Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq


Gülşən Şərif yazır


Öpüş məsələsini pozulmuş hansısa insan haqqları ilə müqayisə etmək istəməzdim. Əgər “əxlaq dərsi”nə mütləq şəkildə ehtiyac varsa, ki, bunun tərəfdarı deyiləm, o zaman gəncləri başqa şəkildə maarrifləndirmək, tərbiyələndirmək lazımdır.

İllər öncə bir oğlan dostumla şəhərə gəzməyə çıxmışdıq. Qərara gəlmişdik ki, “Şəhidlər Xiyabanı”na Bakı funikulyoranın vaqonları ilə deyil, pilləkənlərlə çıxaq. O pilləkənlərə düşüb-çıxanlar yəqin ki, görüblər. Müəyyən yerlərdə skamyalar qoyublar. Bir xeyli çıxandan sonra bu skamyaların birində oturmaq qərarına gəlmişdik. Yenicə oturub Xəzər dənizdə olan çoxsaylı gəmilər barədə danışmağa başlamışdıq ki, başımızın üstünü yekəqarın bir polis əməkdaşı kəsdi. Özümüzü təqdim etməyimizi və onunla bölməyə getməyimizi istədi. Düzünü desəm, şokdaydım. Öz-özümə fikirləşirdim ki, görəsən biz nə etmişik. Normal insanlar kimi oturmuşduq. Bizim bu polis əməkdaşı dostumu kənara çəkib, nəsə danışmağa başladı. Dostum jurnalist vəsiqəsini göstərəndən sonra polis bizi bölməyə aparmaqdan imtina etdi. Dostumdan bu imtinanın səbəbini soruşanda bəlli oldu ki, sən demə bu skamyalarda oturan bütün cütlüklərdən polis “bölmə” hədə-qorxusu ilə rüşvət alırmış. O gündən sonra hardasa polisin cütlüklərə yaxınlaşdığını görəndə ağlıma gələn ilk fikir bu olur: “Bizi qoruyan polislərə dilənçilik yaraşmır!”

Amma reallıq odur ki,  bizim əksər polislər dilənçilik edirlər. Bunu Bakı Bulvarında da, AzNeft dairəsinin yaxınlığında yerləşən parkla yanaşı, digər parklarda da görmək olar. Ancaq qəribədir ki, həmin polislər səhərlər “iş başında” olmağa ərinirlər. Yəqin səhərlər cütlüklərin bu yerlərdə az olmağından irəli gəlir, ya da yuxularına haram qatmaq istəmirlər.

Tələbəlik illərində dənizkənarına tez-tez gedirdim. Bəzən dərsə getmədən öncə Bulvara üz tuturdum. Səhərlər həm adam az olurdu, həm də dənizin qoxusu insana xoş təsir edirdi. Demək olar, hər dəfə cütlüklər görürdüm. Ayaqüstə qucaqlaşıb söhbət edənlər də olurdu, daha irəli gedənlər də... Ancaq nə təsadüf ki, adamın başının üstünü kəsdirən polislərimizə rast gəlmək olmurdu. Ki, cütlüyü tutub İnzibati Xətalar Məcəlləsini(İXM) pozmaqda ittiham etsin. Sonra bölməyə aparmaq hədə-qorxusu ilə müəyyən məbləğdə pul alıb, gəncləri rahat buraxsın. Ona görə deyirəm, cütlüklərin saf sevgilərini “rüşvət mənbəyi” görən əksər polislər qrafikləri də yaxşı bölə bilirlər.

Yaşadığımız cəmiyyətdə gözəl olan hər nə varsa, onu boğurlar. Yaxşı görünən hər şeyi çirkinləşdirənə qədər enerji sərf edirlər və daha sonra həyatın maraqsızlaşmasından, insanların sevgidən uzaq, pisniyyətli olmasından şikayətlənirlər. Elə polislərimiz var ki, cütlüyü tipik “bölmə” hədəsiylə qorxudub 5-10 manat pulunu alandan sonra, o cütlük öpüşsə də, qucaqlaşsa da görməzdən gəlirlər. Çünki onlara çatacaq  haqqı ödəyiblər. Əslində bizim əksər polislər ictimai asayişin qorunması yox, öz ciblərini doldurmaq üçün cütlükləri qayda-qanun adı altında “soyurlar”.

Maraqlıdır ki, bəzi mütəxəssislərə görə küçədə öpüşmək xırda xuliqanlıq hesab edilir və belə olanda vətəndaşın hüququnu,  ictimai hərəkətin pozulmasının qarşısını almaq adına vətəndaşa protokol tətbiq etmək olar. Əslində bunun nə dərəcədə məntiqə uyğun olduğunu söyləmək çətindir. Çünki qarşılıqlı istək əsasında kimisə öpməyin pis şey olduğu hansısa qayda-qanunda göstərilməyib. Öpüş məsələsini pozulmuş hansısa insan haqqları ilə müqayisə etmək istəməzdim. Hər məsələnin öz yeri var. İnsan haqqlarının acımasız şəkildə tapdalandığı, çirkablarla dolu olan indiki cəmiyyətimizdə hansısa cütlüyün sevgisinə burun soxmaq, “əxlaq dərsi”ni sərt şəkildə keçmək kənardan heç də xoş görünmür. 

Əgər “əxlaq dərsi”nə mütləq şəkildə ehtiyac varsa, ki, bunun tərəfdarı deyiləm, o zaman gəncləri başqa şəkildə maarrifləndirmək, tərbiyələndirmək lazımdır. Başa düşürəm, müsəlman Azərbaycan cəmiyyətinin özünəməxsus mental dəyərləri var. Bu dəyərləri kimlərsə ciddiyə almasa da, ciddiyə alanlar da yetərincə var. Nəzərə almaq lazımdır ki, Avropaya, Qərbə inteqrasiya etməyə qərar verən bir cəmiyyəti “qadağalar”la, “olmazlar”a, sərt şəkildə verilən reaksiyalarla irəli aparmaq, müasir zamanın tələblərini düzgün anlamağa yönləndirmək olmur.

Məsələn, maarrifləndirici şəkildə gənclərə öyrədilsin ki, ictimai yerdə sevdiyin insanı qucaqlamaq içindən gəlirsə, bunu et, amma normanı qoru. Kiminləsə sevgili olub ayrılandan sonra aranızda yaşanan özəl şeyləri fəxrlə başqalarına danışmayın, “filan qızı fırlatdım”, “filan qız mənlə öpüşüb, tərbiyəsizdir”, “filan oğlandan, (qızdan), istifadə etdim”, kimi qürursuz fikirlər işlədilməsin. Çünki kimsə kiməsə güvənib onunla digər insanlardan daha çox yaxın olursa, həyatının müəyyən hissəsini onunla bölüşməyə qərar verirsə, bu güvən göstəricisidir. Əgər siz bundan pis niyyətlə istifadə etməyə qərar verirsinizsə, həm  qarşınızdakından çox özünüzə ziyan edirsiniz, insanlar sizi özgüvəni olmayan, kompleksli insan sanır, həm də insanlar sevgi məsələsindən uzaq durmağa çalışır. 

Əslində iki gəncin ictimai yerlərdə qucaqlaşması, əl-ələ tutması, yanağından öpməsi faciə deyil. Faciə olan gözəl hissləri öldürməyə çalışan,  gəncləri sevdikləri insanlarla deyil, hansısa qohumla məcburi evləndirən və ya valideynin “mən seçdiyimlə ailə quracaqsan” deyib, övladının hisslərini qətlə yetirən bir cəmiyyətdə yaşamaqdır. 

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar