Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”


Ermənistanda ictimai-siyasi hərarətin artması Azərbaycana fürsət yaradır; bu ərəfədə XİN rəhbərlərinin görüşünün təşkil olunması daha çox oyuna bənzəyir; ekspert: “Bizim tam haqqımız çatır ki, ərazimizdə antiterror əməliyyatı keçirək...”


Bu gün, yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək. Azərbaycan XİN-dən verilən məlumata görə, Plşanın Krakov şəhərində keçiriləcək görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Məlum olduğu kimi, yeni ilin ilk yarısında təmas xəttində gərginliklər müşahidə olunub, nəticədə təxribatlara əl atan düşmən itkilər verib. Bəzi müşahidəçilər hesab edir ki, təmas xətti boyunca gərginliklərin olması, hətta itkilər versə belə, Ermənistan rəhbərliyinə çox lazımdır. Məsələ burasındadır ki, səlahiyyətləri mart ayında başa çatacaq prezident Serj Sərkisyanı hazırda baş nazir kürsüsü daha çox maraqlandırır, nəinki erməni xalqının taleyi. Bunu artıq erməni ekspertlər özləri də açıq şəkildə deyirlər və Sərkisyanın siyasi səhnədən getməsini Ermənistanın xilası kimi dəyərləndirirlər. Həmçinin bəzi ekspertlər gecikmədən Azərbaycanla güzəştli sülhə gedilməsini, erməni gənclərin özgə torpaqlarında ya Azərbaycan əsgərinin cavab atəşi, ya da intihar nəticəsində məhv olmasına son qoyulmasını tələb edirlər. Üstəlik, Ermənistan daxilində sosial gərginlik son həddə çatıb. Elə yanvarın 19-da İrəvanda hakimiyyətin bahalaşma siyasətinə etiraz olaraq yürüş keçiriləcək. S.Sərkisyan üçünsə diqqəti daxildəki problemlərdən yayındırmaq üçün Qarabağdakı gərginliyi tətikləmək yeganə çıxış yoludur. Bu arada rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın yeni baş nazirinin Serj Sərkisyan, hazırkı baş nazir Karen Karapetyanın isə prezident olacağını deyib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq bunu Moskvanın istədiyini xatırladıb. Onun fikrincə, Ermənistanda Putin-Medvedyev yerdəyişməsinə bənzər ssenari olacaq: “Moskvada baş nazir Karen Karapetyanla prezident Serj Sarkisyanı bir-birindən ayrı tutmurlar. Bizə elə gəlir ki, Serj Azatoviç hökumət başçısı, Karen Karapetyan isə prezident olacaq”.

Serj Sərkisyanın Respublika Partiyasının sədri olduğunu xatırladan Tarasov əsas səlahiyyətlərin baş nazirin əlində cəmləşəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistanda növbəti prezident seçkiləri bu il martın 1-də start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək. Prezident isə yaşı 40-ı keçmiş, son 6 ili Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq. Budəfəki seçki mərhələli olacaq və martın 10-dək davam edəcək. Ermənistan prezidentini parlament seçəcək. Dövlət başçısı olacaq şəxs yalnız 1 müddətdə (7 illik) seçiləcək.

Prezidentliyə əsas namizədlər Karen Karapetyan, Qrant Baqratyan, Andreas Qukasyan, Paruyr Ayrikyan, Raffi Ovanisyan, Armen Melikyan və Vardan Sedrakyandır.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a düşmən ölkədəki durumu şərh edərkən bildirdi ki, gərginlik qaçılmazdır: “Ermənistan keçən il referendum keçirərək parlament üsul-idarəsinə keçdiyindən ölkənin başına kimin gələcəyi indidən gərginlik yaratmaqdadır. Erməni hərbi-siyasi rejimi Sərkisyanın başçılığında bu hakimiyyətin davam etdirilməsinə və Sərkisyanın baş nazir olmasına çalışır. Bu işi reallaşdıracaq siyasi qüvvələr isə parlamentdə vaxtında yerlərini tutublar. Onlardan biri ”Tsarukyan" bloku, digəri isə Daşnaksütyun Partiyasıdır. Təbii ki, buna qarşı etirazlarını bildirməkdə olan qüvvələr də var.

Onlar küçələrdə sözlərini deməyə çalışacaqlar". Q.Çaxmaqlı işğalçı ölkədə hətta xalq üsyanının baş verməsini mümkün sayır: “Belə anormal, antidemokratik cəmiyyətlərdə hakimiyyət dəyişikliyi iğtişaşsız və üsyansız olmur. Bundan əvvəl də belə olmuşdu. Sərkisyan prezident kürsüsünü Köçəryandan alanda İrəvanda 8 nəfər öldürülmüşdü. Ermənistanda seçkiöncəsi belə qarışıqlıq və proseslər təbii proseslərdir, etirazların olması həm də ölkə əhalisinin ağır durumu ilə bağlıdır və onların önündə gedəcək siyasi qüvvələr zəif olduğundan bunun hansısa hakimiyyət dəyişiklikləri ilə müşayiət olunması az ehtimaldır. İkinci tərəfdən, bu ölkədə son sözü adətən Rusiya deyir. Əgər Moskva Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəsə, bunu edəcək. ”Çiçəklənən Ermənistan"ın lideri Qagik Tsarukyanın bu gün öz namizədliyini ortaya qoyması artıq Sərkisyanı düşünməyə, Rusiyanı isə seçim etməyə sövq edəcək".

Bəs Azərbaycan bu ərəfədə Qarabağı azad etmək üçün hərbi əməliyyatlara başlaya bilərmi? Q.Çaxmaqlı bunu mümkün hesab edir: “Biz bu proseslərə uyğun olaraq addımlar ata bilərik. Bundan əvvəlki illərdə də imkanlar yaranıb, lakin başqa faktorlar Qarabağı azad etmək üçün qərar verməyə mane olub. Əlbəttə, belə fürsətlər hər zaman ələ düşmür. Bizim tam haqqımız çatır ki, öz ərazimizdə antiterror əməliyyatları qərarını verək. Bu, Ermənistandakı olaylardan asılı olmadan da edilə bilər”.

AzərbaycanErmənistan XİN rəhbərlərinin bir araya gətirilməsi isə olsa-olsa təmas xəttindəki gərginliyin azaldılmasına xidmət edəcək. Ancaq Ermənistan prezidentinin özü təxribatlar törətməyə və hakimiyyətinin ömrünü uzatmaq üçün hətta lokal müharibəyə meylli görünür. Lakin indiki durumda regionda müharibənin alovlanması beynəlxalq dairələrin marağında deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a bildirdi ki, hazırkı şərtlər daxilində AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşündən nəticə gözləmək əbəsdir: “Həm də bu gün Ermənistan o vəziyyətdə deyil ki, Qarabağla bağlı nə isə addım atsın. Ermənistan prezidenti Serj Sərkisyanın bütün diqqəti hakimiyyətini qorumaq və uzatmağa yönəlib. Onun qarşısında iki əsas vəzifə var: birincisi, o, parlament seçkilərini saxtalaşdırıb baş nazir olmaq istəyir. İkincisi, özünə yaxın şəxslərdən birini prezident kreslosunda oturtmağa çalışır”.

E.Şahinoğlu əmindir ki, bunun fonunda Serj Sərkisyan Qarabağla məşğul olmayacaq: “O, sadəcə, naziri Edvard Nalbəndyanı ora-bura göndərəcək”.

Bu ərəfədə Qarabağ məsələsinin 4 qətnaməsi on illərdir kağız üzərində qalan BMT rəhbərliyinin yadına düşməsi də təəccüb doğurur. Ermənistanın işğalçılıq siyasətinə qarşı təsirli tədbirlər görməyən qurumun “narahatlığını” ifadə etməsi istənilən halda diqqət çəkir. “Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”, - deyə BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib. Bu barədə APA-nın BMT-nin saytına istinadən verdiyi xəbər yayıb. Qurumun 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. O, Myanmarda qaçqın probleminə toxunaraq Banqladeşə sığınanlara dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. İsrail-Fələstin münaqişəsindən bəhs edən A. Qutyerresin sözlərinə görə, bu problem ancaq iki dövlətin yaradılması əsasında həll edilə bilər, başqa alternativ yoxdur. BMT baş katibi vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: “İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir”.

A.Quterreş onu da deyib ki, Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələrin həlli BMT  üçün prioritet  olacaq. Onun sözlərinə görə, söhbət Şərqi Ukrayna üzrə normand formatından və üçtərəfli kontakt qrupundan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupundan, Gürcüstan üzrə Cenevrə müzakirələrindən və  Dnestryanı üzrə “5+2" prosesindən gedir.

Göründüyü kimi, BMT rəhbərliyi dəyişsə də, qurumun Qarabağ münaqişəsi dəyişmir, sadəcə, növbətçi açıqlamalar eşidilir. Minsk Qrupunun Qarabağ məsələsini necə “həll etdiyi” 24 ildir ki, göz önündədir.

Politoloq E.Şahinoğlu da əmindir ki, BMT-nin münaqişənin həlli ilə məşğul olacağı gözlənilən deyil: “BMT-də əsas qərarlar Təhlükəsizlik Şurasının 5 üzvündən asılıdır. Onlardan isə heç biri təəssüf ki, qabağa çıxıb münaqişənin həllini sürətləndirmək üçün qollarını çırmalamaq istəmir. Belə olan halda məsuliyyət əvvəlkitək ATƏT-in üzərində olacaq”.

Azərbaycan isə Ermənistanın sülh yolu ilə işğala son qoymaq niyyətində olmadığını, danışıqların uzadılmasına, sadəcə, status-kvonun davam etməsi prizmasından yanaşdığını yaxşı bildiyi üçün ehtiyat variantlara da xüsusi diqqət yetirir. Elə bu günlərdə ordumuzun növbəti təlimlərinin keçirilməsi də bu tədbirlərin məntiqi davamıdır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir. Toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir. Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir.

Azərbaycanın mövqeyi birmənalıdır, sülh yolu ilə olmasa, hərbi əməliyyatlar torpaqlarımızın azadlığı üçün qaçılmaz olacaq. Hər halda, Sərkisyandan sonra prezident kürsüsünə oturacaq erməni bu perspektivi unutmamalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar