Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə anti-intihar kompaniyası başlamağın faydası olarmı?


Musa Quliyev: “Heç bir halda nə isə kampaniyaya başlamağa, mətbuatda silsilə yazılar verməyə ehtiyac yoxdur. Bunlar əks-effekt də verə bilər”


Şəhla İsmayıl: “Dostlarımızı, ailə üzvlərimizi intihardan çəkindirməliyik”

Vətəndaş cəmiyyətinin aparıcı nümayəndələrindən biri olan “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl sosial şəbəkədəki səhifəsində artan intihar tendensiyalarının qarşısını almaqla bağlı maraqlı təkliflə çıxış edib. O bildirib ki, artıq ölkədə antiintihar kampaniyasına başlamağın zamanıdır. Həqiqətən də elə gün olmur ki, ölkə mətbuatında intihar və ya intihara cəhdlə bağlı bir xəbər oxumayaq. Eləcə də son zamanlar yaradıcı insanların , yazarların, fikir adamlarının intihar etməsi cəmiyyəti daha çox sarsıdır.

Bəs bunun qarşısını almağın yolları nələrdir? Burada cəmiyyətin, ailənin, medianın üzərinə hansı öhdəliklər düşür? Bu suallara cavab tapmaq üçün ilk növbədə Şəhla İsmayılın özü ilə əlaqə saxladıq.

O bildirdi ki, artıq bu məsələ ilə bağlı həyəcan təbili çalmağın vaxtı gəlib çatıb: “İntiharın səbəbləri üzərində çox dayanmaq istəmirəm. Çünki səbəblər bir deyil, çoxdur. Bunun əvəzində intiharın qarşısını almağın yolları haqqında düşünməyin tərəfdarıyam. Təbii ki, burada şəxsi məsələlər də var, ailə məsələləri də var. Ancaq ümumi nəzər salanda bəlli olur ki, əksəriyyəti total iqtisadi gərginliklə əlaqəlidir. Bunun fəsadları da hər kəsdə fərqli olur və bunlardan biri də intihardır. Ümumiyyət, ölkədə antiintihar kampaniyasına başlamağın zamanıdır. Ətrafınızda olan narahat insanlarla, potensial risk qruplarına daxil olan insanlarla daim söhbət aparmalıyıq. Dostlarımızı, ailə üzvlərimizi intihardan çəkindirməliyik”.

Ş.İsmayıl qeyd etdi ki, intiharlarla bərabər miqrasiya prosesi də sürətlənib. Vətəndaşların ölkədən böyük bir axını başlayıb. Bu da başqa bir çıxış yoludur. Bütün maddi, fiziki, psixoloji problemlərə tab gətirməyən vətəndaş ya ölkədən getməyi, ya da həyatdan getməyi seçir. İntihar isə özü bir zəiflik əlamətidir. Mübarizənin sonuna gəlib çıxmaq deməkdir. Belə insanları müxtəlif tipli motivasiyaedici tədbirlərə, danışıq qruplarına, kampaniyalara, maarifləndirmə işlərinə cəlb etmək lazımdır. Psixoloqların cəlb olunduğu proqramlar təşkil etmək və bu insanları oraya cəlb etmək lazımdır. Bu istiqamətdə ünvanlı işlər aparılmalıdır. Dövlət səviyyəsində bu istiqamətdə tədbirlər görülməlidir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyevlə də əlaqə saxladıq. O qəzetimizə danışarkən bildirdi ki, ilk növbədə intihar mövzusundan çox ehtiyatla yazmaq lazımdır: “Heç bir halda intihar edənlərin nə fotosunu, nə də videosunu yaymaq olmaz. Onu yayanda da geniş təfərrüatı ilə işıqlandırmaq olmaz. İntiharlar, xüsusilə də özünü yandırmaqla bağlı intiharlar psixi infeksiya kimi bir şeydir. Onun bir nəfərdən digərinə keçmə halı baş verə bilir. Bu mənada onu geniş kütləyə yoluxdurmaq olmaz. O səbəbdən bu haqda çox ehtiyatlı danışmaq lazımdır. Heç bir kampaniyaya da başlamağa ehtiyac yoxdur. Sadəcə, psixoloji xidməti gücləndirmək lazımdır. Ən önəmlisi isə odur ki, ailə üzvləri bir-birinə qarşı diqqətli olmalıdır, bir-birini yalnızlaşmağa qoymamalıdırlar. İnsan bir günün içində intihar qərarı vermir. İntihara gedən bir yol var və o yolda ikən onun ailə üzvləri, yaxın ətrafı bilir, hiss edir. İnsanları depressiyadan qorumaq lazımdır. Psixoloqların, psixiatrların televiziyada maarifləndirici çıxışları ola bilər və bu müsbət təsir göstərə bilər. Heç bir halda nə isə kampaniyaya başlamağa, mətbuatda silsilə yazılar verməyə ehtiyac yoxdur. Bunlar əks-effekt də verə bilər. Bir daha qeyd edirəm ki, ehtiyatlı yanaşmaq lazımdır”.

Deputat dünyanın bir çox ölkələrində bənzər tendensiyanın yaşandığını vurğuladı: “Digər tərəfdən, bu, təkcə bizdə baş vermir, dünyanın bir çox ölkələrində intihar edənlərin sayı artır. Bunun da əsas səbəbi insanın öz daxili ilə konfliktidir. Bir də qəbul olunan informasiyanın həddindən artıq çox olması, ağırlaşması, insanların tənhalaşması, depressiya və sairdir. İntihar hazırda təkcə bizdə geniş yayılmayıb. Təəssüflər olsun ki, dünyanın bir çox ölkələrində bu hadisə baş verir. Bu dövrün ən dəhşətli, ağır hadisələrindən biridir. Hər halda, bu məsələyə təmkinlə yanaşılmalıdır. Bu barədə geniş reklam xarakterli yazılar verilməsi, o xəbərləri paylaşmaq olmaz. Görürsünüz ki, Mövluddan sonra artıq 3-cü yazar intihar etdi. Çünki Mövludun intiharına reaksiya çox güclü oldu. Mən bunu da təbii hesab edirəm. Çünki o, çox şirin bir oğlan idi, hamı onu sevirdi. Onu istəyənlər bu məlumatları ürəkdən yazdılar, paylaşdılar. Ancaq daha sonra bənzər hadisə Cəlilabadda və Bakıda baş verdi. Onlar o qədər də tanınan qələm adamları olmasalar da, istedadlı insanlar idilər. Görünür ki, onların da psixikasında müəyyən zədələr var imiş. Bəzən insanların içində bu cür hadisələrə qarşı fərqli bir münasibət yaranır və özlərini intihar edən adama oxşatmağa, onun yolu ilə getməyə çalışırlar. Bu mənada intihar haqqında daha ehtiyatlı yazmaq lazımdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar