Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz bağışlasın


Novruz bayramı şölənləri qədim əcdadlarımızın inanc ayinlərindəndi. Qışın soyuğunu içəridə soba başında qışlayan insanlar yazı qarşılamaq üçün ocaqları bayıra çıxarmış, tonqallar ətrafında şənlənərək bayram silsiləsini Novruz gününə qədər uzatmışlar


 Beləliklə, arxada qalan ili köhnə adlandıraraq təzə həyata, yeni zəhmət, təsərrüfat ilinə başlamışlar.
 
Zamanı gecə ilə gündüzün bərabərləşdiyi yerindən nişanlayaraq özlərinə bir illik növbəti  zaman kəsiyi ayırmış, yəni yeni ilə qədəm qoymuşlar. Novruz bayramına yaxınlaşdıran dörd qədəm və  pillənin, yəni dörd çərşənbənin hərəsi özlüyündə ayrıca bir duruluq məqamıdı. Bu məqamların hər biri könül paklaşdıran ocaq və tonqallarla müşayiət olunur.
Novruzla başa çatan bu böyük bayram silsiləsində çoxsaylı  könül açan, qəlb təmizləyən ayinlər var ki, onların hər biri tarixi və insani baxımdan  qiymətlidi. Ancaq mən Novruzda küsülülərin barışması ayinini digər ayinlərin tacı sayardım. İnanca görə, Novruzda barışmayan küsülülər bütün il boyu, növbəti yeni ilə qədər küsülü qalırlar. Belə bir uzun küsülülüyü köhnə ildə qoymaq üçün Novruz insanlara çoxlu səbəb və məqam bağışlayır.
 
Şəxsən mən küsülü olduğum çox adamla Novruz bayramı ərəfəsində barışmışam. Uşaqlıq təkəbbürünün və gənclik eqoizminin acı nəticəsi olaraq, küsüşdüyümüz neçə istəkli  adamla barışmaq üçün bu bayramı gözləmişik.
 
İnsanı daha duyğusal edən həmin fəslin paklığından adamlar qəlbdəki kini rahatca atıb barışa bilirlər. Bu barışıqların həm də müxtəlif formaları olur. Çox vaxt ətrafdakılar kimin kiminlə küsülü olduğunu bilir və təşəbbüs göstərərək onları barışdırırlar. Bəzən də barışmaq istəyən tərəflərdən biri, yaxud hər ikisi öz yaxınlarından onları barışdırmağı xahiş edirlər. Olur ki, barışmaq istəyən tərəfin biri küsülü olduğu adamın yanına gedib öz arzusu ilə bu soyuqluğa son qoyur. Çox görmüşəm, kənddə böyük tonqal başına yığılanda iki küsülü dost hansısa qüvvənin diktəsi altında biri-birinə tərəf gedərək qucaqlaşıb barışıblar. Novruzda barışma ayinini mən də çox icra eləmişəm. Barışmışam, barışdırmışam.

Novruz barışması haqda bir gənclik xatirəsi danışmaq istəyirəm. Bir dəfə gecə kənd klubunda hind filminə baxıb qızlı-oğlanlı evimizə qayıdırdıq. Yolda deyə-gülə gələrkən böyük qardaşımla bir sinifdə oxumuş Salmanla sözümüz çəp gəldi. Axırda dalaşası olduq. Balaca uşaqları və qızları irəli buraxıb bir dəstə tay-tuşla arxada qaldıq ki, məsələni yumruq davası ilə həll edək. Gedənlər xeyli aralandıqdan sonra biz cavanların dövrəsində əlbəyaxa davasına başladıq. Onda mən onuncu sinifdə oxuyurdum, evləri kəndin aşağı tərəfində olan Salman isə əsgərlikdən təzə gəlmişdi. Onunla xeyli süpürləşdik, gop olmasın, axırda Salmanı yerə yıxıb ağzına bir-iki yumruq vurdum. Vəziyyətin xoşagəlməz olduğunu  görüb uşaqlar bizi araladı.
 
Düzü, böyük qardaşımın sinif yoldaşı olduğuna görə onunla davamıza çox pis olmuşdum. Ancaq neynəmək olardı, Salman heç gözləmədiyim halda, şeşələnib uşaqların içində məni pisikdirmək istəyirdi, haqlı da payını aldı.
 
Bu hadisədən bir müddət keçdi, Novruz bayramı gəldi. Yolda tonqal qalayıb ətrafında şənlənir, alovun üstündən tullanırdıq. Bir də gördüm Salman başında da bir dəstə uşaq aşağıdan bizim tonqala tərəf gəlir. Uşaqlar dedi, hazırlaşın, deyəsən, Salman köhnə söhbətin davasına gəlir. Ancaq nədənsə, mən ürəyimin dərinliyində dava olacağına inanmadım. Tonqala çatanda Salman irəli yeriyib hamımızın bayramını qutladı və üzünü mənə tutub dedi, bilirsiniz nəyə gəlmişəm? Səninlə barışmağa! O davada səhv məndə olmuşdu. Belə deyib əl verərək məni qucaqladı. Mən də onu qucaqladım. Beləcə barışdıq. Sonra hamımız növbə ilə tonqalın üstündən tullandıq. Onlar bizim tonqaldan gedən vaxt Salman mənə dedi, yaxınlarda toy eləyəcəm, hazırlaş, sağdış sənsən! Mən onun bu jestinə çox sevindim.
Salman evləndi, mən sağdış oldum. Gözəl bir toy düzənləmişdik. Odu-budu, Salmanla aramızda indiyə qədər də keçilməz bir xətir-hörmət durur.
 
Novruz barışığı demiş, bu günlərdə “Yeni Müsavat” qəzetində belə bir məlumat oxudum: ”Azərbaycanda hər il əfv sərəncamları verilir. Hər dəfə ömürlük həbsdə olan “OMON”çuların (Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) yaxınlarının, mətbuat nümayəndələrinin gözləri əfv olunmuşlar siyahısında Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun adlarını axtarır və tapmır. Elçin Əmiraslanov Qazax “OMON”un komandiri, Səfa Poladov və Arif Kazımov sıravi polis nəfəri olublar. Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər 3 məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub. Onların üzərinə qoyulan ittihamda qeyd olunur ki, S.Poladov və A.Kazımov E.Əmiraslanovun tapşırığı ilə Qazax Rayon Polis Şöbəsinin və MTN-in yerli şöbəsinin rəisini öldürüblər. E.Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətlində iştirakda ittiham olunub.
 
Aydındı ki, OMON-çular siyasi savadsızlıqdan və əmrə tabe olduqlarından çoxlu səhvlərə və cinayətə yol veriblər. Ancaq onların hər biri gənc yaşlarından torpaqlarımız uğrunda döyüşlərə könüllü qoşulmuşdular.
 
Hər üç OMON-çunun cəza çəkdiyi 21 il ərzində islah olunmasına inanır və onların adını bu ilin Novruz bayramı ərəfəsində əfv olunanların siyahısında görmək arzusu ilə yazımı bitirirəm.

Murad KÖHNƏQALA(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar