Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Professor: “Qətllərin səbəbini insanın daxilində axtarmaq gərəkdir”


Professor İlham Rəhimovun ilk dəfə açıqladığı faktlar


Bu günlərdə hüquq professoru İlham Rəhimovun  “Ölümsüz ölüm cəzası” adlı kitabı işıq üzü görüb. Kitabda ölüm hökmünün hüquqi tərəfləri ilə yanaşı tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji aspektləri də geniş araşdırılıb. Professorla bugünkü söhbətə də əsərin yaranma səbəbləri haqda sualla başladıq. İlk suala cavabı belə oldu:

- Adından da göründüyü kimi əsas mövzu ölüm hökmüdür. Bu haqda fikirlərim ölüm hökmü haqqında yazdığım digər kitablarda da toplanıb. Ancaq həmin fikirlər, daha çox tezis formasında idilər və mən düşündüm ki, bu mövzunu daha geniş araşdırmağa ehtiyac var. Bu gün dünyada, xüsusən Avropada ölüm hökmündən imtina olduğunu görürük. Bu cəzaya moratorium qoyan, ondan imtina edən bir sıra ölkələr qərarları üzərində yenidən düşünməyə başlayıblar - bu addımımız doğru idimi? İsrail bu yaxınlarda ölüm hökmü ilə bağlı müzakirələrə başlayıb. Düzdür, onlar bu cəzanın terrorçulara tətbiq edilməsi üzərində dartışırlar, amma bütün hallarda, məsələ gündəmdədir.

- Yeri gəlmişkən, necə düşünürsünüz, İsrail ölüm hökmünü bərpa edəcək?

- Məncə, edəcəklər. Rusiya, Türkiyə, Pakistan ölüm hökmünə moratorium qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə mesaj ünvanlayıb ki, ölüm cəzasının tətbiqi bərpa oluna bilər. Eləcə də Pakistan... Mən həm Rusiya hakimiyyətinin, həm də alimlərin bu məsələyə münasibətindən xəbərdaram. Onlar da ölüm hökmünün tamamilə götürülməsinin tərəfdarı deyillər. Səbəbi isə odur ki, son zamanlar həm ağır cinayətlərin, həm qurbanların sayı, həm də qəddarlıq dərəcəsi artıb. Bu gün dünyada terror geniş yayılmağa başlayıb. Təbii olaraq bütün cəmiyyətlər terrorla  mübarizə yollarını aramaqdadır. Məncə, insanın həyatını itirəcəyi qorxusu onu cinayət törətməkdən çəkindirir. Bir var, insan lap ömürlük həbsdə də olsa da yaşayacağını bilir, bir də var, əmindir ki, ölüm cəzası alacaq. Özü də indiki şərtlər daxilində ömürlük həbs cəzası o qədər də vahiməli sayılmaz - məhbuslar televizora baxır, Avropa həbsxanalarında internetə giriş, hətta qida seçmək hüququ var. Ölüm hökmü ilə bağlı saysız kitablar yazılıb. Onların bir çoxu ilə tanışam. Son kitabımın özəlliyi ondadır ki, problem ayrı-ayrılıqda tarixi, dini, fəlsəfi, sosioloji-psixoloji yöndən araşdırılıb. Çünki ölüm hökmü elə bir anlayışdır ki, ona yalnız hüquqi yöndən baxılması dolğun nəticələr çıxarılması üçün yetərli sayıla bilməz. Bu problem sistemli baxış tələb edir və mən əsərimdə bütün yönləri dərindən araşdırmağa çalışmışam. Konkret hansı nəticələrə gəlmişəm - bununla kitabı oxuyanda tanış ola bilərsiniz.

- O zaman sualı belə qoyaq. Azərbaycanda da ölüm hökmünün bərpası ilə bağlı müzakirələr dayanmayıb. Bu müzakirələrin sonunu necə görürsünüz?

- Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Dediyim kimi, siyasi qərar olduğu üçün Azərbaycan onun nəticələrini dəqiq hesablaya bilməyib. Ona görə də, ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək. Keçmişdə ağır cinayətlərdə, xüsusən qəsdən adamöldürmədə qurbanların sayı çox olmurdu. Ancaq indi eşidirik ki, kimsə bütöv bir ailəni amansızlıqla qətlə yetirib. Fikir vermisinizsə, indi canilər qurbanlarının başını kəsir - əvvəllər belə faktların sayı mindən bir idi. Bu çox vahiməlidir. Cinayətlər çox qəddar xarakter alıb.

- Sizcə, hansı səbəbdən? Məsələn, Azərbaycanda bu nə ilə bağlı ola bilər?

“Azərbaycan yardımlarla yaşayan ölkələrdən deyil. Ona görə də, belə bəyanatların bizə təsir edəcəyini düşünmək, yersizdir”
- Bu tendensiya yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında müşahidə olunur. Avropanı bu bölgüyə ona görə salmıram ki, Avropa daha çox terrordan əziyyət çəkir, bu, başqa mövzudur. Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra cinayətkarlığın durumunu geniş araşdırmışam. Faktlar göstərir ki, 1917-ci ildə inqilab baş verəndən sonra cəmiyyətdə üç problem kəskin xarakter alıb - xəstəliklərin, cinayətlərin, intiharların sayı bir neçə dəfə artıb. Çünki ictimai-siyasi düzənin pozulması, yeni formasiyaya keçilməsi insanların psixologiyasına çox güclü təsir edir. Bu dəyişikliklər insanların öyrəşdikləri həyat şərtlərini darmadağın edir, beləliklə də ictimai münasibətlər pozulur. Qətllərin səbəbini insanın daxilində axtarmaq gərəkdir. Məsələn, dələduzluq niyə baş verir? İnsan başqasının hesabına varlanmaq istəyir. Belə cinayətlərin səbəbi sosial-iqtisadi durumda axtarılmalıdır. Qətllərin səbəbini isə tapmaq son dərəcə çətindir. Araşdırmaların, müzakirələrin sonunda belə qənaətə gəlirik ki, bu insanın xisləti ilə bağlıdır. Demək, insan hələ də daxilən kamilləşmə mərhələsini keçə bilməyib, ilkin yaradılış təfəkkürünü saxlayıb. Azərbaycanda da cinayətlərin artım tendensiyası köhnə quruluş dağıldıqdan sonra baş verdi. Cəmiyyətdə ictimai münasibətlər yenidən qurulmağa başladı. Qanunlar oturuşana qədərki aralıqda bir çox məsələlər 180 dərəcə dəyişdi, təbəqələşmə baş verdi - bəzi insanlar hədsiz varlandılar, bəziləri isə həyatın dibinə yuvarlandılar. Bütün bunlar insanların psixologiyasında ciddi dəyişiklik yaradır və cinayətlərin statistikasına və xarakterinə birbaşa təsir göstərir.

- Professor, söhbətin yönünü bir qədər də beynəlxalq siyasət olaylarına çevirmək istəyirik. Ötən həftəsonu ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistanın başçısı Ramzan Kadırovun “Maqnitski siyahısı”na daxil edib. Medianın iddiasına görə, bu siyahıda Rusiya liderinə yaxın bir çox adamların adı da var. Bu xəbərləri necə qiymətləndirirsiniz?

- Mətbuatdan izlədiyimə görə bu siyahı Maqnitskinin ölümü ilə bağlı yaradılıb, ABŞ rəsmiləri bu işlə bağlı hüquq-mühafizə orqanları işçilərinin adını o siyahıya salıblar. Bu siyahıya Kadırovun hansı səbəbdən salındığı isə mənə aydın deyil.

- Keçən ilin ən böyük hadisəsi yəqin ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləmək və səfirliyi ora köçürməklə bağlı qərarı oldu. Ondan bir neçə gün sonra isə Türkiyə lideri İstanbulda İƏT-in təcili toplantısını çağırdı və orada Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Amerika liderinin bu qərarını necə şərh edərdiniz? Bu məsələ strateji xarakter daşıyan Azərbaycan-İsrail münasibətlərinə xələl gətirə bilərmi?

- Trampın prezidentliyə namizədliyi irəli sürüləndə bildirmişdim ki, o siyasətçi deyil, biznesmendir, böyük siyasət məktəbini keçməyib. Belə şəxslər hakimiyyətə gələndə gözlənilməz addımlar atırlar. Gözlənilməz addımlar isə çox zaman heç də yaxşı olmayan nəticələrə gətirir. Uzun illər siyasətdə olan insan heç zaman belə bir addım atmazdı. Çünki belə addımlar atılan zaman yalnız ölkə ictimaiyyətinin onu necə qarşılayacağı deyil, geniş geosiyasi sonucları da hesablanmalıdır. Uzun illərin siyasət adamları bu cür həssas məsələlərdə son dərəcə ehtiyatlı davranırlar. Məsələn, Rusiya prezidenti... Putin heç zaman belə düşünülməmiş addım atmaz. Bir qərarı verməzdən öncə o, dəfələrlə nəticələri hesablayır. Bu mənada Vladimir Putin çox ehtiyatlı adamdır. Tramp isə bu məsələdə özünü dolaşığa saldı, sonucda ABŞ dünya ilə üz-üzə qaldı. BMT müzakirələrində ABŞ-ı 6-7 ölkə müdafiə etdi ki, onların da adı belə çoxlarına tanış deyil. Beləliklə, Trampın bu düşünülməz addımı ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu. Qüds məsələsində ABŞ-ın daha bir ciddi yanlışı “bizi dəstəkləməyənlərə maliyyə yardımı ayırmayacağıq” bəyanatı oldu. Bu, iqtisadi şantajdır. Bu o deməkdir ki, bizimlə olmayanları cəzalandıracağıq. ABŞ kimi supergüc üçün bu doğru addım sayıla bilərmi? ABŞ elə bir cəmiyyət qurub ki, dünya onu model kimi qəbul edir, ona oxşar sistem yaratmağa çalışır və birdən, belə ehtiyatsız bəyanat eşidilir... Amma bu bəyanat tərs effekt verdi, dünya ABŞ-ın qabağından qaçmadı...

- Həmçinin Azərbaycan...

- Bəli. Azərbaycan bu şantajdan niyə çəkinməliydi ki? Azərbaycan yardımlarla yaşayan ölkələrdən deyil. Allaha şükür, bizim yetərincə sərvətimiz var. Ona görə də, belə bəyanatların bizə təsir edəcəyini düşünmək, yersizdir.

pia.az
Etiket:
loading...