Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Osman Kazımovun “Müsavatı təmizləyək” təklifinə sərt cavablar


Əlövsət Talışxanlı: “İsa Qəmbər həbsdə olanda Osman Kazımov Surəti təntənə ilə qarşılamağa hazırlaşıb”; Ellada Məmmədli: “Bütün bunlar Osman Kazımovun Qubad bəyə kinindən irəli gəlir”


Tural Abbaslı: “İllərini Müsavata fəda etmiş insanlarla bu tonda danışmaq olmaz”; Elman Fəttah: “Partiya nizamnaməsini kobud şəkildə pozan şəxslərə qarşı tədbirlər davam edəcək”

Müsavat Məclisinin üzvü Osman Kazımovun partiyada təmizləmə aparma təklifi partiyadaşları tərəfindən birmənalı qarşılanmır. Onun rəhbərliyi heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırması qurultaydan və başqanlıq seçkisindən narazıların hiddətinə səbəb olub.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarından olan Əlövsət Talışxanlı Musavat.com-a məsələ ilə bağlı bildirib ki, bu cür açıqlamalar repressiya illərini xatırladır: “Bu, Bağırovun repressiyalarına oxşayır. Xəlil Rza Ulutürk deyirdi ki, davam edir 37, daha kəskin, daha ciddi. Eşitdiyimə görə, Osman Kazımov Gəncə hadisələri vaxtı təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşanda İsa Qəmbər tutulmuşdu, təcridxanada idi. Elə müsavatçılar var idi ki, o zaman təzyiqlərə baxmayaraq, İsa Qəmbərə yemək aparırdı. Ancaq Osman Kazımov o vaxt Füzuli Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri işləyirdi və təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşırdı. Belə adamdan nə desən, gözləmək olar”.

Onun sözlərinə görə, bu fikirlər eyforiyaya qapılmağın nəticəsidir, bu cür fikirlərin ciddiləşəcəyini və partiyadan kimlərinsə uzaqlaşdırılacağını düşünmür: “Partiyadan çıxarılma ola bilməz. Nizamnamədə tənqidə görə heç biz cəza yoxdur. Gizli nizamnamələri varsa, tənqidə görə kimisə cəzalandırmaq kimi qərarları varsa, onda başqa məsələ...”
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə qeyd edib ki, bu açıqlamalar O.Kazımovun Q.İbadoğluna kinindən irəli gəlir: “Kin-küdurət onun yadından çıxan deyil. Bu qədər insanları, eyni ideologiyaya sahib şəxsləri bir yerə yığmaq o qədər asandırmı ki, belə asanlıqla təmizləmə aparmaq istəyirlər? Bu qədər insanı bir açıqlama ilə, bir hərəkətlə xərcləmək belə asandır?”

Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə bildirib ki, qalib gəlmiş tərəfin bu cür açıqlamaları başadüşülən və doğru addım deyil: “Partiyanın bizimkilər, sizinkilər, razılar, narazılar, qalib nə məğlub tərəflərə bölünməsinin əleyhinəyəm. Seçki yekunlaşıb, bundan sonra kimsə bu proseslərdən narazı qalıbsa, onlara barışıq əli uzatmaq lazımdır. Onların üstünə ciddi-cəhdlə getmək olmaz, udanların barışdırıcı, yaxınlaşdırıcı mövqe tutması gərəkir, narazılarla danışıq aparmaq yerinə bu cür ultimativ şəkildə fikir bildirmək olmaz. Bu gün narazı olan kəsimin böyük əksəriyyəti bizimlə çiyin-çiyinə olan insanlardır, illərdir ki, birgə yol gəlirlər. Bunu doğru ifadə hesab etmirəm”.

T.Abbaslının sözlərinə görə, bu cür fikirlərin ciddiliyini qəbul etmir və partiyadan kimlərinsə qovulmasının mümkün olmadığını düşünür: “O insanlar illərini Müsavata veriblər, fəda ediblər. Belə adamlarla bu tonda danışmaq olmaz. Qətiyyən hansısa siyahılar üzrə kimlərinsə cəzalandırılması məsələsindən söhbət gedə bilməz, bunu güman etmirəm. Kimsə nizamnaməni pozacaqsa, bununla Nəzarət-Təftiş Komissiyası məşğul olacaq. Osman Kazımov isə bu qurumun üzvü deyil, o, konkret hansısa şəxs barəsində şikayət verə bilər. Komissiya da şikayətə kiminsə tərəfdarı deyə yox, nizamnamə pozuntusu var, ya yox, ona baxacaq. İndiki situasiyada tərəflərin daha həssas, barışdırıcı olması lazımdır”.

Narazılardan olan Dünyaxanım Cərullayeva isə O.Kazımovun təklifini partiya funksionerinə yaraşmayan bir hərəkət hesab edib. “Əgər təmizləmə aparmaq istəyirlərsə, birinci özlərindən başlasınlar. Bu, söz xatirinə deyilən sözdür. Bu cür fikirlər bir müsavatçıya yaraşan söz, hərəkət deyil”.

Müsavat başqanı Arif Hacılının tərəfdarlarından olan Məclis üzvü Elman Fəttah isə bildirib ki, partiyada heç bir siyahı yoxdur və təmizlənmədən söhbət gedə bilməz: “Partiyada qarşı tərəf anlayışı yoxdur, hamımız Müsavat Partiyasının tərəfindəyik. Sadəcə olaraq qurultaydan sonra kiçik bir narazı kəsim var ki, onların da bir qismi səmimidir, bir qismi qeyri-səmimi. Osman Kazımovun açıqlamasında söhbət ondan gedir ki, Qubad İbadoğlu narazı olsa da, partiyadan getmir, amma onun tərəfdarları etiraz edib çıxıb gedirlər. Burada ironik yanaşma var idi ki, yaxşı, bir də seçki olsa, Qubad bəyə kim səs verəcək? Partiyada heç bir siyahı yoxdur, hazırlanmayıb. Bu, Səxavət Əlisoyun uydurmasıdır. Özü şəxsən partiya nizamnaməsini pozur, bu səbəbdən onun barəsində nizamnamə tədbirlərinin görüləcəyini gözləyirəm. O, özü siyahı hazırlayıb ki, guya bu siyahı partiyada hazırlanıb. Müsavat Partiyasında təmizlənmədən söhbət getmir, Müsavat saf, təmiz, pak bir partiyadır. Sadəcə olaraq partiya nizamnaməsini kobud şəkildə pozan şəxslərə qarşı həmişə tədbir görülüb, bundan sonra da davam edəcək”.


Qeyd edək ki, Müsavat Məclisinin üzvü Osman Kazımov iki gün əvvəl partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb. “Yeni Müsavat” isə məlumat əldə edib ki, Müsavatda təmizləmələrə başlanması mövqeyindən çıxış edən təkcə Osman Kazımov deyil. Osman Kazımov sadəcə mövqeyini ictimailəşdirib. Partiyanın Məclis üzvləri arasında xeyli şəxslər var ki, başqan Arif Hacılını təcili təmizləmələrə başlamağa çağırıblar. Bildiriblər ki, partiyanın nüfuzuna xələl gətirən açıqlamalarla çıxış edən, Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə start verilməlidir. Cəza tədbiri kimi isə Müsavat üzvlüyündən xaric edilmə tətbiq olunmalıdır. A.Hacılının bu təklif və tələblərə hələ ki, müsbət cavab vermədiyi, səbirli olub məsələləri müzakirələr yolu ilə yoluna qoymağın tərəfdarı olduğunu həmin şəxslərə bildirdiyi deyilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar