Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öz qazdığı quyuya düşən

Keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin Türkiyədə həbs edilərək, Azərbaycana gətirilməsi anındaca “sensasion xəbər” qrafasına girdi və ölkədə əsas müzakirə predmetinə çevrildi


Adamı çoxdan hərləyirdilər, amma Almaniyadan sığınacaq almış olması onu qoruyurdu. O, beynəlxalq axtarışda olsa da, Almaniya dövləti Azərbaycan hakimiyyətinin tələb etdiyi bu şəxsi həbs edib vermirdi və verməyəcəkdi.

Hüseyn Abdullayevin məsələsini həll edən başlıca amil onun özünü təhlükəsizlikdə hiss etməsi, Avropa dövlətinin, ümumilikdə Avropanın hüdudlarını aşaraq Şərqə, Türkiyəyə gəlməsi olub.

O, bilməliydi ki, Türkiyədə təhlükəsizlikdə olmayacaq və onu həbs edib Azərbaycana verə bilərlər.

Fəqət belə anlaşılır ki, Hüseyn Abdullayev bu fikri özünə yaxın qoymayıb, məsələyə “nə etmişəm axı” prizmasından yanaşıb.

11 il öncə o, parlamentdə hökumətə qarşı üsyan püskürəndə və bunun nəticəsi olaraq əlbəyaxa davaya girişib həbs olunanda da hesab edirdi ki, heç nə etməyib.

İndi də ona qarşı irəli sürülən vergidənyayınma ittihamlarını çox da ciddiyə alan yoxdur, hamı bilir ki, Hüseyn Abdullayevin təqib olunmasının və həbsinin səbəbi başqadır.

O, bir vaxtlar müdafiə etdiyi hakimiyyətə qarşı asi düşmüşdü.

Hüseyn Abdullayevin asiliyi, üsyanı heç də ümumxalq maraqlarına görə deyildi, o, öz şəxsi ambisiyasının əsiri idi, yüksək dövlət vəzifəsi tutmaq istəyirdi, ancaq onu ona çox görürdülər.

Abdullayev isə özünü hakim komandanın dayaqlarından biri hesab edirdi, orda-burda mövcud iqtidar komandasının hakimiyyətini qorumaq üçün nələr etdiyindən, müxalifətə qarşı amansız mübarizəsindən danışır, hamını özünü borclu sayırdı.

O, ilk dəfə həbsə düşdükdən sonra baş verənlər göstərdi ki, adam bura qədər hansısa asi qrup daxilində imişsə, artıq təklənib və onu güdaza veriblər. Ancaq onun öz şəxsi davranışları (həm də sonradan dissidentə yaraşmayacaq yalvarışları) tezliklə onun qapısını açdı.

Həm də incəsənət adamı olan, yaxşı mahnıların müəllifi kimi ad çıxaran, eyni zamanda iş dünyasında xeyli irəliləmiş Hüseyn Abdullayev həbsdən çıxandan sonra ölkədə barına bilməyəcəyini anlayaraq Almaniyaya pənah aparmışdı.

Sonradan onun şəxsi mülklərinin əlindən alınması, sökülməsi prosesi start götürəndə o, yenidən fəallaşdı və hakimiyyətə qarşı sərt fikirlər söyləməyə, açıq mübarizəyə atılmağa qərar verdi.

Ötən ilin payızında isə, rəsmi olaraq prezident seçkisinə bir il qalanda (bir çoxları kampaniyaya məhz seçkiyə bir il qalanda başlayır, geri sayım moduna girirlər) Hüseyn Abdullayev iddiasını ortaya qoydu. O, ölkəyə qayıtmaq və prezident olmaq istəyirdi.

Nədənsə ona elə gəlirdi ki, xalq arasında böyük nüfuzu var və seçkiyə qatılarsa, bütün rəqiblərinə asanlıqla qalib gələ bilər.

Bu inam və qənaət onda haradan idi, hələ də bəlli deyil. Fəqət ortada olan odur ki, Abdullayevin bu iddiası xalq tərəfindən olmasa da, iqtidar düşərgəsində əməlli-başlı ciddiyə alınıb.

Ancaq hələ iddia irəli sürmək də həbsə alınmağın başlıca səbəbi deyil. Ona qalsa, ölkənin özündə bu iddiada olan və həbs olunmayan şəxslər çoxdur.

Hüseyn Abdullayevin həbsinin əsas səbəbi xarici ölkələrdə fəaliyyət göstərərək, Azərbaycan hakimiyyəti ilə sərt media savaşı aparanların sırasında, bəzi iddialara görə isə, arxasında olmasıdır.

Bu iddia mediada da səslənib. Güman olunur ki, məhz Abdullayevin sifarişi ilə bəzi şəxslər Azərbaycan hakimiyyətinin rəhbərlərinə qarşı sərt fikirlər səsləndirirlər.

Təbii ki, ona qarşı siyasi motivli ittihamlar irəli sürməyəcəklər.

Ancaq bu ölkədə çox adam istərdi ki, Hüseyn Abdullayev məhz 1998-ci, 2000-ci, 2003-cü, 2005-ci illərdə qol qoyduğu əməllərə görə cinayət məsuliyyətinə cəlb edilsin.

Burada qanunsuz yarımhərbi birləşmələr yaradıb idarə etməkdən, konstitusion haqqından yararlanaraq, mitinqdə iştirak edən lider və funksionerləri döydürməkdən tutmuş rəqib hesab etdiyi iş adamlarına silahlı təzyiq göstərməyə qədər çox əməl var.

Təəssüf ki, o, bunlara görə mühakimə edilməyəcək.

Bir vaxtlar Surət Hüseynov da beləcə xarici ölkədən tutulub gətirildi, mühakimə olundu, uzun müddətli həbs cəzası aldı, ancaq ona qarşı irəli sürülən ittihamlar arasında 1993-cü ilin iyununda törətdiyi qiyama və Prezident Qvardiyasının döyüşçülərinin namərdcəsinə güllələnməsinə dair ittihamlar olmadı.

Belə də olur: adamı bir səbəbdən həbsə alır, əsas təqsirini kənara qoyur, başqa bir suça görə mühakimə edirlər.

 Xalid KAZIMLI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar