Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qana və ölümə çağıran ziyalılar...


Qismətimizə III dünya müharibəsi düşdü.


Bəşəriyyəti bu dəlilikdən ehtiyatlanmağa çağıran düşüncə adamlarının səsi ya eşidilmir, ya da onlar hərbin təbliğçisi rolundadır. Dini, milli, irqi bölücülük gücləndikcə etiraz edənlərin zəif etirazları da eşidilməz olur.

Paradoksaldır? Yox. Tarix təkrarlanır. 100 il əvvəl I dünya müharibəsinin başlanmasını da intellektuallar elə bu cür qarşılamışdı - ruh yüksəkliyi və sevinc içində.



“Toplar dinəndə ilham pərisi susur” deyiblər. Bəs ilham pərisi topların xidmətinə keçərsə? Və şairin şeiri mərmilərin səsi ilə unison səslənərsə, onda necə?

I dünya müharibəsi başlayanda Avropanın mədəniyyət xadimləri onu böyük entuziazmla qarşıladı. Söhbət ura-patriotizm virusuna yoluxdurulmuş kütlənin sevincindən yox, özlərini “fikir hakimləri” sayan şəxslərin davranışından gedir. Və bu gün “soyuq müharibə”nin dirçəldilib yenidən qaynar fazaya keçdiyi dövrümüzdə də eyni isteriyanın şahidi oluruq. Sözün məsuliyyəti ya unudulub, ya da təhrifli formada qavranılır.



1914-cü ilin isti 28 iyununda - Sarayevoda terrorçu Qavrilo Prinsip Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinandı və onun həyat yoldaşı Sofiya Xoteki qətlə yetirən gün  məşhur siyasi xadim, publisist, sosialist Jan Jores qələm adamlarına səslənir: “Müharibələr sözdən törəyir”.


Jan Jores

Bununla Jores məsuliyyətə çağırırdı. Dinləyən olmadı - qələm adamlarının başları yeni fəlakətin gətirdiyi yenilik hissindən doğan sevinc çılıqlarına qarışmışdı...

İyulun 31-də mitinq zamanı Jores qətlə yetirildi. Bir gün sonra dünya müharibəsi rəsmən başladı. Joresi isə “I dünya müharibəsinin ilk qurbanı” adlandırdılar.

1942-ci ildə uzaq Braziliyada, Petropolis şəhərində intihar edən Stefan Sveyq son aylarında “Dünənki dünya” avtobioqrafiyasını yazdı. Bu kitab 1914-cü ilə qədərki sakit illərə nostalgiyadan yoğrulmuşdu. Pasifist Sveyqə görə, 50 milyondan çox can alıb Avropanı xarabazara çevirən o savaşın başlanması üçün heç bir ciddi səbəb yox idi.


Stefan Sveyq

Ancaq unutmayaq: savaş başlayanda ruh yüksəkliyi içində orduya can atan milyonlarla fərddən biri də elə 35 yaşlı Stefan Sveyq idi.

1914-cü il, avqustun 4-də o, naşir Anton Kippenberqə yazırdı: “Tanrı Almaniyanı qorusun! Çağırış gününü səbirsizliklə gözləyirəm, baxmayaraq ki, adi əsgər kimi xidmət etməyə məcburam”.


Ernest Heminquey

***

Heminquey oçerklərinin birində maraqlı detalı qabardır: Avropada 4 il davam etmiş qırğın dövründə müharibə əleyhinə bir dənə də olsun güclü əsər yazılmadı (yeganə istisna Anri Barbüsün “Alov” əsəri sayıla bilər. 1916-cı il).

Hərb bitdi, yaralarını sarımağa girişən Avropanın ziyalıları soyuq ağıllarına qayıdıb dəhşət içində artıq bitmiş fəlakətin təsvir və analizinə girişdi. Remarkın “Qərb cəbhəsində sakitlikdir” kitabı, Qaşekin “Qoçaq əsgər Şveyk”i və nə qədər digər güclü pasifist kitablar ərsəyə gəldi. Ancaq artıq gec idi, olan olmuşdu.

Yazıçı və şairlərin bu “daltonizmi”ni, bu reallıqdan uzaqlığını nə ilə izah edəsən? Düzdür, o vaxt da müharibə əleyhinə tək-tək səslər eşidirdi, ancaq onlar ümumi xorun içində eşidilməz olurdu. Ya da eşidiləndə belə müəllifi üçün çoxlu təhlükələr vəd edirdi.

100 il ötüb - vəziyyət dəyişməyib. İndi də Avropada, Amerikada, Rusiyada, Ukraynada... mədəniyyət adamları ya qorxaqcasına susur, ya da psevdopatriotizm dəmi içində savaşa çağırır. “Tarixin yeganə ibrət dərsi onun heç bir ibrət verməməsindədir” - proqnoz yenə doğrulur.

Biz isə 1914-cü ilə, Avropada 40 illik nisbi sakitlikdən sonra qitəni ağuşuna alan I dünya müharibəsinin başlanğıcına dönək. Və baxaq - Avropada yazıçılar və şairlər müharibəni necə böyük sevinc, fərəh, hətta qürürla qarşılamışdılar. Təkcə onlarmı?


Ziqmund Freyd

Məsələn, Ziqmund Freyd savaşın başlanması xəbərini alandan sonra yazmışdı: “Son 30 ildə ilk dəfədir özümü avstriyalı hiss edirəm. Bütün libidom ilə Avstriya-Macarıstanın xidmətindəyəm...”

***

Müharibənin ilk ilində rəssam və sənətşünas Aleksandr Benua “Müharibə və incəsənət” məqaləsində yazır: “Biz rus qəlbini və rus incəsənətini tam toxunulmazlıqda saxlamaq üçün vuruşuruq”.

Ancaq bu, rus incəsənətini Avropa təsirlərindən qorumaq üçün müharibəyə “hə” deyən Benuaya 1926-cı ildən başlayaraq Parisdə yaşamağa və 1960-cı ildə orada vəfat etməsinə maneə olmur.

Şairlər Nikolay Qumilyon, Georgi İvanov, Sergey Qorodetski ilk gündən müharibəni vəsf edir.

Aleksandr Kuprin isə “Müharibə haqqında” məqaləsində yazır: “Yüz illərlə tətbiqi biliklər toplayan, bacarıqlı texniklərə və mühəndislərə sahib olan Avropa xalqları yalnız kənardan baxanda mədəniyyət izlərinin daşıyıcıları kimi görünürlər - onların intellektual məzmunu orta əsrlərin barbarlarından fərqlənmir. Xüsusən də ruslara qarşı qəzəblidirlər və nifrət bəsləyirlər”.

İllər keçəcək, Kuprin də uzun illər Avropaya sığınacaq, 17 il Parisdə yaşayacaq və yalnız 1937-ci ildə, ölmək üçün vətəninə dönəcəkdi.


Aleksandr Kuprin

Rəssam Kuzma Petrov-Vodkin 1914-cü ilin 6 sentyabrında gündəliyində yazır: “Mən rəssamlığa susamışam, xüsusən də ona görə ki, Almaniya tezliklə məhv olacaq və həyat gözəlləşəcək”.

Yazıçı Fyodor Soloqub isə həmin günlərdə “Təmayül seçimi haqqında” məqaləsində elan edir: “Avropa yolu tutmağımız yetər, öz həqiqətimizi və öz azadlığımızı tapmaq zamanıdır”.


Boris Pasternak

Həmin il iyulun 20-də Boris Pasternak atasına məktubunda Almaniya barəsində yazır: “Ata, gör bunlar necə əclafdır! İkiüzlülük, Vilhelmin çıxışı, onların Fransaya, Lüksemburqa, Belçikaya münasibəti! Və bu, doğrudanmı bizim mədəniyyət nəzəriyyəsini öyrənmək üçün getdiyimiz ölkədir?!”

Oktyabrın 24-də Vladimir Mayakovski Moskva qradonaçalnikinin adına xahişnamə yazaraq onun könüllü olaraq orduya getməyinə icazə verilməsini rica edir.


Vladimir Mayakovski

Bəstəkar İqor Stravinski sentyabrın 20-də Lev Baksta göndərdiyi məktubunda qeyd edir: “Mən döyüşə atılan xoşbəxtlər siyahısında deyiləm: onlara necə də həsəd aparıram. Mənim almanlara nifrətim günbəgün də yox, saatbasaat artır və həsəddən yanıram ki, dostlarım Ravel, Delyaj, Şmitt - hamısı! - artıq döyüşdədir”.

Yazıçı Leonid Andreyevin avqustun 11-də qardaşına yazdığı cümlələr də ümumi əhvalı dəqiq əks etdirir: “Əhvalım əladır, sanki Lazar kimi yenidən dirilmişəm. Hamı rus olmağı ilə fəxr edir... Əgər müharibə qəfildən bitsə, bu, kədərli olardı...”

Bir sözlə, yazıçı müharibənin maksimum çox davam etməsini arzulayır.



Şair Valeri Bryusovun avqustda “Qolos Moskvı” qəzetində çap etdirdiyi məqalənin məzmunu da fərqli deyil: “Məni unudun, mən adi əsgər kimi müharibəyə gedirəm. Alman yumruğu üzərində qələbəyə inanaq. Hazırda məhz slavyanlıq humanist başlanğıcları, mədəniyyəti, xalqların hüquq və azadlıqlarını qorumalıdır”.

***

Bu ruh yüksəkliyi cəbhənin yalnız bir tərəfində idimi? Əlbəttə, yox. Əks halda heç müharibə də olmazdı. Almaniyada yazıçı, şair, musiqiçi, rəssamlar analoji çağırışlarla məşğuldular.

Tomas Mann avqustda “Müharibə haqda fikirlər” essesini yazır. Orada bu fikirlər də var: “Rəssamın qəlbindəki əsgər Tanrıya onu artıq bezdirən, boğaza qədər doyduğu sakit, tox həyata son qoyduğu üçün necə təşəkkür etməyə bilər!”

Yazıçı Robert Muzil nekrofilcəsinə yazır: “Biz bilmirdik ki, qardaş qırğını necə gözəldir!”

Bəstəkar Arnold Şönberq avqustun 28-də yazdığı məktubunda qeyd edir: “Heç vaxt əcnəbi musiqidə yaxşı bir şey tapa bilməmişəm. Əcnəbi musiqi artıq çoxdan Almaniyaya elan olunmuş müharibə, Almaniyaya hücum idi. Ancaq cavab vermək zamanı çatdı. Biz yenidən bu bayağılıqların müəlliflərini köləyə çevirəcəyik və onlar alman ruhunu vəsf etməli, alman Tanrısına dualar oxumalıdırlar”.

“Bunların nə ilə bitəcəyinin əhəmiyyəti yoxdur - istənilən halda bu müharibə gözəl və möhtəşəmdir” - bu cümlə isə sosioloq Maks Veberin öz həyat yoldaşına məktubundandır.

Savaşa könüllü yollanmaq qərarına gələnlərdən biri də rəssam Oskar Kokoşka idi. “Evdə oturmaq özünü əbədi biabırçılığa məhkum etməkdir” - həyat yoldaşına məktubunda o, yazırdı.

Bütün bu gurultunun içərisində rəssam Maks Fekmanın kəlmələri necə də qəribə səslənirdi: “Fransızlara güllə atmayacam, çünki onlardan çox şey öyrənmişəm. Ruslara da güllə atmayacam - Dostoyevski mənim dostumdur”.

Ancaq Fekman kimiləri nadir istisna idi.

***

Eyni əhvalı biz ingilis, fransız, amerikan... yazıçı və şairlərində də görə bilərik. Məsələn, 55 yaşlı Artur Konan-Doyl avqustda Hərbi Nazirliyə məktub yazaraq orduya çağırılmasını xahiş edir (xahiş cavabsız qalır).


Redyard Kiplinq

Redyard Kiplinq “İngiltərənin bütün azad kişilərini silahlanıb almanlar üzərində məşq etməyə” çağırır. 

Müharibəyə haqq qazandıranlar sırasında Bernard Şounun adını görmək gözlənilməz də olsa, dramaturq 1914-cü ildə “Sağlam məntiq baxımından müharibə” məqaləsində yazırdı: “Əgər müqəddəs Georgi Əjdahaya qalib gəlməsə, bir dostumun sözü ilə desək, “Avropada centlmenlərə yer olmayacaq”.

Herbert Uells isə çağırışlarında daha radikaldır: “Almaniyaya qarşı savaşan hər bir əsgər müharibə əleyhinə xaç yürüşündə iştirak edir. Bu, bütün müharibələrdən ən möhtəşəmidir. Bu, növbəti müharibə deyil, sonuncu müharibədir” (“Müharibələrə son qoyacaq müharibə”, 1914).

H.Uells nə qədər yanıldığını 25 il sonra görəcəkdi - onun taleyinə II dünya müharibəsini görmək də yazılmışdı.

Cerom Cerom yazırdı: “Biz ona görə vuruşuruq ki, alman xalqına Tanrıya hörmətlə yanaşmağı öyrədək. Və bu döyüşdə biz güclü sözlərə yox, güclü zərbələrə əl atmalıyıq”.


Romen Rollan

Romen Rollan isə sentyabrın 2-də alman dramaturqu Herxard Hauptmana yazdığı açıq məktubunda Almaniyanın Belçikadakı hərbi əməliyyatlarına etiraz edərək yazır: “Bu qəddarlığı biz fransızlar - sizin əsl düşməniniz üçün saxlayın”.

Müharibənin apolegetlərindən biri də fransız şairi Giyom Apolliner idi. O, çağırış məntəqəsinə gəlişini “Balaca avtomobil” əsərində bu cür təsvir edir: “Balaca avtomobil bizi Yeni Dövrə gətirdi. Və baxmayaraq ki, biz yaşlıyıq, hamımız yenidən doğulmalıyıq”.

Apolliner 1916-cı ilin 17 martında cəbhədə ağır yaralanır, trepanasiya əməliyyatına məruz qalır və 1918-ci ilin noyabrında onun zəifləmiş bədəni “ispan qripi”nə təslim olur.

1914-cü ilin avqustunda məşhur filosof Anri Berqson Siyasi Elmlər Akademiyasında (o, Akademiyanın prezidenti idi) oxuduğu məruzəsində deyir: “Almaniyaya qarşı müharibə - sivilizasiyanın barbarlara qarşı müharibəsidir. Sadə elmi borc bunu söyləməyi tələb edir ki, Almaniyanın qəddarlığı və kinizmi, onun ədalətə və həqiqətə hörmətsizliyi deqradasiyaya, vəhşilik vəziyyətinə qayıdışa aparır”.

Dramaturq Moris Meterlink isə avqustun 10-da dostu Jerar Anriyə yazır: “Mənim 52 yaşım var, ancaq bu, qətiyyən maneə deyil. Olmazmı ki, Brüsseldən çağırış əmri alım və nə qədər ki almanlar hələ Belçikadadır, mən də onlara heç olmasa bir güllə ata bilim?!”



***

100 il əvvəlki hərb entuziazmının nə ilə nəticələndiyi məlumdur. O mənasız, qanlı 4 illik savaş bütün Avropanı xarabalığa və məzarlığa çevirdi, 4 imperiyanın çöküşü ilə bitdi. Ancaq bundan nə siyasətçilər, nə yazıçı və şairlər, nə də xalq kütlələri lazımi nəticə çıxardı...

Məmməd Süleymanov (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar