Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

PİA.AZ Kulis.azı-n “Maraqlı adamlar” layihəsindən Xəlil Rza Ulutürk haqqında əhvalatları təqdim edir

 
Milli azadlıq hərəkatı vaxtı Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı. O, soyadlardakı “ov” sonluğunu tələffüz etmirdi. Misal üçün, Sabir Əhmədov yox, Sabir Əhməd, İsa Hüseynov yox, İsa Hüseyn... Onun təsiri ilə bəzi qələm adamları indi də belə danışır və bəzən lap ifrata varıb rus yazıçıların özünü “ov”suz təqdim edirlər: Anton Çex, İvan Turgen və s.

***

Rus sözləri ilə mücadilənin daha bir variantı: Xəlil Rza Azərbaycan dilində qarşılığı olan rus sözlərini işlədənləri cərimələyirdi. Və toplanan pul şairlərin yeyib-içmək məclislərində xərclənirdi.

***

Şairin cənginə keçən sözlərdən biri də “Metro” olub. Düşünüb-daşınıb onun qarşılığını tapıbmış, amma işlətmirmiş. Bir gün söhbət əsnasında üzə çıxır. Harasa tələsən gənc yazarlar üzünü Xəlil bəyə tutub soruşur:

- Ustad, nəylə gedəcəyik? Taksiyləmi?

Xəlil Rza:

- Xeyir! Lağımla!

***

Xəlil Rzanın arxiv səliqəsi və gündəliyi dillərdə dastandır. O, demək olar ki, hər şeyi qeyd edirdi. Bir gün həmyerlisi Əlisəmid Kür ondan borc almağa gedir. Fikirləşir, 100 manat desəm, verməz, 50 deyim. Və o cür də edir. Xəlil Rza bir topa onluq çıxarıb üstündən beş dənə sayır, stolun üstünə qoyur və dəftərinə nəsə qeyd edir. Əlisəmid onun cibində pulun çox olduğunu görüb deyir:

- Xəlil müəllim, əslində mənə yüz lazım idi, dedim birdən olmaz, ona görə əlli dedim. İmkandırsa, beşini də qoy üstünə.

Xəlil Rza:

- Olmaz!

Əlisəmid:

- Niyə?

Xəlil Rza:

- Gündəliyə 50  yazdım! Dəftəri qaralaya bilmərəm.

***

Gənc bir şair Xəlil Rzaya yaxınlaşıb əlini uzadır və amiranə səslə deyir:


- Təvəkkül Yanar!

Xəlil Rza onun əlini sıxaraq gülümsünür:

- Xəlil Rza söndürər.

***

Hansısa görüşdə emosional vəziyyətdə şeir oxuyan Xəlil Rza gözlənilmədən vəcdə gələrək, köynəyinin yaxasını cırır. Görüşdən sonra tədbiri təşkil edənlər deyirlər, şair, tələsmə, sənə köynək alıb gətirək. Xəlil Rza diplomatını açır, içindən təzə köynək çıxarıb deyir:

- Narahat olmayın, özümdə ehtiyat var.

***

60-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında bütün vəzifələri tutan titullu yazıçılar haqda Xəlil Rza bu ifadəni işlədirdi: “İribuynuzlu feodallar” Onun məşhur ifadələrindən biri də “Boşqab dibi yalayanlar” idi. “Maygülü” ifadəsindən də tez-tez istifadə edirdi.    

***

Xəlil Rza Gəncədə yaşayıb işləyən füzulişünas-alim Sabir Əliyevlə Bakıda gəzirmiş. Tanışlardan kimi görürsə, Sabir müəllimi uzun-uzadı təqdim edir. Bir dəfə, iki dəfə, beş dəfə... Axırı bezib deyir:


- Sabir, səni tanıtmaqdan yoruldum, sən canın məşhurlaş, canım qurtarsın!

***

1990-cı ildə Xəlil Rzaya dövlət ev verir. Xəlil Rza deyir:

- Mənə evi sovet KQB-si verdi... Qorxusundan!

***

Ondan soruşurlar:

- Niyə çoxunu qəhrəman, xalqın böyük oğlu kimi təqdim edirsən?

Cavab:

- Həyatda o qədər alçaq adamlara rast gəlmişəm ki, azacıq seçilənlərə qəhrəman kimi baxıram.   

***

Xəlil Rza bir neçə tanınmış şairlə Qarabağdan qaçqın düşmüş Pedaqoji Universitetin Şuşa filialına - tələbələrin görüşünə gedir. Ağır vəziyyətdə oxuyan tələbələr peşə məktəbinin uçuq-sökük binasına sığınmış universitet üçün aidiyyatı yerlərdən kitab və mebel alınması işində şairlərdən kömək istəyirlər. Hamı söz verir ki, bu problemin həllində onlara yardım edəcək, bircə Xəlil Rzadan səs çıxmır. Tələbələrsə ondan cavab gözləyirlər. Şair axırda dilə gəlir:


- Söz vermirəm. Birdən, bacarmaram, yanınızda yalançı çıxaram.   

***

Yəqin indi gənclərin çoxu bilmir ki, Xəlil Rzanın “Davam edir 37” şeiri 90-cı illərin əvvəllərində bir telekanalın görə bilmədiyi işi görmüşdü. Bu şeiri əlyazmada əl-əl gəzdirir, yüz minlərlə adam əzbər bilirdi. 

***

Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir:

- Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

***

Xəlil Rzanın oğlu Təbrizin dünyaya gəlişi münasibəti ilə yazdığı şeiri diqqətlə oxuyanda onun şəhid olacağını sezmək mümkündür. Bu, bir mistika olsa gərək.

 

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.

 

Özüm də bilmirəm nə işdir bu iş,

Yerdənmi, göydənmi tapmışam səni.

Bəlkə də səni heç tale verməmiş,

Taleyin əlindən qapmışam səni.

 

Sən - bu gün sevincim, qanadım-qolum,

Dünən ürəyimə dağ olmusan sən.

Heç ana bətninə düşməmiş, oğlum.

Bu ata könlümdə doğulmusan sən.

 

Özün də bilmirsən öz qiymətini,

Döyüş səngərimsən, qalamsan mənim.

Bir evin qeyb olmuş səadətini

Min evə qaytaran balamsan mənim.

 
Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə - atam Təbrizim.

 

Mən səni görəndə çırpınır qəlbim,

Deyirlər naşıyam, görməmişəm mən.

Alıram boynuma niyə gizlədim,

Sənin tək səadət görməmişəm mən.

 

Anan süd veribdir fəqət mən sənə.

Köksümdə közərən odu vermişəm.

Seçib milyon-milyon adlar içindən,

Dünyada ən gözəl adı vermişəm.

 
Sən - oğul, sən - igid, sən - ər oğlu ər!

İftixarla daşı sən öz adını.

Məğribə, məşriqə, aləmə göstər

Alnında gizlənmiş istedadını.

 
Bir səhər, bir günəş var mənzilimdə,

Qoy dünyalar bilsin nəçisən, kimsən.

Kiçik mənzilimdə, dar mənzilimdə

Sən ucsuz-bucaqsız məmləkətimsən.

 

Ey bala Təbrizim, gün o gün olsun

Ana Təbrizimə mən azad deyim,

Ustad Şəhriyarla görüşün olsun.

Təbrizi Təbrizə qol-qanad deyim.

 

Arzular könlümdə çeşmə-çeşmədir,

Arzular qoynunda boy atmış könül.

Səni arzum üçün, amalım üçün,

Səni döyüş üçün yaratmış könül.

 

Atanın ömrünə oğul yaraşıq,

Qoy bir nəfəs alım daha dərindən.

Mən öz Təbrizimlə bu gün yanaşı

Keçirəm Bakımın küçələrindən.

 

Bu gün yağış yağır... Qorxma yağışdan!

Tufanda, şimşəkdə bərkisin canın.

Sən mənim balamsan, mən sənin atan

Biz bir cüt oğluyuq Azərbaycanın...

***

Xəlil Rza Fəxri Xiyabanda dəfn olunanda bir nəfər qaranəfəs özünü çatdırıb qışqırır:

- Əl saxlayın! Onu burda dəfn eləməyin! Xəlil Rza şəhid olub! Onun yeri Şəhidlər Xiyabanıdır.    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar