Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü yandıran 23 yaşlı gəncin dəhşətli həyat hekayəsi


Əməkdaşımız körpəsinə dərman ala bilmədiyi üçün canına qıyan Taleh Ömərlinin ailəsindən yazır


Bakıda 23 yaşlı gəncin özünə od vuraraq intihar etməsi xəbəri hər kəsi dəhşətə gətirib. Ailəli olan Taleh Ömərli yaşadığı mənzildə üstünə benzin tökərək özünü yandırıb. Həm də ailə üzvlərinin və qonşularının gözü qarşısında... Bədəninin 70 faizindən çoxu yanan gənc həmin gün- fevralın 10-da xəstəxanada dünyasını dəyişib

Hadisə Zirə qəsəbəsi, Südçülük sovxozu adlanan ünvanda baş verib. Taleh Ömərli bir il əvvəl köçdükləri bu qəsəbədə tikdikləri kiçik daxmada özünə od vurub. 

İlk gördüklərimizdən belə qənaətə gəldik ki, ailə həddən artıq acınacaqlı durumdadır. İki otaqlı yarımtikilidə Taleh, yoldaşı, körpəsi və anası ilə birlikdə yaşayıb. Hadisə baş verərkən Talehin yanında yoldaşı və körpəsi olub. 

Evin həyətinə daxil olarkən bizi ilk qarşılayan Talehin xalası Südabə Səmədova oldu. Talehi qucağında böyütdüyünü deyən S.Səmədova bu ağır hadisənin imkansızlıqdan, işsizlikdən və çarəsizlikdən baş verdiyini dedi.




“Taleh qucağımda böyüyüb. Öz uşaqlarımdan ayırmamışam. Bacımın bircə balası idi. İş axtarırdı, imkansız vəziyyətdə idi, getmədiyi yer qalmamışdı. Ailəsinə, körpəsinə baxa bilmədi. Həmişə də bunu deyib, utanırdı”- deyən Südabə Səmədova bizi gənc ailənin yaşadığı daxmaya dəvət etdi. 




Ailənin yaşadığı iki otaqlı bu evin döşəməsi torpaqdır. Tavan isə yağış suları içəri tökülməsin deyə sellofanla örtülüb. Balaca otaqlardan birində ailənin dörd üzvü birlikdə gecələyir. Digər kiçik otaq isə mətbəx kimi istifadə olunur. Rütubətli, divarlarında 2 gün əvvəl yağmış yağışın izləri olan bu otaqlar ailənin 1 il əvvəl Mingəçevirdən gəldikdən sonra sığınacağı olub. 

İntihar edən gəncin atası Hümbət Ömərli Qarabağ döyüşlərində cəbhəyə gedən könüllülərdən olub. Ailə üzvlərinin dediyinə görə, H.Ömərli 1993-cü ildə Murovdağda itkin düşüb. H.Ömərli döyüşə gedəndə həyat yoldaşı hamilə olub.




Taleh anasının və xalasının himayəsində böyüyüb. Hadisə baş verən gün Talehin anası evdə olmayıb. Oğlunun dəhşətli intiharını göz yaşları içində danışan ana çarəsizliyini yaşadıqları evi və dərddən əyilən belini göstərərək danışır.

Taleh və ailəsi bir il əvvəl Mingəçevirdə yaşayıblar. Talehin toyu da Mingəçevirdə olub. 2013-cü ildə ailə həyatı quran Taleh daha sonra Bakıya köçüb. Bakıya köçmələrinin səbəbi isə anasının təcili əməliyyata ehtiyacı olması olub. Belə ki, əməliyyat  üçün lazım olan məbləği ödəmək üçün ailə Mingəçevirdə olan evlərini satıb. Əməliyyat xərci ödəndikdən sonra qalan məbləğlə Zirə qəsəbəsində torpaq sahəsi alıblar və bu evi tikiblər.

Ailənin tək gəliri Talehin gündəlik fəhləlikdən qazancı olub. Günlərlə işsiz qalan Taleh 15-20 manata gündəlik fəhləlik edirmiş.




Məlahət Ömərova oğlunun intihar etmə səbəbini belə danışır: “Yazıq uşaq nə edəcəyini bilmirdi. Çox fikir edirdi. Ancaq belə edəcəyini ağlımıza gətirməzdik. Mən özüm xəstəyəm. Əməliyyatdan sonra da ağrılarım dayanmır. Nəvəm də astmadır. Müalicəsinə, dərmanlarına oğlum pul tapa bilmirdi. Deyirdi ki, mən necə atayam ki, bir uşağa, ailəmə baxa bilmirəm”.

İntihar baş verən gün Talehin yanında yoldaşı Nərmin olub. Həmin gün həkimin körpənin müalicəsi üçün yazdığı reseptdə olan dərmanları almaq lazım imiş. Lakin Talehin buna imkanı çatmayıb. 

 


Talehin xalası intiharın necə baş verdiyini Nərmindən eşitdiyi kimi belə nəql edir: “Taleh körpəyə lazım olan dərmanları ala bilməyib. Uşağın da vəziyyəti ağırlaşıb. Taleh Nərminə deyib ki, mən necə atayam ki, övladıma baxa bilmirəm. Yan otağa keçib. Neft dolu qabı götürüb ki, özümü yandıracam. Nərmin onu fikrindən daşındıra bilməyib. Çölə çıxıb qışqırıb, kömək çağırıb. Nərmin və qonşular gələnə qədər Taleh nefti başından tökərək özünü yandırıb. Küçədə qonşular söndürüb xəstəxanaya aparıblar”.




Talehin ölümündən sonra ailənin yas mərasimini təşkil etməyə imkanı çatmayıb, hətta başsağlığı üçün gələnlərin oturması üçün stol-stul qonşulardan alınıb. Yas çadırını qurmağa belə gücü çatmayan ailə qonşuların köməyinə möhtac qalıb.

“Taleh intihar etməmişdən bir gün əvvəl gecə ac yatıblar. Bu daxmada çarəsizlikdən bir ailə məhv oldu. Bu, yaşamaq deyil, sürünməkdir. İnsanlar acından ölür. 23 yaşı var idi. Vallah, iş tapa bilmirdi.  Fəhləlik edən adam iş olsa,  gedib işləməzdimi? Mingəçevirdə qeydiyyatdadırlar. Pul yoxdur ki, gedib orda uşağa şəhadətnamə alsınlar. İki yaşı olacaq, amma hələ şəhadətnamə ala bilməyiblər” deyə, Talehin xalası ailənin üzləşdiyi çarəsizliyi danışır.

23 yaşlı gənci itirən ailə bu gün daha bir faciə yaşaya bilərmiş. Talehin yoldaşı Nərmin yanvarın 11-də  səhər saatlarında intihara cəhd edib. Evdən çıxan Nərmin yaxınlıqdakı magistral yola qaçıb. Nərminin həyətə çıxdığını görən ailə üzvləri onun arxasınca gediblər. Ailə üzvləri Nərmini yol kənarında özünü avtomobillərin altına atmaq istəyərkən saxlaya biliblər.

Anası oğlunun heç bir banka borcunun olmadığını da dedi.

Taleh evlərinin yaxınlığındakı “Qıştağ” qəbiristanlığında dəfn olunub. Həyat yoldaşı Nərmin ondan özünə yadigar olaraq kül olmuş geyimlərini saxlayıb...

 

İndi geriyə bu daxmada Talehin 1 yaş 6 aylıq körpəsi, xəstə anası və sevərək ailə həyatı qurduğu həyat yoldaşı qaldı...(musavat.com)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar