Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölmək istəməyən qocalar


Mirmehdi Ağaoğlunun İsa Muğannanın "Saz" povesti haqqındakı "İsfəndiyar kişinin tilsimi" məqaləsini təqdim edirik


Zənnim məni aldatmırsa "Saz” əsərindəki İsfəndiyar kişi obrazı İsa Muğannanın Qılınc Qurban və başqa personajları kimi digər əsərlərində də görünmür, görünürsə də çox epizodik. Mənə görə səbəb budur: İsfəndiyar kişi sazın tilsimi sınandan sonra çox yaşaya bilməzdi.
 
Qocalar belədir. Ömürlərinin qürub çağında "bir ağac gövdəsi” kimi söykənməyə mütləq bir ümid axtararlar. İsfəndiyar kişinin söykəndiyi qovaq gövdəsi kimi. Və o ümidlə yaşayarlar. Özü də bu ümid o qədər o uzaq, o qədər irrasional, o qədər magik olar ki, heyrət edərsən. Başqaları gülüb keçər, inanmaz, amma özləri bu ümidə inanarlar, içdən inanarlar-bu ümidin "şərti” nə qədər ağır, nə qədər ağlasığmaz olsa belə. Və o ümid həyata keçmədikcə bu dünyadan ülfəti kəsməzlər. Əlbəttə o ümiddə bir "ayaq yeri” də mütləq olur, tamamən irrasional olmur haman ümid. Nəsə qeyri-adi bir qüvvənin o ümidi bir gün gerçəkləşdirəcəyinə həmişə iynənin ucu boyda da olsa işıq payı olur. Və buna görə də qocaların ümidləri sehrə, tilsimə bürünür. 
 
"Kitabı-Dədə Qorqud” da gözü tutulan qoca Baybörəni xatırlayaq. Kafir zindanında yatan oğlunun yolunu 16 il gözləyir. Heç kəs Bamsı Beyrəyin qayıdacağına inanmasa da o, inanır. Yollara baxmaqdan gözlərinin işığı çəkilib. Buna da çarə var. Yalnız düşmən zindanından xilas olub qayıtsa, barmağını çərtib qanını atasının gözünə çəksə oğlunu bir daha görər Baybörəyə. Baybörənin özü üçün düzəltdiyi inanca baxın. Nə qədər ağlasığmaz, nə qədər qəribə, nə qədər mistik! Kimə desən inanmaz, əlini yellədib keçər-gedər. Olsun. Zatən bu ümid yerinə bircə özü inansa kafidir. 
 
 
Bəs İsfənidyar kişinin "ümid”i nədir?
 
İsfəndiyar kişi bir gün yuxuda oğlu Bəhmanı görür: "Günlərin birində idarədən evə dönəndə qulağına saz səsi gəlsə, bil ki, mən qayıtmışam, baba... Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Və o gündən sonra İfəndiyar kişi sazı evdən asıb oğlunun qayıtmasını gözləyir. O gündən də şirmayılı saz İsfəndiyar kişinin gözündə tilsimlənir. Hər axşam evə qayıdanda qoca hələ lap uzaqdan gözlərini qapıya dikib, bəzən hətta nəfəs çəkmədən dinləyib, tilsimin açılmasını gözləyir. Hətta bu tilsimə o qədər inanır ki, ikinci dəfə ürək tutmasından yıxılıb yatağa düşəndən sonra da inamı sarsılmır. Qoca qətiyyətlə deyir: "Eşidin, birkərəlik arxayın olun, lap yüz yol yıxılsam da, mənə heç nə şey olası deyil. Uşaqlar qayıdana qədər əzrayıla can vermərəm! Etiqadım var, ölməyəcəm! Bildinizmi?”
 
 
Bəli, etiqadı var, qocanın!
 
Hələ 42-ci ildir. Müharibə üç il də uzanacaq. Bütün bunlardan İsfəndiyar kişinin xəbəri yoxdu, əlbəttə. Orasını da bilmir ki, bu ölkədən nə qədər insan müharibəyə yollanıb geri qayıtmayacaq. Və bu dəhşətin, bu od-alovun içindən sıyrılıb sağ-salamat geri qayıtmaq özü elə möcüzədir, sirdir. Amma sirr-sehr olsa da İsfəndiyar kişi buna inanır. Çünki iki oğul böyüdüb əlini işdən-gücdən soyutduğu vaxt, "köhnə dudman”ı oğlanlarına təhvil verdiyi vaxt başladı müharibə. İndi iki gəlindən, dörd nəvədən ibarət ailənin başında İsfəndiyar kişidi cavabdeh. Onu ayaqda saxlayan da, ölməyə qoymayan da bu məsuliyyətdir. Üstəlik müharibə hələ təzə başlasa da kəndi bürümüş yaman hadisələr; alverçi Xeyrənin çaxır gətirib qadınları içirtməyi, Millinin həyasız hərəkətləri və axsaq Hacı haqqında Qılınc Qurbanın qaramat fikirləri – İsfəndiyar kişini rahat buraxmır. 
 
İsfəndiyar kişi nəyə inansa da bircə Hacının onun namusuna kəm gözlə baxacağına inanmır. Qılınc Qurban nə qədər dəlil-sübut gətirsə də, fikrindən keçənləri oxuyub özündən ssenari uydursa da, İsfəndiyar kişinin qəlbindəki saflıq, təmizlik bu deyilənlərə inanmağa imkan vermir. Buna görə Qılınc Qurban köhnə inqilabçı kimi əsgər ailəsinin namusunu qorumaq üçün axsaq Hacını tutub qazamata salanda, İsfəndiyar kişi nə Sovet sədrinin qəzəbindən, nə kənd tənəsindən çəkinir, gedib qapının çöpünü çıxarıb atır, Hacını yanına salıb evinə gətirir. 
 
Qılınc Qurban öz fikrini o qədər sərrast əsaslandırır ki, onun sözlərinə də inanmamaq olmur. Bir yerdə ki, İsfəndiyar kişi də öz-özünə etiraf edir: "Qoca düşündü... Düşündü və nə qədər qəribə olsa da həqiqət belədir ki, feldşerlə ünsiyyətin əsas səbəbini yalnız indicə başa düşdü. Dərk etdi ki, axı oğlanları gedəndən sonra Hacı ilə ünsiyyətini məhz ona görə dərinləşdirməyə çalışmışdı ki, Hacı bu ünsiyyəti, dostluğu ayaqlayıb onun gəlinlərinə əyri gözlə baxmasın (Gəlinlər Pəri və Tubu İsfəndiyar kişinin oğlanlarına ərə getməmişdən qabaq Hacı İsfəndiyar kişidən xahiş etmişdi ki, o qızları ona alsın, əvvəl böyüyü, sonra kiçiyi – M.A.). Qoca bunu da yalnız indicə dərk etdi ki, feldşer onu duyurdu. Məhz duyduğuna görə də onunla üz-üzə gələndə xəcalət çəkir, qan-tər tökürdü”. Əgər İsfəndiyar kişinin də ürəyinə "yaman fikirlər” gəldisə, o zaman oxucu dünəndən şübhə etməli. Bəlkə axsaq Hacı həqiqətən... 
 
Qılınc Qurban dediyi kimi dünyanı şeytanlığın bürüdüyü bir vaxtda kim deyər ki, Hacı da belə binamusluğa əl atmaz! Ehtiyatı əldən vermək olmaz. Əgər Qılınc Qurban özünün inqilabçı metodu ilə qabaqlayıcı tədbir görmək istəyirsə İsfəndiyar kişi də o ağ saqqalına yaraşan tərzdə həll edir məsələni: Özünün sevgi və mərhəmətində Hacının pis niyyətini (əgər varsa belə!) əridir. Hacını ocağının başına gətirməklə ona özünün sonsuz etibarını nümayiş etdirir. İsfəndiyar kişi kəndin min-cür söz-söhbətə mövzu elədiyi uydurma fikirlərə bənd olmur. O, Bəhman gələnə kimi sazın kökdən düşməyəcəyinə inandığı kimi, Hacının qəlbindəki Xeyir tellərinin də kökdən düşməyəcəyinə inanır. Buna görə də küçə boyu ona zillənmiş heyrət və məzəmmət dolu gözlərə məhəl qoymadan Hacını yanına salıb evinə gətirir. 
 
Bircə bu Millinin onun qabağına çıxmağı olmayaydı. Bircə bu Millinin o məktubları gizlətməyi olmayaydı. Bircə Millinin qara xəbər olan bu məktubları yiyələrindən gizlətməyinin sirri açılmayaydı. Bax onda İsfəndiyar kişi də oğlanlarının öldüklərini bilməzdi. Bax onda şirmayı sazın da tilsimi sınmazdı. Əli bu dünyadan üzülmüş İsfəndiyar kişi də "Tilsim sındı, gətir sazı” deməzdi. 
 
Tilsim sındısa daha yaşa bilməzsən, xüsusən də, əgər qocasansa.
 
P.S. Yazını bitirəndən sonra İsa Hüseynovun digər əsərlərinə də göz atdım ki, görüm İsfəndiyar kişinin sonrakı taleyi necə olur! Tilsim qırılsa da müharibə bitənə qədər yaşaya bilirmi, nəvələrini böyüdə bilirmi? Nə görsəm yaxşıdı! Elə o dəhşətli 42-ci ildən bəhs edən "Tütək səsi”ndə bu cümləyə rat gəlirik: "Üçpara kəndin üçünə də qulluq eləyən dəmirçi İsfəndiyar öldüyünə görə...” Deməli, oğlanlarının qara xəbərini öyrənəndən sonra çox yaşaya bilmir İsfəndiyar kişi! Can verir əzrayıla. Etiqadını qoruya bilmir. Özü də ürəyi tutduğuna görə yox, daha söykənməyə bir ağac gövdəsi qalmadığına görə!(kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar