Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə Fazil Məmmədov, niyə Mikayıl Cabbarov?

Prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edərək onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib


 Hələlik təhsil naziri postuna təyinat yoxdur, lakin cəmiyyət üçün vergilər nazirinin nə üçün işdən azad edilməsi, bu posta niyə təhsil nazirinin təyin olunması sualı daha çox maraq doğurur.
 
Əslində təəccüblü heç nə yoxdur, bir cümlə ilə ifadə etsək, islahatlar aparılması zərurətə çevrilən bir quruma yeni, islahata açıq obrazı olan şəxs rəhbər təyin olunub. Yeni təyinat Vergilər Nazirliyində ciddi islahatların başlayacağına işarədir. Ölkənin sahibkarlıq sektoru bu islahatları çoxdan gözləyir, cəmiyyət isə nazirliyin sahibkarlar qarşısında yaratdığı süni əngəllərin ölkəyə nəyə başa gəldiyini artıq neçə müddətdir izləyir.
 
Son illər Azərbaycan prezidentinin çıxışlarının ana xəttini ölkədə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasının vacibliyi təşkil edir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb, sahibkarlıq subyektlərində əsassız yoxlamaların dayandırılmasını tələb edib, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün “bir pəncərə” sistemi tətbiq olunub.
 
Prezidentin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması nəticəsində sahibkarlar üçün yaradılan süni əngəllərin əksəriyyəti aradan qaldırılsa da, problem mahiyyətcə dəyişməyib. Səbəb qanunvericilik bazası ilə deyil, insan faktoru ilə bağlıdır. Yəni verilən göstərişlərə rəğmən, xüsusilə də vergi orqanlarının sahibkarları sıxışdırması, min bir bəhanə ilə onların fəaliyyətinə mane olması günümüzün reallığıdır. Bu reallığı görmək üçün sosial şəbəkələrin, medianın monitorinqini aparmaq kifayətdir. Çox güman ki, Fazil Məmmədovun işdən çıxarılması da ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılan süni əngəllərlə bağlıdır.
 
Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi dövründə sahibkarların incidilməsi fakt idi, bu faktlar üzrə nazirliyin bir qrup sabiq yüksək rütbəli əməkdaşlarının məhkəmə prosesi hələ də davam edir. “MTN işi” adlanan proses əslində sahibkarları incidən dövlət qurumlarına işlərində dönüş yaratmaq üçün mesaj idi, lakin təkcə son bir ildə baş verənlər göstərdi ki, vergi orqanları ya bu mesajı anlamayıb, ya da anlamaq istəməyib. Nəticə göz qabağındadır, vergi orqanlarının qanunsuz müdaxiləsi nəticəsində sahibkarlıq obyektləri bağlanır, ölkədən kapital axını artır, şikayətçi iş adamlarının sayı çoxalır. Ən neqativ  məqam odur ki, bu proses prezidentin sahibkarlığın inkişafına nail olmaq üçün atdığı addımları kölgə altına salır.
 
Sual olunur, dövlət başçısı ölkədə sahibkarlığın inkişafında maraqlı deyilsə, yoxlamaların dayandırılması, “bir pəncərə” sisteminin tətbiqi, çoxistiqamətli subsidiyaların verilməsi barədə sərəncamları niyə imzalayır? Demək ki, dövlət bu işdə maraqlıdır, sadəcə prosesin effektini aşağı salan insan faktorudur. Sahibkarlıq fəaliyyəti iqtisadiyyatının onurğa sütunudur, bu sahə nə qədər çox inkişaf etsə, dövlətin onurğa sütunu bir o qədər sağlam olar. Prezidentin son sərəncamları göstərdi ki, Vergilər Nazirliyinin fəaliyyətində neqativ halları aradan qaldırmaq, nazirliyi sahibkarlığa mane olan deyil, sağlam rəqabət mühitinin inkişafına yardım göstərən quruma çevirmək zərurəti yaranıb. Qısası, Vergilər Nazirliyində ciddi islahatlara ehtiyac var, bu ehtiyac çoxdan hiss olunur, dövlət başçısı da islahatların aparılmasını məhz islahatçı anlayışı olan şəxsə tapşırmaqla problemin həllində nə qədər maraqlı olduğunu bir daha göstərdi.
 
Niyə Mikayıl Cabbarov? Uğurlu təyinat olub-olmadığını sözlə ifadə etməyə ehtiyac yoxdur, yeni nazir bu sualın cavabını öz fəaliyyəti ilə verəcək. Seçim zamanı güman ki, Mikayıl Cabbarovun islahatlar həyata keçirmək qabiliyyəti əsas götürülüb.
 
Təhsil sektorunda bütün problemlər aradan qalxıbmı? Bunu iddia etmək və nazir işlədiyi 4 il ərzində bütün problemlərin həllini gözləmək yanlışlıq olardı. Amma təhsil sahəsində islahatlar aparıldığını heç kəs inkar edə bilməz, təhsil sektoru ötən dövrlər ərzində xeyli islahatlar aparılan sahə olub. Ona görə də bu şəxsin son dərəcə ciddi islahatlara ehtiyac duyulan vergilər sektoruna rəhbər təyin olunması təəccüblü deyil, məntiqlidir.
 
APA Analitik Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar