Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Paşinyanın Qarabağ ritorikası: Eyforiya nə qədər uzanacaq?


Politoloq: “Rusiya Paşinyanı başa salmalıdır ki, reallıq onun şüarlarından çox fərqlidir. Danışıqlar çərçivəsində Azərbaycana qarşı bu cür şüarlarla çıxış etmək düzgün deyil”


“2016-cı ildə ermənilərin məğlubiyyətindən sonra Paşinyan çıxış edərək bildirmişdi ki, Ermənistan nəinki məğlubiyyətlə barışmalıdır, hətta kontur hücuma keçməlidir və Azərbaycandan yeni torpaqlar götürməlidir”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın  Qarabağ ritorikası ilə bağlı mövqeyini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın  ilk addım kimi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə irəli sürdüyü fikirlər Azərbaycan tərəfindən heç də birmənalı və xoş qarşılanmayıb. Belə ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu deyib. N.Paşinyan deyib ki, Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir. Bununla yanaşı, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı istifadə etdiyi “Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”, “Azərbaycanın aqressiv tonu sülhə mane olur”, “Birtərəfli güzəştlərdən söhbət gedə bilməz” və s. kimi fikirlər elə Ermənistanın bir sıra təhlilçiləri tərəfindən də absurd qəbul edilib. 

Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyana görə, Qarabağ məsələsində əvvəlki mövqeyindən asılı olmayaraq Nikol Paşinyan yalnız aktual siyasi gerçəkliklərlə hərəkət etməyə məcburdur. Siyasi icmalçı Akop Badalyan isə bildirib ki, Nikol Paşinyan  Qarabağ məsələsi ilə bağlı çıxışı zamanı ümumi cümlələrdən istifadə edib və konkret konseptual yanaşma ortaya qoymayıb. O, həmçinin qeyd edib ki, indiki məqamda Nikol Paşinyan üçün  Qarabağ problemi  təcili və mütləq həll olunası məsələ sayılmır. 

Paşinyanın Qarabağla bağlı fikirlərinə Azərbaycan tərəfi də öz mövqeyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki,  Azərbaycan tərəfi Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regionda formalaşan vəziyyəti ayıq qiymətləndirə və münaqişənin nizamlanması üzrə Ermənistan və erməni xalqı üçün həyati əhəmiyyətli qərar qəbul edə biləcək güclərin gəlişinə ümid edir. 

Həmçinin Nikol Paşinyanın mayın 14-də Rusiyanın Soçi şəhərində keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya prezidenti Valdimir Putinlə görüşəcəyi gözlənilir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ortaya qoyduğu Qarabağ ritorikası danışıqlara necə təsir edə bilər? Xüsusən, “Azərbaycan Dağlıq Qarabağla danışmalıdır”, şərti danışıqları tamamilə pozamağa hesablana bilərmi və Putinlə görüşdükdən sonra Paşinyanın aqressiv ritorikasında hansısa dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Картинки по запросу ilqar vəlizadə
İlqar Vəlizadə: “Putinlə görüşdən sonra Paşinyanın ritorikasında müəyyən dəyişikliklər olacaq”.


Paşinyanın Qarabağla bağlı şüarlarından imtina etməyəcəyini hesab edən politoloq İlqar Vəlizadəyə görə, Paşinyan Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik etməsə, bu addım danışıqlar prosesinin pozulmasına şərait yaradacaq:

“Paşinyanın Qarabağ ritorikası danışıqlara birmənalı şəkildə mənfi təsir edir. Çünki belə şüarlarla çıxış edən insandan müsbət nəticələr gözləmək düzgün olmaz. Ümumiyyətlə, Paşinyanla bağlı eyforiya başlayanda bütün sahələrdə, o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsi  ilə dəyişikliklərin olacağını gözlənilirdi. Digər sahələri deyə bilmərəm, amma Qarabağ münaqişəsi  ilə bağlı müsbət gözləntilərin olacağını düşünmürəm. 

Ona görə yox ki, Paşinyan son günlər öz mövqeyini əks etdirən hansısa bəyanatlarla çıxış edib. Paşinyan 2015-16-cı illərdə də Qarabağla bağlı çox sərt reaksiya nümayiş etdirirdi. 2016-cı ildə ermənilərin məğlubiyyətindən sonra Paşinyan çıxış edərək bildirmişdi ki, Ermənistan nəinki məğlubiyyətlə barışmalıdır, hətta kontur hücuma keçməlidir və Azərbaycandan yeni torpaqlar götürməlidir. Paşinyanın bu cür çıxışları kütlə arasında ona müəyyən qədər nüfuz qazandırıb. O, hakimiyyətə də məhz bu şüarları sayəsində gəldi. Bu baxımdan Paşinyanın qısa zamanda bu şüarlardan imtina edəcəyi gözlənilən deyil. Paşinyan əslində destruktiv mövqedə dayanıb. 

İlqar Vəlizadə: “Minsk qrupu öz vəzifələrinin öhdəsindən layiqincə gələrək danışıqlar prosesinin mahiyyətini Paşinyana başa salmalı və onu reallıqlarla tanış etməlidir”.


Təəssüflər olsun ki, danışıqlar prosesi  bu cür yanaşma ilə daha da uzanır. Və biz hər şeyə yenidən başlamalıyıq. Belə olan halda ümid Minsk qrupuna qalır. Minsk qrupu öz vəzifələrinin öhdəsindən layiqincə gələrək danışıqlar prosesinin mahiyyətini Paşinyana başa salmalı və onu reallıqlarla tanış etməlidir. Rusiya Paşinyanı başa salmalıdır ki, reallıq onun şüarlarından çox fərqlidir.  Danışıqlar çərçivəsində Azərbaycana qarşı bu cür şüarlarla çıxış etmək düzgün deyil. 

Ümid edirəm ki, Putinlə görüşdən sonra Paşinyanın ritorikasında müəyyən dəyişikliklər olacaq. Ancaq biz əsas olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü gözləməliyik. Əgər danışıqlarda Paşinyanın ritorikasından fərqli fikirlər olacaqsa, o zaman Ermənistan tərəfinin müəyyən dialoqa hazır olduğunu güman etmək olar. Lakin şüarlar təkrarlanarsa, bu halda danışıqlar prosesinin gələcəyi sual altında olacaq”.

Gülşən ŞƏRİF
pia.az
Etiket:
loading...