nəticədə Brejnev çıxıb özünü müharibə qəhrəmanı, az qala Berlini təkcə almış adam kimi təqdim edirdi. İndi “Qarabağı almışdım” deyən səydəşlər kimi... Özü də bunun xəbəri yoxdur, biz iki il qabaq Qarabağı almışıq, hamı da Cocuq Mərcanlıya qayıdıb.

Ancaq, əlbəttə, burada yaxanı qırağa çəkmək olmaz. Necə deyərlər, məni bir dəfə aldatsan, sənə ayıb olsun, ikinci dəfə aldada bilsən, mənə ayıb olsun. Əgər belə səydəş tiplər bizi 1993-cü ildə fəlakətlərə sürükləyə bilibsə, demək, bizim özümüz fəlakətli durumda olmuşuq. Bir cəhət də maraqlıdır ki, bizdə xilaskarlar adətən yayda peyda olurlar. Görünür cəmiyyətimiz istidən çox genişlənir, xilas nöqtələri, tutmaq üçün qulpları daha ələ gələn olur.

Bu məqamda gözümə bir xəbər də dəydi və sanki hipnozdan ayılmış kimi oldum. Xəbərdə Tağı Əhmədovun Azərbaycan Tibb Universitetinə prorektor qoyulmasından bəhs olunurdu. Açığı, hər şey gözləyirəm, ancaq burda bir az ağ eləyiblər deyə düşündüm, çünki Tağı müəllim metro sahəsindən birbaşa tibb elminin tədrisinə sıçrayış eləsə bu, bizim analoqsuz dövlətimiz üçün də nəsə yeni şey sayılmalıydı. Xəbəri bir daha diqqətlə oxudum, sən demə, göz aldatması olmuşam: burada Tağı Əhmədzadə adlı başqa bir adamdan bəhs edilirmiş.

Ancaq ideya kimi pis deyil - halal xoşunuz olsun, işlədin.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar