Çərşənbə axşamı, 19 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Prezident Ərdoğandan Azərbaycana mühüm jest


Andiçmədən sonra ilk səfərini Bakıya edir


Qardaş ölkənin prezidenti növbəti dəfə dost-düşmənə mesajını verdi, Bakı və Ankaranın arasına girənlər məğlub olacaqlar; eks-nazir Tofiq Zülfüqarov: “Təbii ki, bu kimi səfərlər müsbət rəmzi məna daşıyır”.

İyunun 24-də növbəti dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ənənəsinə sadiq qalaraq ilk xarici ölkə səfərini Azərbaycana edəcək. Bu gün o, Bakıya gələcək.

Cənab Ərdoğanın həmin gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcəyi də bildirilir.

“Türkiyə və Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və daha da inkişaf edəcək”. "Trend"in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçirilib.

Türkiyə lideri Bakıdan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə yola düşəcək. Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının sabah başlayacaq sammiti Ərdoğanın yeni beş illik prezidentlik dövründə qatıldığı ilk beynəlxalq tədbir olacaq.  NATO sammiti zamanı Ərdoğanın ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Tereza Meylə bir araya gələcəyi gözlənilir (ordu.az). 

Qardaş ölkə prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi “Bir millət, iki dövlət” yanaşmasının ruhuna tam uyğun olmaqla yanaşı, qardaşlıq ənənələrinin uğurla davam etdirilməsi, dost-düşmənə verilən aydın mesajdır. Bununla da qardaş ölkənin lideri növbəti dəfə demək istəyir ki, Bakı və Ankaranın arasına girənlər, münasibətlərimizə xələl gətirməyə çalışanlar daim məğlub olacaqlar. Xüsusilə də Qarabağ torpaqlarının işğalı şəraitində, həmçinin Azərbaycanın Naxçıvan bölgəsində yönəlik Ermənistanın təhdidlərinin davam etməsi halında Bakı səfəri olduqca önəmlidir. Heç şübhəsiz ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi mövzusu Bakı səfərində müzakirə olunacaq. Eyni zamanda Suriya və İraqdan sıxışdırılan PKK-nın Qarabağa sığınması ətrafında da diskussiyaların aparılması mümkündür. Xatırladaq ki, baş nazir Binəli Yıldırım Bakıda olarkən Türkiyə və Azərbaycana yönəlik təhlükələrə qarşı tədbir görülməsini mümkün saymışdı. 

“Prezident seçkilərindən sonra Azərbaycan və Türkiyənin dövlət başçısının ilk xaricə səfərini qardaş ölkəyə etməsi münasibətlərdə xoş və müsbət ənənədir. Bu, Azərbaycanla Türkiyənin nə qədər yaxın, müttəfiq, strateji tərəfdaş olduğunun göstəricisidir. Qarşılıqlı olaraq bu səfərləri həm də beynəlxalq ictimaiyyətə bir mesaj kimi qiymətləndirmək olar”.

Bu sözləri teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Ərdoğanın prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycan və Şimali Kiprə etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana gələn Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə hərbi sahədən tutmuş siyasi əməkdaşlığın müxtəlif parametrlərinədək ən müxtəlif istiqamətdə müzakirələr aparacaq.

Vüqar Zifəroğlunun fikrincə, prezidentlərin görüşündə Yaxın Şərqdə baş verən proseslər ətrafında da müzakirələr aparıla bilər: “Türkiyə Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir, Azərbaycan da öz növbəsində həmişə regionda baş verən hadisələrə həssaslıq nümayiş etdirir, İslam həmrəyliyi ilə bağlı çağırışlar edən bir ölkə kimi tanınır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə R.T.Ərdoğanın ənənəvi olaraq seçiləndən sonra Azərbaycana gəlməsini xüsusi qeyd etmək lazımdır: “Azərbaycan həm xarici, həm də daxili siyasətində çox önəmli yer tutan ölkədir. Daxili siyasətdən söhbət gedirsə, seçki platformasında Dağlıq Qarabağ probleminin həlli xüsusi olaraq qeyd olunub. Xarici siyasətinə gəldikdə, Ərdoğan və Prezident Administrasiyası bir neçə dəfə Qarabağ məsələsi barədə həm Vaşinqtonda, həm də Moskvada məsələ qaldırıb. Eyni zamanda Türkiyə və Azərbaycan arasında iqtisadi, humanitar, hərbi, təhlükəsizlik və s. sahələrdə geniş əməkdaşlıq var”. T.Zülfüqarov prezident Ərdoğanın Bakı səfərinin rəmzi məna daşıdığını da vurğuladı: “Təbii ki, bu kimi səfərlər müsbət rəmzi məna daşıyır. O da istisna deyil ki, hər dəfə olduğu kimi, bu dəfə də konkret məsələlər müzakirə olunacaq”.

Politoloq R.T.Ərdoğanın Bakıdan Brüsselə səfər edəcəyinə toxunarkən bildirdi ki, sammitdə Qarabağ məsələsini qaldırıb-qaldırmayacağını dəqiq deyə bilməz: “Amma Ermənistanın indiki siyasəti bir-birinə zidd məsələlərlə xarakterizə oluna bilər. Bir tərəfdən qərbmeyilli siyasət yürüdülür, eyni zamanda İrəvan Rusiyanın təhlükəsizlik çətirinin altında qalmaq istəyir.  Yeni xarici işlər naziri də bununla bağlı açıqlama verib. Mümkündür ki, Ermənistan tərəfindən NATO sammitində müəyyən məsələlər qaldırılsın. Çünki Ermənistan böyük nümayəndə heyəti ilə Brüsselə gedir. NATO dövlətlərininsə ən vacibi Türkiyədir. O mənada bu müzakirələrdə Türkiyə prezidentinin iştirakı mühüm əhəmiyyətə malikdir”.

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a açıqlamasında Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsinin artıq bir ənənəyə cevrildiyini xüsusi vurğuladı: “Bu, eyni zamanda dostlara və düşmənlərə də mesajdır. Dostlar bunu ikitərəfli əməkdaşlıq, türk dünyasının birliyi kimi qəbul edir, düşmənlər isə bunu özləri üçün gələcəkdə təhdid kimi qələmə verirlər. Türkiyə və Azərbaycan bütün sahələrdə-siyasi, iqtisadi, hərbi və hətta mənəvi cəhətdən tərəfdaşdırlar və dövlət başçıları da bunu yüksək səviyyədə davam etdirilər. Zənnimcə, bu dövlətlərin tərəfdaş olması böyük iqtisadi layihələrin həyata keçirilməsində, regional və qlobal məsələlərin həllində mühüm rol oynayacaq, geosiyasi baxımdan Avropanın və Qərbin təhlükəsizliyinin qarşısının alınmasına töhfələr verəcək”. A.Nağıyev istisna etmir ki, bu əməkdaşlıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də mühüm əhəmiyyət kəsb edir: “Cənab Ərdoğanın Azərbaycana səfərindən sonra NATO sammitində iştirakı da əhəmiyyətlidir. Türkiyə NATO-nun üzvüdür və heç bir hərbi blokda təmsil olunmayan və müstəqil siyasət yürüdən Azərbaycanla tərəfdaşdır. Buna görə də NATO sammitində regionun təhlükəsizliyinə təhdid olan və Azərbaycanla bağlı mühüm məsələlərin də Türkiyə tərəfindən qaldırılması mümkündür. Bu baxımdan gələcək perspektivlər də müsbət və dinamik inkişaf edəcəkdir”.

Qeyd edək ki, Ermənistan mediası Türkiyə prezidentinin NATO-da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini qaldıracağından narahatdır... Azərbaycan və Türkiyənin NATO sammitində vahid mövqedən çıxış edəcəyi İrəvanda narahatlıq doğurub.

pia.az
Etiket:
loading...
-->