Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Piano arxasında ölüm

Murad Köhnəqala yazır...


"Onu dinləyərkən sanki Şəhrizadın 1002-ci gecəsinin nağılına qulaq asırsan...”
 
1979-cu ildə Avropanın Monako knyazlığında qeyri-adi caz festivalı keçirilir. Bu musiqi yarışmasında iştirak edən hər bir ifaçının adı və mənsub olduğu ölkə münsiflərdən gizli saxlanılır. Səs-küylü Monte Karloda yüzdən çox cazmenin günlərlə davam edən yarışması başa çatdıqdan sonra “Ağ royal” mükafatının qalibi elan olunur: Vaqif Mustafazadə! 
 
Lakin dünya caz musiqisinə yenilik gətirmiş Caz-Muğamın yaradıcısı, bəstəkar pianoçu Vaqif Mustafazadə bu yarışmanın qalibi olduğunu bilmir. Çünki Monte-Karloda keçirilən dünya caz festivalından qayıdan cazmen 16 dekabr, 1979-cu ildə Daşkənddə konsert  verərkən ifa vaxtı səhnədəcə həyatla vidalaşır.
 
O, kiçik qızı Əzizənin şəninə bəstələdiyi “Əzizəni gözləyərkən” adlı kompozisiyasını dəli kimi çalıb bitirdikdən sonra başını pianonun dilləri üstünə endirir. Tamaşaçıların sürəkli alqışlarından sonra  başını qaldırmayan cazmenin halından şübhələnən aparıcı ona yaxınlaşır və... artıq Vaqif yoxdu! Səhnənin böyük pərdəsi enir. Həmin pərdə 39 yaşlı caz ustasını həm səhnədən, həm də bu dünyadan əbədi ayırır. Vaqif Mustafazadə o andan öz şəxsiyyəti və musiqisi ilə milyonların qəlbinə köçür.
 
Vaqif Mustafazadə 16 mart, 1940-cı ildə Bakıda, İçərişəhərdə hərbçi həkim ailəsində anadan olub. Valideynləri ayrıldığına görə balaca Vaqif, musiqi məktəbində piano dərsi keçən tənha müəllimə anasının himayəsində böyüməli olur. Muğam sənətini Üzeyir Hacıbəyovdan öyrənən anası Zivər xanım onun ilk musiqi müəllimi olur.
 
O, 1963-cü ildə Asəf Zeynallı adına musiqi kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olur. Akademiyada təhsil alan Vaqif klublarda avanqard konsertlər təşkil edir. Vaqif özünün pianino ifalarında klassik caz musiqilərinə, bluz və oynaq musiqilərə daha çox üstünlük verir. Klassik cazla İçərişəhərin ritmini – muğamı qarışdıraraq unikal  musiqi icad edən novator bəstəkarı yerli radio-televiziya şirkəti özünə yaxın buraxmır. Ecazkar caz-muğam ifaçısının heyranları getdikcə artsa da, mühafizəkar muğam tərəfdarları onu tənqid atəşinə tutur,  mətbuatda daş-qalaq edirlər.
 
Vaqif caz gecələrində birgə çıxış elədiyi vokalist Nərminə xanımla ailə qurur və bu evlilikdən 1965-ci ildə Lalə adlı qızları dünyaya gəlir.
Cazmenin ikinci evliliyi isə rəhbərlik etdiyi “Sevil” instrumental ansamblının solisti, gürcü əsilli Elza Bandzeladze ilə baş tutur. Bu nikahdan isə Əzizə Mustafazadə dünyaya gəlir.
 
Fəaliyyəti Bakı klublarının dar səhnələrinə sığmayan Vaqif, həyat yoldaşı Elzanın dəstəyi ilə ilkin musiqi karyerasını Tiflisdə qurmalı olur. Sevimli sənətindən usanmaq bilməyən pianoçu qonşu ölkənin paytaxtı Tiflisdə “Qafqaz” adlı caz-trio yaradır. Gənc cazmen Tiflis musiqi mühitində T. Kuraşvili və C. Çaparidze kimi musiqiçilərin əhatəsində daha da püxtələşir.
 
Vaqif Mustafazadə Estoniyada təşkil edilən dünya cazmenlərinin “Tallin-66” və “Tallin-67” yarışlarının laureatı olur. 1967-ci ildə Tallin şəhərində Vaqif Mustafazadəyə mükafatı  şəxsən təqdim etmək üçün səhnəyə çıxan məşhur amerikalı caz ustası Dizzi Gillespi onun yaradıcılığını “gələcəyin musiqisi” adlandırmış və gözəl ifaya görə gənc cazmenə öz minnətdarlığını bildirmişdi.
 
Cazmenin xaricdəki parlaq uğurlarından sonra Bakı televiziyası yumşalaraq onu müəyyən şərtlərlə efirə buraxmaq fikrinə düşür. Ekranda görünməsi üçün Vaqif öz lopa bığlarını “redaktə” etməli, dar cins şalvarının yerinə isə şax kostyum geyinməli idi. Yenilikçi kompozitor televiziya rəhbərliyinin bu şərtlərini qətiyyətlə rədd edir. Beləcə, sənət aləmində ona qarşı olan qısqanclıqlar, paxıllıqlar, süni əngəllər çayır kimi əl-ayağına dolaşır, ömrünü çürüdürdü.
 
Konsertlər təşkil etmək üçün SSRİ-nin  müxtəlif şəhərlərinə dəvət alan caz-muğam ustasının şöhrəti artdıqca, vətənində ona qarşı olan buzlar da yavaş-yavaş isinib əriməyə başlayır.
 
Danılmaz Vaqif Mustafazadə fenomeninə görə dünya cazmenləri 1969-cu ildə bu dəfə dahi ifaçının vətəni olan Bakıda “Caz-69” festivalına yığışır.    

Vaqifin ağır günlərinin dostu olan həyat yoldaşı Elza xanım onu bir an belə tək buraxmır, cazmenin bütün uğurlarının arxasında sevgi ilə dayanır. Vaqif Mustafazadə gərgin bəstəçi həyatına, yarışlarına və uzaq səfərlərinə baxmayaraq, 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz-triosuna, “Leyli” və “Sevil” qadın vokal instrumental, “Muğam” instrumental ansambllarına rəhbərlik edir.
 
1968-ci ildə SSRİ-nin bir neçə şəhərində konsertlər düzənləyən cazmen 1970-ci ildə məşhur müğənni Rəşid Behbudov və M. Tağıyevlə birlikdə Latın Amerikası ölkələrində qastrol səfərlərində olur.
 
Vaqif Mustafazadə 1978-ci ildə Tiflisdə keçirilən caz festivalında səkkiz yaşlı qızı Əzizə ilə səhnəyə çıxaraq tamaşaçıları valeh edir və “Ən böyük pianoçu” adını qazanır.
 
Caz-muğam ustasının ölümündən dərhal sonra “Amerikanın səsi” radiosunda “Caz vaxtı” verilişinin aparıcısı məşhur Uillis Konover bütün verilişi Vaqifin xatirəsinə həsr edir. 
 
Milli muğamımızı klassik Amerikan caz musiqisi ilə sintez edərək yeni musiqi növü yaratmış dahi pianoçu Vaqif Mustafazadə 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.
 
Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadənin adı Amerika redaktorlarının imzası altında “Ümumdünya caz ensiklopediyası” kitabına həkk olunub.
 
Yazını dünyaca məşhur İsveç pianoçusu  Yohanssonun sözləri ilə bitirmək istəyirəm: “Vaqifin olduqca müasir olan musiqisindən həm də sirli, qədim Qafqaz melodiyası axır. Onu dinləyərkən sanki Şəhrizadın 1002-ci  gecəsinin nağılına qulaq asırsan...”
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar