Bazar ertəsi, 18 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Putinin Lələtəpədən verdiyi mesaj hədəfə çatdı: İrəvanda həyəcan


“Kremlin bizə qarşı planı var, Ermənistan hakimiyyətini müharibə ilə hədələyir”- erməni KİV-indən SOS; Rusiyanın nüfuzlu nəşri də Çocuq Mərcanlı konfransından yazdı: “Paşinyanı və komandasını “tərbiyələndirmək” üçün...”


Rusiyalı tanınmış ictimai-siyasi xadimlərin Cocuq Mərcanlıya səfəri ötən həftənin ən yadda qalan siyasi akkordlarından sayıla bilər. “Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransa qatılan rusiyalı qonaqların Qarabağ mövzusunda açıqlamaları, Lələtəpədə əsgərlərimizlə görüşüb onlara “ruh verməsi” xüsusilə diqqət çəkdi.

Gözlənildiyi kimi, səfər və keçirilən tədbir erməni tərəfdə təlaşı artırıb. Bakıdakı möhtəşəm hərbi parad, ardınca Azərbaycan ordusunun dünən başlanan genişmiqyaslı təlimləri və bu təlimlərdən bir gün öncə Rusiya ictimai rəyinə təsiri olan nüfuzlu xadimlərin, siyasətçilərin, Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya təşrif buyurması düşmən ölkədə əndişəni bir az da artırıb. Bunu hətta işğalçı ölkəyə qarşı Kreml və Bakının hansısa ortaq planı, son müharibə hazırlıqları kimi qəbul ediblər.            

*****

“Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Bu, əvvəl də aydın idi, ancaq indi planı o, heç gizlətmir də. Cocuq Mərcanlıya bir dəstə Kreml desantlarının göndərilməsi buna sübutdur. Onlar ”Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir" adlı şouya qatılıblar".

“Yeni Müsavat”ın məlumatına görə, aremnianreport.com saytındakı məqalədə belə deyilir. Daha sonra tədbirin Rusiyadan olan iştirakçılarına və onların sərgilədiyi mövqeyə diqqət çəkən müəllif yazır: “Onların hamısı Bakı publikasına xoş gələn açıqlamalar verdilər. Savelyev (Dumanın deputatı - red.) isə lap uzağa gedib. ”Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır" deyib. Ən çox qəzəb doğuran isə Duqin oldu - hansından ki, bizim KİV-lər sitatlar gətirməyi, müsahibə götürməyi sevir. “Bu, çox rəmzidir ki, biz bu görüşü Qarabağda keçiririk. Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir. Mən ilk dəfə Qarabağda səfərdəyəm. Bu, həm də Rusiya ziyalı təbəqəsinin Qarabağ probleminə yanaşmasının təzahürüdür” - Duqin deyib. Hələ Şevçenko kimi ayrı “oratorların” da çıxışları olub. Amma fikrimcə, Duqinin söylədiklərindən sonra hər şey olduqca aydındır: Kreml bizim hakimiyyətə qarşı təzyiqə keçib. Moskva İrəvandan Putinlə Sərkisyanın vaxtilə razılaşdırdığı “azad edilmiş ərazilər”lə bağlı (dırnaqlar bizimdir - “YM”) satqın plana razılıq istəyir. Əks halda, bizi müharibə ilə hədələyir".

Qeyd edək ki, Cocuq Mərcanlıda 5 rayon söhbəti də olub. “Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Biz birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”. Bunu öz çıxışında hakim “Vahid Rusiya” partiyasından deputat Aleksey Yezubov bildirib. “Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”. Bu da onun sözüdür. Deputat daha sonra “Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyib.

*****

Cocuq Mərcanlı tədbirinə Rusiya KİV-i də diqqət çəkib və bunu İrəvana xəbərdarlıq mesajı kimi təqdim edib. “Yeni Müsavat” xəbər verir ki, rosbalt.ru nəşri bununla bağlı yazıb: “Azərbaycan ordusunun təlimlərin lap başlanma ərəfəsində, iki il öncə ”4 günlük müharibə" zamanı azad edilən Cocuq Mərcanlıda “Azərbaycan - Qafqazda Rusiyanın yeganə müttəfiqidir” olduqca çoxmənalı ad daşıyan konfrans keçirilib. Rusiyalı tanınmış siyasətçilər, ictimai xadimlər, ekspertlər də daxil, çıxış edənlər çox olub. O sırada Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından deputat Aleksey Yezubov Rusiya prezidentinin Qarabağ konflikti ilə bağlı mövqeyini səsləndirib. “Ermənistan Putin, Əliyev və Sərkisyanın birgə razılaşdırdığı yol xəritəsinə əsasən, Azərbaycanın  işğal altındakı 5 rayonunu qaytarmalıdır” deyib".

Rosbalt.ru ardınca qeyd edir: “Regionda qüvvələr balansı artıq açıq-aşkar Azərbaycanın xeyrinə dəyişib. Ermənistan isə Rusiyadan Su-30 SM qırıcıları almağa ümid edir. Söhbət ümumi məbləği 300 milyon dollar olan 12 qırıcıdan gedir. Doğrudur, hələ aydın deyil ki, belə ”dəbdəbə" üçün pul haradan tapılacaq. Bu anlaşma müstəsna olaraq Rusiya silahları hesabına, oradan “gülməli qiymət”ə verilən silahlar hesabına ayaqda duran Ermənistanın döyüş qabiliyyətini əhəmiyyətli şəkildə qaldıra bilərdi. Ya da kredit. Bu yaxşılıq Ermənistanda qərbyönlü hakimiyyətin gəlişindən sonra da davam edəcəkmi, söyləmək çətindir. Moskva üçün məntiqli olardı ki, ermənilərə silah verilməsi məsələsində taym-aut götürsün. Necə deyərlər, “cəza kimi” və ya Paşinyanı və komandasını “tərbiyələndirmək” üçün - Azərbaycanla mümkün müharibədə özünün “neytrallığı” ilə İrəvanı şantaj edərək. Axı tam mümkündür ki, təlimlər hərbi əməliyyatlara da çevrilə bilər".

*****

Təlimlər də daxil, bütün bunlar şübhəsiz ki, işğalçı tərəfdə narahatlıq doğuracaqdı və doğurdu da. Ələlxüsus Cocuq Mərcanlıda Putinə yaxın deputat və ekspertlərdən Azərbaycanın mövqeyi ilə səsləşən yanaşmaların sərgilənməsi düşmən tərəfdə təlaş yaradıb.

“Yeni Müsavat” bu yerdə xatırladır ki, Rusiya dövlət Dumasının spikeri, Putinin silahdaşlarından sayılan Vyaçeslav Volodin az öncə Bakıya etdiyi səfər zamanı Azərbaycanın Qarabağ məsələsində həmişə ədalətli və konstruktiv mövqe tutduğunu demişdi. Bu fikir də İrəvanda təlaşla qarşılanmışdı. Çünki Bakının mövqeyi çoxdan məlumdur. 

Belə görünür ki, Kreml ermənilərin özlərinin də söylədiyi kimi artıq “düyməyə” basıb. Qərbyönlü baş nazir Nikol Paşinyan ayağını “qırmızı cizgi”dən kənara qoyan kimi Bakı ilə müştərək plan işə düşəcək. Paşinyan isə NATO sammitinə qatılmaq üçün Brüsselə səfərə hazırlaşır...

pia.az

Etiket:
loading...
-->