Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir


Son dövrlər bəzi şərq ölkələri, o cümlədən, Hindistan, Banqladeş, Çin, Nepal vətəndaşlarının yüksək məvacibli iş vədi ilə aldadılaraq Azərbaycana göndərilməsi halları kəskin artıb. Fırıldaqçıların toruna düşən və sonradan öz ölkələrinə qayıda bilməyən bu şəxslər Azərbaycanda qanunsuz miqranta çevrilirlər


Dövlət Miqrasiya Xidməti vaxtaşırı olaraq onlarla, hətta yüzlərlə pakistanlının, banqladeşlinin saxlanılması və müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumatlar yayır. Onların bir qismi deportasiya edilir, bir qismi isə Azərbaycandan sığınacaq almaq üçün müraciət edir.

Əlbəttə, miqrant düşərgələri dedikdə ağla ilk növbədə çoxlu sayda və müxtəlif millətlərdən olan insanların qapalı şəraitdə saxlanıldığı, yaşayış şəraitinin ağır olduğu məkanlar gəlir. Avropaya Suriyadan, Liviyadan və Afrikanın digər ölkələrindən qaçqın axını zamanı öz vətənlərini tərk edib daha rahat həyat xəyalı ilə başqa ölkələrə axın edənlərin hansı ağır şəraitdə saxlanıldıqları, kəskin antisanitariyanın hökm sürdüyü düşərgələr barədə xəbərlər hər gün beynəlxalq medianın mövzusu idi.

Bu baxımdan Avropa miqyasında olmasa da son illər yoxsul banqladeşlilərin, pakistanlıların hindistanlıların axınına məruz qalan Azərbaycanda qeyri-leqal miqrantların hansı şəraitdə saxlanıldıqları da maraq doğurur. Habelə həmin insanların həyat hekayələrini dinləmək, onları Azərbaycana üz tutmağa vadar edən səbəblər barədə eşitmək də maraqlıdır.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyində son dəyişikliklərə qədər Azərbaycanda miqrantların saxlanıldığı mərkəzə jurnalistlərin daxil olması mümkün deyildi. Virtualaz.org bir neçə dəfə bu mərkəzdən reportaj hazırlamaq üçün xidmətə müraciət etsə də orada müraciətimizi narahatlıq və şübhə ilə qarşılamışdılar, reportaj üçün şərait yaratmamışdılar. Görünür bu da təsadüfi deyildi-Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbərliyinin nə dərəcədə korrupsiyalaşdığı barədə mətbuat çoxdan yazırdı və onlar üçün gizlətməli çox şeylər ola bilərdi.

İndi isə belə görünür ki, yeni rəhbərlik mətbuata daha açıqdır və miqrantların saxlanıldığı mərkəzdən reportaj hazırlamaq barədə təkrar müraciətimiz Xidmətdə müsbət cavablandırıldı. Və Kürdəxanıda yerləşən bu mərkəzə yollandıq.

Mərkəzdə gözlədiyimizdən fərqli olaraq, xüsusi sərt rejim hökm sürmür. Məlum olur ki, bura qapalı yer deyil, yəni miqrantlar mərkəzə könüllü yerləşdiriliblər və istədikləri vaxt buradan çıxa və qayıda bilərlər.

2012-ci ildə tikilmiş bina 120 miqrantı saxlamaq üçün nəzərdə tutulsa da hazırda orada bundan dəfələrlə az-cəmi 36  miqrant qalır. Əvvəllər sıxlıq olsa da qanunsuz miqrantların çoxu ölkələrinə deportasiya edilib.

Amma mərkəzin rəisi Taleh İbrahimovun sözlərinə görə, düşərgədə qalanların sayı az qala hər saat dəyişir. Mərkəzdə ailəli və subay miqrantlar üçün fərqli korpuslar ayrılıb.

“İstəyirəm oğlanlarım Azərbaycan ordusunda xidmət etsinlər”

Mərkəzdə Pakistandan olan qaçqın ailə ilə söhbətləşirik. 7 aydır burada Azərbaycanda olan ailə xidmətə qaçqın  statusu almaq üçün müraciət edib. Fotoşəkillərini yaymaq və adlarını çəkmək qanuna zidd olduğuna görə, sadəcə söhbətlə kifayətlənirik. Həmsöhbətimiz Bakıya Kəşmirdən gəldiyini və 5 oğlu ilə bilikdə qaçqın statusu almaq istədiyini deyir. Beynəlxalq dillərdən heç birini bilmədiyinə görə, urdu dilini bilən tərcüməçi vasitəsilə danışırıq. Uzun-uzadı ölkəmizdən və saxlanma şəraitindən razılıq edir, arada azərbaycanca sözlər də işlədir:

Azərbaycana Kəşmirdən gəlmişik. Bildiyiniz kimi ora Hindistan və Pakistan arasında mübahisəli ərazidir, tez-tez qarşıdurmalar baş verir. Bizim oradakı torpaqlarımız  qonşularımız tərəfindən ələ keçirildiyinə görə məcbur olub Azərbaycana gəldik. Ümid edirik ki, burada qaçqın statusu alıb daimi yaşayacağıq”.

Həmsöhbətimiz deyir ki, Azərbaycan haqqında çox eşidib. Xüsusən orta məktəb dərsliklərində ölkəmiz haqqında məlumat alıb və bunlar onun gələcəkdə yaşamaq istədiyi ölkə kimi Azərbaycanı seçməsinə şərait yaradıb: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bu ölkəni seçməkdə məqsədimiz həm bizimlə yaxınlığı, həm də müsəlman ölkəsi olmasıdır. Burada qaldığım müddətdə Azərbaycan dilini öyrənməyə çalışıram. Əgər vətəndaşlıq ala bilsək, övladlarımın təhsil almalarına çalışacağam. İstəyərdim ki, oğlanlarım Azərbaycan ordusunda xidmət etsinlər. Çünki mənim də atam hərbçi olub, bu sahənin nə qədər vacib olduğunu bilirəm”.

İncəsənətə böyük həvəsi olan pakistanlı xanım deyir ki, əgər Azərbaycanda qalsa, dərzilik və rəssamlıqla məşğul olacaq.

“Eşitmişdik Azərbaycanda yaşamağa yaxşı imkan var...”

Digər ailənin də ölkəsində problemləri olduğunu öyrənirik, amma konkret hansı səbəbdən burada olduğunu açıqlamaq istəmirlər. Pakistanlı ata və ana 3 qızı və oğlu ilə bura turist kimi gəlsələr də, sonradan “qaçqın” statusu almaq üçün müraciət ediblər: “Biz eşitmişdik ki, Azərbaycanda yaşamağa çox yaxşı şərait var. Həqiqətən də, burada gözlədiyimizin şahidi olduq. 6 aydan çoxdur ki, buradayıq və hazırda işimiz icraatdadır. Problemlərimiz olduğuna görə, 16 və 17 yaşlı qızlarım iki il məktəbə getməyiblər. Əgər “qaçqın” statusu ala bilsək, onların təhsillərini davam etdirmələri üçün çalışacağam”, - deyə ailə başçısı bildirir. O, həmçinin ölkəsi üçün darıxmadığını, burada günlərinin xoş keçdiyini, uşaqlarının darıxanda futbol oynadıqlarını deyir.

Digər miqrant isə 22 yaşlı Balqladeş vətəndaşı olan Məhəmməddir. Danışmağa o qədər də həvəsli görünmür, suallarımıza qısa və konkret cavablar verməklə kifayətlənir. Məlum olur ki, Məhəmməd Bakıya təhsil almaq məqsədilə gəlibmiş, amma burada pasportunu itirib: “Bakı Avrasiya Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıram. 17 gün əvvəl pasportumu itirmişəm, ona görə də bu mərkəzə müraciət etdim. Sənədlərimin hazır olmasını gözləyirəm”, - deyə Məhəmməd bildirir.

Ukraynalı Yelena Boreyko isə Azərbaycanda həbsdə olub, beş illik həbsxana həyatı yaşayıb, Azərbaycan prezidentinin sonuncu əfv fərmanı ilə azadlığa çıxıb. Hansı əmələ görə tutulduğunu demir.  Hazırda ölkəsinə qayıtmaq üçün sənədlərinin hazır olmasını gözləyir. Azərbaycan dilində sərbəst danışan 42 yaşlı ukraynalı xanım əslində öz ölkəsinə getmək istəmədiyini deyir.

“Hazırda sənədləşmə işlərini hazırlamaq üçün məni öz istəyimlə bura yerləşdiriblər. Mənimlə bağlı Ukrayna səfirliyi qərar verəcək. Amma Ukraynaya getmək istəmirəm, çünki 1991-ci ildən burada yaşayıram, Ukraynada heç kimim yoxdur. Burada tanışlarım, dostlarım çoxdur, onlara öyrəşmişəm. Nə iş olsa işləyərəm, əlimdən hər şey gəlir, təki burada qalım...”-Yelena deyir.

Saxlanma Mərkəzinin rəisi Taleh İbrahimovun sözlərinə görə, qaçqın statusu almaq üçün müraciət edənlər 3 ay müddətində burada qalırlar. İşə baxılma müddəti ərzində qalma müddətləri daha 3 ay artırıla bilər: “Biz burada heç kimi təcrid eləmirik, kim istəsə, gedib şəhəri gəzə, işlərini görə bilər. Sadəcə, biz çıxanlara buraxılış vərəqi veririk ki, polis saxlayarsa, burada müvəqqəti saxlanıldıqları bilinsin. Burada onlara hər cür şərait yaratmışıq, gündə 3 dəfə yemək veririk. Azyaşlılar üçün ayrıca uşaq otağı, istirahət, təlim, bütün dinlərdən olan insanların ibadət etməsi üçün namaz otağımız var. Geyim otağında isə bütün zəruri geyimlər miqrantlara əvəzsiz verilir. Burada qalın qış geyimlərindən tutmuş uşaq əmziyinə qədər hər şey var”.

Mərkəzdə saxlanılanların böyük əksəriyyəti müsəlmanlar olduğu üçün onlar oruc tuturlar və hava isti olduğuna görə çölə çıxmırlar, otaqlarında gün keçirirlər. Bəziləri isə kitabxanada qurdalanır. Bir sözlə, Banqladeşdə günü orta hesabla 2 dollara yarıac dolanmaqdansa Bakıda miqrant mərkəzində gündə 3 dəfə pulsuz yeyib havayı geyinmək bu yoxsul ölkədən gələnlər üçün əlbətdə cəlbedici görünə bilər, amma bu da müvəqqətidir və qaçqın statusu almasalar onları yenidən ölkələrindəki yoxsulluq, səfalət gözləyir...(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar