Cümə axşamı, 23 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Türkiyə prezidenti bununla bir daha vurğuladı ki...”


Ərdoğanın Bakıda verdiyi mesajlar: qardaşlıq əlaqələri yeni mərhələyə keçdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etdi. Ərdoğan  iyulun 10-da Bakıda  bir günlük səfərdə olduğu zaman ilk olaraq Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət etdi.

Daha sonra isə  Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşıladı və bunun ardınca da iki ölkənin prezidentləri arasında təkbətək görüş oldu. Təkbətək görüş başa çatandan sonra İlham Əliyevin və R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirildi.

Ərdoğan mətbuat konfransı zamanı Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür etdi. Türkiyə prezidenti bildirdi ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq. O qeyd etdi ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək: “Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım atacağıq”.

Ərdoğanın sözlərinə görə, Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər: “Bu məsələdə dəstək verəcəyimizi bildirdim”.

Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək: “Qardaşım İlham Əliyevin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram”.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli Ərdoğanın Bakıya gəlməsini çox böyük tarixi səfər adlandırdı: “Doğrudur, bunun gündəliyi işgüzar xarakteri daşıyırdı və bəzi rəmzi əlamətləri özündə ehtiva edirdi. Lakin bunlara baxmayaraq qısamüddətli səfər zamanı həm Azərbaycan, həm də bütün türk dünyası üçün əhəmiyyətli mesajlar verildi. Əvvəla, belə bir cəhət xüsusi vurğulandı ki, Türkiyə-Azərbaycan münasibətləri durmadan inkişaf edir və yeni keyfiyyətlərlə zənginləşir. Bu inkişafın gələcəkdə daha böyük uğurlara vəsilə olması kifayət qədər böyükdür. Burada Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqın yaradıla biləcəyini xüsusi vurğulamaq istəyirəm. Türkiyə prezidenti öz çıxışında birmənalı şəkildə bildirdi ki, Azərbaycanla əlaqələr bölgədə sülhün və sabitliyin bərqərar olmasına xidmət edir. Bu ikili əlaqələr bölgənin təhlükəsizliyinin, əmin-amanlığının möhkəmləndirilməsinə kömək olacaq. Cənab Ərdoğan bununla bir daha vurğuladı ki, Azərbaycanın bütün problemlərinin həllində onun yanındadır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə Azərbaycanla ortaq mövqedə dayanacaq, Azərbaycanın haqq işinin qələbəsi üçün əlindən gələn köməyi əsirgəməyəcək. Bu, Türkiyə prezidenti tərəfindən kifayət qədər səmimiyyətlə söylənildi. Bütün bunlar onu göstərir ki, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə nail olunması üçün həm siyasi, həm hərbi, həm də iqtisadi sahədə əməkdaşlığın bütün formalarından istifadə ediləcək. Belə bir cəhəti də vurğulamaq lazımdır ki, Ərdoğan Bakıda olarkən dövlət olaraq Türkiyə və Azərbaycanın, eləcə də iki prezidentin dost və qardaş olduqlarını xüsusi vurğuladı. Bildirdi ki, bu münasibətlər dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır”.

Politoloq bildirdi ki, səfər zamanı Naxçıvanla bağlı məsələlərin də gündəmə gətirilməsi prinsipial əhəmiyyətə malikdir: “Çünki 1923-cü ildə Türkiyə ilə Rusiya arasında bağlanılmış  müqaviləyə görə, Türkiyə Naxçıvan bölgəsinin təhlükəsizliyi və Azərbaycanın tərkib hissəsi kimi inkişafı üçün hər bir siyasi məsuliyyəti daşıyır, bu bölgənin təhlükəsizliyinin zəmanətçisidir. Bu, Atatürklə Lenin arasında bağlanan müqavilənin əsas müddəalarından biridir. Bu gün də Türkiyə  həmin müddəanın yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi. Erməni tərəfi bəzi hallarda Naxçıvanla bağlı da sərsəm iddialar irəli sürür. Bu iddiaları ”tarixi" faktlarla əsaslandırmağa çalışır. Ancaq ordumuzun bu yaxınlardakı əməliyyatı, Türkiyə tərəfinin də Naxçıvanla bağlı üzərinə götürdüyü öhdəliklər onu göstərir ki, bu bölgədə də Azərbaycanın mövqeləri möhkəmdir. Əvvəllər Türkiyə prezidenti seçildikdən sonra ilk səfərini Şimali Kipr Respublikasına edib, sonra Azərbaycana gəlirdi. İndi isə ilk səfər Azərbaycana edildi. Bu, çox böyük əhəmiyyətə malikdir ki, Türkiyə özünün strateji müttəfiqi kimi Azərbaycanı seçir. Tərəflər arasında iqtisadi məsələlərlə bağlı geniş müzakirələr oldu, ticarət dövriyyəsinin artırılması danışıldı. Bu da çox önəmli məsələ idi. Bir sözlə, iki dövlət arasında münasibətlər hormonik surətdə inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verir. Tam şəkildə demək olar ki, Ərdoğanın bu səfəri Türkiyə-Azərbaycanın münasibətlərində yeni mərhələ kimi yadda qalacaq".

pia.az
Etiket:

loading...