Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Paşinyan danışıqlardan qaçır - Məqsəd status-kvonun qorunmasıdır, yoxsa...?


Elxan Şahinoğlu: “Dağlıq Qarabağ probleminin həll edilməsi üçün format illərdir formalaşıb. Həmin formatda da danışıqlar davam edəcək”


Mübariz Əhmədoğlu: “Hal-hazırda Ermənistanın Dağlıq Qarabağla mövqeyi xeyli zəifdir. Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar da savadsız, nadan adamın bəyanatlarıdır”.

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər. “Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”, - Paşinyan Köçəryanın və Sərkisyanın Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə dəyərləndirib.

Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub. Ermənistanın ikinci prezidenti, “Qarabağ klanı”nın başı və tənzimləyici fiquru olan Robert Köçəryanın ofisi  dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb. “Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır” - Soqomonyan deyib.

Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səylərini alqışlayır, amma onu da qeyd edir ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır. “Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq” - Viktor Soqomonyan bildirib. Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir.

Politoloq Manvel Sərkisyan “Sputnik Armenia” agentliyinə deyib ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir. “Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir”- politoloq bildirib.

Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını təmin etmək  səyləri Ermənistanın yenidən status-kvonu qorumaq məqsədini daşıya bilərmi və hazırkı dönəmdə danışıqların aparılması üçün şərtləri necə dəyərləndirmək olar? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna və “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.



Elxan Şahinoğlu: “Qarabağ separatçıları təmsilçilərinin danışıqlara qatılması tələbi prosesin uzadılması məqsədi daşıyır”.


Paşinyanın Ermənistan parlamentində çoxluğa malik olmadığını xatırladan politoloq Elxan Şahinoğluna görə, Paşinyan vaxt udmağa çalışır ki, növbədənkənar parlament seçkiləri keçirilənə qədər, ümumiyyətlə Dağlıq Qarabağ məsələsi ilə məşğul olmasın:

“Ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyanın vəziyyəti qeyri-stabildir. Paşinyan Ermənistan parlamentində də çoxluğa malik deyil. Buna görə vaxt udmağa çalışır ki, növbədənkənar parlament seçkiləri keçirilənə qədər, ümumiyyətlə Dağlıq Qarabağ məsələsi ilə məşğul olmasın. Qarabağ separatçıları təmsilçilərinin danışıqlara qatılması tələbi də prosesin uzadılması məqsədi daşıyır. 

Ermənistanın baş nazirinin Dağlıq Qarabağla bağlı dediyi fikirləri heç Rusiya da dəstəkləmir. Həmçinin Paşinyanın bu fikirlərinə ATƏT-in digər üzvləri də dəstək verməyəcək. Dağlıq Qarabağ probleminin həll edilməsi üçün format illərdir formalaşıb. Həmin formatda da danışıqlar davam edəcək. Heç bir dövlət Paşinyana dəstək verməyəcək ki, indiki mərhələdə Qarabağ danışıqlarına separatçılar da qatılsın. Yəni Paşinyanın Qarabağ bəyanatı sadəcə olaraq danışıqları uzatmaq məqsədi daşıyır”.



Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ müstəqil deyil, orada nə varsa, Ermənistanındır”.


Hal-hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında hər bir məsələni Azərbaycanın həll etdiyini vurğulayan politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistan zəifləyir və onların zəifləməsi istər-istəməz Dağlıq Qarabağ məsələsində də özün göstərəcək:

“Hal-hazırda Ermənistanın Dağlıq Qarabağla mövqeyi xeyli zəifdir. Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar da savadsız, nadan adamın bəyanatlarıdır. Həmçinin onu da qeyd edim ki, Paşinyanın bu bəyanatları birinci növbədə özünün və Ermənistanın ziyanınadır. Əgər Paşinyan deyirsə ki, mən qarabağlı deyiləm və Dağlıq Qarabağ adından danışıqlar apara bilmirəm, amma o ən azı Azərbaycanın işğal olunmuş ərazilərin hərbi hissələrin baş komandiridir və bu adla danışa bilər. Dağlıq Qarabağda olan dövlət büdcəsi tamamilə Ermənistandan ayrılan pulla formalaşır. Ona görə də Nikol Paşinyan Ermənistanın baş naziri kimi Dağlıq Qarabağa yönləndirilən büdcə vəsaitləri dından danışa bilər. Həmçinin Dağlıq Qarabağa gedən təbii qaz Ermənistanın qazıdır. Baxmarayaraq ki, təbii qazın mənşəyi Rusiyadır, amma Ermənistanın payından gedir. 

Yəni Dağlıq Qarabağ müstəqil deyil, orada nə varsa, Ermənistanındır. Qarabağda şəxsiyyət vəsiqəsi, büdcə, hərb, hətta maşınların nömrələri, telefon indeksi belə Ermənistana məxsusdur. Bütün bunlara görə də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Dağlıq Qarabağdakı ordusunun, büdcəsinin, pulunun, təbii qazının adından danışsın və bu məsələləri qondarma qurumla danışıqlar yolu ilə həll etsin. Bundan sonra o deyə bilər ki, Dağlıq Qarabağ müstəqildir. Həmçinin Nikol Paşinyan birinci növbədə Dağlıq Qarabağdan Ermənistanın qoşunların çıxarsın. Sonra desin Qarabağda Ermənistanın heç nəyi yoxdur. 

Mübariz Əhmədoğlu: “Nikol Paşinyan birinci növbədə Dağlıq Qarabağdan Ermənistanın qoşunların çıxarsın. Sonra desin ki, Qarabağda Ermənistanın heç nəyi yoxdur”.


Dağlıq Qarabağda nə varsa, hamısının rəhbəri Nikol Paşinyandır. Yəni Ermənistanın rəhbərliyində kim olacaqsa, Qarabağ rəhbərliyində də o, olacaq. Paşinyan da savadsız adamdır və mövzunu bilmir. Onun daxilində kompleksi var. Bu adam əslən İcevan rayonundandır. İcevan da bizim Tovuz rayonu ilə üzbəüzdür. Yəni İcevan, Berd rayonları Azərbaycanın Tovuz, Qazax əhalisi ilə çox sıx qarışmış adamlardır. Bizim Tovuz, Qazax əhalisi də həmin zonalarla qonşuluq etdikləri dövrdə ermənilərdə ancaq xoş təəssüratlar yaradıblar. Buna görə də onlar real azərbaycanlı nədir, bilirlər.

Nikol Paşinyan anti-Azərbaycan ideyaları ilə zəhərlənməmiş adamdır. Bu da indi ona mane olur. Paşinyan həmişə Levon Ter-Petresyanın tərəfində olub, həmişə Dağlıq Qarabağın erməni variantı ilə həllinin əleyhinə olub. Buna görə də baş nazirliyi dövründə bu kompleks onu qorxudur. Qorxur ki, sabah ona deyəcəklər ki, dədən-baban azərbaycanlılarla dostluq edirdi, sən Qarabağı satdın. Paşinyan bu səbəbdən sərt, kəskin danışır. Amma bir az zaman keçəndən sonra hər bir məsələ bəlli olacaq.

Dağlıq Qarabağda yenidən status-kvonu saxlamağa Ermənistanın o qədər gücü yoxdur. Hal-hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında hər bir məsələni Azərbaycan həll edir. Hətta Ermənistanın bu məsələdə siyasi mövqeyi zəifləyir. 

Lavrov da Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəndə qondarma Dağlıq Qarabağ qurumunun danışıqlarda iştirakının inmaknsızlığını ona acıqladı. Bu da qeyd edilməlidir ki, elə Paşinyanın hakimiyyəti dövründə bizim ordu Naxçıvan istiqamətində 11 min hektar ərazini öz nəzarətinə götürdü. Azərbaycan ordusu 1-2 aya yenə hansısa kəndi, rayonu düşməndən azad edəcək. Ermənistan zəifləyir və onların zəifləməsi istər-istəməz Dağlıq Qarabağ məsələsində özün göstərəcək”.

Nərminə UMUDLU
pia.az

Etiket:
loading...