Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası


Münaqişənin uzanması Azərbaycanı öz hərbi qüdrətini durmadan artırmaq zorunda qoyur; bu il silahlı qüvvələrimiz həm yerli, həm də xarici silahlar hesabına daha da modernləşəcək...


AzərbaycanErmənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə bu il üçün ilk görüşü ciddi nəticə olmadan bitdi. Bu, atıq 2018-ci ildə də belə təmaslardan ciddi nəticə hasil olmayacağının anonsu sayıla bilər. Belə görünür ki, işğalçı tərəf bu il də müxtəlif bəhanələrlə vaxt uzatmağa yönəlik destruktiv siyasətə sadiq qalmaq fikrindədir.

Hazırda işğalçı ölkənin apreldən parlamentli üsul-idarəyə keçməsini bəhanə edən erməni tərəfi növbəti dəfə vaxtı uzatmağa, işğal rejiminə görə hər hansı cəzadan və labüd sanksiyalardan yayınmağa çalışır. Bəs, bu durum daha nə qədər sürəcək? 

*****  

“İşğalçı Ermənistanın mövqeyi iki halda dəyişə bilər. Bunun üçün onlara beynəlxalq ictimaiyyət o dərəcədə təzyiq göstərməlidir ki, nəticədə radikal mövqelərindən əl çəksinlər. İkincisi, Azərbaycan öz hüquqlarından istifadə edərək, işğalçıya elə zərbələr endirməlidir ki, qarşı tərəf işğalçılıq siyasətindən imtina etsin, geri çəkilsin. Bu iki hal baş verərsə, o zaman Ermənistanın mövqeyində dəyişikliklər mümkündür”.

Bu sözləri mətbuata açıqlamasında uzun müddət sülh danışıqlarının içində olmuş Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Ancaq onun sözlərinə görə, hazırda Ermənistana təzyiqlər lazımı səviyyədə deyil. “Biz çox gözləyirdik ki, danışıqlar üzərində monopoliyanı özündə saxlayan, bəzən təşəbbüslər irəli sürən Rusiyadan Ermənistana müəyyən təzyiqlər olacaq. Təəssüflər olsun ki, bu da baş vermədi. Və Rusiya XİN başçısı Sergey Lavrovun sonuncu bəyanatı onu göstərdi ki, belə təzyiqlər olmayacaq. Lavrov bildirdi ki, onlar təkliflər ediblər, amma tərəflər bunu qəbul etməyib. Lavrovun bəyanatı bir növ monopoliya prosesinin yekunu kimi görünürdü. Əsas nəticə də ondan ibarətdir ki, regionda ən yüksək nüfuza malik olan Rusiya Ermənistana təzyiq etmədi. Bu halda danışıqlar prosesinin bərpası və nəticələr gözləmək bir qədər sadəlöhvlük olar”, - deyə eks-diplomat qeyd edib.

Sabiq diplomatın əminliyinə görə, Ermənistanın bu siyasəti ondan qaynaqlanır ki, bu gün dünyada əsas aparıcı oyunçular ona təzyiq etmirlər. “Bəzi oyunçular, məsələn, Rusiya hətta Ermənistana silahı kreditlə satır, hərbi əməkdaşlığı gücləndirir. Bu da bir növ ehtiyatdır və Ermənistan bundan istifadə edərək, oyunlarını davam etdirir” - Zülfüqarov əlavə edib.

*****

Belə durumda Azərbaycana öz hərbi qüdrətini, döyüş təcrübəsini artırmaqdan, hərbi güc diplomatiyasına üstünlük verməkdən savayı çıxış yolu qalmır təbii ki. Yeri gəlmişkən, tezliklə Azərbaycan daha iki hərbi zavodu açmağa hazırlaşır. Xəbər verdiyimiz kimi, bu haqda müdafiə sənayesi naziri Yavər Camalov son kollegiya iclasında bildirib.

Qeyd olunub ki, nazirliyinin tabeliyində ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Paralel surətdə ordumuzu tərəfdaş ölkələrdən alınan silah-sursatlar hesabına modernləşdirmək kursu davam edir. Azərbaycanın silah tədarükçülərindən biri də Rusiyadır. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ötən ilin dekabrında Bakıya etdiyi səfərdən aydın oldu ki, şimal qonşumuzla hərbi-ticari əlaqələriniz yüksək səviyyədə olacaq.

Söz düşmüşkən, Azərbaycanla Rusiya arasında imzalanmış hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Belə ki, Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.

*****

Bu arada Ukraynanın “Ekonomiçeskie izvestiya” (“İqtisadi xəbərlər”) nəşri ötən il bu ölkənin “Luç” Konstruktor Bürosunun Azərbaycana Belarusla birgə işlənib hazırlanmış 50 vahid “Skif” tank əleyhinə daşınan raket kompleksini çatdırdığını xəbər verib (Virtualaz.org). Nəşr bildirir ki, bu silahların Azərbaycana satılması ilk dəfə üzə çıxır. “Necə olsa da Dağlıq Qarabağ ətrafında qarşıdurma bu gün də davam edir və belə bir vaxtda tank əleyhinə raket kompleksinin bir az da çox olması heç kimə artıqlıq eləmir” - xəbərdə deyilir. Bildirilir ki, raketlərin hərəsi Azərbaycana 48 min dollara başa gəlib.

Açıq mənbələrdə yer alan informasiyalara görə “Skif” tank əleyhinə raket kompleksində “Pelenq” şirkətinin işləyib hazırladığı cihaz sayəsində raketin hədəfə lazer şüası ilə yarımavtomatik rejimdə yönləndirilməsi metodu tətbiq edilib. Hədəfin aşkarlanması və raketin hədəfə tuşlanması Belarus müəssisəsinin istehsalı olan nişangah-idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Bu sistem imkan verir ki, mürəkkəb hava şərtlərində də hədəf aşkarlansın və vurulsun.

“Skif” kompleksinin özəlliyi bundan ibarətdir ki, bu silah hədəfə qapalı mövqelərdən və möhkəmləndirilmiş döyüş postlarından zərbə endirə bilir. Digər fərqli cəhəti isə raketin özünün uçuş trayektoriyasıdır: startdan sonra raket hədəfə görmə xəttinin 10 metrə yaxın üstündə uçur və ancaq uçuşun sonunda hədəfin səviyyəsinə enir. Kompleksin digər mühüm özəlliyi bundan ibarətdir ki, məsafədən idarəetmə pultu ilə təchiz edilib. Çünki döyüş meydanında tank əleyhinə raket kompleksinin tətbiqi mütləq iz buraxır və düşmənə bu kompleksin yerini qısa zamanda müəyyən etməyə imkan verir. Məsafədən idarəetmə pultu isə “Skif” kompleksinin operatoruna düşmənin cavab zərbəsindən yayınmağa imkan yaradır.

*****

Əlavə edək ki, Azərbaycan ordusu dünyanın ən müasir tank əleyhinə silahlarının geniş çeşidi ilə silahlanıb. Bura İsrail istehsalı olan və həm daşınan, həm “Sandcat” zirehli maşınlarının üstündə quraşdırılmış “Spike” raketləri, döyüş vertolyotlarında quraşdırılmış LAHAT tank əleyhinə raketləri, ötən il Rusiyadan iri partiyada alınan, BMP zirehli döyüş maşınları üzərində yerləşdirilmiş “Xrizantema-S” kompleksləri də daxildir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar