Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ üçün ən uğurlu format - unudulmuş “köhnə”

Ankara-Moskva yaxınlaşması vaxtilə effektli olmuş ABŞ-Türkiyə-Rusiya üçlü formatını gündəmə gətirə bilər; gözlər Kremldə; politoloq: “Ərdoğan Moskvada Bakının də şərtlərini diktə edəcək...”


Bir həftə sonra - noyabrın ortalarında Moskvada Dağlıq Qarabağ probleminin də diqqət mərkəzində olacağı üç görüşün keçirilməsi gözlənilir. Onlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri arasında baş tutacaq. Digər iki təmas isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və erməni prezident Serj Sərkisyanla Rusiya lideri Vladimir Putin arasında nəzərdə tutulub. Türkiyə lideri Putinlə noyabrın 13-də Soçidə görüşəcək.

Bu üç görüşün təxminən eyni vaxta salınmasının nə dərəcədə təsadüf olması məlum deyil. Ancaq bütün hallarda Qarabağ mövzusunun ortaq gündəm olması konfliktin həlli yönündə hansısa yeni dinamikanın ola biləcəyi haqda ehtimallar yaradır. Bəs belə bir dinamika mümkünmü, gözlənilirmi? Rusiya və Türkiyə, konkret olaraq onların rəhbərləri birlikdə nizamlama prosesini irəli apara bilərlərmi?

Analitiklərin məsələyə baxışları müxtəlifdir.

*****

Rusiyada Dağlıq Qarabağ münaqişəsinin sırf regional kontekstdə müzakirəsi gözlənilir”. Bu sözləri axar.az-a açıqlamasında Ərdoğan və Putinin Moskvada gözlənilən görüşü ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Ərdoğan və Putinin görüşünün önəmini xüsusi vurğulayıb.

“Ötən ilin payız aylarında Rusiya və Türkiyə xarici işlər nazirlərinin ikitərəfli görüşündə Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirakına dair açıq müzakirələr getmişdi. Ankara Moskvanın bu təklifini maraqla qarşılasa da, bu müddət ərzində heç bir real hərəkət baş verməyib. Türkiyə və Rusiya prezidentlərinin bundan öncəki görüşlərində bu məsələ ilə bağlı müzakirələrin getdiyi istisna deyil. Görünür, son nəticədə Türkiyənin prosesdə iştirakını ayrıca müzakirə etməyə ehtiyac duyublar. Bu görüş göstərir ki, prezidentlər Qarabağla bağlı ümumi danışıqlar prosesində Türkiyənin yeri ilə kifayətlənməyiblər. Əslində bu, müsbət hadisədir. Türkiyə Minsk Qrupunun üzvüdür, dolayısı ilə olsa da, münaqişənin iştirakçısıdır. Rusiyada Qarabağ münaqişəsinin sırf regional kontekstdə müzakirəsi gözlənilir”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, hər iki ölkənin regionda kifayət qədər maraqları var: “Türkiyə Rusiyada öz mövqeyini ortaya qoyacaq ki, bu, Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Moskva isə öz mövqeyini sərgiləməkdən çəkinməyəcək. Bildiyiniz kimi, Rusiya və Türkiyə arasında bir sıra mühüm layihələrinin gerçəkləşməsi üçün hava və hazırkı dəmir yolu xətləri kifayət etmir. Ancaq Qarabağ münaqişəsinin tənzimlənməsi hər iki ölkəyə yeni imkanlar aça bilər. Bu üzdən Rusiyada Qarabağla bağlı çox ciddi müzakirələrin gedəcyini istisna etmirəm. Türkiyə Rusiyada Azərbaycanın maraqlarını əks etdirməklə kifayətlənməyərək, Bakının şərtlərini də diktə edəcək”.

*****

Azərbaycan sözsüz ki, Türkiyənin Qarabağ məsələsində onun maraqlarını həmişə öndə tutacağını bilir və qardaş ölkənin bu mövqeyini yüksək qiymətləndirir. Bakı-Tiflis-Qars dəmir yolunun açılışı zamanı prezident Ərdoğanın Azərbaycan paytaxtında söylədiyi “Azərbaycanın Qarabağ yarası bizim yaramızdır” sözləri də şəksiz ki, boşuna bəyan edilməyib.

Bu, bir daha qardaş ölkənin yanımızda olduğunun bariz təsdiqi, eyni zamanda işğalçı ölkəyə və onun arxasında duran güclərə xəbərdarlıqdır ki, siz bu münaqişəni istədiyiniz kimi, sırf ermənilərin və rusların mənafeyinə uyğun həll edə bilməzsiniz. Buna imkan verilməyəcək.

Diqqətçəkicidir ki, belə bir Bakı bəyanatından az sonra Ərdoğan Moskvaya - Putinlə görüşə hazırlaşır və özünün dediyi kimi, onunla Qarabağ məsələsini konstruktiv məcrada müzakirə eləməyi planlaşdırır. Buna qardaş ölkənin həm hüquqi, həm də mənəvi əsası var. Necə olur ki, Ermənistanın işğal ortağı, Ermənistanı faktiki, öz forpostuna çevirmiş Rusiya “ədalətli və neytral” vasitəçi ola bilir, Azərbaycanda heç bir hərbi bazası olmayan, heç kimin ərazisini işğal eləməyən Türkiyə isə “qərəzli vasitəçi” sayılır?

Yeri gəlmişkən, səmərəsiz və ermənipərəst Minsk Qrupu həmsədrliyi formalaşanadək münaqişənin həlli ilə Türkiyə-Rusiya-ABŞ üçlüyü məşğul olub. Əfsus ki, sonralar həm də antitürk çevrələrin səyləri sayəsində qardaş ölkə - Azərbaycanın yeganə müttəfiqi vasitəçiliyə buraxılmadı, Türkiyə Minsk Qrupunun yalnız sıravi üzvü kimi qaldı. Halbuki ABŞ-Türkiyə-Rusiya üçlüyü problemin həllində real nəticə əldə eləmək üçün qat-qat böyük potensiala malik idi. İndi də gec deyil əslində və bu üçlü format Ankara-Moskva tərəfdaşlığının genişlənməsi ilə yenidən gündəmə gələ bilər. 

*****

Öz növbəsində politoloq Elçin Mirzəbəyli bu xüsusda Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşünün yetərincə önəmli bir zaman kəsiyinə təsadüf etdiyini düşünür. Onun sözlərinə görə, qarşıdakı təmas Ərdoğanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonra baş tutması Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur.

“Belə hadisələr və görüşlər öncəsi müxtəlif ehtimalların irəli sürülməsi isə təbii qəbul olunmalıdır. Lakin bəzi həmkarlarımdan fərqli olaraq sensasion iddialarla çıxış etməyəcəyəm. Bunun üçün heç bir əsas yoxdur. Rusiyanın şərtləri barədə KİV-də yayılan məlumatlara gəldikdə, bunların yeni olmadığını düşünürəm. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda Rusiyanın ehtimal olunan şərtləri ətrafında müzakirələr aparılır. Bu məlumatların bir hissəsi ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə, digər hissəsi isə hadisələrin perspektiv inkişafının şərh olunmasına xidmət edir. Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyündən kənarda hər hansı bir formada həll olunmasına razılıq verməyəcək. Bu, müzakirəsinə ehtiyac duyulmayan bir mövqedir. Regionda baş verən proseslərin təhlili və mövcud reallıqlar Ərdoğan-Putin görüşündə münaqişənin həllinə xidmət edən hər hansı bir razılaşmanın olmayacağını deməyə əsas verir”, - deyə politoloq ehtimal edib.

Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir: “Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür.

Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi az inandırıcı görünür".

*****

Hər necə olmasa, Rusiya və Türkiyə liderlərinin şəxsi təmaslarının artması tərəflərin ortaq problemi olan Dağlıq Qarabağ məsələsinin həll imkanlarına yalnız müsbət təsiri göstərə bilər, nəinki mənfi. Bu təsir yəqin ki, Kremlin Qərblə münasibətlərinin dinamikasından da asılı olacaq. Başqa sözlə, Moskvanın Ankaraya ehtiyacı artdıqca, o, Türkiyənin sözünü və maraqlarını daha çox ciddiyə almalı olacaq - o cümlədən Qarabağ məsələsində.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar