Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Ərdoğanla daha bir anlaşması

Azərbaycandan gedən vəhhabilər daha Suriyaya buraxılmır; Türkiyə hakimiyyəti prezidentin tələbi ilə azərbaycanlı vəhhabilərin Suriyaya keçidinin qarşısını almağa başlayıb; son günlər Suriyadan qayıdan azərbaycanlıların həbs olunmasının Ankaranın azərbaycanlı döyüşçülərlə bağlı məlumatları Bakıya ötürdüyünü təsdiqləyir


Son günlər 3 Azərbaycan vətəndaşı Türkiyə ərazisindən Suriyaya keçərkən Türkiyə hüquq-mühafizə və sərhəd qüvvələri tərəfindən saxlanılıb. Belə ki, Türkiyənin Kilis vilayətinin Aşağı Bəylərbəyi kəndi yaxınlığında Suriya ərazisinə keçməyə hazırlaşan 7 ölkədən olan 8 xarici vətəndaş saxlanılıb. Onlardan birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

APA TV-nin Türkiyə müxbiri isə xəbər verir ki, Türkiyə ərazisindən Suriyaya keçmək istəyən daha 2 Azərbaycan vətəndaşı Hatay ərazisində saxlanılıb.

Hatay polisindən bildirilib ki, biri qadın, biri kişi olan Azərbaycan vətəndaşları Hatay vilayət polis idarəsində verdikləri ifadələrində Suriyanın Hələb bölgəsində qohumlarını görməyə getmək istədiklərini qeyd ediblər. Hazırda hər iki Azərbaycan vətəndaşı Hatay vilayət polis idarəsinin nəzarət bölməsində saxlanılır. Polisdən o da bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaya getməsinin qarşısının alınması üçün son vaxtlar sərhəddə nəzarət daha da gücləndirilib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra çoxsaylı Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində Bəşər Əsəd qüvvələrinə qarşı, o cümlədən müxaliflərin öz aralarında gedən döyüşlər zamanı xeyli sayda azərbaycanlı öldürülüb. Suriyaya azərbaycanlılar bir qayda olaraq Türkiyə üzərindən keçərək gedir. Suriyada münaqişə başladıqdan sonra Türkiyə hökuməti faktiki olaraq sərhədi Suriyada savaşanların üzünə açıb. Hətta kifayət qədər iddialar var ki, Türkiyə xüsusi xidmət orqanları dünyanın hər yerindən B. Əsədə qarşı savaşmaq istəyən mücahidləri ən müxtəlif vasitələrlə Suriyaya yönləndirir, təcrübəsizlərin Türkiyə ərazisində qısamüddətli təlimlərə iştirak etməsinə şərait yaradır (iddialara görə bunun üçün Suriya-Türkiyə sərhədində təlim düşərgəsi qurulub - K.R.) Bu səbəbdən dünyanın istənilən bölgəsindən gələn könüllü döyüşçülər Türkiyə ərazisindən keçməklə Suriyaya daxil ola biliblər. Və bu zaman onlara heç bir maneə olmayıb.

Hətta bir neçə ay əvvəl “Yeni Müsavat”da Suriyaya gedən döyüşçülərin valideynlərinin və Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının Suriya sərhədi yaxınlığında müxaliflər tərəfindən hücuma məruz qaldığı və sərhəddən əliboş qayıtdığı haqda məlumatlar dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçiləri Türkiyənin Suriya ilə sərhəd bölgələrində araşdırmalara başlayıblar. Onlar Türkiyə xüsusi xidmət orqanlarının da dəstəyi ilə azərbaycanlı mücahidlərin xüsusi təlim düşərgələrini müəyyənləşdirərək, məlumatlar  toplamaq təşəbbüsləri göstərirlər. Ancaq bunun üçün əlverişli mühit yoxdur -  Türkiyə  xüsusi xidmət orqanları Əsədə qarşı döyüşmək üçün dünyanın hər yerindən Suriya sərhədlərinə axın edən mücahidlərin geri qaytarılmasında maraqlı deyillər. Məlumatda qeyd olunurdu ki, həmin dövrdə Azərbaycan və Türkiyənin məxfi xidmətləri arasında bir gərginlik yaşanıb. “Yeni Müsavat”a məlum olub ki, hətta bir neçə nümunədə Azərbaycandan Türkiyəyə gənc “mücahidlərin” valideynləri də aparılıb. Geri dönmək istəməyən, “cihad” hərəkatına qoşulan övladlarını dilə tutmaq və həm də Türkiyənin aidiyyəti rəsmi mövqelərinə təsir etmək mexanizmi kimi valideynlərdən istifadə olunub.

Ancaq bütün addımlar nəticəsiz qalıb. O zaman bizə gələn məlumatlarda Türkiyə hökumətinin Azərbaycan xüsusi xidmətlərinin və valideynlərin Suriyadakı savaşçıları geri qaytarmaq cəhdlərinə, yumşaq deyilsə, “həvəssiz” yanaşdığı bildirilirdi. Bu ilin əvvəlində bu mövzu ilə bağlı modern.az saytına açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanlı bildirib ki, Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizəyə başlanılıb və bununla bağlı Türkiyənin xarici işlər nazirinə müraciət olunub. Sitat: “Üç ay öncə Türkiyənin müxtəlif yüksək vəzifəli şəxslərinə bununla bağlı öz etirazlarımızı bildirmişik. Hətta Əhməd Davudoğlu Bakıda olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin qarşısı alınsın”.

Ancaq gələn xəbərlər də göstərirdi ki, həmin vaxt Suriyaya döyüşçü göndərilməsinin qarşısını almaq mümkün olmadı. Çünki azərbaycanlılar rahat şəkildə Suriyaya keçməkdə davam edirdilər. Hətta həmin ərəfədə Gəncədə səfərdə olan Davudoğlunun Türkiyə ərazisindən azərbaycanlıların Suriyaya keçməsi faktını inkar etməsi bunu göstərirdi. İndi isə görünür, durum dəyişib.   

Türkiyə polisi və xüsusi xidmətlər artıq bu ölkə ərazisindən Suriyaya gedənləri saxlayaraq həbs edir. Suriyaya keçmək istəyən azərbaycanlıların ardıcıl olaraq saxlanılması və polisin bu haqda məlumat yayması onu göstərir ki, bu mövzuda Türkiyə hökumətinin mövqeyi artıq dəyişib.

Yeri gəlmişkən, mətbuat və siyasət çevrələrindən gələn iddialara görə, bir qədər əvvəl Türkiyə baş nazirinin Azərbaycana səfərindən sonra Ankara və Bakı arasında bir sıra məsələlərlə bağlı razılaşmalar əldə olunmuşdu. Mətbuata çıxan məlumatlarda qeyd olunurdu ki, Türkiyə və Azərbaycan hakimiyyətləri qarşılıqlı olaraq daxili siyasətlə bağlı kəşfiyyat məlumatları mübadiləsi ediblər. Azərbaycan hakimiyyətinə yaxın mediada gizli təriqətlərə bağlı məmurların, bəzi müxaliflərin Türkiyədəki hərəkətləri detallı şəkildə çıxması onu göstərirdi ki, Ankara  hökuməti Azərbaycanla ciddi məlumat mübadiləsi aparıb. Bunun ardınca jurnalist Rauf Mirqədirovun Türkiyədən ekstradisiya olunması Bakı ilə Ankara arasında gizli anlaşmanın nəticəsi kimi qəbul olunur.

Türkiyə təhlükəsizlik orqanlarının Suriyaya keçən azərbaycanlıların qarşısını alaraq onları həbs edib geri göndərməsi isə onu göstərir ki, Bakıda olarkən Ərdoğanla Azərbaycan prezidenti arasında bu mövzuda da anlaşma əldə olunub. Görünən budur ki, rəsmi Bakı Ankaradan azərbaycanlıların Suriyaya keçməsinin qarşısını almağı və sərhədi keçənlərin tutularaq geri göndərilməsini ciddi şəkildə tələb edib. Bu isə onu deməyə əsas verir ki, Ərdoğan  qarşılıqlı anlaşma şərtləri daxilində Suriyada döyüşən azərbaycanlılarla bağlı əlində olan məlumatları Bakıya təqdim edib. Son günlərdə Suriyadan qayıdan bir neçə Azərbaycan vətəndaşının ölkə ərazisində həbs olunması artıq Suriyadakı döyüşçülərlə bağlı məlumatların Bakıya verilməsinin əlaməti kimi qəbul oluna bilər. Bu, həm də onu göstərir ki, əməliyyatlar davam edəcək.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar