Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pambıqçılardan Cahangir Hacıyevə və nazirə sərt ittihamlar


Pambıq tarlalarda batır, sahibkarlar külli miqdarda ziyanda...


Səs yayılır hər mahala Sürəyya" deyə, “sovetdən qalma” sadə pambıqçı qızlara mahnı həsr edilirdi. İndi isə pambıqçı qızlar kilosu 10 qəpikdən pambıq yığır və o pulu da ala bilmirlər. Ölkənin pambıqçılıq təsərrüfatı ümumilikdə həmin qızların yığım haqqından tutmuş pambığın yığılmasına qədər çeşidli problemlər məngənəsindədir...

Artıq ölkədə pambıqçılıq sıradan çıxarılır desək, yanılmarıq. Aylardır ki, pambıq becərən fermerlər həyəcan təbili çalsa da, aidiyyəti qurumlar kənardan izləməyə üstünlük verdi. 20-dək   rayonda pambıqçılıqla müqavilə imzalayan “CTZ- Aqro” MMC-nin öhdəliyini yerinə yetirə bilməməsi pambıqçıların külli miqdarda ziyana düşməsi və müflisləşməsi ilə nəticələnib. Bugünlərdə isə ortaya yeni bir şirkət çıxaraq fermerlərdən pambıq almaq istədiyini bəyan edib. “MKT İstehsalat Kommersiya” MMC-nin təkliflərindən sonrakı vəziyyət, ümumilikdə ölkənin pambıqçılıq təsərrüfatındakı durumla yaxından tanış olmaq, fermerlərin problemlərini yaxından dinləmək üçün əməkdaşımız Sabirabad rayonunda olub. Vəziyyət həqiqətən də acınacaqlıdır...

“Yağış yağır, pambıq sahələrdə batıb gedir...”

Yağış yağdığı üçün sahələrdə iş dayanıb. Nə önlüklü pambıqyığan qadınlar, nə də kombaynlar var. Fermerlər isə deyirlər ki, onsuz da günəşli günlərdə də iş getmirdi. Səbəb pulsuzluqdur. Fermerlərin pambığı sahədən toplamaq üçün vəsaiti yoxdur. Onların illər boyu müqavilə bağladığı “CTZ- Aqro” MMC bu il müqavilə şərtlərini birtərəfli pozaraq fermerlərə vəsait ödəyə bilməyib. Səbəb Beynəlxalq Bank qalmaqalına qədər gedib çıxır. Belə ki, əsas təsisçi olan Cahangir Hacıyev bankdan uzaqlaşdırılandan sonra fermerlərin işləri dalana dirənib. MMC onlara məsləhət görüb ki, banklardan kredit götürərək pambıq əkininə başlasınlar, bir qədər sonra pulları və kreditləri ödəniləcək. Ancaq iş məhsul yığımına qədər gəlib çatıb və son nəticədə pambıq tarlalarda batır...

“İndiyədək pambığın 80 faizi yığılmalı idi, ancaq 10 faiz yığmışıq”

“Pambığın 80 faizi hələ sahələrdədir, yığılmayıb. Artıq yağışlar da başlayıb. Yığmağa vəsait yoxdur. Yığanlar pulla yığır. Nə maşınla, nə əllə yığdırmağa pulumuz yoxdur”,- söhbətləşdiyimiz sahibkarlar eyni sözləri təkrar edirlər: “Əllə yığanlar kasıb kəndçilərdir, onların da pulu vaxtında verilmədiyindən, məhsul qalıb ortalıqda”.

Pambıq təhvil verilən Nizami kənd məntəqəsində keyfiyyətə baxan Sərxan Səmədov deyir ki, təhvil verilən pambıq çox azdır: “Əvvəlki illər bu vaxta qədər demək olar ki, işlər yekunlaşırdı. İndi pambıq qalıb sahələrdə”. Onun sözlərinə görə, hər həftə söz verirlər ki, pulu verəcəklər: “İndi də bu həftəyə deyiblər, camaat gözləyir”. 

Məntəqənin digər əməkdaşı Kamran Qasımov da problemlərin ciddiliyini vurğulayır: “Əllə yığım üçün qadınlara pul vermək lazımdır ki, məhsul yığılsın, batmasın. Ancaq fermerlərdə pul yoxdur. Buraya qəbul etdiyimiz pambığı da hələ təhvil verməmişik. Zavod işə düşüb, yavaş-yavaş alırlar pambığı, görək nə olur”...

“Ziyana düşməyimizdə maraqlılar var”

Fermer Taleh Səmədov isə deyir ki, ilk dəfədir pambıq əkir: “Üç hektar əkdim, indi iki tondan artıq pambıq gətirib təhvil vermişəm, pulunu ala bilmirəm. Bu il deyilənə görə, məhsuldarlıq da olmuşdu. Yığanlar qohumlarım idi, hamısına borclu qalmışam. Zəhmət çəkir, yeyib-içməyi, gedib-gəlməyi var. İndi də gəlmişəm məntəqəyə, pulumu gözləyirəm”.
Fermer Əfras Əsgərov isə bildirir ki, 110 hektar pambıq əksə də, hələ yığıma başlamayıb: “Çünki bütün prosesi borcla, kreditlə həll etmişəm, yığıma pul qalmayıb. Hələ bir kilo pambıq dərməmişəm. Bir neçə günə başlayarıq, pulu gözləyirik. Deyilənə görə, bu həftə verəcəklər. Hər gün gözləyirik. Ziyana düşməyimizdə maraqlılar var”.

Digər sahibkar isə deyir ki, əllə məhsul yığan qadınların pulunu verib, digər borcları isə qalıb: “Ümid edirik ki, vəziyyət düzələcək. Amma istənilən halda, ziyandayıq”. 
“KTN problemlərimizi seyr edir”

Sahibkarlar Kənd Təsərrüfatı Nazirliyini hadisələrə seyrçi qalmaqda günahlandırırlar. Onların sözlərinə görə, nazirliyin bugünlərdə ortaya atdığı “MKT İstehsalat Kommersiya” MMC-nin məqsədi fermerlərə yardım etmək deyil: “Həmin MMC pambığı çox ucuz, 38 qəpikdən alır. Bu, pambığın maya dəyəri etmir heç. Qiymət bizi qane etmir. Nazirlik bunu qəsdən edir. Məqsəd pambıqçılığı sıradan çıxarmaqdır. Burada qiymət 41 qəpikdir”.

Fermer Xasay Məmmədov da qeyd edir ki, bir həftədir pambığı dərib gətirib, ancaq pulunu ala bilmir: “Heç dərdiyimiz pambığın pulunu ala bilmirik. ”CTZ- Aqro" ilə müqaviləm var, ona görə məhsulu bura gətirmişəm. O nazirliyin dediyi “MKT” bizi adam yerinə qoymur. Pambığı dəyər-dəyməzinə istəyir".

Fermerlər bildirirlər ki, dövlət başçısının kreditlərlə bağlı fərmanı, tapşırığı olub. Ancaq on beş gün vaxt verilən həmin tapşırığın icrası hələ də mümkün olmayıb: “Artıq pambıq batır, hələ səlahiyyətlilər, rəsmi qurumlar fikirləşirlər. Nazir Heydər Əsədovun bu məsələlərdən birbaşa xəbəri var, ancaq problemin həllinə yardım etmədi. Yaxud Cahangir Hacıyevin  üç milyon manat pulu yoxdurmu? Bütün məhsulu yığmaq üçün bu qədər vəsait lazımdır. O istəsə öz cibindən 30 milyon da verər. Amma nazirlə bankir pambıqçılığın da, fermerlərin də axırına çıxdılar”. 

“Niyə biz pambığı ancaq xammal kimi xaricə satmalıyıq?”

Söhbətləşdiyimiz bütün fermerlər ümid istər kimi bizdən soruşurlar: “Bu işlərin axırı necə olacaq? Pul ayıracaqlar? Yağışlar başlayıb artıq, gec deyilmi?”

“CTZ- Aqro”nun işçiləri də aylarla maaşsız işləyirlər. Traktorçu Azər Əliyev deyir ki, üç aydır maaş almır: “İşlədiyimə uyğun, ayda 300 manata yaxın maaş almalıyam. Üç aydır bir qəpik yoxdur. Gözləyirik”.

“CTZ- Aqro”nun adının çəkilməsini istəməyən əməkdaşı isə bildirir ki, indi ortaya çıxıb pambıq almağa çalışan MMC fermerləri daha da ziyana salmaqda maraqlıdır: “Fermerlər onlara pambıq vermirlər, baxmayaraq ki, pambıq tarlada batır. Çünki onlar kilosuna 38 qəpik qiymət qoyublar. Halbuki biz 41 qəpikdən veririk. Pambıq bizə 47-50 qəpiyə başa gəlir. Çünki il boyu MMC-də personalın, texnikanın saxlanma xərci var. Ancaq o ”MKT" müqaviləsi olmayanlara 38 qəpik təklif edir. Bu, ədalətsizlikdir. 

“MKT” isə müqaviləsi olanlara 41 qəpikdən ödəyir. Belə baxanda, müqaviləsi olmayanlara daha baha ödəməlidir, çünki əvvəlcədən ödəmə etməyib, xərc çəkməyib. Əksinə, fermer məhsulu özü yetişdirib. Bu MMC-nin etdikləri ədalətli deyil. Fermer, ailəsi, özü yayın günündə, 50 dərəcə istidə pambıq becərir, axırı da belə... Onun çörəyini, əməyini yemək olarmı? Onu Allah götürməz. Guya olanları kənd təsərrüfatı naziri bilmir? Qəsdən edirlər bunları..."

“CTZ- Aqro”nun təmsilçiləri qeyd edirlər ki, əvvəlki illərdə bu vaxta qədər məhsulun 80 faizi yığılmış olurdu, indi isə ancaq 10 faizi yığılıb: “On faiz pambıqçılığın məhvi, fermerlərin iflası deməkdir. Pambıqçılığın axırına çıxdılar, mübaliğəsiz-filansız, bu sahə məhv oldu. Vaxt keçir. Bu gündən sonra yığım olsa belə, gecdir, çox gecdir. İndi yığım başlasa, dekabr, yanvar aylarına qədər davam edəcək. Yağışlara düşəcək və məhv olacaq məhsul. Reallıq budur ki, bu il fermerlər külli miqdarda ziyana düşdülər, məhsul tarlada batdı, rəsmilərin məsuliyyətsizliyindən batdı, zay oldu məhsul...”

“Keçən il bu məntəqədə oktyabrın əvvəlinə 18 sentner pambıq tədarük etmişdik, indi cəmi 3 sentner təhvil verilib. Özünüz müqayisə edin” deyə, məntəqədən bildirirlər.

Fermerlər isə gecikmənin onsuz da olduğunu və ziyana düşdüklərini bilirlər. “Amma heç olmasa, bacardığımız qədər yığaq. Ziyanı azaldaq. Biz pulumuzu gözləyirik ki, yığım edək” deyə, onlar vurğulayırlar. “Aran rayonlarına baxan yoxdur. Aran rayonları haqqında dövlət heç bir proqram qəbul etmir. Biz neyləyək? Bəxtimizə yazılıb da burada yaşayırıq. Köçək gedək Bakıya?” deyə, onlar sual edirlər. Və təkliflər də var: “Dövlət, hökumət istəsə, yüngül sənayeni inkişaf etdirə bilər. Buralarda fabriklər açılar. Niyə biz pambığı ancaq xammal kimi xaricə satmalıyıq? Olmazmı ki, ip, parça sataq? Daha çox iş yerləri açılar, daha çox vətəndaş işləyib çörəkpulu qazanar, əyirici fabriklər olar... İstəyirik ki, dövlət səviyyəsində qərarlar qəbul olunsun”.

Pambıqçılıqla məşğul olan fermerlər taxılçılıqla bağlı da bədbin proqnoz verirlər: “Neçə fermer var ki, bu il əkəcəkləri taxılı azaldacaqlar. Məsələn, bir dostum hər il yüz hektar taxıl əkirdi. İndi gəlib deyir ki, cəmi 20 hektar əkəcək. Çünki deyir ki, əlimdə olan 30 min dolları torpağa yönəltsəm, yayda dollar bahalaşa bilər, ola bilsin ki, 1,50 manata qədər qalxsın və mən qoyduğum pulu yığa bilməyim. Ona görə riskə getmirəm deyir. Onun kimi onlarla fermer var ki, risk etməkdən qorxurlar. Gözlənilən budur ki, bu il taxılla bağlı da problem olacaq...”(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar