Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ölkədə ət istehsalı niyə aşağı düşür? - Örüş sahələrində pambıq əkildiyi üçünmü...


Ekspert: “Azərbaycanın gələcəkdə ət, süd istehsalı ilə bağlı çox ciddi problemi olacaq”


“İndiki yaranmış vəziyyəti əhalinin ətə olan tələbatının artması ilə əlaqələndirmək doğru olmaz. Çünki idxalın artmasına səbəb əhalinin ətə olan tələbatı deyil, ət istehsalının azalmasıdır”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycana idxalının kəskin şəkildə artmasını şərh edərkən bildirib.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar və fevral aylarında ət idxalını ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artırıb. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada isə bildirilir ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 milyon 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib ki, bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur. Məbləğ baxımından isə illik artım 22 milyon 603,53 min dollar və ya 2,11 dəfə çox olub. 

Yayılan məlumatlara görə isə son zamanlar Azərbaycana ət idxalı ümumi ehtiyacın 55% faizini təşkil edir. Ötən ilin yanvar-noyabr ayının məlumatına görə isə ölkəyə ət idxalı 92,1% artıb. Xatırladaq ki, 2000-ci illərin əvvəlində Azərbaycan demək olar ki, ətə olan ehtiyacını daxili bazardan ödəyə bilirdi. Ölkəyə ət idxalının bu qədər artmasının və dolayısı ilə ölkədə ət-süd məhsullarının istehsalının bu qədər kəskin azalmasının səbəblərini nəylə izah etmək olar? Hesab etmək olarmı ki, son illər pambıqçılıq sahəsinə hökümətin marağının artması və pambıq sahələrinin artması heyvandarlığa və ət istehsalına mənfi təsir göstərir və ya yaranmış vəziyyət əhalinin ətə olan təlabatının artmasına səbəb olur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrənib.

Картинки по запросу vahid məhərrəmov
Vahid Məhərrəmov: “Ət idxalı ilə yanaşı,  ölkəyə kəsim üçün gətirilən diri heyvanların sayı da iki dəfə artıb”.


Ətt idxalında olan artımın aqrar sektorla bağlı yürüdülən yanlış siyasətin təsir etdiyini qeyd edən ekspert Vahid Məhərrəmova görə, yaranmış vəziyyətin bundan sonrakı dönəm üçün mənfi təsirləri özünü açıq şəkildə biruzə verə bilər: 

“Biz əvvələr də bu proqnozu vermişdik ki, bir zamanlar yüksək inkişaf tempi nümayiş etdirən heyvandarlıq Azərbaycanda tənəzzül edə bilər. İndiki vəziyyətdə ölkəyə ət idxalında ciddi artım var və bundan sonrakı dönəmdə də bu artım gözlənilir.  Çünki hökümətin, xüsusən də Kənd Təsrrüfatı Nazirliyinin yarıtmaz siyasəti nəticəsində örüş sahələri, ot istehsalı, digər yem istehsalları da kəskin şəkildə azalıb. 

Bildiyimiz kimi, keçən il taxıl istehsalı da 150 min ton azaldı. Bütün bunların hamısı da ət istehsalına təsir edən çox ciddi amillərdir. 2008-ci illə müqayisədə bu gün 150 min hektar örüş sahəsi azalıb. Artan əkin sahələrində isə nəyəsə nail olunmayıb. Düzdür,  artıq sahələrdə bir az pambıq istehsal ediblər. Amma bu gün pambıq elə də gəlirli sahə deyil. 

Qeyd edim ki, ət idxalı ilə yanaşı, ölkəyə kəsim üçün gətirilən diri heyvanların sayı da iki dəfə artıb. Keçən il ölkəyə 100 min başdan çox kəsim üçün heyvan gətirilib. Əsas artım da buradadır. Bu da o deməkdir ki, həm birinci kateqoriyalı ət idxalı, yəni kəsim üçün gətirilən heyvanların sayı artıb, həm də ikinci kateqoriyalı ət idxalı artıb. Bu da dondurulmuş ətdir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanın ət, süd istehsalı ilə bağlı çox ciddi problemi olacaq. Artıq bu problem özünü göstərib. 


Vahid Məhərrəmov: “2008-ci illə müqayisədə bu gün 150 min hektar örüş sahəsi azalıb. Artan əkin sahələrində isə nəyəsə nail olunmayıb”.


İndiki yaranmış vəziyyəti əhalinin ətə olan tələbatının artması ilə əlaqələndirmək olmaz. Çünki idxalın artmasına səbəb əhalinin ətə olan tələbatı deyil, ət istehsalının azalmasıdır. Statistikada əhalinin alıcılıq qabiliyyəti yaxşı göstərilsə də, reallıqda əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Biz ət satışı ilə məşğul olan qəssablarla söhbət edirik. Onlar deyirlər ki, əvvəlki qədər alıcı yoxdur. Ancaq idxalın artımı bu istehsalın ciddi azalması ilə bağlıdır. 

Xatırlayaq ki, keçən ilin avqust ayında ətin qiyməti birdən-birə 15 manata qalxdı. Bu da o demək idi ki, artıq ölkədə birinci kateqoriya ət çatışmamazlığı var. Buna görə də qiymət yüksəldi. Hökümət də bunun əvəzində Azərbaycana  Ukrayna, Rusiya və  Gürcüstandan heyvanlar gətirdi və ətin qiymətini nisbətən endirə bildi. Yəni,  diri heyvanları gətirib idxal etdilər, bununla da ətin qiymət endi. Bir daha qeyd edim ki, bu gün ətin idxalının artımı istehsalın kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır. Ölkədə ət istehsalı o qədər aşağı düşüb ki, ət idxalına ehtiyac yaranıb

Hökümət örüş sahələri hesabına pambığın əkin sahəsini genişləndirdi.100 min hektara qədər örüş sahəsində son illər pambıq əkilib. Bu da öz növbəsində heyvanların baş sayını, süd, ət istehsalını ciddi şəkildə azaldır, eyni zamanda daxili bazarda qiymətlərin artmasına səbəb olur. Mən hesab edirəm ki, istehsal azalmaqda davam edəcək. Yəni, indiki mərhələdə yeni istehsalın azalması məhz həmin ərazilərdən pambıq üçün istifadə edilməsi ilə bağlıdır. Bu da hökümətin düzgün aqrar siyasət aparmamasının nəticəsində ortaya çıxıb”.

Nərminə Umudlu
pia.az
Etiket:
loading...