Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin islahat əzmi və xalqla hakimiyyət arasındakı “Berlin divarı“

Prezidentin anonsunu verdiyi islahatlar həyata keçirildiyi zaman böyük bir məmur ordusu faktiki olaraq korrupsiya gəlirlərindən məhrum olacaq


Ötən həftə daha çox hökümətin islahat çağırışları ilə yadda qaldı. Həftənin ilk günündə büdcənin yeniləndiyi və təsdiq üçün prezident İlham Əliyevə təqdim olunduğu bildirildi. 

Daha əvvəl Rusiyanın iziylə gedən və Rusiya hökümətinin büdcəsində göstərilən proqnoza uyğun olaraq büdcədə neftin qiymətini 50 dollardan hesablayan Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyində yenilənmiş büdcədə neftin qiymətini Rusiyadan daha çox realist olan və neft bazarında əsas söz sahibi kimi çıxış edən Səudiyyə Ərəbistanının büdəcsində (Səudiyyə Ərəbistanının büdcəsində neft 27 dollar hesablanıb), göstərilən qiymətdən daha aşağı bir qiymətə, 25 dollar olaraq nəzərə alındı. 

Samir Şərifovun yeni büdcə layihəsində neftin qiymətini minimuma qədər endirməsi əslində Azərbaycanın ehtiyatlarının və ən əsası gəlirlərinin tükənməkdə olduğunun və hökümətin büdcənin icrasında risk almaq istəmədiyinin göstəricisi kimi də dəyərləndirmək olar. Lakin risk özü-özündən ortalıqdadır və bu risk Azərbaycan iqtisadiyyatının tənəzzülü və ümumilikdə cəmiyyətimizin sosial, iqtisadi və siyasi problemləri ilə ortaya çıxır. 

Prezidentin islahat əzmi və xalqla hakimiyyət arasında "Berlin divarı"na çevrilən məmurlar

Elə bu üzdən də ötən həftə və yanvar ayının sonlarında ölkə prezidenti çox ciddi bəyanatlarla çıxış etdi. Hər şeydən əvvəl prezident bir daha Azərbaycanda iqtisadi islahatların aparılmasının zəruriliyini bütün ciddiyyəti ilə qeyd elədi. Və bir sıra praktiki addımlar atdı. 

"Məmurlar əllərində olan adminstrativ resursları, həmçinin nüfuzlarını islahatların həyata keçirilməsi üçün sərf edəcəklərmi?" 


Ölkə prezidenti hazırkı mürəkkəb dövrdə insanlarımızın həyat səviyyəsinin və rifahının aşağı düşməsinin qarşısının alınması üçün atdığı addımlarda şübhəsiz ki, səmimidir. Lakin Azərbaycanda iqtisadi islahatların aparılmasının özünə məxsus çətinlikləri var və bu çətinliklər birbaşa hakimiyyətin özündən, daha doğrusu dövlət məmurlarından qaynaqlanır. Heç kimə sirr deyil ki, dövlət qurumlarında və iqtisadiyyatda aparılan islahatlar hər şeydən əvvəl məmurların maraqlarına ziddir. Manatın devalvasiyasından sonra məmurlar, məhz struktur və iqtisadi islahatlardan ciddi maddi ziyan görməkdədirlər və görməkdə davam edəcəklər. İslahatlar dərinləşdikcə bu ziyan öz miqyası ilə daha da böyük olacaq və devalvasiyadan gələn ziyan islahatlardan gələn ziyanın yanında çox cüzi görünəcək. İslahatlardan daha çox ziyan görənlər isə yüksək təbəqə məmurlar deyil, məhz orta təbəqə məmurlar olacaq ki, bu da zamanla ölkədə sosial və siyasi problemlərin meydana çıxmasına yol aça bilər. Çünki normalda orta təbəqə məmurlar öz maraqlarını müdafiə edərək islahatların boşa getməsi və nəticəsiz olması üçün bütün imkanlarını səfərbər edəcəklər. 




İslahatlar və korrupsiya

Şübhəsiz elə buna görə prezident son iki ildə dayanmadan məmurlara xəbərdarlıq edir. Məhz onların bu xəbərdarlıqlardan nəticə çıxarmamaları səbəbindən ötən il ölkədə sensasion həbslər həyata keçirilib. Bu həbslərin 2016-cı ildə də davam etdiriləcəyini də ehtimal etmək olar. Çünki son illər Azərbaycanda korrupsiyanın miqyası o qədər böyük olub ki, artıq bütün ölkə bu korrupsiyanın nəticələi ilə qidalanmaqdadır və artıq korrupsiyanın yaratdığı bu nəticələri hardasa ört-basdır etmək olmur. Bu reallıqdır və bu reallıq nəticəsində yeni həbslərin həyata keçirilməsi qaçınılmaz kimi görünür. Ən əsası ölkə prezidenti islahat məsələsində o qədər israrlı görünür ki, bu islahatların yeni böyük korrupsiya qalmaqallarının ifşa olunmasını da özü-özlüyündə zəruri və qaçınılmaz edir. 

Ölkə prezidentinin islahat əzmi 2016-cı ildə korrupsiyaya qarşı mübarizəni təbii olaraq böyüdəcək və bu da hər şeydən əvvəl orta təbəqə məmurları hakimiyyətlə üz-üzə gətircək. O məmurlar ki, yerlərdə uzun illər boyu oturuşublar və uzun illərdir ki, büdcəni talayaraq özlərinə böyük sərvət qazanıblar. Təkcə büdcəni də deyil, həmçinin yerlərdə kasıb insanların həyat şəraitinin rifahının yüksəlməsinə əsas maneə olaraq çıxış ediblər və sahibkarlığın normal inkişafını rüşvət və korrupsiya pramidası ilə əngəlləyiblər. Orta təbəqə məmurlar hakimiyyətin yüksək eşalonu ilə xalq arasında bufer rolunu oynamaq əvəzinə, maneə rolunu oynayıblar və açıqcası sayı yüz minlərlə olan məmurların fəaliyyəti nəticəsində hakimiyyətlə xalq arasında "Berlin divarı" ucaltmağa nail olublar. 

Bir müddət əvvəl bizə, (pia.az-a), maraqlı bir məlumat daxil olmuşdu. Həmin məlumatda bildirilirdi ki, "MTN işi" daxilində rəhbərliyi həbs olunan "Azərpoçt" MMC-də rayonlardan gələn və ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarını yandırmaq üçün xüsusi otaq və xüsusi işçilər fəaliyyət göstərib. Və maraqlıdır ki, bizim apardığımız araşdırmada məlum oldu ki, "Azərpoçt" MMC-nin o zamankı rəhbərliyi ayrı-ayrı rayonların və dövlət qurumlarının rəhbərlərindən buna görə pul alıb. Qeyd edək ki, bu orta səviyyəli məmurların xalqla ölkə rəhbərliyi arasında divar hörməsinə aid olan adi bir ştrixdir. 

Nəzərə alsaq ki, uzun illər boyu orta təbəqə məmurlar və onların qohum əqrabaları, həmçinin nüfuz dairələrində olan insanlar faktiki olaraq hakimiyyətin və hakim partiya olan YAP-ın əsas elektoratı və sosial bazası olaraq çıxış ediblər, o zaman orta təbəqə məmurlar həmçinin siyasi faktor və siyasi güc olaraq da meydana çıxırlar. 

"Etiraf etməliyk ki, məhz rüşvət və korrupsiyanın mental dəyərə çevrilməsi prezidentin həyata keçirdiyi islahatların qarşısında əsas maneə olaraq görünür". 


Təbii ki, məmurlar birmənalı qaydada prezidentin islahat proqramlarına dəstək verdiklərini bildirəcəklər. Bunu hər fürsətdə söyləyəcək, hər fürsətdə prezidentə sədaqətlərini ümayiş etdirmək üçün bütün imkanları ilə yarışacaqlar. Lakin məmurlar əllərində olan adminstrativ resursları, həmçinin nüfuzlarını bu islahatların həyata keçirilməsi üçün sərf edəcəklərmi? 

Bu sualın cavabı doğurdan birmənalı deyil və hesab etmək olar ki, öz təbiəti ilə islahatlar orta təbəqə məmurlar arasında ciddi narazılıqlar yaradacaq. O zaman yuxarıdakı sualın cavabı Azərbaycanda keçiriləcək islahatlar qədər mühüm və həyat əhəmiyyətlidir. 

Hazırkı durumda prezidentin ASAN Xidmətinə xüsusi önəm verməsi onsuz da orta təbəqə məmurların əsas narazılıq predmetinə çevrilib. ASAN Xidməti rüşvətin və bürokratik əngəllərin ortadan qalxması üçün əsas faktor kimi çıxış etdiyindən çoxlu sayda orta təbəqə məmurların gəlirlərinin ciddi şəkildə azalmasına səbəb olub. 



Prezidentin anonsunu verdiyi islahatlar həyata keçirildiyi zaman isə, böyük bir məmur ordusu faktiki olaraq korrupsiya gəlirlərindən məhrum olacaq ki, bu da onları elə indidən narahat etməkdədir. Ona görə də orta təbəqə məmurların xalqla hakimiyyət arasındakı "Berlin divarı"nı daha da möhkəmləndirilməsi üçün imkanlarını səfərbər etmələri gözləniləndir və məmurların bütün sahələrdə bir-birlərini və ümumi maraqları başa düşərək fəaliyyyət göstərmələri başa düşüləndir.  

Ona görə də hesab etmək olar ki, prezidentin islahat proqramları yerlərdə və nazirliklərin bürokratik aparatlarında ciddi problemlərlə üzləşəcək. Lakin iqtisadi islahatların həyata keçirilməsi hər şeydən əvvəl ölkə üçün zəruri həyat əhəmiyyətlidir və prezidentində bunu başa düşərək öz iradəsini və əzmini sona qədər ortaya qoyacağı da şübhə doğurmur.  
 
İslahatların uğurla həyata keçirilməsi üçünsə, təbii ki, xalqla hakimiyyət arasındakı "Berlin divarı" yıxılmalıdır. Yəni uzun illər boyu, (bəziləri hətta sovet dönəmindən qalıb), parazit şüuru ilə dövləti və xalqı açıqca talayan məmurları yeni şüur əvəz etməlidir. Yeni məmurlar deyil, məhz yeni şüur. Bunun üçünsə islahatlar kompleks şəkildə həyata keçirilməlidir. Yəni bütün cəmiyyətimiz və ment
alitetimiz islahatın tərkib hissəsi olmalıdır. Çünki nə qədər acınacaqlı olsa da, etiraf etməliyk ki, rüşvət və korrupsiya bizim mentalitetimizin tərkib hissəsinə çevrilib və məhz rüşvət və korrupsiyanın mental dəyərə çevrilməsi prezidentin həyata keçirdiyi islahatların qarşısında əsas maneə olaraq görünür. 

Yeni nazirin yeni təyinatı - korrupsionerin yerinə korrupsioner

Amma görünən odur ki, prezident tərəfindən həyata keçirilən islahat və bu islahat çərçivəsində vəzifəyə gətirilən kadrlar özlərinin missiyalarını heç də başa düşmürlər. Hər halda görüntü belədir.

Adi bir misal. Ötən həftənin ən qalmaqallı təyinatı elə son ayların ən qalmaqallı nazirliklərindən birinə çevrilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verdi. Belə güman etmək oldardı ki, yeni təyinat alan Rabitə və Yüksək Texnologiyalar nazri Ramin Quluzadə prezidentin korrupsiyanı və qanunsuz fəaliyyətləri kökündən təmizləmək istədiyi bu qurumu uzun illər burda oturuşmuş korrupsionerlərdən təmizləyəcək. Nazir Ramin Quduzadənin son təyinatı isə səbəb verir deyək ki, RYTN-ə yenidən korrupsiya toxumları səpilir. Faktiki olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Əli Abdullayevin RYTN-nin aparat rəhbəri vəzifəsinə gətirilməsi bunu isbat etməkdədir. 


"Azərbaycan hakimiyyəti öz nüfuzunu təmin edə bilmək üçün islahatların korrupsiyaya qalib gəlməsini təmin etməlidir. Bunu istər hakimyyətin, istərsə də Azərbaycan xalqının zəruri və müstəsna maraqları tələb edir".


Nəzərə alsaq ki, cəmi bir həftə əvvəl prezident İlham Əliyev öz çıxışında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin fəaliyyətini məhz bu qurumda uzun illər boyu ciddi korrupsyia hallarının baş verməsi ilə bağlı ciddi şəkildə tənqid etmişdi, o zaman Ramin Quluzadənin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Əli Abdullayevi hansı məntiqlə RYTN-nin aparat rəhbəri vəzifəsinə gətirməsi anlaşılmazdır və belə çıxır ki, cənab nazir Ramin Quluzadə öz missiyasını tam olaraq, ya başa düşmür, ya da başa düşərək müəyyən maraqlar naminə bu addımı atır. 



Azərbaycan hakimiyyəti öz nüfuzunu 100 faiz təmin edə bilmək üçün islahatların korrupsiyaya qalib gəlməsini təmin etməlidir. Bunu istər hakimyyətin, istərsə də Azərbaycan xalqının zəruri və müstəsna maraqları tələb edir. Lakin görünən odur ki, Azərbaycan hakimiyyətinin islahatları həyata keçirmək üçün qarşısında ciddi əngəllər var və bu ənglləri aşmaq heç də çətin olmayacaq...

Azər Qaramanlı
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar