Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Trampla Putinin görüşü baş tutmasa, ortada çox ciddi problemlər olacaq”


Natiq Miri: “Suriya və Ukrayna məsələsində də hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib”


“Əgər bu iki prezidentin görüşündə də müəyyən problemlər yaranıbsa və ABŞ prezidenti sözün əsl mənasında bu görüşdən imtina edibsə, demək ki, ortada hər hansı bir siyası nəticənin olmayacağı ehtimalı var”

Bu sözləri politoloq Natiq Miri Trampın Putinlə görüşdən imtina etmə səbəblərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Ağ Evin katibi Sara Sanders bəyan edib ki, ABŞRusiya prezidentlərinin Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammitində formal görüşü baş tutmayacaq. O, qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq. Daha əvvəl isə Tramp öz “tvitter” səhifəsində Putinlə görüşəcəyi barədə məlumat vermişdi. 

Məsələ ilə bağlı Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.

PİA.AZ politoloq Natiq Mirinin gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:




Natiq Miri: “Nə Suriya, nə də Ukrayna məsələsində hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib”.


 - Natiq  müəllim, Trampın Putinlə görüşdən imtina etməsini nəylə əlaqələndirmək mümkündür? Demək olarmı ki, Tramp Putinlə görüşdən çəkinir, və yaxud da, ABŞ-Rusiya arasında münasibətlərdə hansısa irəliləyişə nail olmaq mümkün deyil?

- Trampın Putinlə görüşdən imtina etməsi xəbərinin nə qədər real olduğunu bəri başdan demək çətindir. Çünki bu günlərdə informasiyalarla paralel olaraq, çox ciddi dezinformasiya axıntısı da yaşanır. Buna görə də düşünürəm ki, bu məsələ haqqında birmənalı danışmaq çətindir. Ancaq əgər Trampla Putinin görüşü baş tutmasa, ortada çox ciddi problemlərin olduğu görünəcək. Çünki bildiyimiz kimi ABŞRusiya prezidentlərinin görüşü Vyetnam səfəri çərçivəsində baş tuta biləcək görüş idi. Bu görüşdə də təbii ki, Rusiya ilə ABŞ arasında ən öndə müzakirə olunacaq məsələ Şimalı Koreya məsələsi olmalı idi. Regionun ən güclü ölkəsi olan Çinin müəyyən mənada ABŞ-la danışıqlara açıq olmasına rəğmən Rusiya nədənsə, bu yöndə ABŞ-a dəstək vermək fikrində deyil. Əksinə Rusiya Şimali Koreyanın bir növ partlayacaq fitini çəkməklə bu məsələni daha da qızışdırmaqda maraqlı olduğu görünür. 

Bu vəziyyət dəfələrlə ABŞ rəsmiləri tərəfindən də qeyd edilib ki, Rusiya Şimali Koreya məsələsinin həllində maraqlı görünmür. ABŞ-ın burada istəyi ondan ibarətdir ki, Çin kimi Rusiya da nüvə silahının ərsiyə gəlməsində Şimali Koreyaya etdiyi yardımları birdəfəlik kəssin. Ayrıca ABŞ Şimali Koreya ilə olan bütün ticarət əlaqələrini kəsməklə bərabər, həm də müxtəlif səpkilərdə Şimali Koreya rəhbərliyinə təzyiq edərək, nüvə bombası istehsalından geri çəkilməsini istəyir. Bu məsələdə də hiss olunur ki, Rusiya o qədər də maraqlı görsənmir. Çünki Rusiya məhz Sakit Okean hövzəsində xüsusilə də, Çin dənizi və Yapon sərhədlərini əhatə edən bölgələrdə ABŞ-ın yenidən dominant güc olmasını istəmir. Buna görə də ABŞ və regiondakı mütəffiqlərinə bir təzyiq mexanizmi olaraq Şimali Koreyanın gizli müttəfiqi Rusiya olaraq görülür. Bu baxımdan Rusiya hələ də Şimali Koreyaya təzyiq etmək və digər yardımları etməmək barədə ABŞ-ın çağrışına əməl etmir. 

Natiq Miri: “ABŞ Şimali Koreya ilə olan bütün ticarət əlaqələrini kəsməklə bərabər, həm də müxtəlif səpkilərdə Şimali Koreya rəhbərliyinə təzyiq edərək, nüvə bombası istehsalından geri çəkilməsini istəyir”.


Əgər bu iki prezidentin görüşündə də müəyyən problemlər yaranıbsa və ABŞ prezidenti sözün əsl mənasında bu görüşdən imtina edibsə, demək ki, ortada hər hansı bir siyası nəticənin olmayacağı ehtimalı var. Həmçinin prezidentlərin görüşü çərçivəsində Suriya və Ukrayna məsələsinin də müzakirə olunacağı gözlənilirdi. Bu faktın özü də göstərir ki, Suriya cəbhəsində də, ABŞ-la Rusiya arasında hələ də çözünə bilməyəcək ciddi məsələlər var. Hiss olunur ki, ABŞ Suriyadakı PPK-nın qolu olan PYD və YPG güclərinə hələ də dəstək verməkdə davam edir. 

Ayrıca ABŞ-ın dəstəklədiyi bu kürd terrorçuları artıq Suriyanın şimalında bir növ gələcək muxtariyyatı rəsmiləşdirmək üçün çox ciddi siyasi hazırlıqlara başlayıb. Gələn ilin yanvar ayında da, belə bir konfransın keçirilməsi, yəni kürd terrorçuları vasitəsi ilə konfransın keçirilməsi və muxtariyyatın elan olunmasına çox ciddi hazırlıqlar görünür. Bu da təbii ki, Suriya rəhbərliyi başda olmaqla, onun regiondakı müttəfiqləri Rusiyaİranı da qane edə bilməz. Bütün bunlara görə düşünürəm ki, nə Suriya, nə də Ukrayna məsələsində də hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib. 

Natiq Miri: ““Şimal axını2” layihəsi artıq daşa dirənməkdədir. Bu layihənin həyata keçirilməsi müəyyən çətinliklərlə və suni əngəllərlə qarşılaşmaqdadır”.


- Trampın Çin səfərində Alyaskadam Çinə sıxılmış qaz idxalı ilə bağlı iki ölkə arasında saziş imzalanıb. Bu sazişin “Sibir gücü” layihəsinin alternativi olduğu bildirilir. Digər tərəfdən də Avropa Birliyi “Şimal axını2” layihəsinin gərəksiz olduğunu elan edib. Demək olarmı ki, Rusiya “qaz müharibəsi”ni həm Qərbdə, həm Şərqdə uduzur və bu vəziyyət dünyanın qaz bazarında hansı yeni geosiyasi yeniliklər yarada bilər?

- Bildiyimiz kimi Rusiya qaz nəhəngi olaraq, xüsusilə Qərb dünyasını, Avropa Birliyi ölkələrini qazla təhciz edir. Bu da zaman-zaman Rusiyanın təzyiq mexanizminə çevrildiyi üçün Qərb dünyası bu yöndə alternativlər axtarır. Bu alternativlər də müxtəlifdir. Yəni bir tərəfdən bildiyimiz kimi mənbəyini Azərbaycandan alan “Cənub Qaz Dəhlizi”nə paralel olaraq digər mənbələr, məsələn İraqda yeni bir qaz xəttinin Avropaya daşınması və digər alternativ Qətərdən Qərb dünyasına daşınacaq qaz və başqa layihələr vasitəsi ilə Qərbin qazla təhcizatını şaxələndirmək istəyirlər. Bu konteksdə də təbii ki, Rusiyanı Qərb bazarından müəyyən mənada sıxışdırmaq istəyi ortada var. 

Həmçinin onu da qeyd edim ki, Rusiya yenidən “Şimal axını2” layihəsi ilə ildə 40 milyard kub metr qaz vermək öhdəliyini öz üstünə götürüb və bu layihəni reallaşdırsa, təbii ki, bu Rusiya iqtisadiyyatının yenidən dirçəlməsinə gətirib çıxarda biləcək bir layihədir. Ancaq bu məsələdə Avropa Birliyi, xüsusilə də Avropa Komissiyası, eyni zamanda ABŞ o qədər də maraqlı görsənmir. Buna görə də “Şimal axını2” layihəsi artıq daşa dirənməkdədir. Bu layihənin həyata keçirilməsi müəyyən çətinliklərlə və suni əngəllərlə qarşılaşmaqdadır. 

Natiq Miri: “Əgər Rusiya qlobal qaz bazarından sıxışdırılsa və qazdan, enerji daşıyıcılarından gələn gəlirlər yarıbayarı azalarsa, bu Rusiya iqtisadiyyatının tezliklə çökməsinə gətirib çıxarda bilər”.


Təbii ki, Rusiyanın Sibirdən istehsal olunan qazının Çinə və digər o bölgələrə daşınması məsələsində də artıq suni olaraq alternativlər yaradılır ki, bu da bütövlükdə qlobal qaz bazarından Rusiyanın sıxışdırılıb çıxarılması anlamına gəlir. Əgər Rusiya qlobal qaz bazarından sıxışdırılsa və qazdan, enerji daşıyıcılarından gələn gəlirlər yarıbayarı azalarsa, bu Rusiya iqtisadiyyatının tezliklə çökməsinə gətirib çıxarda bilər. Burada əsas hədəf də Rusiyanın gəlirlərinin azaldılması və hərbi sferaya qoyduğu vəsaitlərin tamamilə minumuma endirilməsidir. 

Çünki bildiyimiz kimi son zamanlar Rusiya ordunun yenilənməsi və yeni silahların istehsalı üçün hərəkətə keçib. Bunu da reallaşdırmaq üçün Rusiyanın çox ciddi vəsaitə ehtiyacı var. Bu vəsaitin 65-70 faizi enerji daşıyıcılarından, xüsusi olaraq da, qazdan gəlir. Təsəvvür edin ki, qaz bazarında Rusiyanı qlobal səviyyədə sıxışdırarlarsa, bu Rusiyanın hərbi cəhətdən inkişafına çox böyük məhdudiyyətlər yaradacaq. Yəni dolayısı ilə Rusiyanı qaz, enerji daşıyıcı bazarından sıxışdırmaqla, müəyyən məhdudiyyətlər yaratmaqla Rusiya hərbisinin gələcəkdə inkişafının qarşısını almaq və Rusiyanı küncə sıxıdırmaq istəyirlər. Məsələnin kökündə duran budur və ola bilsin ki, məhz bu məsələlər baxımından Rusiya prezidenti Putin Şimali Koreya və Suriya məsələsində ABŞ-a heç bir güzəştə getmək istəmir. Görünür iki prezidentin görüşməsinə əngəl olan əsas məsələlərdən biri də məhz bu faktordur. 

Natiq Miri: “Çin Rusiyanın təklənməsinə  heç zaman imkan verməyəcək”.


- ABŞ-la Çin arasında münasibətlərin normallaşması sonucda Rusiyanın tamamilə təklənməsinə yol aça bilərmi?

- Gözləmək olmaz ki, Çin birmənalı olaraq ABŞ tərəfə dönəcək. Çünki Çin elə bir ölkədir ki, artıq Rusiya ilə müttəfiqlikdən söhbət getmir. Çinin özünün dövlət və milli maraqları var. Öz təhlükəsizliyini və iqtisadi inkişafını təmin etmək üçün təbii ki, Çin qlobal güc olan ABŞ-la əməkdaşlıqda maraqlıdır. Həmçinin Çin həm də anlayır ki, Rusiya getdikcə zəifləyən tərəfdir. Bu mənada Çin zəifləyən tərəfin yanında deyil, ABŞ-la əməkdaşlığa daha çox üstünlük verməyə çalışır. Yəni bu gün Rusiyanın zəifliyindən istifadə edərək, Çin öz strateji maraqlarını təmin etmək istəyir. Bildiyimiz kimi Rusiyanın müəyyən mənada zəifləməsi Çinin stateji maraqları çərçivəsindədir. Çünki Çinin Rusiyaya ərazi iddiaları var və Çində getdikcə artan əhalinin tədricən Rusiyanın boş ərazilərinə, yəni Sibirə köçülüməsində maraqlıdır. 

Buna görə də Rusiyanın getdicə zəifləməsi və bu konteksdə ABŞ-la Çinin əməkdaşlığı, Çinin strateji maraqlarına xidmət edən bir siyasətdir. Ancaq hər bir halda gözləmək olmaz ki, Çin birmənalı olaraq ABŞ-a dönüş edəcək və Rusiya təklənəcək. Çünki Rusiyanın təklənməsi Çinin maraqları çərçivəsində deyil. Bildiyimiz kimi zaman-zaman ABŞ-a qarşı Çin-Rusiya ittifaqı həm təzyiq mexanizmi, həm də çəkindirici bir məqam olaraq istifadə olunur. İki nüvə gücünün bir yerdə olması ABŞABŞ-ın regiondakı müttəfiqi olan ölkələr üçün bir çəkindirici güc olaraq mövcuddur. Buna görə də Çin hər bir halda Rusiya faktorunu gözardı edəcək ölkə deyil. Sadəcə olaraq Çin bu vəziyyətdən və ABŞ-la əməkdaşlıqdan  qazanmaq istəyir. Ancaq birmənalı olaraq Çin Rusiyanın təklənməsinə  heç zaman imkan verməyəcək.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar