Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin hər il türk yurdu Tuvaya təkrarlanan ziyarətində sirr pərdəsi


Putini öz asılılığına salan, Yeltsinə içkini tərgitdirən şaman


Rusiya Müdafiə Naziri Sergey Şoyqu bazar-dükanda satılan ət məhsullarına əsla etibar etmir. Yalnız özü ovladığı heyvanın ətini dilinə vurur. 

Müsahibələrinin birində o, bunu Çingiz xan yasası ilə izah edib: “Ov əti başqadır, dükan əti başqa. Çingiz xan yasasına görə, hökmdar gərək vaxtaşırı ova çıxsın. Gərək mütləq özü ovladığı heyvanın, balığın ətini özü bişirib yesin”.

Bu qədim türk törəsinə indi dünyada bircə Vladimir Putin əməl edir deyəsən. Bir də əsl türk adı “Seree” olan Rusiya Müdafiə Naziri Sergey Kejiqetoviç Şoyqu. Əfsanəvi Turanın dəqiq coğrafiyasını əlinin beş barmağı kimi bilən Şoyqu, öz ovçuluq azarına deyəsən Putini də yoluxdurub.

Builki yay məzuniyyətini də Putin məhz Turan ərazisində, Uluq-Kem çayının sıldırımlı sahillərində keçirib. Prezidentin mətbuat katibi Dmitriy Peskov 3 günlük bu yay məzuniyyəti barədə mətbuata görün nə söyləyib: “Qısa məzuniyyət zamanı, avqustun 1-3-də Putin Tuvada, Güney Sibirdə olub. Keçilməz tayqanı dəf edib. Dağ göllərinin aydan arı, sudan duru dərinliklərinə balıq ovuna çıxıb. Günəş vannası qəbul edib, dağ cığırları ilə əlçatmaz zirvələrə qalxıb”.

Prezidenti müşayiət edən heyət əvvəlkidi - Sergey... üzr istəyirəm Seree Şoyqu, Tuva Respublikasının başçısı Şolban Kara ool, Xakasiya rəhbəri Viktor Zimin və s. vəzifə sahibləri.

***

Amma...

Amma dövri mətbuatda təkrarlanan bu qısa siyahı bütöv deyil, biləsiz. Siyahıda çox vacib müəmmalı bir şəxsin-Monquş Kenin Lopsan adlı yerli şamanın adı yoxdu.

DOSYE: Monqus Kenin Lopsan. Qədim türk şamanizm ənənələrinin müasir bilicisi. Praktiki. Tutduğu vəzifə, Putinkiylə aşağı-yuxarı eynidi. Sənədlərdə o, “Tuva şamanlarının prezidenti” kimi göstərilir axı. 10 aprel 1925-ci ildə Tuvanın Uzun-Xemçik qoşunu ərazisində, çadırda dünyaya göz açıb. Leninqrad Dövlət Universitetinin Tarix fakultəsi məzunudur. Yaradıcılığı çoxşaxəlidir - şer də yazır, roman da. İctimai-siyasi fəaliyyəti də var. Şamanizmə beş barmağı kimi bələddi. 1994-cü ildə Amerika alimləri tərəfindən “Şamanizmin canlı xəzinəsi” adına layiq görülüb.

“ÇİN KƏLMƏSİ”: Şoyqunun hakimiyyət olimpinə yüksəlməsində bu şamanın deyilənə görə əməyi az deyil. 1944-cü ildə Şoyqunun rəhmətlik atasına tapşırılır ki, “Pravda” qəzetini tuva türkcəsində çapa hazırlasın. Rəhmətlik çox düşünür, dərinliklərə dalır o vaxt. Ancaq “Pravda” sözünün tuva türkcəsindəki qarşılığını tapa bilmir. Məcbur qalır şamanlara müraciət etsin. Belə şamanlardan biri - Monquş Sobsan, deyir qəm eləmə. Yuxun, niyyətin sözün əsl mənasında “çin” olacaq. Bəs “pravda” sözünə tuva türkcəsində “şın” (bizim “çin” kəlməsi) kəlməsi uyğundu.

O vaxtdan Monquş Sobsan dönür Şoyqu ailəsinin xeyirxah mələyinə. Boris Yeltsini eşitdiyimə görə, içki aludəçiliyindən məhz bu şaman xilas edib. O da borclu qalmayıb bu kəramət sahibinə. 1993-cü ildə bu çoxbilmiş qoca aslanı “Xalqlar dostluğu” ordeninə layiq görüb.

Sürgey Şoyqunu Vladimir Putinə calayan incə tel də, bu qoca rahibin barmaqları arasından keçib vaxtilə. Monquş Sobsanın kəramətlərinə baxıb ağzı açıq qalan Putin onu 2004-cü ildə “Vətən qarşısında xidmətlərinə görə” medalına layiq görüb. Öz gözü ilə görüb bu kahin Sibirdə tüğyan edən meşə yanğınlarını necə söndürür bircə kəlməsi ilə. Necə bircə hərəkəti ilə səmadan yerə yağış yağdırır.

***

KAŞKULAQ MAĞARASI: Söhbətimin “mısmısını” burda qurtarıb keçirəm necə deyərlər “Mustafa”sına: “Putini sadəcə bir turist bilməyin Turan diyarında. O, hər il bura xüsusi ayin keçirmək məqsədilə gəlir”.

Vladimir Putinin Tuva, Xakas dağlarında ziyarət etdiyi dərin Kaşaluq mağarası belə sirli ünvanların biridir ancaq. Xam səyyahları maqnit kimi özünə çəkən bu mağara yerli türklər arasında müqəddəs sayılır. Mağaraya girdinmi, vəssalam, başqa bir dünyanın fiziki qanunları ilə yaşamağa məhkumsan. Marşrutu başa vurmaq xoşbəxtliyi indiyəcən çoxlarına nəsib olmayıb. Mağara, xam səyyahların qənimi, əli dəryazlı Əzrayılıdı. 1960-cı ildə mağaraya girən 20 tələbə turistdən ancaq ikisi yer səthinə qayıtmağı bacarıb. Hər iki turist az sonra ağlını itirib, düşüb psixdispanserə. 1996-cı ildə eyni acı taleyi mağaraya girən digər 5 turist tələbə təkrarlayıb. Hadisənin yeganə şahidi isə havalanıb necə deyərlər. Ağzı söz tutmayıb əvvəlcə. Müstəntiqlər, bu yazığın dilindən hadisə barədə bəzi detalları az qala kəlbətinlə çıxarıblar: “Uzun dəhlizlər boyu xeyli getdik. Qəfildən ayağımız altında alov saçan bir qapı gördük. Sonra tüklü-müklü bir məxluq girdi gözümüzə... Mağarada on dəqiqədən çox qalmaq mümkün deyil...”

PUTİNİN POTRTETİ: Yeqor Barkovski adlı bir speoloq, yəni mağara tədqiqatçısı, 1979-cu ildə bu sirli ünvanı zərgər dəqiqliyi ilə öyrənib. Deyib: “Müvafiq mənəvi, fiziki hazırlıqsız bura girmək mümkün deyil. On dəqiqə sonra içəridə sanki məşhər günü başlayır”.

Abakan ekstrasensi Dmitriy İvanov mövzunu davam etdirir: “Aşağı səviyyəlilərin bura girməsi təhlükəlidi. Mağara, öz alovlu qapısını ancaq seçilmişlərin üzünə açır. Mağara boyu balaca bir çay axır. Dibi qızıl yataqlıdı. Qədim tuva qocaları vəfatlarından öncə adətən gedib bu mağaraya girərmişlər. Naməlum qeyb aləminə gedən dar cığır, keçid var orda. Qəribə yerdi. Orda biz bir gün Vladimir Putinin portretini aşkarladıq”.

***

ŞAMAN PSİTEXNOLOGİYALARI: Belə təhlükəli yerlərə bələdçisiz, şamansız getmirlər adətən. Monquş Sobsan görünür, bir gün barmağını irəli uzadaraq bu sirli ünvanları Şoyquya, Putinə nişan göstərib. O vaxtdan bəri Putin ilə Şoyqu düşüblər şaman psitexnologiyalarının iti caynağına. Monquş Sobsanla məsləhtələşmədən heç nə etmirlər.

Misal üçün, Putinin mühafizəsi, Monquş Sobsanın təklifi ilə təkcə onun bədənini deyil, izlərini, kölgəsini də qoruyur. Putinin izləri, ləpirləri soyumadan kimin ağzı nədi üstlərindən keçib adlasın.

Sobsana görə, Putin yeddi heyvanı güdməli, tapmalı, cilovlamalı, minməlidir. Məzuniyyət zamanı Putin məmnuniyyətlə bütün bunlara bittə-bittə əməl edir. Gah rus tayqasında düşür ayı izinə. Sonra ayını minib çapır.

Xəzər sularında Putin misal üçün, nərə balığını izləyib. Nərəni tutunca, bizim kimi, doğrayıb şişə keçirməyib öz qənimətini. Balığı öpüb əzizləyib. Xüsusi siqnallı çip bərkidib bu balığın qulaq nahiyəsinə. Nərəni təzədən Xəzərə qaytarıb.

Eyni ayini Putin Amur pələngi ilə də təkrarlayıb. Ayını öpüb, tumarlayıb. Sonra astaca öz çipini bərkidib bu meşə şahının qulaq nahiyyəsinə. İndi Putinin cangüdənləri təkcə onu deyil, həm də bu çiplənmiş heyvanları da güdüb mühafizə edirlər.

Gördüyümüz kimi, Vladimir Putin bu ovçu sirlərinə, türk şamanizminə qarşı biganə deyil. Altay qubernatoru bu barədə mətbuatda görün nə deyib: “Prezident Dağlıq Altayın müqəddəs yer olduğuna şübhə etmir. O, bu yerləri türklərin ana vətəni sayır. Yaxın gələcəkdə Dağlıq Altayda Rusiya prezidentinin iştirakı ilə hər il türk dövlət başçılarının sammiti keçiriləcək. Müvafiq əmr artıq kağız üzərindədir. Qalır indi ancaq icrası”.

Bəs xarici mətbuat buna nə deyir?: Düzü, xarici mətbuat bütün bu mistik səhnələrdən çox uzaqdı. Qərb qəzetləri, Putinin bu ilki Sibir səyahətinə sırf real, turist gözüylə baxır ancaq. Eşitdiyiniz şərhlərdə iynə ucu qədər belə mistikaya rast gələ bilməzsiz. Alman nəşri “Bild”in diqqət mərkəzində Putinin fiziki bədənidir: “Bədən ölçüləri əladır Rusiya prezidentinin. Qarnında, sinəsində əzələlər gərilib. O, gör neçə ildi əsla dəyişmir”.

Digər mətbuat vasitəsi “Frankfurter Allgemeinen” mövzuya Hollivud boyaları qatır: O, “İndiana Cons” qəhrəmanlarını xatırladır. Trampdan fərqli olaraq fəal idman növlərinə üstünlük verir".

Britaniya mətbuatının flaqman gəmisi “The Guardian” bu şərhlərə qoşulur: “Putin 11 yaşından idmanla ardıcıl məşğuldu. 20 yaşında sambo və dzüdo üzrə idman ustası adına layiq görülüb. Leninqradda bu sahələr üzrə keçirilən yarışlarda birincilik qazanıb”.

Putinin Altay barədə şəxsi kommentləri: “Qayıqla üzü aşağı iti sürətlə axırdıq. Qayıqda həm də qızım da vardı. Qarşı sahildəki tək-tük sakinlər bizi görüncə heyrətə gəldilər. Belələrindən biri araq dolu qədəhini yuxarı qaldırıb işarə ilə məni içməyə dəvət etdi. Dedim, tələsirəm. Qalsın sonraya. Kişi, əlini yerə sallayıb öz bəxti ilə çox tez razılaşdı. ”Yaxşı. Sizin sağlınıza!" - deyib qədəhi başına aşırtdı".

***

Putinə baxıb mən də Turan zirvələrində öz yay məzuniyyətini keçirmək xəyalına düşdüm. İnşallah. Qismət olsa gələn il orda görüşərik.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Putinin hər il türk yurdu Tuvaya təkrarlanan ziyarətində sirr pərdəsi

Ən çox oxunanalar