Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin dördüncü qələbəsindən sonra Darvinin goru çatladı


Polad Bülbüloğlunun "müdrik xalq"a müjdəsi - TƏHLİL


Əziz Rzazadə

Strateq.az

Kimsə 21-ci yüzillikdə liderləri texnokratların əvəz edəcəyini demişdi. Yeni minillikdə, təəssüf ki, bu, saxta bəsirət oldu. Xalqlar hələ də güclü şəxsiyyətlərə ehtiyac duyur, şərəfsiz keçmişdən qisasa almağa və yeni ərazi fəthlərinə acdırlar.

Martın 18-də ruslar da eyni şeyi etdilər. Müqayisə qərəzli görünə bilər, amma 1933-də almanlar da eyni istəklə seçki məntəqələrinə yollanmışdı. Birinci Dünya müharibəsində məğlubiyyət xalqın boğazından aşağı enməmişdi.

Romanovlar sülaləsinin “itmiş əzəmət”ini xatırlayarkən, qəşş edən və Sovet İttifaqının süqutuna göz yaşı tökən ruslar kimi.

Elə “Make America Great Again” – “Amerikaya yenidən möhtəşəmliyini qaytaraq” şüarı da həmin qəbildəndir, – heç kim şübhə etməsin.

Əgər buna görə kimisə qınamalıyıqsa, Çarlz Darvindən başlamalıyıq.

Niyə təəccüblənirsiniz!?

Təkamül nəzəriyyəsi üzə çıxandan Köhnə Qitədə sosial darvinizm – qüdrət sahibi olan dövlətlərin öz gələcəyinə dair bəsirətlər yoğurması yaranmışdı. Ən düzgün nəticə alman təfəkküründə doğmuşdu: XX əsrdə rəqabət qabiliyyətli olmaq üçün qitə ölçüsündə dövlət olmaq gərəkdir; bir halda ki bu meyara yalnız RusiyaABŞ malikdir, növbəti yüzillik bu iki divin çarpışma dövrü olacaq.

Bunu dönə-dönə demişəm: cırtdanın divə qalib gəlməsi yalnız nağıllarda ola bilər və bu cür təxəyyül məhsulu həmişə cırtdan xalqlara məxsus olur.

21-ci əsrdə Azərbaycan kimi kiçik dövlətlər iki div arasında çırpınır.

Birinin dəlisov, tez cırnayan, loru danışığı diplomatik dildən üstün tutan lideri – tacirlər və hərbçilər administrasiyasının prezidenti, nə qədər təəccüblü olsa da, fikrini aydın ifadə edir: ya mənimlə eyni səfdə dur, səni inək kimi sağım, arada-bərədə ABŞ-ın yardımları ilə üzündə sevinc qönçəsi açsın, ya da əks tərəfə keç, rəqibimin müttəfiq olduğunu bilim…

Donald Tramp sağdan da, soldan da vurulur, amma onun iqtidarında iqtisadi artım, yeni iş yerləri populist-sağçı düşüncənin təkzibedilməz dəlilidir; sionist xristian-yevangelistlər isə Axirəz-zamanı yaxınlaşdıran ABŞ prezidentinin başına and içirlər.

İkinci div – təmkinli, amma amansız, davakar, qisasçı, həmvətənləri kimi, sümüyünün iliyinədək keçmişin xiffətinə yoluxmuş, prezident seçkilərində dördüncü zəfərini (76,67%) qeyd edir. 1999-cu ildən gah baş nazir, gah prezident əvəzi, gah da prezident kimi özünə rəqib tanımır. O, yerində sayan uğurlarla doyan deyil, 2024-cü ilədək hamını diksindirəcək.

Putin yeni nüvə dəyənəyi ilə təhdid etməklə kifayətlənməyərək, “Rus dünyası”ın sərhədlərinin olmadığını deyir, bunu bütün dünyanın, yəni elə bizim, azərbaycanlıların da nəzərinə çatdırır.

SSRİ-nin süqutundan sonra sovet dövründə “Sovet İttifaqı” adlanan Rusiya (xaricdə onu belə adlandırırdılar), milli sərhədlərimiz barədə danışdıqda, ərazisinin 23,8 faizini, əhalisinin 48,5 faizini, ümumi daxili məhsulun 41 faizini, sənaye potensialının 39,4 faizini (vurğulayıram, demək olar ki, yarısını), Sovet İttifaqı Silahlı Qüvvələrinin keçmiş müttəfiq respublikalar arasında bölüşdürülməsi ilə əlaqədar olaraq, hərbi potensialının 44,6 faizini itirib”.

Putindən bu sözləri eşidəndə, məgər 1991-də öz milli evlərinə dağılışmış xalqların dodağı uçuqlamırmı?

Tarixdə üç dəfə qan yaddaşımıza sərhədsiz “Rus dünyası”nın nəyi ifadə etdiyi yazılıb.

Sonuncu dəfə 1990-nın yanvarında.

Təxminən 200 min kvadrat kilometr olduğu ehtimal olunan tarixi Azərbaycan ərazisinin bir hissəsi 1813 və 1828-də ilhaq olunub.

Təkcə vətən yox, millət də bölünüb.

100 illiyi qeyd olunan Cümhuriyyət (Birinci Respublika) banilərinin, mübahisəli ərazilərlə birlikdə, imperiyanın çiliklərindən yaratdığı 114 min kv/km-lik dövlət 1920-də yenidən işğala məruz qalıb.

87 min kv/km ilə İttifaqdan çıxmış Azərbaycan SSR-in (İkinci Respublika) mirasından müasir Azərbaycanın (Üçüncü Respublika) ərazi itkisi 20%-dir – 17 min kv/km.

Bu baxımdan yalqız deyilik!

“Rus dünyası” ilə müqayisədə, Kremlin üzünə qapılarını çırpmış sabiq müttəfiq respublikaların hər biri eyni aqibətlə üzləşir. Gürcüstanda – Abxaziya, Cənubi Osetiya, Moldovada – Dnestryanı, Ukraynada – Donetsk və Luqansk vilayətləri (hələ Krımın ilhaqını bir kənara qoyuram) keçmişdə vassalların paytaxt saraylarına girov göndərdikləri oğul-qızı əvəz edir.

Azca itaətsizliyin, yəni öz ərazisinə suveren hüququnuı bərpa etmək cəhdinin nəticəsini isə 2008-ci ildə Tiflisin timsalında hamı gördü – rus tankları Gürcüstan paytaxtının beş addımlığında mühərriklərini söndürüb Kremlin hücum əmrini gözləyirdi.

İndilərdə gündəmə gətirilən Avrasiya layihəsi isə Putin Rusiyasının imperiya iştahasını itirmədiyinə sübut, hələ də keçmiş İttifaq üzvlərini siyasi olmasa da, iqtisadi əsarətdə saxlamaq cəhdidir.

O, 20-ci əsrin lap əvvəlləri idi ki, Rusiya dünyanın ən azı bir hissəsini cazibəsində saxlayırdı: Parisin “Maksim” restoranında rus taxılından bişirilmiş çörəyə Voloqda yağı və Xəzər kürüsü çəkilərək yeyilir, avtolar Bakı neftindən hazırlanan benzinlə işə düşürdü; avropalılar Tolstoyun “Hərb və sülh”ünü oxuyur, Maleviçin "Qara kvadrat"ı qarşısında heyrətə gəlir, “Rus mövsümləri”ndə Dyaqilevin balet truppasının tamaşalarına baxırdılar…

Bu gün Putin Rusiyasının dünyaya, elə bizə də təqdim etməli heç nəyi yoxdur.

Soruşa bilərsiniz, bəs bu günün rus ziyalısı?

Zəmanənin havasına girmək istəməyən ziyalılar abırlarına bükülərək evdar kişilərə çevrilib. Əlbəttə, sözü cəsarətlə Putinin üzünə deyənlər də tapılır. "Qara şəhər" romanının müəllifi Boris Akunin kimi: "Sizə yazığım gəlir".

Dostoyevskidən Soljenitsına qədər uzanan velikorus şovinizminin cadusunu isə çağdaşlarımıza həm zahirən, həm əqli cəhətdən onlara oxşar yeni kahin yayır – Aleksandr Dugin.

Atalarımız nahaq yerə “Taylı tayını tapar” deməyib ki… Sergey Kurginyan, Andranik Miqranyan… sözdə rusdan çox rusiyapərəstlər, “Rusiya naminə” boğazını yırtanlar əcdadlarımızın başqa bir məsəlini xatırladır: “Arxalı köpək qurd basar”.

Bəlkə də “Levada Senter”in son on ildə keçirdiyi sorğularda “Hansı dövlətləri Rusiyanın müttəfiqi hesab edirsiniz” sualının cavabındakı fərqin (Ermənistan 12-15%, Azərbaycan dəyişməz olaraq – 9%) bir səbəbi də elə budur.

Açıq deməliyik, ruslar bizi sevmirlər, ruslar Azərbaycanın müstəqilliyinə dözümlü deyillər.

1990-cı illərdə "Space" müxbirinin sualına cırnayan Rusiya səfiri Aleksandr Bloxin deyirdi: "Rusiyada, elə sizin hesablamalarınıza əsasən, 1,5 milyon azərbaycanlı var. Onların hər biri Azərbaycana, ələbaxımlı ailə üzvlərinə 100 dollar göndərirsə, bu bir ildə təxminən 1, 5 milyard dollar edir. Bu, vergiyə cəlb olunmamış vəsaitdir, illərlə göndərilir və Qərbin Azərbaycana birdəfəlik 3 milyard dollarlıq investisiyası ilə müqayisədə çox böyük məbləğdir". 

Bu gün iqtisadi ətalətin yaşandığı Putin Rusiyasından Azərbaycana "göyərçin poçtu" işləmir – ayın o başına azərbaycanlı miqrantın artıq qalacaq 100 dolları yoxdur.        

Heydər Əliyevin hələ sovet vaxtı dediyi bir cümlə hafizəmə həmişəlik həkk olunub: “Azərbaycanlılar şükürnemət xalqdır”. Doğrudan da Allahdan istədiyimiz həmişə təvazölü olub: asimana toplaşan qara buludlar ancaq yağış gətirsin, yel əsib-yengələr oynasa da, evimizin damını uçurmasın, süfrədən bircə yavanımız əskik olmasın, köhnə palazımızı belə itə ataq, yada satmayaq…

Dünyanın ən böyük (17 milyon 100 min kv/km) və hələ məskunlaşmamış ərazisinə (əhali – 146,8 milyon nəfər), ən yaxşı qaratorpaq sahələrə, meşə zolağına, su ehtiyatına, Mendeleyev cədvəlinin demək olar ki, bütün elementlərinə sahib dövlət – Putin Rusiyası isə hələ də özgə bostanındakı tağda bitənə tamah salır…

Buna görə də, Azərbaycan səfiri Polad Bülbüloğlunun Putinin seçki təbliğatında iştirakı və "Əminəm ki, müdrik rus xalqı doğru seçim edəcək" sözləri absurd qalır.

Əgər xalq həqiqətən müdrikdirsə, əcnəbi aqilin məsləhətinə niyə ehtiyac duysun ki!?

Həm də onun üçün bir çox “dəyərlər”i ehtiva edən Putindən başqa seçim tanımırsa…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar